Azərbaycan əlyazmaları aşkar edilib -

Azərbaycan əlyazmaları aşkar edilib

Dünyanın bir çox ölkələrinin fondlarında, kitabxanalarında və məxfi arxivlərində saxlanan Azərbaycan əlyazmaları tariximizi, mədəniyyətimizi, eləcə də elm tariximizi öyrənmək baxımından mü­hüm əhəmiyyət daşıyır. Bu yaxınlarda Vatikan kitabxanasında və məxfi arxivlərində müxtəlif dillərdə yazılan əlyazmalarımız aşkar edilib.


Tibbi əlyazmalar
AMEA-nın Fü­zuli adına Əlyazmalar İnstitutunun Tərcü­mə və informasiya şö­bəsinin mü­diri, Azərbaycan Tibb Tarixçiləri Birliyinin rəhbəri, təbabətə dair qədim əlyazmaların ölkəmizdə ilk tədqiqatçılarından biri Fərid Ələkbərli bildirdi ki, dünyanın elə bir bö­yük arxivi yoxdur ki, orada Azərbaycan əlyazması tapılmasın. Bir sözlə, azərbaycanlı alimlərin, mü­təfəkkirlərin və şairlərin yaratdıqları çox bö­yük irs gü­nü­mü­zə gəlib çatıb.
Mü­səlman Şərq təbabətinə aid əlyazmalardan gö­rü­rük ki, onlar Çin və Tibet təbabətindən fərqli konsepsiya üzərində qurulub. Azərbaycan təbabəti də mü­səlman Şərq təbabətinin tərkib hissəsidir. F.Ələkbərlinin sözlərinə gö­rə, tibbi əlyazmaların tərcü­məsi müasir Azərbaycan təbabəti üçün bö­yük əhəmiyyət daşıyır, digər tərəfdən də elm tariximizi öyrənməyə kö­mək edir: “Orada təsvir edilən bir çox dərman bitkiləri, onların müalicə sistemləri unudulduğundan onlar müasir tibb elmi üçün də maraqlıdır. Məsələn, Qərbdə bu dərman bitkilərindən geniş istifadə edərək yeni preparatlar hazırlayırlar”.
Sevindirici haldır ki, Əlyazmalar İnstitutunda mü­hafizə olunan orta əsrə aid üç tibbi əlyazma 2005-ci ildə YUNESKO-nun “Dünya Yaddaşı” proqramının reyestrinə daxil edilib. Bunlar İbn Sinanın “Tibb qanunları”, Əbülqasim Zəhravinin “Cərrahiyyə və cərrahi alətlər haqqında” əsərinin 30-cu cildi, Rüstəm Curcaninin “Zəxireyi-Nizamşahi” əsərinin əlyazmalarıdır.
F.Ələkbərli həmin proqrama Azərbaycan müəlliflərindən Həsən ibn Rza Şirvaninin “Siracüt-tibb”, Hacı Sü­leyman İrəvaninin “Fəvaidül-Hikmət”, Yusif ibn İsmayıl Xoyinin “Cəmeyi-Bağdadi”, Məhəmməd Yusif Şirvaninin “Tibbnamə” əsərlərini də təqdim etdiklərini vurğuladı: “Hazırda onların hər biri araşdırılır və ola bilsin ki, gələn il həmin əsərlər də proqrama daxil edilsin”.

 

İrsimiz Avropa kitabxanalarında
2010-2011-ci illərdə aparılan tədqiqatlar nəticəsində ölkəmizə Vatikanın məxfi arxivlərindən və Apostol kitabxanasından yüzlərlə məktubun və 70-ə yaxın qiymətli əlyazmanın surəti gətirildi. Bu kitabxanalarda tədqiqatlar aparmış F.Ələkbərlinin sözlərinə gö­rə, əlyazmalar ərəb, fars və türk dillərindədir: “XVI-XVII əsrlərə aid gö­zəl tərtibatlı, səlis və əllə kö­çürü­lən bu əlyazmalar səhvlərin az olması ilə səciyyələnir. Orada Nizaminin, Fü­zulinin, Bəhmənyarın və indiyədək bizə məlum olmayan şirvanlı müəlliflərin əsərləri var. Təsəvvür edin, onların heç birinin adı Azərbaycan tarixi ilə bağlı kitablarda yoxdur. Bax, bu kitabları araşdırmaq, tərcü­mə etmək lazımdır. Digər əlyazmalar sənədlərdən ibarətdir. Kitablar Apostol kitabxanasından, sənədlər isə məxfi arxivlərdən gətirilib. Sənədlər başqa dillərdə yazılıb. Onlar Roma papalarının göndərdiyi məktublar olduğuna gö­rə əsasən latın dilindədir. Bəziləri köhnə italyan dilində, bəziləri isə qədim fransız dilində yazılıb. Bunlar da tərcü­mə olunmalı, araşdırılmalıdır. Araşdırmaq üçün müxtəlif dilləri bilən, müxtəlif ixtisaslar üzrə mü­təxəssisləri bir yerə toplamaq lazımdır. Hazırda Vatikandan gətirilənlər AMEA-nın Əlyazmalar İnstitutunda və Mədəniyyət və Turizm Nazirliyində saxlanılır. Bu əlyazmalar tədqiqatçılar üçün açıq elan edilib”.
Ümumiyyətlə, hər iki arxivdə aşkar edilən sənədlərdə o dövrdə ölkəmizdə baş verən siyasi proseslər, formalaşan mədəni mü­hit təsvir edilir. Məsələn, şəhərlərdə əhalinin sayı, mədəniyyət abidələri və onların adları, hətta təsvirləri öz əksini tapıb ki, bunlar da tariximizi öyrənmək baxımından əhəmiyyətlidir.
Həmsöhbətim bununla bağlı vaxtilə Fransa kitabxanasında aşkar etdikləri maraqlı bir əsərdən də bəhs edir: “Üç il əvvəl Hollandiya səyyahı Pier David tərəfindən yazılan və Fransa kitabxanasında saxlanılan əsərin tam surətini gətirmişik. O, XVI əsrin sonu XVII əsrin əvvəllərində Azərbaycanda olub və ölkəni çox mü­fəssəl təsvir edib. Əsər bizim şö­bəmizdə tərcü­mə edildi və bəlli oldu ki, Şirvanın təsvirindən başqa orada həddindən çox rəsmlər də yer alıb. Bizim üçün bu kitabın bir vacib əhəmiyyəti də ondan ibarətdir ki, özü ilə rəssam gətirən səyyah Şirvan və onun ətrafında mü­haribələr nəticəsində dağıdılan və indi mövcud olmayan memarlıq abidələrinin rəsmlərini çəkib. Həmin şəkillərin təsvirləri ilə yanaşı, adlarını da yazıb”.

 

Papanın məktubları nə deyir?

Vatikandan gələn sənədlərdə orta əsrlərdə Azərbaycanda mövcud olan feodal dövlətlərin apardıqları siyasət işıqlandırılır ki, bu da o dövrkü mövcud siyasi durumu öyrənmək baxımından vacibdir. Bundan başqa onların arasında katolik missionerlərin Azərbaycanda olduqları zaman qeydə aldıqları məlumatlar da yer alıb. Sənədlərdən aydın olur ki, Vatikanın missionerləri Şərq ölkələrinin vəziyyətini, orada xristian dinini təbliğ etmək imkanlarını öyrənirdilər.
Yazılarda elə faktlar var ki, indiyə qədər başqa mənbələrdə rast gəlinməyib. Məsələn, Azərbaycanın şəhərləri, onların əhalisi, milli və dini tərkibi, hətta dini təriqətləri, memarlıq abidələri, mədrəsələrin sayı, hansı şəhərdə hansı hökmdarın hökmranlıq etməsi, ölkənin iqtisadi vəziyyəti və s. sənədlərdə öz əksini tapıb. Bir sözlə, sənədlərdə olan faktlar Azərbaycanın tarixini öyrənmək üçün həddindən artıq maraqlı və vacibdir. Alim deyir ki, indiyə qədər bu məktubların və sənədlərin olması haqqında bizdə heç bir məlumat yox idi: “Amma hazırda biz onları əldə etmişik. Bu sənədlərdə Azərbaycan tarixində yeniliklər həddindən artıq çoxdur. Məsələn, ayrı-ayrı şəxslər haqqında, Azərbaycanda xarici dövlətlərin səfirləri haqqında məlumatlar verilib. Hətta sənədlərdə əcnəbi elçilərin neçənci ildə hansı sazişlər bağlamaları, Səfəvilər sarayının neçənci ildə Vatikana hansı səfirləri göndərmələri haqda dəqiq informasiyaya da rast gəlirik”.

 

Vatikanda azərbaycançılıq məfhumu
Söhbət əsnasında bəlli oldu ki, Vatikanda aşkar olunan Azərbaycan əlyazmalarının yalnız 10-15 nüsxəsinin surətləri hələlik gəlib bizə çatmayıb: “Həmin nüsxələr bir az zədələnmişdi. Onların bərpasında Heydər Əliyev Fondunun çox bö­yük rolu olub. Ümumiyyətlə, bu layihə Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin bö­yük dəstəyi ilə həyata keçirilib”.
Onu da qeyd edək ki, 2011-ci il noyabrın 29-da Heydər Əliyev Fondunun təşəbbü­sü və Azərbaycanın Vatikandakı səfirliyinin dəstəyi ilə Vatikanda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildö­nü­mü­nə həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasim çərçivəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vatikanın mədəniyyət naziri, kardinal Can-Franko Ravazi ilə gö­rü­şüb. Kardinal Azərbaycanın Vatikandakı Apostol kitabxanasında həyata keçirdiyi layihənin əhəmiyyətini vurğulayaraq deyib ki, bu zəhmətli iş nəticəsində Azərbaycan haqqında 40 manuskriptdən 15-i bərpa olunub.
F.Ələkbərlinin sözlərinə gö­rə, Vatikan mənbələrində Azərbaycan adı ilə əlyazma yoxdur. Azərbaycana aid sənədlərin hamısı ərəb, fars, türk sənədləri adı altında saxlanılır: “ Heydər Əliyev Fondunun bu əlyazmaları məhz Azərbaycan əlyazması kimi bərpa etməsi həm də Vatikanda azərbaycançılıq məfhumunun bərqərar olması deməkdir”.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !