Bəxtiyar SADIQOV : Güvənc yerimiz... Özümüzük -

Bəxtiyar SADIQOV : Güvənc yerimiz... Özümüzük

Bəzən xalqların tarixi onun başına gələn fəlakətlər əsasında yaranır!

Ən çox fəlakətlər isə sayca az, ərazicə kiçik dövlətlərdə yaşayan xalqların başına gətirilir!

Xüsusən o halda ki, həmin ərazi dünya üçün maraq doğursun, yeraltı və yerüstü sərvətlərlə zəngin olsun!

Təəssüf ki, Azərbaycanımızın qismətinə belə bir tale yaşamaq düşüb!

Bizi əvvəlcə parçalayıb kiçildiblər, sonra özgələrinə güzəştə gediblər!

Bununla da ürəkləri soyumayıb! Zorla ərazimizdə xain xislətli, bizə düşmən münasibəti bəsləyən milləti yerləşdiriblər. Həmin milləti əllərində alətə çevirərək vaxtaşırı onların əli ilə başımıza oyunlar açıblar, məkrli planlarını gerçəkləşdiriblər.

Həm də hər dəfə özümüzü borclu çıxarmağa çalışıblar! Adımızı "vəhşi", "qəddar" qoymaq istəyiblər! (Bəzən isə müvəqqəti də olsa, buna nail olublar).

Etirazımızı bildirəndə, haqqımızı tələb edəndə güllələyiblər, məhbəsə atıblar, sürgünə göndəriblər!

Fiziki və mənəvi repressiyalara düçar ediblər!

Hələ bu harasıdır! Keçmişimizi yada salmağı qadağan ediblər, tariximizi unutdurmağa çalışıblar.

Bir sıra tarixi hadisələr, şəxsiyyətlər barədə danışmaq yasaq edilib.

Bizim üçün yeni, "ütülənmiş" tarix yazıblar.

Həmin "tarixdə" xalqımıza qarşı soyqırımı və repressiya əməllərini "inqilabi hərəkat", "sinfi mübarizə" adı altında pərdələyiblər, belə aksiyalara qarşı çıxanları "əksinqilabçı", "sinfi düşmən" elan edərək gözdən salmağa çalışıblar.

Tarixi mövzuda həqiqəti deyənlər və yazanlar isə sovet sistemi tərəfindən daim təqib edilib, cəzalandırılıb!

Azərbaycan dövlət müstəqilliyi qazandıqdan, ulu öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra bu sahədə də ciddi dönüşün əsası qoyuldu.

Ulu öndərin ən böyük tövsiyələrindən biri Azərbaycan tarixinin yenidən, "ağ ləkələrsiz", obyektiv və düzgün yazılması barədə oldu. Bunu təmin etməkdən ötrü o, 1998-ci ilin 26 martında "Azərbaycanlıların soyqırımı haqqında" çox möhtəşəm bir fərmana imza atdı. Fərmanın aktuallığı və tarixiliyi həmin sənəddə Azərbaycan tarixinin obyektiv yazılmasından ötrü zəruri istiqamətlərin göstərilməsindədir. Tarixin müxtəlif mərhələlərində baş verən hadisələrin mahiyyətinin düzgün açılmasına doğru və əksinə yönələn həmin məqamlar artıq tarixçilərimizin tədqiqatlarında və yeni yazılan elmi əsərlərdə ciddiliklə nəzərə alınır.

"Azərbaycanlıların soyqırımı haqqında" fərmanın girişində deyilir: "Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.

Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir".

Daha sonra "tarixin açılmamış səhifələri" ardıcıllıqla sadalanır:

"1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi";

"İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "Erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu";

"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi";

"Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı";

"Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir".

"Qardaş xalqların ittifaqı" adlandırılan sovet dövründə də xalqımıza qarşı repressiya və "gizli soyqırımı" əməlləri dayanmadı. Belə ki, həmin dövrdə xalqımıza qarşı törədilən vəhşiliklər və deportasiya əməlləri pərdələnmiş, ütülənmiş şəkildə həyata keçirilirdi. Ancaq mahiyyət eyni idi: insanlar ata-baba torpaqlarından kütləvi şəkildə çıxarılaraq boşalmış ərazilərdə ermənilər yerləşdirilir, proses zamanı böyük itkilər baş verirdi. Məsələn, SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında xüsusi qərarı ilə 1948-1953-cü illərdə azərbaycanlılar dövlət səviyyəsində, həm də kütləvi şəkildə tarixi torpaqlarından çıxarıldılar.

Qırmızı imperiya çürüyüb dağılarkən yenə də son nəfəsində xalqımıza qarşı mənfur niyyətini ortaya qoydu. Əvvəlcə "müstəqillik eşqinə düşən" xalqımıza "qulaqburması" vermək üçün 20 Yanvar faciəsi törədildi, sonra ermənilərə Azərbaycan torpaqlarını işğal etməkdən ötrü hərbi-siyasi və informasiya dəstəyi verildi. Bununla həm də xalqımıza qarşı yeni soyqırımlarının əsası qoyuldu.

Doğrudur, ilkin dövrlərdə belə məkrli əməllərə və qəddar planlara lazımi və düzgün hüquqi-siyasi qiymət verilmirdi. Amma tarix bu məsələyə də öz təshihlərini etdi. Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev yaxın keçmişdə baş vermiş bir sıra faciələrin hüquqi-siyasi cəhətdən qiymətləndirilməsi sahəsində də qətiyyətli addımlar atdı. Milli Məclisdə deputat istintaq komissiyaları yaradılaraq əvvəlcə 20 Yanvar, sonra isə Xocalı faciələrinə hüquqi-siyasi qiymət verildi, müvafiq sənədlər, qərar və sərəncamlar qəbul edilərək xalqımıza qarşı törədilmiş kütləvi cinayətlərin dünya ictimaiyyətinə, beynəlxalq qurum və təşkilatlara çatdırılması yönündə zəruri işlər görüldü.

Təəssüf ki, müasir dünya, bir sıra beynəlxalq qurum və təşkilatlar hələ də "ikili standartlar" əsasında fəaliyyət göstərir. Baş verən hadisələrə bu sayaq yanaşma olanların vaxtında və obyektiv qiymətləndirilməsinə, gələcəkdə belə halların qarşısının alınmasına və insanların kütləvi şəkildə pozulmuş hüquqlarının bərpasına imkan vermir.

Əslində belə ədalətsizliklər dünya üçün yeni problemlərin yaranmasını stimullaşdırmış olur!

Lakin Azərbaycan iqtidarı ruhdan düşmür, dayanıb durmur, geriyə çəkilmir!

Təkidlə, inadkarcasına yaxın və uzaq keçmişlərdə xalqımızın başına gətirilən müsibətlərin obyektiv və prinsipiallıqla qiymətləndirilməsinə, torpaqlarımızın işğaldan azad edilməsinə, bir milyondan çox qaçqın və məcburi köçkünün doğma yurd-yuvasına qayıtmasına nail olmağa çalışır.

Uğurlu nəticələr qazanılır. Artıq Avropa Şurası, ATƏT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı qəbul etdikləri qətnamə və qərarlarda Ermənistanı işğalçı dövlət kimi göstərmişlər.

Xocalı faciəsinin dünya tərəfindən soyqırımıtək tanınması yolunda da ardıcıl və qətiyyətli addımlar atılır.

Ötən il dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının 20 illiyi münasibətilə Bakıda keçirilən ümumxalq yürüşü dünyada böyük əks-səda doğurdu. Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər, xüsusən fondun vitse-prezidenti Leyla Əliyevanın başçılığı ilə aparılan "Xocalıya ədalət" kampaniyası ilbəil daha səmərəli nəticələr verir. Cari ilin mart ayının 22-də ABŞ-ın Nyu-Cersi ştatının Pax Turcica İnstitutunun illik kampaniyası nəticəsində 1918-ci ildə azərbaycanlıların erməni daşnakları tərəfindən qətlə yetirilməsi faktını tanıyan qətnamə qəbul edilib. Qətnamə həmçinin 31 mart tarixini Azərbaycanlıların Soyqırımı Günü olaraq da tanımışdır.

Xatırladırıq ki, son illər ərzində Pakistan, Meksika və Kolumbiya parlamentlərində, habelə Avropanın bir sıra ölkələrində - Bosniya və Herseqovina, Çexiya parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr komitəsində də belə qərarlar qəbul olunmuşdur.

Amerika Birləşmiş Ştatlarında görülən işlərin səmərəsi də get-gedə yüksəlir. Belə ki, ABŞ-ın Texas, Massaçusets, Nyu-Cersi, Corciya, Men, Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya ştatlarında Xocalı soyqırımını rəsmən tanıyan və faciəni qətliam kimi qəbul edən qərarlar çıxarılmışdır.

Yəqin ki, ATƏT və həmsədr dövlətlər ədalətli və prinsipial olsaydılar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi çoxdan həllini tapmışdı. Yaradıldığı gündən indiyədək heç nəyə nail ola bilməyən ATƏT-in dişsiz fəaliyyəti, Ermənistanın çaldığı havaya oynaması lətifəyə çevrilməkdədir. Bəzən həmsədr dövlətlərin özləri də anlaşılmaz, ziddiyyətli mövqe nümayiş etdirirlər. Xocalı soyqırımının növbəti 21-ci ildönümü ərəfəsində belə halların yenidən şahidi olduq:

- Rusiyanın "RİA-Novosti" agentliyinin internet saytında Vadim Dubnovun "Qarabağ 25 il ərzində tanınmamış olmağa öyrənmişdir" adlı məqaləsində "siyasi şərhçi" iddia edirdi ki, "DQR" tanınmamış dövlət olsa da, onu dövlət kimi qəbul edirlər, çünki orada ermənilərin rahat yaşamasına heç bir maneə yoxdur. Ermənipərəst ruhda yazılmış məqalədə çoxlu sayda faktoloji səhvlər də vardı. Doğrudur, Azərbaycan tərəfinin təpkilərindən sonra həmin məqalə saytdan çıxarıldı və orada səsləndirilən fikirlərin "Rusiyanın dövlət mövqeyi olmadığı" bildirildi. Lakin belə bir məqalənin yazılması da təsadüfi deyildi;

- ABŞ-da Ağ Evin rəsmi internet səhifəsinin "Biz xalqıq" bölməsində Xocalı soyqırımı ilə bağlı yaradılmış petisiyada ABŞ administrasiyasından Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş proklamasiyanın qəbul olunması, həmçinin həmin hadisənin hərbi cinayət kimi tanınması xahiş edilirdi. Qısa müddətdə petisiyanı dəstəkləyən yüz mindən çox imza toplandığından, qaydaya görə, prezident Barak Hüseyn Obamanın məsələyə münasibət bildirəcəyi gözlənilirdi. Ağ Ev sözçüsünün soyuq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üçün standart sayılan cavabından başqa heç nə baş vermədi. Halbuki qaydaya görə belə olmalı deyildi;

- Fransa parlamentində isə insanlığa və demokratiyaya yaraşmayan zorakılıq və xuliqanlıq hadisəsi baş verdi. Fevralın 26-da Fransa Milli Assambleyasının binasında Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov assambleyanın üzvü, ermənipərəst mövqeyi ilə tanınan deputat Fransua Roşebloun və erməni diasporunun üzvləri tərəfindən vəhşicəsinə döyülərək onlara ağır bədən xəsarətləri yetirildi.

Dünyaya demokratiya və ədalət dərsi keçənlər hələ də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ədalətə nail ola bilməyiblər.

Azərbaycanın ən yaxın müttəfiqi, özünə dost və qardaş bildiyi Türkiyə də bəzən yumşaq deyilsə, təəccüblü və izahı çətin olan gedişlər edir. Əvvəlki illərdə "futbol diplomatiyası" oyununu müşahidə etmişdik. Hətta türk qazanında "əziz erməni qonaqlar" üçün ləziz xörək bişirildiyini də eşitmişdik. Bu ilin başlanğıcında isə yeni "sürprizlərin" şahidinə çevrildik. Türkiyənin Prezidenti Abdulla Gül Ermənistanda keçirilən növbəti prezident seçkilərinin nəticəsi elan olunmamış tez-tələsik "köhnə və yeni" prezident Serj Sarkisyanı təbrik etdi. Az sonra Yerevanla Van arasında yeni hava reysinin açılışının təqdimatı keçirildi.

Nə yaxşı ki, heç zaman mövqeyini dəyişməyən, canı canımızdan, qanı qanımızdan olan doğma türk xalqı var! Yoxsa "özəl şirkətlər" çox oyundan çıxarlar. O "şirkətlər" ki hər il Türkiyədən Ermənistana minlərlə TİR maşınlarında yük daşıyırlar və minlərlə Ermənistan ermənisinə "miqrant statusu"nda Türkiyədə pul qazanaraq vətənlərinə göndərmələrinə şərait yaradırlar.

Dünya erməniliyi isə ciddi şəkildə 1915-ci ildə Türkiyədə baş vermiş "erməni soyqırımı"nın 100 illiyinə geniş hazırlıq görür.

Danılmaz faktdır ki, Azərbaycan Türkiyə ilə münasibətlərində həmişə açıq, səmimi və birgə maraqları birmənalı şəkildə qoruyub saxlamış, heç bir "diplomatik" sapmalara heç zaman yol verməmişdir!

Azərbaycan daim ilk növbədə özünə güvənib!

Azərbaycan daim öz yolu ilə gedib və gedəcəkdir!

Azərbaycan öz torpaqlarından, öz maraqlarından əl çəkməyib və çəkməyəcəkdir!

Bu yol çətin yoldur, ancaq onun alternativi yoxdur!

Azərbaycan müstəqil dövlət olduğundan daim milli və dövləti maraqlarını qorumalıdır!

Taleyinə isə ilk növbədə özü məsuliyyət daşıyır, özü cavabdehdir!

Ən etibarlı güvənc yerimiz isə özümüzük!

Azərbaycan gənci hamıdan qabaq önə çıxmalıdır, vətəndaş və vətənpərvər mövqeyini sərgiləməlidir:

- ilk növbədə tarixini dərindən öyrənməli, keçmişini bilməlidir;

- milli-mənəvi dəyərlərinə, ataların qoyduğu şərəfli yola sahib çıxmalıdır;

- elmi biliklərə, informasiya-kommunikasiya texnologiyasına, müasir dünyagörüşə yiyələnməlidir;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri öyrənməli, ərazi bütövlüyünün bərpası uğrunda yorulmadan mübarizə aparmalıdır;

- sivil mübarizənin üsul və metodlarını mənimsəməli, harada yaşamasından, oxuyub işləməsindən asılı olmayaraq bir an belə Azərbaycan vətəndaşı olduğunu unutmamalıdır!

Artıq dünyanın hər ölkəsində Azərbaycan gənci yaşayır, təhsil alır, fəaliyyət göstərir. O, Azərbaycan həqiqətlərinin dünyaya qəbul etdirilməsi uğrunda mübarizəyə qoşulub!

Bu çətin mübarizədə ilkin uğurlarını qazanıb, özünü təsdiq edib!

Bu il Xocalı soyqırımının ildönümü ərəfəsində elektron, internet və çap mediası vasitəsilə onun sivil mübarizəsinin şahidi olduq!

Onun səsinin eşidildiyini, məqsədinə yaxınlaşdığını, bəzən isə hətta hədəfinə çatdığını gördük!

Həyat mübarizədir!

Belə mübarizədə yalnız iradəlilər və bacarıqlılar qalib gəlirlər!

Qələbə bizim olacaq, Azərbaycan gənci!

Çünki yolumuz haqq-ədalət yoludur!

Çünki arxamızda iqtisadi cəhətdən güclü, siyasi sahədə nüfuzlu müstəqil Azərbaycan dövləti dayanır!

 

Bəxtiyar SADIQOV

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !