Habil Yaşarı: Məhəbbət şerlərim -

Habil Yaşarı: Məhəbbət şerlərim

Səni gizləmişəm...

 


Səni gizləmişəm anandan belə,
Atanda nə bilsin haralardasan.
İstəsən üstümə məhkəmə gələ,
Haradan bilsinlər haralardasan.

 

Səni tapmayacaq rəfiqələrin,
Üç günə,beş günə unudacaqlar.
Hər şeyi saxtadır özgələrinin,
Bir gün sənsiz belə yaşayacaqlar.

 

Məni izləyəcək hər addımbaşı,
Qardaşın yolumda sürünəcəkdir.
Məndə qınamıram yazıq qardaşı,
Harada gizlisən nə biləcəkdir.

 

Səni soracaqlar gəlib-gedəndən,
Heç kəs bilməyəcək yerdə-göydəsən.
Bir sirri açıram özlüyümdə mən,
Qoy heç kəs bilməsin...ürəyimdəsən.
Qoy heç kəs bilməsin...ürəyimdəsən.


01.05.2011

 

 

 

Sevgilər və nifrətlər...

 

Sevgilərin məhv olduğu yerdə,
nifrətlər başlar.
Nifrət edə bilməyənlərin,
düşünməyi belə bacarmayanların,
dil açar ürəklərində
sevgi tumurcuqları.

 

Nifrətlərin baş alıb getdiyi yerdə,
sevgilər ayaq tutub yeriməz.
Ayaq tutub yeriyənlərin,
dabanları əzər sevgi çiçəklərini.
tikan bitirər izləri.
nifrət elçilərinin.

 

Sevgilərin ucuzlaşdığı yerdə,
nifrətlər bahalaşar.
Qan tökər su yerinə,
göz yaşları.
günbəgün artar sayı məzardaşlarının.
ümidlər ölər,
ümidsizliyin fəth olunduğu
xarabalıqlarda.

 

Nifrətlərin güləcəyi yerdə,
sevgilər ağlaya-ağlaya,
yolar vaxtsız ağarmış saçlarını.
bir üzü tərs düşər həyatın,
başlanğıcdan sona doğru yolun
qarışıqlıığında
azdırar yolunu
sevgi sərnişinlərinin.

 

15.02.2011

 

 

Yoxsulluğun sən üzü...

 

Yox
sən anladğın kimi
maddi cəhətdən deyil mənim yoxsulluğum.
hər günümü şükür etməklə
bitirdiyimi də yəqin ki,
heç unutmamısan.
insanların istəmədikləri adamı
ömür boyu unutmadıqlarını da
bilməyəcək qədər yoxsul deyiləm ağıldan...
yoxsulluğun o qədər üzü var ki...

nə biləsən
hansı yoxsulluqdan danışdığımı..
o yoxsulluq ki,
bəlkə
heç zaman görməmisən,
ya da yel kimi keçib getmiş yanından
hiss eləməmisən
çünki
o qədər həssas olmadığını
olanları mənim kimi duymadığını
özün etiraf etmişdin mənə
yadındamı?

yoxsulluğumun nə qədər əzab verdiyini
anlamayacaq qədər yoxsuldu ürəyin

yoxluğundan yaranan
yoxsulluğumun varlığını haradan biləcəksən ki?

daş ürək desəm sənə...
yox bu sözümlə xətrinə dəyərəm daşın
çünki o sənin qədər yoxsul deyil ürək sarıdan...
yoxsulluğumu anlamaqda
daşın səndən daha yaxşı duyacaq qədər ürəkli olduğunu 
haradan biləcəksən ki?

yoxsulluğun sən üzü
heç zaman açılmayacaq üzünə
bağlı qapılar ardında
yoxsulluğunu görməyə-görməyə
kor-koranə
yaşayacaqsan həyatı..

yoxsulluğumun yoxluğundan yarandığını,
duymadığın kimi,
sənin də öz yoxsulluğunu görməyəcəyindən
əmin olduğum üçün
bəlkə
qınamağa haqqım yoxdur səni

bunun üçün BAĞIŞLA MƏNİ!
BAĞIŞLA MƏNİ!

 

29.08.2011 23:30:04

 

Sənə görə


Sənə görə yaşamıram həyatı,
Səndən öncədə yaşamışdım,
yaşayıram,yaşayacam.
Həyatımı sənə görə yaşayıram deyənlərin
dili şirin dilbazların,
bazlığından uzağam mən,
kimə görə soyuqqanlı,
kimə görə uşağam mən.
hər nəyəmsə özgə deyil
özüməm mən.

 

Sənə görə yazmayıram hər şerimi
Hər şerdə bir insanın həyatı var
bir ürəyin döyüntüsü
bir sevginin ovqatı var
hər oxuyan özün duyur,
özün sanır,
mən yazdığım şerlərdən
neçə insan duyğulanır.

 

Sənə görə bilməyirəm necəyəm mən
Yaxşıların yaxşısımı,
ya pislərin pisiyəmmi?
ikincidən olsam yenə minnətdaram,
çünki orda yenə mənəm,
özüm varam,
özüm özüm olmağımla
mən özümə minnətdaram…

 

12.07.2011

 

 

 

Bu gecə həsrətin özündən böyük.

 


Bu gecə həsrətin özündən böyük,
Sənin böyüklüyün kiçilir daha.
O qədər böyükdür çiynimdəki yük,
Çəkisi göylərlə ölçülür daha.

 

Nə bir əlim yetir tutam,endirəm,
Dərdimi göylərin ucalığından.
Nə bir gücüm çatır sənə göndərəm,
Sevən ürəyimin çırpıntısından.

 

Əlimdə deyil ki,istədiklərim,
Hər nə istəyirəm gedir əlimdən.
Sənə deyiləsi demədiklərim,
Min dəfə şirindir dediklərimdən.

 

Bu gecə həsrətdir nəğməmim adı,
Bu elə nəğmə ki,qurtarmayacaq.
Axı mən olmazdım,o olmasaydı,
O yoxsa Habil də yaşamayacaq.

 

19.11.2010 22:30:07

 

 

 

 

 


Həsrət nəğməsi.

 

Bir həsrət cücərir içimdə mənim,
Cücərib-cücərib yetişər bir gün.
O özü böyüyər kiçikliyindən,
Böyüyüb göylərə yetişər bir gün.

 

Əlim çatmayacaq ətəklərinə,
Həsrətim özümdən böyük olacaq.
Durub baxacağam altdan-yuxarı,
Baxdıqca gözümü qamaşdıracaq.

 

Bir həsrət qanıma işləyir mənim,
Gün gələr beynimə sızıb öldürər.
Mənimlə birlikdə ölən həsrəti,
Mənimlə birlikdə tanrı dirildər.

 

Bir həsrət əbədi sirdaşım olar,
Kölgətək arxamca izləyər məni.
Hər yerdə yolumun üstündə durar,
Həsrət həsrət ilə gözləyər məni.

 

01:45
08.10.2010

 

 

Gizlənpaç...

 


Uşaqdıq
nə qədər qayğısız idik
gizlənpaç oynayardıq,
mən,
sən

birlikdə ikimiz.
Sayardım düz birdən əlliyə kimi,
sənsə gizlənməyəyer axtarardın.
harada olsanda tapardım səni
sevinərdim ərköyün uşaqlığımla
tapmamaq ağlımdan keçməzdi onda.
Amma nə biləydim
bir gün gələcəyini

o bir gündə səni əbədi itirəcəyimi
nə biləydim mən yazıq.
Gizlənpaç oynaya-oynaya böyüdük,
böyüyə-böyüyə itirdik
bir-birimizi
uşaqlıq illərinin qayğısızlığını,
ötən günlərin əvəzedilməzliyini
gələn günlərin soyuqluğunda
anladıq.
Gizlənpaç oynaya-oynaya
bir gündə yumarkən gözlərimi
daha tapa bilmədim
həyat adlı oyunda
əbədi itirdim səni.

 

20.09.1010
18:40

 

 

 

Boyat xatirələr.

 

Beynimin hər hansı bir guşəsində,
Boyat xatirələr toplanıb,

bu boyat xatirələrin bir qismi,
ikimizin arasında yaşanan
“sevgi” adlı bir duyğunun
həyatımızda olan

yazısı
heç zaman
pozulmayacaq
nişanəsindən ibarətdir.
Bir mən bilirəm bu yaşantının
nədən ibarət olduğunu
bir də sən...
Ancaq heç birimizin bilə bilməyəcəyi
tək bir şey var,
kim çox sevdi görəsən
sənmi ya mən?

 

Xatirələr boyat olsada,
Illər öncəsi sevgini andırsada
xatirələr,
dəyişməyən,
boyatlaşmayan,
sabit qalan,
bir sən varsan beynimdə,
beynimin hərəkətverici hüceyrələrində...

bu hüceyrələrin hər birində
adın yazılıb
bir ömür boyu unudula bilməyəcək
o altı hərfli adın...
saxlamışam,
qorumuşam bu adı
beynimin ən uzaq guşəsinin
ən uzaq bir yerində.

 

Boyatlaşsada xatirələr,
məndə,səndə
boyatlaşan xatirələrlə yanaşı
zaman axarında
qocalsaqda illər sonra
bir tək
boyatlaşmayacaq
sevgimiz var...
Əsl sevgiləri qocalda bilməz zaman.
Boyat xatirələrdə,
Həmişə cavan sevgilər kimi ölmür,
sadəcə zaman keçdikcə
dahada boyatlaşır

boyatlaşdıqca
doğmalaşır,
ululaşır...
Boyat xatirələr
bizimlə birgə
bizdən xəbərsiz
yaşayır
ölə bilməz.
Biz öləndə ölür hər şey
Hər şey biz öləndə ölür
sadəcə.

 

27.08.2010 23:42:01

 

 

İtirdim.

 

Getdin gözlərimdən,
gözümün pərdəsi qeyb olmuş kimi,
görmürəm daha,
görə bilmirəm.
Sadəcə gedərkən toxunduğun zaman,
əllərinin soyuqluğu
üşütdü bədənimi,
bu qızmar bahar günü.
Ürəyinin soyuqluğunu demirəm hələ.
Itirdim səni,
itirdiyimdən,
özümü də itirdim.
Nə səni,nə özümü,
axtarıb tapa bilmirəm,
adını qəlbimə,
hüsnünü gözümə yazdığımdan,
hər ikisi əzab verir mənə,
parçalayır məni.
Kaş yazılmamış pozulaydı
bu amansız yazı.
necə qəribə olur,
sən demə,
alın yazı.
Sən məni özünə öyrətdiyindən,
daha çətin olur unudulmağın.
Unutmaq-deyilişi asan,
əməli çətin.
kimlər unudub ki,saf məhəbətin
harayını
köz olub qəlbləri yandıracaq qədər yetərli
sanki nir vulkan,
onun qarşısında
aciz hər insan,
Bir sənə yetmədi,
mənim bu naləm,
eşitsin aləm:
Qəlbin yumşalmadı daş olduğundan,
Daş da yumşalarımı daş olduğundan.

 

2006

 

 


Nə yaxşı...

 

Bu sənsənmi
Sənsənmi gələn.
Deyəsən
Səsini eşidirəm mən.
Yaxınımdasan,
Nə az,nə çox
Üç.dörd addımımdasan.
Sevincdən gözlər yaşarır,
Donur bədənim.
Deyəsən yenidən qayıdır sənli günlərim.
Xəyallar gərçək olur,
Boşuna ümidə qapılmamışam.
Könül sevincək olur
Nə yaxşı mən səni unutmamışam.
Nə yaxşı qapıdan girirsən yenə
O zərif səsini eşidirəm mən.
Baxıb gözlərinin dərinliyinə ,
Sevda yollarına düz gedirəm mən.
Sən mənə dönürsən
Deyəsən gözlərim aldadır məni.
O qaynar nəfəsindən
Bədənim hiss edir hərarətini.
Bu yuxuya bənzəmir
Yuxular belə olmaz.
Həqiqətin özüdür
Sevən ürək yanılmaz.
Nə yaxşı yenidən görüşürük biz
Allahda bizlərin sorağındadır.
Yaddan çıxmayıb ki,öpüşlərimiz
İstisi hələdə dodağımdadır.
Gözlədim yolunu illər uzunu,
Bilirdim sonunda qayıdacaqsan.
Keçmiş hisslərimi,duyğularımı
Yenidən sən mənə qaytaracaqsan.
Qayıtdın sən mənə məhəbbətinlə
Dalğalar sahilə qayıdan kimi.
İnandım eşqinin bütünlüyünə
Qulun Allahına inanan kimi.

 

04.09.05 00:00

 

Çiçək və qızcığaz.

 

Hər səhər bir qızcığaz,
çiçəkləri dərə-dərə qoxulayardı.

qoxulaya-qoxulaya
çiçəklərin arasında uzanardı.
Sonra,
sonra isə
topladığı çiçəklərə
həzin nəğmə deyərdi.
bir sözlə bu qızcığaz,
çiçəkləri çox sevərdi

çox sevdiyi üçün də onları dərərdi.
Ona görə dərərdi ki,
Bir başqası bu çiçəkləri dərə bilərdi.
Əks təqdirdə bu qızcığaz,
çiçəklərin həsrətindən ölə bilərdi.
Qızcığaz çiçəkləri sevə-sevə yaşayar,
onlardan zövq alardı

bu zövqü itirməkdən qorxardı.

 

Hər səhər ......yox
daha “hər səhər” deməyəcəm.

 

Bir səhər bu qızcığaz,
daha çiçəklərin arasında görünmədi.
Sanki çiçəklər belə
bu səhərin gəlişinə sevinmədi.
Hər səhər çiçəkləri dərməkdən zövq alan
qızcığaz,
indi özü dərilmişdi.
Dərilməsə kimi isə həsrət ilə
Məhv edə bilərdi.
Kiməsə zövq vermək üçün
qoxulanacaqdı.
Ona da həzin nəğmələr oxunacaqdı.
Çiçəklər də tər qoxulu,
Qızcığaz da tər qoxulu,
Hər ikisi bir qoxulu.

 

Qızcığaz nəyi isə itirməkdən çox qorxsada,
Kimi isə yaşatmağa doğulmuşdu.

 

29.02.08

 

Həsrətin özündən böyük.

 


Həsrətin özündən böyük,
Vüsalını dadmamışam.
Qanqal dolu yollarını,
Ayaqyalın adlamışam.

 

Günlərimin dadı zəhər.
Sevincimdən qoxu gəlmir.
Illər kəsib aramızı,
Zaman durub,irəlləmir.

 

Hər gecənin sonu ümid,
Hər səhərin üzü qara.
Yaşamağa maraq itib,
Üz tuturam məzarlara.

 

Həyat sənsiz ağladıcı,
Xəyallardan nə çıxacaq.
Bu könlümün ehtiyacı,
Hicranın məni yıxacaq.

 

2008

 

 

 

 

 

 

 

 

Bir körpəcik sevinc...

 

Bir körpəcik sevinc sənə,
Həsrət qalıb ürək yenə.
Sevinc məndən uzaq gəzir,qıraq gəzir,
Uçub gedib özgələrdə qonaq gəzir.
Hara getsəm axtarıram öz incimi,
Baxışları həyat dolu sevincimi..
Bir körpəcik sevinc harda?
tapmaq olmur,
yaxınlarda,
uzaqlarda.
Yaxın ikən uzaqlaşır çatmaq olmur,
Bircə dəfə yaxınlaşmır tutmaq olmur.
Bir körpəcik sevinc mənə,
qonaq gəlsən nə olar ki?
sevinc dünyan dağılmaz ki...
Sevinc səni gözləyirəm liman kimi,
nə biləsən xəyal kimi,
güman kimi gözləyirəm
sevinc səni...
Bir körpəcik sevinc dön gəl,
görən geri dönməyinə nədir əngəl?
Sən yanımda olan zaman
Dəyərini bilmədimsə,
Sağa-sola xərclədimsə
Yerli-yersiz,
Günahkaram,
Sən böyüksən...
Bir körpəcik sevinc sənə,
əl açıram dönə-dönə.
gəl bağışla məni sevinc,
bil sevirəm səni sevinc.
Bir körpəcik sevinc sənə,
Həsrət qalıb ürək yenə.
Ürəyimi qırma qayıt,
Məni sənsiz qoyma qayıt...
29.07.2011 19:18:49

 


Küləklər...

 

Qorxuram küləklər sındıra səni,
Qorxuram vəhşilik edələr sənə.
Sən tərəfə əsən küləklərini,
Razıyam təbiət döndərə mənə.

 


Razıyam küləklər məhv edib məni,
Bir tək telinə də toxunmasınlar.
Təbiət ram edib küləklərini,
Bir də sən tərəfə buraxmasınlar.

 

19.07.2011

 

 

 

 

 

 

Ceyran demirəm mən sənə ondanda gözəlsən.


Ceyran demirəm mən sənə ondanda gözəlsən
Gözəlliyin aldı mənim əqlimi,bilsən.

 

Sanma gözəlim gözəlliyi var eləyən sən,
Var eləyən gözəlliyi varlığa əhsən!

 

Çox da özünü öymə ginən gözəlliyinlə,
Bir gün solacaq al yanağın çoxda ki,gülsən.

 

Hərdən mənidə yadına sal,bir nəzər eylə,
Yüz gələrəm sən tərəfə,bir dəfə gəlsən.

 

Habil yenə də dərdə düşüb yarın əlindən,
Olmaz bu qədər bircə dəfə üzümə gülsən.

 

08.06.2011

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Səninlə bərabər olmaq...

 

Bir səhər səninlə görüşə çıxmaq,
Atmaq üst-başımdan kədər tozunu.
Bir gecə evinə ötürmək səni,
Eşitmək “sevirəm” deyən sözünü.

 


Bir səhər minlərə çevriləydi kaş,
Minlərin arası kəsilməyəydi.
Gecələr bir daha yetişməyəydi,
Sənsə evinizə tələsməyəydin.

 

Hər işim yağ kimi gedəydi belə,
Arzular,xəyallar gerçəkləşəydi.
Bizləri ayıran o yollar ki,var,
Bir gün bir ünvanda birləşdirəydi.

 

22.00.
22.03.2011

 

 

 

 

 

 

 

Açılmayan kitab...

 

Könül kitabından siləcəm səni,
Adın da bir köhnəlmiş söz kimi,
bu kitabın arxivində qalacaq,
Heç zaman açmayacam bu kitabı,
Günlər,
illər keçəcək,
Vərəqlər də saralacaq,
Açmayacam bu kitabı,
Baxmayacam adına.
Son qoyacam bu sevgiyə,
Bu sevginin acığına
Beləcə unudacam səni

o sənli günlərin xatirəsini.

 

Mən səni o qədər unudacam ki,
Gecələr əksini də görməyəcəm
Yuxularda,
bil ki,mənə
səndən heç nə qalmayacaq,
yağış altda görüşlərin,
gizli-gizli öpüşlərin,
istisi də qalmayacaq dodaqlarda.
Mən səni o qədər unudacam ki,
Bir zamanlar varlığına,
Şübhə ilə yanaşacam.
Dünən səni sevirdimsə
Bu gün səni damla-damla,
zərrə-zərrə unudacam.

 

Sən mənə o qədər yad olacaqsan,
Surətin də gəlməyəcək
Gözlərimin önünə.
Sanki səni görməmişəm,
Sevməmişəm bir an belə.
Təsəllilər verəcəyəm,
Öz-özümə,
Olmuşlara
gülə-gülə.
Səni öldü biləcəyəm,
Məzarını diri-diri qazacağam,
Yasını da tutacağam kor-koranə.
Nə bir həsrət çəkəcəyəm,
Nə xəyala dalacağam.
Keçmişimi unudaraq,
Gələcəyə baxacağam.
11.04.03

 


Axtarıram...

 

Səni sənsiz gecələrdə axtarıram ulduzların arasında,
Hara getsəm yalnız səni axtarıram bu qızların arasında,
Ən qəribi,ən yadıyam yalqızların sırasında.
Nə qəribə taleyim var,
Tale mənə görk eləyib,
elə bil ki,
Yazıların arasında.

 

Səni sənsiz könüllərdə axtarıram ürəklərin arasında,
Ümidimi,gümanımı axtarıram diləklərin arasında,
Ən gözəli,ən tərisən çiçəklərin arasında.
Dərd çəkənəm,qəm yeyənəm,
Ən rəhmli bir ürəyəm,
elə bil ki,
kövrəklərin arasında.
2002

 

 

 

 

 

 


Nazik kitab.

 


Nazik kitab,
fəqət oxunduqca qurtarmayan
bir kitab.
Hər səhifəsi bir dünya.
Hər dünyanın
hər səhifəsi,
hər abzası
sənin gizliliyinin
ensklopediyası.
Bu kitabı yaşaya-yaşaya
oxuyuram,
oxuya-oxuya yaşamıram.
Bu kitabın tirajı bir

ancaq
mənim üçün nəşr olunub.
paylaşa bilmərəm bu kitabı,
bu kitabı heç kim tapa bilməyəcək.
Dünyanın ən məhşur mağazalarında,
arxivlərində
belə bu kitabın adı keçməyəcək.
Bu kitabı elə bir yerdə gizlədəcəm ki,
heç kim oxuya bilməyəcək,
duya bilməyəcək
bu kitabın gözəlliyini.
bu kitabı oxumağa,
oxuyubda yaşamağa dəyər,
çünki bu kitab Sənsən...
bəli yalnız

yalnız
Sən...
Sən kitablaşa-kitablaşa yaşamayacaqsan,
yaşaya-yaşaya kitablaşacaqsan.

 

Nazik kitab kimisən,
oxunduqca qurtarmayan
bir kitab.

 

26.01.2011

 

Şehsiz gül.

 

Gözəl bir məkanda,gözəl bir yerdə,
Bir oğlan oturmuş tənha evində.
Yalqızlıq əlindən qəmə batarmış,
Nə bir dincələrmiş,nə də yatarmış.
Bir həmdəm yox idi dərdini bölsün,
Bir kəslə danışsın,bir kəslə gülsün.
Zaman gəlib keçir yenə bu oğlan,
Tənhalıq əlindən edirdi fəğan.
Oğlan düşünürdü,fikirləşirdi,
Sonra öz-özünə belə deyirdi:
Deyirdi,nə qədər ömürüm ki,var,
Yalqız qalacağam bu bir aşikar.
Nə dostum olacaq,nə can yoldaşım,
Nəsilsiz qalacam,ağarır başım.
Bu cür fikirlərə o bata-bata,
Nifrət eyləyirdi ömrə,həyata.
Artıq tərki-dünya olurkən yazıq,
Möcüzə baş verdi açıqdan-açıq.
Laləzar içində güllərdən biri,
Çevrilərək qıza oldu bir pəri.
Üz tutub oğlanın evinə sarı,
Gəldi otağına bir gecə yarı.
Oğlan bu gözəli,görüncə həmən,
Ona aşıq oldu özü bilmədən.
Qəlbi həyəcandan tez-tez döyündü,
Üzünə-gözünə sevinc büründü.
Eşqin təsirindən key oldu başı,
Yox oldu üzündən axan göz yaşı.
Qızın da oğlana var idi meyli,
Biri Məcnun oldu,birisi leyli.
Sevənlər açaraq ürəklərini,
Bəyan eylədilər diləklərini.
Işvə-naz etməyə qız çox çalışdı,
Oğlan səhərədək yandı-alışdı.
Qızın axır sözü bu oldu ki,mən,
Səninlə razıyam fəqət bir şərtnən.
Mən bir gözəl güldüm,güllər içində,
Qıza çevrilərək olmuşam bəndə.
Gəzərək yamyaşıl çəmənlikləri,
Gəlmişəm yanına səndən ötəri.
Səhərə az qalır,artıq gedirəm,
Səni bir şeydən də agah edirəm.
Əgər sevirsənsə məni ürəkdən,
Gərək axtarasan güllər içrə sən.
Əlini bir dəfə yalnış uzatsan,
Şirin vüsalıma çatmayacaqsan.
Yenə çəkə-çəkə kədəri,qəmi,
Ahın bürüyəcək dünya-aləmi.
Özün bil,muradın öz əlindədir,
Daha söyləmə ki,bəxtdir,ya nədir.
Tapmasan vəfasız gəl bilmə məni,
Özün həll etməlisən öz məsələni.
Gedirəm hələlik,ya da əlvida,
Bəlkə görüşmədik bir də dünyada.
Oğlanın qəlbini aldı şübhələr,
Bir saatı oldu əsrə bərabər.
Səhər açılanda yola düzəldi,
Axırda güllərin yanına gəldi.
Diqqət yetirərək o dörd bir yana,
Düşündü,hansıdır o gözəl sona.
Dedi,gecə evdə olubsa əgər,
Onun üzərində şeh zərrə qədər,
Ola bilməz axı bu bir həqiqət,
Onu mən tapacam,tapacam əlbət.
Elə ki,rast gəldi o şehsiz gülə,
Uzatdı əlini kiçik ümidlə.
Ümidlər xəyal yox,həqiqət oldu,
Əlin uzatdığı həmən gül oldu.
Gül yenə çevrilib döndü bir qıza,
Bənzədi günəşə,parlaq ulduza.
Onlar qucaqlaşıb dəlicəsinə,
Əllərin verdilər biri-birinə.
Dünya gözlərində cənnətə döndü,
Ayrılıq həsrəti kül oldu söndü.
Məhəbbət aləmi çətindir yaman,
Onda çoxlu olur sınaq,imtahan.
Sevənlər sizlərə budur məsləhət,
Sınaqdan yoğrulmuş sevgi,məhəbbət.
Kimlər bu sınaqdan çıxsa üzüağ,
Demək ki,qovuşub xoşbəxt olacaq.
Habil bu əsəri yazıb,bitirdi,
Gözəl bağlamanı şerə gətirdi.
Mənim bu şerimi duyub-anlayan,
Bilsin sevənlərə etdim ərməğan.

 

03.01.2002

 

 


Və bir daha

 

Və bir daha səni görə bilməyəcəyimi düşünərkən,
anidən yuxularıma daxil olacağın gəldi ağlıma
yəni ruhən görüşmək ümidi ilə yaşanacaqdı
qarşıdakı gecələr,
və bitərkən sənlə keçən yuxuların şirinliyi,
zülmət dolu acılarla açılacaqdı sənsizliyin sabahları...
heç vaxt gəlməsini istəmədiyim sabahlar,
tək təsəllim sənli yuxuları mənə çox gördüyü üçün,
nifrət edəcəkdim işıq dolu sabahlarıma.
cansıxıcı olacaqdı gecəyə gedən yolların sənsizliyi,
saat əqrəbləri donmuş kimi qalacaqdı gözlərimdə,
və demək zamana sığmayan əbədiyyət olacaqdı sabahlar
və bir daha səni görə bilməyəcəyimi düşünərkən,
anidən bir səs içimdən bağıraraq
gecənin gəldiyini müjdələyəcəkdi
ona verəcək heç bir şeyim olmadığımdan
quruca minnətdarlıq etməklə kifayətlənəcək
uşaq kimi sevinəcəkdim gecələrimin xoş qədəminə
çünki o gecələrdə sənli yuxular,
görüşlər

öpüşünün hərarəti olacaqdı dodaqlarımda.
hərarətdən qovrulacaqdım yuxularımda.
ya bir gün,
dilim qurusun
gecələrdə xəyanət edib gətirməsə sən dolu yuxuları mənə
nə olacaqdı sonum
bunu düşünməyəcək qədər axmaq olduğumu anlamamışdım
ölümüm olsun...

 

01.11.2011 0:52:14 HY

 

 

Bir az sən düşmüsən yadıma mənim.

 

Bir az sən düşmüsən yadıma mənim,
Bir azda özümü unutmuşam mən.
Yenə qara geyib xatirələrim,
Yenə sənsizlikdən od tutmuşam mən.

 

Yenə adamalrdan uzaqlaşmışam,
Qəribə görünür sevənlər mənə.
Özüm öz içimdə itib-batmışam,
Cəhənnəmə gülsün gülənlər mənə.

 

Yenə gözlərimin yuxusu qaçıb,
Yenə rahatlığım çəkilib dara.
Hər səhər yoxluğun üzümə açıb,
Daha dərinləşir içimdə yara.

 

Bir azda sənsizlik dəyişib məni,
Deyirlər yamanca kövrək olmuşam.
Dostlar təriflərdi cəsarətimi,
İndi bir yarpaqdan titrək olmuşam.

 

Bir azlar, bir azlar bitib-tükənməz,
Saysam dərdim kimi azalmayacaq.
Yazdığım şerlər karıma gəlməz,
Nə qədər yazsam da sən olmayacaq.

 

28.01.2012 1:40:11
HY

 

 

 

Gülüm...

 

Ürəyim sıxılır hər gün, hər gecə,
Hər səhər bir həsrət başlanır gülüm...
Axı nə biləsən səndən gizlicə,
Bir gəncin həyatı yaşlanır gülüm...

 

Sevirəm gözlərim yaş içindədi,
Qurum da, odum da yaş içindədi,
Demə bu məhəbbət daş içindədi,
Hər yandan əzilir, daşlanır gülüm.

 

Gülsəm ağlaması ötüşməyəcək,
Ağlamaq heç nəyi dəyişməyəcək,
Əlim əllərinə yetişməyəcək,
Məhəbbət kədərdən xoşlanır gülüm...

 

Habil Yaşar 17.08.2012 2:11:16

 

 

 

Bilməmisən. 


Gün keçib, ay dolanıb,
Mənsiz məni sevmisən.
O bir söz nədir axı?
Sən niyə gecikmisən.
Çox yemisən qəm-kədər,
Üzüb səni dərd-qəhər,
Günlərin keçib hədər,
Sevinib, gülməmisən..

 

Gülərdim gül desəydin,
Ölərdim öl desəydin,
Sən mənə gəl desəydin,
Gələrdim, görməmisən.

 

Sevgin başa tac imiş,
Qəlbin eşqə ac imiş,
Mənə də əlac imiş,
Dərdimi bilməmisən.

 

Bağışla məni eşqim,
Sevirəm səni eşqim,
Unudub qəmi eşqim,
Mənimlə gülərmisən?
Yenidən sevərmisən?

 

Habil Yaşar...

02.10.2012 23:19:55

 

 

 

Gül bülbülə aşiq dedilər, bülbül gülə aşiq.

 

 

Gül bülbülə aşiq dedilər, bülbül gülə aşiq,
Onlar elə aşiq dedilər, olmaz belə aşiq.

 

Gül bülbülə, bülbül gülə hey naz eliyərdi,
Onlar elə yandı dedilər, olmaz belə aşiq.

 

Nə qədər yer üzünə bülbül ilə gül gələcək,
Gəlməz belə aşiq dedilər, olmaz belə aşiq.

 


7 Sentyabr 14/30 2012

Habil Yaşar

 

 

Yuxusunda....

 

Yatmış bu gözəl gör nə dərin qəflət yuxusunda,
Dadmış nə qədər bal və şirin əlbət yuxusunda.

Kimsə onun yatmağı tək heç yata bilməz,
Yatmış elə bil ay və günün zülmət yuxusunda.

Mən də duyuram, hiss edirəm sanki ürəkdən,
Habil də yanır can və gülün dəhşət yuxusunda.

 

08.04.2013

Habil Yaşar

 


Bu sevginin sonu yoxmuş ay aman...

 

İllərlə yolunu gözləsəm də mən,
Səni kölgə kimi izləsəm də mən,
Şam kimi əriyib, üzülsəm də mən,
Səni unutmaram sevgilim inan,
Bu sevginin sonu yoxmuş ay aman...

 


Adın ürəyimdən pozulan deyil,
Sevgim tükənməzdi azalan deyil,
Bir kimsə bəxtimə yazılan deyil,
Səni dəyişmərəm heç kimə inan,
Bu sevginin sonu yoxmuş ay aman...

 

Yaşın fərqi yox ki, sevərəm səni,
Özümə ən doğma bilərəm səni,
Səndə sevərsənmi görəsən məni?
Sevərsən xoşbəxtlik mənimdir inan,
Bu sevginin sonu yoxmuş ay aman...

 

 

1 aprel 00.25
Habil Yaşar...
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !