Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Qanın milləti yoxdur adlı xeyriyyə aksiyası keçirilmişdir -

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Qanın milləti yoxdur” adlı xeyriyyə aksiyası keçirilmişdir

İyunun 14-də Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə “Qanın milləti yoxdur” adlı növbəti xeyriyyə aksiyası keçirilmişdir.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin professoru Əliheydər Rəhimovun rəhbərlik etdiyi kliniki transfuziologiya və hematologiya kafedrasında artıq altı ildir dalbadal keçirilən aksiyalar çərçivəsində Moskva ali məktəblərinin onlarla tələbəsi hemofiliya və talassemiya xəstəsi olan uşaqlar üçün qan vermişlər.
RAGB-nin nəzarət-təftiş komissiyasının üzvü Samir Əliyev AzərTAc-a bildirmişdir ki, gənc azərbaycanlılar bu tədbiri altı ildir keçirirlər. Bu il aksiyada Moskvanın ali məktəblərinin 100-dək tələbəsi iştirak etmişdir. Onların arasında müxtəlif millətlərin nümayəndələri - Braziliya, İsrail, Səudiyyə Ərəbistanı, Malayziya, Özbəkistan və digər ölkələrdən tələbələr vardır.
Səhər tezdən başlayan və axşamadək davam edən aksiyada tələbələrlə yanaşı, əcnəbi tələbələrlə iş dekanlığının və beynəlxalq şöbənin əməkdaşları, ali təhsil ocağının müəllimləri, eləcə də Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri fəal iştirak etmişlər.
Bu aksiya Heydər Əliyev Fondunun təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da talassemiya və hemofiliya xəstəsi olan uşaqlara yardım göstərilməsi layihəsinin bir hissəsidir. Məlum olduğu kimi, 2005-ci il fevralın 8-də Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycanda “Talassemiyasız həyat” layihəsinin həyata keçirilməsinin başlandığını elan etmişdir. Bu proqram Azərbaycanda həmin xəstəliklərlə mübarizədə dönüş nöqtəsi olmuşdur.
Səhiyyə sahəsində bu genişmiqyaslı layihə Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ilin mayında imzaladığı “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Talassemiyasız həyat” proqramı çərçivəsində 2009-cu ildə Bakıda Talassemiya Mərkəzi açılmışdır. Xəstəxananın pasiyentləri pulsuz dava-dərman və ixtisaslaşdırılmış tibbi yardım almağa, ölkə ictimaiyyəti isə çox mühüm problemin – qan donorluğu probleminin həllinə fəal qoşulmağa başlamışlar.(AzərTAc) 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !