Venesiya Biennalesi çərçivəsində “YARAT!” Müasir İncəsənət Məkanının “Sevir sevmir” adlı sərgisi nümayiş etdirilir -

Venesiya Biennalesi çərçivəsində “YARAT!” Müasir İncəsənət Məkanının “Sevir–sevmir” adlı sərgisi nümayiş etdirilir

Xəbər verdiyimiz kimi, Venesiyada, Tesa 111, Arsenale Nord ünvanında yerləşən pavilyonda Aida Mahmudovanın rəhbərlik etdiyi “YARAT!” Müasir İncəsənət Məkanının “Sevir–sevmir” adlı sərgisinin təntənəli açılışı olmuşdur.
Azərbaycan incəsənətinin ölkəmizdə və xaricdə etibarlı platforması olan bu qeyri-kommersiya təşkilatı Beynəlxalq Venesiya Biennalesində ilk dəfədir ki, iştirak etmişdir.
“YARAT!” Müasir İncəsənət Məkanından AzərTAc-a bildirmişlər ki, sərginin qonaqları arasında “Tate Modern” qalereyasının direktoru Kris Derkon, kuratoru Culyet Binqham, ”Lisson” qalereyasının yaradıcısı Nikolas Loqsdeyl, Londonda yerləşən “Blain/Southern” qalereyasının rəhbərləri Harri Bleyn və Qraham Souzern, “Art Dubai” qalereyasının direktoru Antonia Karveri olmuşlar.
“Sevir–sevmir” adlanan, ölçüsünə görə misli görünməyən sərgi özündə Azərbaycan, Türkiyə, İran, Rusiya və Gürcüstandan olan 17 müasir rəssamın işini əhatə etmişdir. Onun iştirakçıları və müəllifləri qismində Azərbaycandan Faiq Əhmədin, Rəşad Ələkbərovun, Rəşad Babayevin, Əli Həsənovun, Orxan Hüseynovun, Sitarə İbrahimovanın, Aida Mahmudovanın, Fərid Rəsulovun, İrandan Afruz Amiqinin, Şoja Azarinin, Mahmud Bahşinin, Əli Banisadrın, Fərhad Moşirinin, Türkiyədən Kutluq Atamanın, Rusiyadan Taus Maxaçevanın, “Slavyanlar və Tatarlar”dan “Avrasiya”nın, Gürcüstandan İliko Zautoşvilinin adlarını çəkmək olar.
Sərginin adı “Slavyanlar və Tatarlar”ın işlərindən biri olan ”Love me Love me not” (“Sevir–sevmir”) adından götürülmüşdür. Bu isə öz növbəsində köhnə uşaq məsəlidir. Sərgidə təmsil olunan ölkələr, birlikdə, yaxud ayrılıqda müstəqillik əldə edilməsi, tarixi hadisələrə yeni baxış, iqtisadi bərpa və milli mənsubiyyət böhranı kimi bir çox ictimai-siyasi proseslərdən keçmişlər. Bütöv xalqlar milli ideyanı əldə etmək uğrunda çalışır, qanunlar və adətlər dəyişilir, şəhərlər köhnə adlarını itirmişlər. Müsbət və mənfi dəyişikliklər elə tezlikdə baş verirdi ki, sanki kimsə çobanyastığı gülünün ləçəklərini qopararaq ürəyində isə “Sevir-sevmir” – deyirmiş.
Sərgidə hər bir iştirakçı ölkənin inkişaf dinamikası göstərilmiş, həmçinin tarixin az tanınan yaxud unudulmuş aspektləri işıqlandırılmış, həm də sərgiyə gələnlərə xalqların və ölkələrin keçdiyi təkamül barədə tanışlıq verilmişdir.
Aida Mahmudova (Azərbaycan) Sent-Martin London İncəsənət Kollecinin məzunudur və “YARAT!” Müasir İncəsənət Məkanının qurucusudur. Onun biennaledə təqdim etdiyi iş “Recycled” (“Yenidən işləmək”) vaxtı ilə Bakı evlərinin pəncərələrini bəzəyən dəmir barmaqlıqların əsasında hazırlanan şəbəkəli instalyasiyadır. Rəssam onlara yeni həyat verir və bununla nostalji mövzuya toxunmuş olur. Çox vaxt nostalji hiss konkret bir yer üçün darıxmaqdan da artıq bir şeydir. Əksər hallarda belə anda duyulan kədər şüuraltı olaraq müəyyən ətir, səs və duyğularla bağlıdır. Müəllif sanki hiss edilməyən və qeyri-müəyyən bir şeyə müəyyən forma verməyə çalışır. İnformasiya texnologiyası dövrü üçün “Recycled” instalyasiyası insan qəlbinin və yaddaşının qəribə xüsusiyyətləri haqqında olan düşüncə formasıdır.
Əslən İrandan olan gənc rəssam Afruz Amiqi Nyu-Yorkda yaşayır. O, Şərq nağıl və əfsanələrindən ilhamlanmışdır. Rəssamın işi böyük Ruminin danışdığı iki xalq (Çin və yunan) arasında olan yarışma haqqında olan mifin əsasında yaranmışdır. Çin və yunan rəssamlarını divarüstü incəsənətdə yarışmağa məcbur edən sultan, sonda məcburən hər iki tərəfi qalib elan etmişdir. Rəqiblər biri-birindən gizlin çalışırmışlar, amma çinli rəssamın yaratdığı əsərin gözəlliyi və virtuozluğu yunanların qurduqları hamar cilalanmış divarın əksində daha parlaq görünmüşdür.
Afruz Amiqi tərəfindən xüsusi olaraq Venesiya Biennalesi üçün hazırlanmış instalyasiyada uyğunsuzluq uyğunlaşdırılaraq regionun mürəkkəbliyi və ikimənalı görüntüsü əks edilmişdir. Tam əl işi olan əsər qaçqınlar üçün çadırların tikildiyi materialdan hazırlanmışdır, üzərindəki incə naxışlar isə, eyni zamanda, ispan bağını, həm də Şərq ornamentinin xatırlatmışdır.
Əslən İrandan olan Əli Banisadr “Fravaşi” adlanan işində hadisələr üzərində insan iradəsinin qələbəsi mövzusuna müraciət etmişdir. On iki yaşı olanda o, doğma Tehrandan Nyu-York şəhərinə köçməyə məcbur olmuşdur. İran-İraq müharibəsi rəssamın yaradıcılığında öz izini qoymuşdur. Onun diptixi zərdüştilik fəlsəfəsinə görə insanı bədbəxt hadisələrdən, səhvlərdən və günahlardan qoruyan, dünyanı fırlanmağa məcbur edən fövqəl qüvvə – “Fravaşi”nin müasir izahıdır. Zərdüştlükdən sonra gələn İslam dinini qəbul etmələrinə baxmayaraq qədim dinin bəzi xüsusiyyətləri hələ də Azərbaycan və İran mədəniyyətində yaşamaqdadır. Əsər özünə və həyat çətinliklərinə qalib gələn insanlara həsr edilmişdir.
Azərbaycanlı rəssam, musiqiçi, kinematoqraf Əli Həsənov sərgidə “Sahiblər” adlanan, saysız-hesabsız ev süpürgələrindən ibarət instalyasiya ilə təmsil edilmişdir. Süpürgə kimi çox sadə bir əşya rəssamın gözündə böyük çəkiyə malik ola bilər. Süpürgə - fiziki əməyin və səyin ifadəsidir. Süpürgə - səliqə salmaq üçün vasitə, xaosa və çirkə qarşı mübarizə silahıdır. Rəssamın fikrincə, indiki dövrdə insanlar süpürgələri kənara qoyaraq vaxtlarını laqqırtıya və uzun-uzadı müzakirələrə sərf edirlər. Qlobal kateqoriyalarla mühakimə edərkən biz bir şeyi unuduruq: normal fəaliyyət göstərən cəmiyyət hər kəsin vicdanla öz işini gördüyü mühitdə ola bilər. Yeni “multimədəni” cəmiyyətdə süpürgə həm də özünü seçilmiş sayan bəzi xalqların etnik “zibillərdən” (həmin xalqlardan asılı vəziyyətə düşən digər xalq və millətlər) aldıqları qisasın parodiyasıdır.
Gürcüstanlı rəssam İliko Zoutoşvilinin yaradıcılıq dövrü vətənində baş verən sosial və siyasi qarışıqlıq dövrü ilə üst-üstə düşmüşdür. İqtisadi qeyri-stabil vəziyyət və sabahkı günə inamın olmaması insanları bütün güc və fikirlərini maddi problemlərə qarşı mübarizəyə sərf etməyə sövq etmişdir. “Vaxt vaxtla itir” instalyasiyası ilə o, insanları maddi rifahın arxasınca qaçmamağa və bizi əhatə edən dünyanı dərk etməyə çağırır. Ekranda daim iki obraz - üzünü səs-küylü şəhərə tərəf tutmuş insan və vaxtın sürətlə getdiyini simvolizə edən çay görünür. Səliqəsiz formada yerə atılmış yastıqlar isə ayaq saxlayıb sakitlikdən həzz almağa dəvət edir.
Türkiyəli rəssam Kutluq Ataman “Mesopotamiya dramaturgiyası” adlı silsiləvi işin davamı olan “Sütun” adlı instalyasiyanı təqdim etmişdir, Bu sütundakı daşları 42 ədəd televizor monitoru əvəz edir. Hər bir ekranda Anadolu regionunun sakinlərinin simaları göstərilir. Qadınlar və kişilər, qocalar və uşaqlar, yorğun və kədərli halda susaraq baxırlar. Rəssam bu işi ilə öz ölkəsinin və xalqının taleyində iştirak etmək hüququndan məhrum edilmiş insanlara səs hüququnun verilməsini tələb edir.
İran rəssamı Mahmud Bahşinin “Millətin anası” adlı instalyasiyası insanları qurban vermək üçün olan maya piramidalarını xatırladan əzəmətli bir qurğudur. Diqqətlə baxanda görürsən ki, piramidanın zirvəsindən dayanmadan neft axır, “qara qızıl” eyni zamanda ölkəni yedizdirir, onu maddi rifaha doğru aparır və bizi də özünə əsir edir.
Azərbaycandan olan Orxan Hüseynov sərgidə “Brüs Layın həyatı” adlı nostalji filmlə iştirak etmişdir. Film Brüs Linin bir az solğun oxşarı olan, Honq-Konqlu aktyor-imitator Brüs Lay haqqında rəssamın dostlarının verdikləri qısa müsahibələr silsiləsindən ibarətdir. Sovet İttifaqında 80-ci illərdə böyüyən yeniyetmələr çox vaxt saxta birisini orijinal kimi qəbul etdiklərindən yalanın qurbanı olmuşlar. Həqiqəti bildikdən sonra onlar oxşar aktyorların mövcudluğu haqqında ən absurd izahlar uydurmuşlar.
Azərbaycandan olan Rəşad Ələkbərov postsovet məkanı ölkələrinin necə mürəkkəb dil irsinə sahib olması haqqında “Lost in translation…this is too shall pass” adlı instalyasiya təqdim etmişdir. Azərbaycan əlifbası son 70 il ərzində 3 dəfə dəyişdirilmişdir. Bu isə təkrar olaraq öyrənmək məcburiyyətində qalan insanların özünü anlamasında iz qoymaya bilməzdi. Rəssam işıq və kölgə ilə etdiyi virtuoz işləri ilə tanınır. Pleksiqlasdan olan bu instalyasiyaya işıq və kölgə oyunu xüsusi gözəllik verir.
Azərbaycandan olan Rəşad Babayev “YARAT!”ın pavilyonu üçün xüsusi olaraq “Arzular ağacı” adlı instalyasiyanı hazırlamışdır. Ənənəvi olaraq Azərbaycanda və hətta onun hüdudlarından kənarda insanlar ağacın budaqlarında parça kəsikləri yaxud rəngli lentlər bağlayaraq arzularının həyata keçəcəklərinə ümid edirlər. Əsrlərlə mövcud olan “arzuların maddiləşdirilməsi” ayini zaman keçdikcə toxunulmaz qalmışdır, sadəcə insanlar üçün dəyər şkalasında müəyyən dəyişikliklər baş vermişdir. İndiki kütləvi istehlak zəmanəsində insanlar “Arzular ağacının” yanına gələrək lüks təmirli ev, bahalı avtomobil və dizayner geyimləri haqqında xəyallar qururlar. Rəssam bu günün “bizi” haqqında danışır. Onun əncir ağacı canlı və təsirlidir, ağac bahalı parçalara bürünmüş və budaqlarından brend geyimlərin doğranmış hissə və parçaları asılmışdır.
Azərbaycandan olan gənc fotoqraf-rəssam Sitarə İbrahimova artıq özünün ”Qarabağda itənlər” adlı silsilə işlərinə görə peşəkarların yüksək qiymətinə layiq görülmüşdür. Bu dəfə o, video və fotomateriallardan ibarət iş tərtib etmiş və onu “The Edge” adı altında təqdim etmişdir. Azərbaycanın Ağdam rayonunda, həmçinin Azərbaycan-Ermənistan sərhədində yerləşən digər rayonlarda çəkilən şəkillərdə həyatın təsirli və kədərli anları - itkin düşənlərin simaları, itən əşyalar, toy mərasimləri və süfrə arxası mənzərə göstərilmişdir.
Rusiyanın “Slavyanlar və Tatarlar” art-qrupu “Molla Nəsrəddin – antimodernist” adlanan istehza dolu işləri ilə biennaledə iştirak etmişdir. Müəlliflərin dediklərinə görə, heykəltəraşlıq kompozisiyasının (eşşək üzərində tərs oturan Molla Nəsrəddin) hazırlanmasına yaradıcı təkan, XX əsrin əvvəllərində Azərbaycanda Cəlil Məmmədquluzadənin rəhbərliyi altında çap edilən əfsanəvi “Molla Nəsrəddin” jurnalının oxunması olmuşdur. Jurnal fırıldaqçı ruhaniləri məsxərəyə qoymuş, avamlıq və ikiüzlülüyə qarşı mübarizə aparmış, ziyalı təbəqənin mövqeyini müdafiə etmişdir.
Eşşək üzərində oturan Molla Nəsrəddin aramla, amma inamla gələcəyə doğru gedir. Amma indiki dövrün rəssamları seçilmiş istiqamətin düzgün olub-olmamasına əmin deyillər. Nəyə üstünlük verməli – Qərb dəyərləri, yoxsa köhnə dövrlərə qayıdış? Artıq heç nəyə elə-belə inanmırlar.
Rusiyadan olan Taus Maxaçeva (Rusiya) “Hamsutl” adlanan və Dağıstanda, dağlarda yerləşən eyni adlı kəndə həsr olunan, 16 dəqiqəlik film çəkmişdir. Nə vaxtsa alınmaz qala olan, Fars və Rusiya imperiyalarının mübarizə apardıqları yer olan Hamsutl indi bomboşdur. Onun qalıqları getdikcə dağ landşaftına qatışır. Filmin müəllifi qəhrəman kimi bir rəqqası seçmişdir. O, tam sakitlikdə rəqs edərək yalnız bədən plastikasının köməyi ilə kəndin tarixində dönüş yaradan anlardan danışır. Gənc rəqqas işğalçı-döyüşçü obrazında, dinc sakin obrazında və digər obrazlarda canlandırılır.
Taus Maxaçeva hazırda London Kral İncəsənət Akademiyasında magistr pilləsində təhsil alır, birinci ixtisası isə xoreoqrafdır.
İrandan olan Fərhad Moşiri əl işi olan 550 Şərq xalçasından ibarət iri həcimli instalyasiya yaratmışdır. Onun əsəri “Kiosk de Curiosite” adlanır. Bu əsərlə rəssam informasiya axını ilə bol dünyanın ifrat məlumat şəbəkəsinə fikrini bildirmiş olur. Televiziya, mətbuat və internet gündəlik olaraq bizə siyasət, iqtisadiyyat və dedi-qodular haqqında məlumat çatdırır, amma hər dəfə biz həqiqətin bir hissəsini, yaxud da onun surroqat formasını əldə etmiş oluruq. Nəzər nöqtəmizi özümüz seçirik, yoxsa mətbuat bizə hətta olmadığımız ölkələr haqqında məlumatlar sırıyır? Hər xalçanın üzərində məşhur nəşriyyatların üz qabıqları təsvir edilmişdir. Bəziləri senzuranın əli ilə parça-parça edilmişdir. İran İslam Respublikasında yaşayan müəllif üçün bu acı həqiqətdir. Müəllif özü etiraf edir ki, qəzet köşklərinə ehtiyacı var, hər dəfə özü ilə həqiqətin bir hissəsini əldə etmək və özünü canlı hiss etmək istəyir.
Azərbaycandan olan Faiq Əhmədin instalyasiyası müasirlik və adətlər arasında möhkəm bağlılığı meydana çıxarır. Rəssam stereotipləri sındıraraq Azərbaycan xalçasının təsvir kanonlarını dağıdır ki, biz öz keçmişimizə ayrı prizmadan baxaq. Azərbaycanda xalça hələ qədim zamanlardan mədəni irs sayılır. Onun tarixini və məğzini araşdıran rəssam öz yaratdığı işləri müasir zaman üçün aktual sayılan yeni mövzularla doldurur. Pavilyonun günbəzinə qədər dartılmış iplər mədəniyyətlərin, dillərin, talelərin və tarixin müəllifin əslən olduğu regionla sıx uzlaşması təəssüratını yaradır. Artıq ilk dəfə deyildir ki, rəssam Azərbaycanı Venesiyada təmsil edir.
Azərbaycandan olan Fərid Rəsulov Bakının urbanizasiyası mövzusunu birləşdirən işlər silsiləsi yaratmışdır. Onun işləri Azərbaycan üçün ənənəvi olan şəbəkə beton konstruksiya ilə uzlaşır. Şüşənin zərifliyi sanki beton kubun içərisində batır və maraqlı alyans yaratmış olur. Rəssam əvvəl də Venesiya Biennalesində iştirak etmişdir.
İranlı rəssam və kinematoqraf Şoja Azari Nizami Gəncəvinin “Yeddi gözəl” klassik poeması əsasında “Qara Şah” adlanan 25 dəqiqəlik film təqdim etmişdir. Onun işi nəinki qazanılmış və itirilmiş cənnət, eləcə də İslamda olan ”səbirlilik” mövzusunda bir hekayədir, Bu, həmçinin texniki baxımdan nadir bir işdir. Qeyri-adi vizual effekti əldə etmək üçün rəssam fonunda əsas hadisələrin inkişaf etdiyi minlərlə rəsmdən istifadə etmişdir.
Sərgi 55-ci Beynəlxalq Venesiya Biennalesinin “Kollateral tədbirlər proqramı” çərçivəsində keçirilir və bu il noyabrın 24-dək davam edəcəkdir.
Sərginin kuratoru Yaxın Şərq və İran üzrə mütəxəssis, əvvəllər “Christie`s” hərrac evi ilə əməkdaşlıq etmiş Dina Nasser-Xadividir
Sərginin sponsorları “Gilan”, Azərbaycanda bir sıra tanınmış markaları olan istehlak məhsulları şirkəti “Jalə”dir. 

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )