Məqsəd Azərbaycanı məhv etmək idi -

Məqsəd Azərbaycanı məhv etmək idi

1918-ci ilin martın 30-u ilə aprelin 3-ü arasında Bakıda və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlarda 50 mindən artıq azərbaycanlı amansızlıqla qətlə yetirildi, on minlərlə insan itkin düşdü.

1917-ci ildə Rusiyada oktyabr inqilabı qələbə çaldıqdan sonra Stepan Şaumyanın başçılıq etdiyi Bakı Soveti quberniyada bütün hakimiyyəti ələ keçirdi. Vəziyyətin mürəkkəbliyindən istifadə edən daşnaklar hadisələri istədikləri məcraya yönəltmək üçün bütün vasitələrə əl atırdılar. Belə bir şəraitdə minlərlə insanın qanına səbəb olan ilk güllə özünü çox gözlətmədi: 1918-ci il mart ayının 30-da Bakıda kilsədə toplaşan ermənilər müsəlmanlara atəş açdı və bu, səhər tezdən bolşevik-daşnak dəstələrinə azərbaycanlılar yaşayan məhəllələrə hücum üçün bir siqnal oldu. Hətta "əməliyyat"a o dövr üçün nadir olan təyyarələr, hərbi gəmilər də cəlb olunmuşdu. Hər tərəf alova bürünmüş, ölənlərin sayı-hesabı isə bilinməmişdi. Ermənilər şəraitə uyğun olaraq öz hərəkətlərinə bolşevizm donu geyindirir, lazım olmadıqda isə həyasızlıqla bunu deməkdən çəkinmirdilər: "Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir". Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Hadisələr zamanı Bakıda olan N.Nərimanov ermənilərin törətdiyi qətliamları belə təsvir edirdi: "Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaklardan canlarını qurtara bilmədilər".

Sonrakı illərdə SSRİ hökumətində çox yüksək vəzifələr tutan A.Mikoyanın "İnqilabı müdafiə" adı ilə çıxış edən quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan "İsmailiyyə"ni yandıraraq, "Açıq söz", "Kaspi", "Baku" qəzetlərinin redaksiyalarını dağıtdı, Təzəpir məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik elədilər.

Mart qırğınlarını təşkil etmək üçün təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilmişdi. Bundan başqa, "Qırmızı Qvardiya" adı altında yaradılan 10-12 minlik ordunun da 70 faizi ermənilərdən ibarət idi.

 

"Millət atası"nın millət və oğul dərdi

 

1918-ci il martın 9-da məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin oğlu, Azərbaycan alayında zabit kimi xidmət edən Məhəmməd Tağıyevin erməni-rus bolşevikləri tərəfindən qətlə yetirilməsi və onun dəfnində iştirak etmək üçün general Talışinskinin başçılığı ilə 48 hərbçinin Hacı Zeynalabdin Tağıyevin oğlunun cənazəsinin "Evelina" gəmisində Lənkərandan Bakıya gətirilməsi və bu zaman Bakı Sovetinin qərarı ilə onların gəmidən enən kimi həbs edilməsi xalqın onsuz da dolan səbrini lap daşdırdı. Ermənilər həm də şayiə yaymışdılar ki, bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə edən S.Şaumyan gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş verdi. Buna görə yerli əhali küçələrə çıxıb etirazını bildirdi. Beləliklə, ermənilərin əlinə fürsət düşdü və onlar dinc əhaliyə qarşı soyqırımına başladılar. Qeyd etmək lazımdır ki, Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhd edilmişdi. O vaxt səbəbsiz yerə general Talışinskinin həbsə alınması şəhərin müsəlman əhalisinin hiddətinə səbəb olmuşdu. Vəziyyətdən istifadə edən ermənilər onda da silahlı toqquşmaya cəhd göstərsələr də, istəklərinə çata bilməmişdilər. Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və başqalarının səyi nəticəsində onların yanvar ayında qırğın törətmək planı baş tutmadı. Ermənilərin mart ayında həyata keçirdikləri soyqırımının həm də rəmzi mənası vardı - bir növ azərbaycanlıların bayramını qana boyamaq...

Onu da qeyd edək ki, Xəlil bəy Mirəli xan oğlu Talışinski Birinci Dünya müharibəsinin qəhrəmanlarından biri olmaqla yanaşı Talış xanı Mir Mustafa xanın nəslindən idi. O, 1918-ci ilin əvvəllərində Bakıya Azərbaycan (Tatar) alayının komandiri kimi qayıtmışdı. Belə bir şəraitdə onun gəmi ilə Bakıya dəfn mərasiminə gələn digər azərbaycanlı hərbçilərlə birlikdə Bakı Kommunası tərəfindən tərksilah edilməsini, təbii ki, azərbaycanlılar sakitcə qarşılamayacaqdılar. Bunu da erməni-bolşevik dəstələri əvvəlcədən nəzərdə tutmuşdular.

O dövrdə Stepan Şaumyan hətta Bakı Sovetinin iclasında bildirmişdi ki, bu təşkilat Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir. Həmin ərəfədə - hadisələrdən bir neçə gün əvvəl Lenin Bakı Sovetinin başçısı Stepan Şaumyana teleqram yollamışdı. Orada bolşevizmin bir ideologiya olaraq bütün mahiyyəti aşıq-aydın görünürdü:

"Hörmətli yoldaş Şaumyan!

Məktubunuz üçün təşəkkür edirəm. Sizin düşünülmüş siyasətiniz bizə çox xoşdur və yaranmış vəziyyətdə siyasətinizin daha dərin və ehtiyatlı diplomatiya ilə birgə tətbiq edilməsini məqsədəuyğun sayır və nəticədə qələbə çalacağımıza əminik. Çətinliklər gözlənilməzdir və indiyədək biz yalnızca imperialistlər arasında narazılıqlar və münaqişələr nəticəsində irəli getmişik. Bu konfliktləri işlətməyi öyrənin, hal-hazırda diplomatiya öyrənmək vacibdir.

Bütün dostlara xoş arzular və salamlar.

 

V.Ulyanov (Lenin)".

 

Ancaq bu dəfə istər V.Leninin məsləhətləri, tövsiyələri, istərsə də daşnak-bolşevik ideyaları özünü doğrultmadı - mahiyyətcə milli soyqırımı olan "mart döyüşləri" əhali arasında sovetlərə qarşı kin-küdurəti daha da artırdı, Azərbaycanda sovetləşmə ideyasına ciddi zərbə vurdu. Bu, Azərbaycanda milli istiqlala qarşı açıq-aydın sui-qəsd idi. Bu hadisələr odövrkü milli qüvvələri "Müstəqil Azərbaycan" ideyasını irəli sürməyə vadar etdi.

 

Qarabağdan Naxçıvana, Lənkərandan Dərbəndəcən...

 

Faktların kifayət qədər əsaslı və çox olmasına baxmayaraq, ermənilər sonrakı illərdə bu qanlı hadisələri öz üzərlərinə götürmək istəmirdilər. Bir il sonra ermənilər bu faciəni mətbuatda bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi qələmə verməyə çalışırdılar. 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə yepiskop Baqrat ermənilərin mart qırğınlarında iştirakını inkar edir, hadisələr zamanı öldürülən 1000 nəfərdən 300-nün erməni və rus, 700-nün müsəlman olduğunu iddia edirdi. Ancaq müstəqilliyin ilk vaxtlarında yaradılan Fövqəladə İstintaq Komissiyasının gəldiyi nəticələr başqa həqiqətlərdən və faciələrdən xəbər verirdi. Belə ki, təkcə Bakıda bu hadisələr vaxtı 20 mindən artıq azərbaycanlı qətlə yetirilmişdi. Aprel ayının əvvəllərindən başlayaraq bu qətliamlar Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də icra edildi.

S.Lalayanın dəstələri 3-16 apreldə Şamaxı əhalisinə divan tutdu. Yerli erməni və rus-malakan kəndlilərinin köməyi ilə Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni dəstələri tərəfindən dağıdıldı, 8 minə yaxın insan öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq idi. 1918-ci ildə 15 min nəfərin yaşadığı Şamaxının əhalisi 1921-ci ildə 1700 nəfərə enmişdi. Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə ermənilər tərəfindən törədilən soyqırımı hadisələri haqqında 7 cild 925 səhifədən ibarət araşdırma materiallarında toplanmış məlumatlar onların cinayət və qətliamlar etdiklərini bir daha göstərir. Onu da qeyd edək ki, Fövqəladə İstintaq Komissiyasının hazırladığı sənədə görə, hələ yanvar ayında Bakı Soveti tərəfindən 15 maşın, mart ayının ortalarında isə 60 maşın silah və 2000 erməni əsgəri Şamaxıya göndərilmişdi.

Quba qəzasında da hadisələr eyni istiqamətdə cərəyan edirdi. Aprel ayında Quba qəzasına göndərilən daşnak dəstələrinin komandiri Hamazasp bildirirdi: "Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm... Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilmişdir". Onun başçılıq etdiyi daşnak dəstələri Quba qəzasında 122 kəndi yandırdı. Vəhşiləşmiş ermənilər adamların gözlərini çıxararaq "gözmuncuğu" düzəldirdilər. Bu soyqırımı zamanı 30 minə yaxın adam öldürüldü...

Bu qətliamlar vaxtı Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılaraq əhalisi məhv edildi. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq bütünlüklə soyqırımına məruz qaldı. Eyni zamanda Naxçıvanda və Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi dağıdılıb 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürüldü. Bütövlükdə bu qəzada 10 068 azərbaycanlı qətlə yetirilib, 50 000 azərbaycanlı qaçqın düşüb.

Həmin dövrdə İrəvan quberniyasının 199 kəndində 135 min azərbaycanlı qətlə yetirilib. Qarabağda isə 1918-1920-ci illərdə 150 kənd dağıdılaraq əhalisi məhv edilib. Ermənilər o zaman daha böyük iddiada idilər: onlar bütün Azərbaycanı işğal etməyə cəhd göstərirdilər. Hətta Qarabağdakı ermənilərin köməyilə Gəncəyə hücuma hazırlaşırdılar. Lakin 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması işğalçıların bütün planlarını pozdu.

Bütün bu məlumatlar Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə İstintaq Komissiyasının materiallarından götürülüb.

1920-ci ilin mayında ermənilərin iştirakı ilə XI Qırmızı Ordunun Gəncədə törətdiyi qətliamda isə 12 mindən artıq azərbaycanlı qətlə yetirildi... Bu isə Azərbaycanın sovetlər birliyindəki faciələrindəndir.

Mart hadisələri əslində bolşeviklərin daşnaklarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Bunu qırğının əsas təşkilatçısı olan S.Şaumyan özü də 1918-ci il aprelin 13-də RSFSR XKS-ə yazdığı məktubda etiraf etmişdi: "Biz... birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim altı min nəfərə yaxın silahlı qüvvəmiz var idi... "Daşnaksütyun"un da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildi. Biz bilərəkdən buna yol verdik".

 

Şahidlər

 

Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman 1925-ci ildə Bakı hadisələri barədə yazırdı: "Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər".

İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların məhv edilməsində fəal iştirak edənlərdən biri Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill "İnsanlar belə imişlər" adlı kitab da yazıb. Ovanes Apresyan kitabın müəllifi ilə söhbətində ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək təkcə Bakıda mart ayında iyirmi beş min azərbaycanlını qətlə yetirdiklərini bildirir...

Qırğınlar zamanı Bakının hər yerində, son illər Qarabağda, Xocalıda olduğu kimi, qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış azərbaycanlı qadınların və uşaqların meyiti tapılırdı. Qadın və qızların diri-diri divara mıxlanması da geniş yayılmışdı. Hücumdan qorunmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının ermənilər tərəfindən yandırılması da bu dəhşətli faktlar sırasındadır.

Ümumiyyətlə, XX əsrin birinci yarısında Zaqafqaziyada baş verən iki qırğın zamanı (1905-1907-ci və 1918-1920-ci illər) 2 milyondan artıq azərbaycanlı qətlə yetirilib və çoxlu sayda insan öz ev-eşiyindən zorla qovulub...

 

Bəxtiyar QARACA,

"Azərbaycan"

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !