Qələbə yolları ilə adlı Beynəlxalq avtoyürüşün iştirakçıları Bakıdadır -

“Qələbə yolları ilə” adlı Beynəlxalq avtoyürüşün iştirakçıları Bakıdadır

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın təşəbbüsü ilə mayın 6-da “Bizim ümumi qələbəmiz” adlı layihə çərçivəsində Sankt-Peterburq-Bakı-Moskva marşrutu üzrə “Qələbə yolları ilə” adlı Beynəlxalq avtoyürüş başlamışdı.
AzərTAc xəbər verir ki, Rusiyanın Gənclərlə iş üzrə Federal Agentliyi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı və Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən “Qələbə yolları ilə” adlı Beynəlxalq avtoyürüşün təşkil olunmasında məqsəd gənc nəslin vətənpərvərlik tərbiyəsi, MDB dövlətlərinin vətənpərvərlik cəmiyyətləri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, İkinci Dünya müharibəsi və vətənimizin tarixinə marağın artırılmasından ibarətdir.
Marşruta əsasən, “Qələbə yolları ilə” adlı Beynəlxalq avtoyürüşün iştirakçıları iyunun 9-da Bakıya gəlmişlər. Bununla bağlı iyunun 10-da “Hilton Baku” mehmanxanasında mətbuat konfransı təşkil olunmuşdur.
Gənclər və İdman Nazirliyinin əməkdaşı Elnur Abdullayev avtoyürüşün əhəmiyyətindən danışmış, iştirakçıların ölkəmizin dilbər guşələrindən olan Quba və Qəbələyə səfər etdiklərini bildirmiş, Azərbaycan və Rusiya arasındakı dostluq əlaqələrini yüksək qiymətləndirmişdir.
Böyük Vətən müharibəsi veteranları Aleksandr Qriçin və Mariya Rzayeva İkinci Dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycan xalqının öz şərəfli yeri olduğunu diqqətə çatdırmışlar. Bildirmişlər ki, müharibə başlananda respublikada orduya səfərbərlik ümumxalq hərəkatına çevrilmiş, Azərbaycandan ordu sıralarına 600 min nəfərdən çox insan səfərbərliyə alınmış, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəlmişdir.
Qeyd etmişlər ki, müharibə illərində Leninqrad, Moskva, Sevastopol, Odessa, Stalinqrad, Kiyev və digər şəhərlər, Qafqaz uğrunda gedən şiddətli vuruşmalarda, partizan əməliyyatlarında, Berlin uğrundakı döyüşlərdə azərbaycanlılar igidlik göstərmişlər. Göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif olunmuş, 121 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, tank qoşunları general-mayoru Həzi Aslanov isə bu ada iki dəfə layiq görülmüş, 34 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir.
Natiqlər eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə müharibə veteranlarının sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışmışlar. Veteranlar onlara göstərilən daimi diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.
Rusiyanın Gənclərlə iş üzrə Federal Agentliyinin sədr müavini Yuri Sapıkin iki ölkə arasındakı sıx əməkdaşlıqdan danışmış, azərbaycanlılar və rusların İkinci Dünya müharibəsində rəşadətlə vuruşduqlarını diqqətə çatdırmış və “Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüşün əhəmiyyətini yüksək qiymətləndirmişdir. Bundan sonra da bu cür layihələrin həyata keçirilməsində əməkdaşlıq etməyə hazır olduqlarını diqqətə çatdıran Y.Sapıkin Azərbaycanda yürüş iştirakçıları ilə veteranlar arasında görüşlərim təşkil olunmasının vacibliyini vurğulamışdır.
Sonra Böyük Vətən müharibəsi və “Qələbə yolları ilə” adlı Beynəlxalq avtoyürüşə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.
Sonda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Gənclər və İdman Nazirliyinin birgə layihəsi olan Böyük Vətən müharibəsində azərbaycanlı veteranların göstərdikləri şücaətdən bəhs edən “Yaşayan tarix” filmi nümayiş olunmuşdur.
Avtoyürüşdə iştirak edən 24 gənc müxtəlif bayraq və şüarlarla bəzədilmiş 8 avtomobillə Quba və Qəbələdən sonra Bakıya gəlmişlər. Onlar Böyük Vətən müharibəsinin veteranları ilə görüşlər keçirərək onların qəhrəmanlıqla dolu döyüş yolu, maraqlı xatirələri, şücaətləri, ayrı-ayrı şəhərlərdə qazandıqları qələbənin tarixi barədə məlumatlar toplayırlar.
Qeyd edək ki, “Bizim ümumi qələbəmiz” layihəsi çərçivəsində təşkil edilən “Qələbə yolları ilə” adlı Beynəlxalq avtoyürüşün iştirakçıları 2011-ci ildə Moskva-Berlin marşrutu üzrə hərəkət edərək Polşa, Ukrayna, Litva, Belarus və Almaniyanın müxtəlif şəhərlərində veteranlarla görüşlər keçirmişlər. Beynəlxalq avtoyürüş 2012-ci ildə Moskva-Murmansk-Novosibirsk marşrutu üzrə təşkil edilmişdir. Cari ildə isə avtoyürüş Sankt-Peterburq-Bakı-Moskva marşrutu üzrə keçirilir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !