Nə? Harada? Nə zaman? üzrə Tələbələrarası II Azərbaycan Çempionatı yekunlaşdı -

“Nə? Harada? Nə zaman?” üzrə Tələbələrarası II Azərbaycan Çempionatı yekunlaşdı

26 may tarixində Kempinski Hotel Badamdarda Azərbaycanın ən böyük intellektual layihəsi - “Nə? Harada? Nə zaman?” oyunu üzrə Tələbələrarası II Azərbaycan Çempionatı keçirildi. Ölkə birinciliyi “İRƏLİ” İctimai Birliyi və “Xəzər” İntellektual Gənclər Klubunun təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Nə? Harada? Nə zaman?” Klublarının Beynəlxalq Assosiasiyasının lisenziyası ilə təşkil olundu. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “Nə? Harada? Nə zaman?” oyunu üzrə Tələbələrarası II Azərbaycan Çempionatında ölkənin 17 şəhərindən 77 komanda iştirak etdi.
Çempionatı giriş sözü ilə açan “Xəzər” İntellektual Gənclər Klubunun sədri Seymur Teymurovun çıxışından sonra Azərbaycan himni səsləndi. Daha sonra Azərbaycan Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov, Beynəlxalq Klublar Assosiasiyasının İdarə heyətinin üzvü Anton Qubanov, “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, Azərbaycan Müəllimlər İnstitutunun prorektoru Rəşad Sadiqov çıxış edərək iştirkaçılara uğurlar arzu etdilər.
Gərgin mübarizə şəraitində keçən çempionatda birinci yeri “Strekoza Geyzenberqa” komandası tutdu. İkinci yeri “Diplomat” komandası qazandı. Üçüncü yerə isə “TM-9” komandası sahib oldu. Qaliblər kubok, diplom, medal və hədiyyələrlə mükafatlandırıldılar.
Xatırladaq ki, “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Tələbələrarası II Azərbaycan Çempionatı final və iki seçim turundan ibarət olub. Çempionatda Bakı, Sumqayıt, Gəncə, Qazax, Mingəçevir, Şəki, Zaqatala, Salyan, Cəlilabad, Lənkəran, Naxçıvan, Quba, Şamaxı, Ağcabədi, Bərdə, Beyləqan və Biləsuvar şəhərlərindən komandalar iştirak ediblər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !