Azərbaycanın “Eurovision-2013” mahnı müsabiqəsində təmsilçisi Fərid Məmmədov final yarışmasında ikinci yerə sahib olmuşdur. -

Azərbaycanın “Eurovision-2013” mahnı müsabiqəsində təmsilçisi Fərid Məmmədov final yarışmasında ikinci yerə sahib olmuşdur.

Azərbaycanın “Eurovision- 2013” mahnı müsabiqəsində təmsilçisi Fərid Məmmədov iyirminci nömrə altında çıxış edərək Avropa tamaşaçılarına möhtəşəm şou göstərmişdir.
Nəticədə Azərbaycan bu mötəbər yarışmanın finalında 234 səslə ikinci yerdə qərarlaşmışdır.
AzərTAc-ın müxbiri xəbər verir ki, müsabiqədə ölkəmizin təmsilçisi Fərid Məmmədov Dimitrios Kontopulosun bəstələdiyi "Hold me"(Tut məni) mahnısını təqdim etmişdir.
Təmsilçimizin şousunda təmiz, ülvi hiss olan sevgidə baş verən dəyişikliklər səhnə performansındakı qapalı qutuda təcəssüm olunur.
Fərid Məmmədovun ifa etdiyi “Hold me” mahnısının bəstəkarı Dmitrious Kontopulos bundan əvvəl Ukraynanı bu mötəbər yarışmada təmsil etmiş Ani Lorak, yunanıstanlı Sakis Ruvas və digər müğənnilərin oxuduqları mahnıların müəllifidir.
Azərbaycanlı təmsilçi geyimindən tutmuş səhnə tərtibatına qədər mükəmməl performans nümayiş etdirmişdir. Fərid Məmmədovun şousunda xüsusi şüşədə qızılgül ləçəklərinin yayılması diqqəti cəlb edən məqamlardan olmuşdur.
“Eurovision-2013” mahnı müsabiqəsi başladığı gündən etibarən həzin səsi, gözəl ifa tərzi ilə seçilən Fərid Məmmədov yarışmanın favoritlərindən hesab olunurdu. Jurnalistlər və bu müsabiqəni izləmək üçün Avropanın müxtəlif ölkələrindən gəlmiş fanatlar yarışma boyu finalda təmsilçimizin şansını yüksək qiymətləndirmişlər.
Asəf Zeynallı adına Musiqi Kollecini bitirən Fərid Məmmədov pop formatında musiqilərin, həmçinin soul, ballada janrlarında mahnıların mahir ifaçısıdır. Fərid Məmmədov “Böyük səhnə” müsabiqəsindən sonra daha da məşhurlaşmışdır. Təmsilçimiz bir sıra mötəbər yarışmalarda ölkəmizi layiqincə təmsil etmiş, mükafatlara layiq görülmüşdür.
Fərid Məmmədov “Eurovision-2013” mahnı müsabiqəsi milli seçim turunun qalibi olmuş və ölkəmizi bu mötəbər yarışmada təmsil etmək hüququ qazanmışdır.