Litva ictimai kanalında “Eurovision-2013” müsabiqəsində guya səslərin Azərbaycanın xeyrinə satın alındığı barədə 15min.lt portalında yerləşdirilmiş videoçarx müzakirə olunmuşdur. -

Litva ictimai kanalında “Eurovision-2013” müsabiqəsində guya səslərin Azərbaycanın xeyrinə satın alındığı barədə 15min.lt portalında yerləşdirilmiş videoçarx müzakirə olunmuşdur.

Litvanın LRT ictimai televiziyasında “Eurovision-2013” mahnı müsabiqəsində guya səsvermənin Azərbaycanın xeyrinə saxtalaşdırıldığı barədə 15min.lt portalında yerləşdirilmiş videoçarxla əlaqədar xüsusi veriliş olmuşdur. Verilişdə “Eurovison-2013” müsabiqəsində Litva nümayəndə heyətinin rəhbərləri, LRT telekanalının prodüseri Audrius Girjadas, musiqi prodüseri Martinas Tila, “Lietuvos Rytas” media holdinqinin icmalçısı Arunas Zilnis iştirak etmişlər.
Verilişin aparıcısı Edmundas Yakilaytis qeyd etmişdir ki, Litva müsabiqənin Azərbaycandan olan iştirakçısına 12 xal vermişdir. O, 15min.lt portalı jurnalistlərinin guya səslərin Azərbaycanın xeyrinə satın alınması faktının üstünü açmasından danışmışdır.
Verilişin qonaqları belə bir qənaətə gəlmişlər ki, 15min.lt portalında yerləşdirilmiş videoyazıya qiymət verərkən çox ehtiyatlı olmaq lazımdır, çünki ona baxdıqdan sonra çox sual meydana çıxır. Öz ölkəsində belə bir müsabiqə keçirmiş Azərbaycanın texniki imkanların incəliklərinə və səsvermə sisteminə bələd olduğu halda Belarusdan pul ilə adam tutmaq və hər qarşısına çıxan insanların köməyi ilə səsləri satın almaq nəyinə gərəkdir?! Musiqi prodüseri Martinas Tila qeyd etmişdir ki, Azərbaycan ifaçısının mahnısı, bukmekerlərin fikrincə, liderlər sırasında idi. “Liyetuvos Ritas”ın icmalçısı Arunas Zilnisin sözlərinə görə, bunun fitnəkarlıq olması fikri rədd edilmir. A.Zilnis Azərbaycanın tanımadığı adamlara kartoçka və pul paylayaraq səslərin ağılsızcasına satın alınmasını təşkil etməsinə şübhə edir. Videoçarx etibarlı çəkiliş təsiri bağışlamır və dövlətin, səfirliyin, “Eurovision” müsabiqəsinin nümayəndə heyətinin belə kələk işlətməsi inandırıcı deyil.
Audrius Girjadas demişdir ki, dəstəkləmə qrupu yaratmaq heç kəsə qadağan olunmur və təbii ki, başqa ölkəyə getmiş vətəndaşların öz ölkəsinin ifaçısına səs vermək hüququ vardır. Lakin səs vermək üçün pul təklif etmək xatalı məsələdir. Prodüser demişdir: “Biz də Azərbaycanda olarkən öz litvalı ifaçımıza dəstək üçün səs göndərirdik”.
M.Tilanın sözlərinə görə, belarusların nə üçün Azərbaycana səsverməni təşviq etməsi daha çox təəccüb doğurur, axı Litvada yaşayan azərbaycanlıların özləri, təhsil alan tələbələri az deyildir. Qonaqlar götür-qoy edərək demişlər: “Videoçarxda kişilərin birinci yarımfinaldakı iş təcrübəsi xatırladılır, halbuki orada Azərbaycan Litva ilə iştirak etməmişdir və bu, faktdır. Bu agentliyin bütün ölkələrin iştirakçılarına verilən səsləri satın alması mümkündürmü? Əlbəttə, yox”.
Bununla belə araşdırmanın davam etdirilməsi məsələsi Girjadasda təbəssüm doğurmuşdur. Onun sözlərinə görə, hələlik vəziyyəti saysız-hesabsız suallarla bağlı anlaşılmazlıq kimi qiymətləndirmək olar.
Aparıcı Edmundas Yakilaytis isə qeyd etmişdir ki, 15min.lt portalının özünün nə üçün araşdırmanı davam etdirməməsi faktı təəccüblüdür. Portalın böyük redaktoru R.Valatkanın sözlərnə görə, onların vəzifəsi yalnız videoçəkiliş etməkdən ibarət olmuşdur. Odur ki, səslərə görə pul verilib-verilməməsi hələ məlum deyildir.
M.Tilanın sözlərinə görə, Azərbaycanın mahnısının layiqincə qiymətləndirilməsi və ifa olunması faktı isə şübhə doğurmur.(AzərTAc)