Bakı qırğınları (fevral, 1905-ci il) -

Bakı qırğınları (fevral, 1905-ci il)

Erməni terror təşkilatlarının, xüsusən də Daşnaksütyunun fəaliyyətinin üçüncü mərhələsi 1905-ci ildən başladı. Bu zaman Daşnaksütyunun 35 min nəfərlik zinvor (yaraqlısı) dəstəsi və çoxlu silah anbarları var idi. Onlar dinc türk, müsəlman əhaliyə qarşı kütləvi qırğınlar üçün məqam gözləyirdilər.
Buna I Rus inqilabı dövründə yaranmış qarışıqlıq şərait yaratdı. Terrorçuluq fəaliyyətlərinin ağırlıq mərkəzini Cənubi Qafqaza keçirən erməni-terrorçu təşkilatları bölgənin türk-müsəlman əhalisinə qarşı tezliklə soyqırımlar törətməyə başladılar. İlk toqquşma 1905-ci ilin əvvəllərində Şuşada törədildi. O, geniş əks-səda doğurdu. Erməni silahlıları azərbaycanlılara qarşı ən bö­yük qırğını Bakıda həyata keçirdilər.

 

Səbəblər və bəhanəƏslində hadisələrin səbəbləri və kökləri daha əvvəllərə gedib çıxır. Ermənilər ilə azərbaycanlılar arasında ziddiyyətlər uzun illər boyu tədricən toplanmışdı. Cənubi Qafqaz Rusiya tərəfindən işğal edildikdən sonra erməniləri kütləvi surətdə Azərbaycana kö­çürərək azərbaycanlıların ən münbit torpaqlarında məskunlaşdıran çar hakimiyyəti onlara bir sıra imtiyazlar tanımağa, dövlət qulluğunda üstünlüklər verməyə başladı. Dövlət idarəçiliyi işlərindən uzaqlaşdırılan azərbaycanlıların isə hü­quqları məhdudlaşdırıldı, torpaqları əllərindən alındı. Onlar həm də ermənilər tərəfindən sıxışdırılırdı.
Bü­tün bunlar azərbaycanlıların siyasi, sosial və maddi vəziyyətini getdikcə ağırlaşdırırdı. Ermənilər çar hakimiyyətinin himayəsi altında özlərini həyasızcasına və yırtıcı kimi aparır, heç bir maneəyə rast gəlmədən müxtəlif cəmiyyətlər qurur, komitələr yaradırdılar. Azərbaycanlılar isə belə imkanlardan məhrum edilmişdilər. Hər yerdə üstünlüklərini göstərən ermənilər hakimiyyətin azərbaycanlılara qarşı etibarını azaltmaq üçün bü­tün vasitələrdən istifadə edir, hətta guya onların panislamçı, panturançı, pantürkçü hərəkətlərinin genişləndiyinə dair şayiələr yayır, donoslar yazırdılar. Ermənilər ilə azərbaycanlılar arasında mü­nasibətlərdə dərin uçurum yaranmışdı.
Senator Kuzminski bu barədə yazırdı ki, azərbaycanlılar Bakı şəhərinin yerli əhalisi idi. Ermənilər isə neft sənayesi meydana çıxdıqdan sonra 70-ci illərin əvvəllərində buraya gəlmiş və son 10-15 ildə şəhər əhalisinin 15%-ni təşkil edə bilmişdilər. Azərbaycanlılar şəhər əhalisinin 60%-ni təşkil edirdilər. Qısa müddət ərzində varlanan ermənilər iri kapitalistlərə çevrilərək Bakıda hakim mövqelərə yiyələndilər. Onlar siyasi cəhətdən də üstün idilər. Siyasi təşkilatları və hətta silahlı dəstələri də var idi. Ermənilər silah almaq üçün bü­tün Cənubi Qafqaz üzrə vəsait toplayırdılar. 1905-ci ildə Qnçakın təkcə Bakı təşkilatının 7 min 425 min 4 qəpik pulu var idı. Bu dövrdə erməni komitələri xeyli silah və sursata malik idilər. Onların türk düşmənçiliyinin həddi-hü­dudu yox idi. Ermənilərin xü­susən Bakıda özlərini pis aparması səbəbindən azərbaycanlılarla mü­nasibətləri gərgin idi.
Bu illərdə çar hakimiyyəti də zəifləmişdi. Dövlət orqanları erməni terror təşkilatlarının fəaliyyəti barədə mü­fəssəl məlumat ala bilmir, onların qarşısında aciz qalırdılar. Rusiyada bir tərəfdən inqilab yetişir, digər tərəfdən Yaponiya ilə mü­haribə aparılırdı. Bir neçə bö­yük dövlət, xü­susən Bö­yük Britaniya rus-yapon mü­haribəsinin gedişində və ondan sonra Rusiyanı daxildən zəiflətməyə, özündən asılı etməyə çalışırdı.
Çarizm baş verən hadisələrin mahiyyətini saxtalaşdırmaq məqsədilə ona millətlərarası ziddiyyət xarakteri verərək Bakıda və digər yerlərdə erməni-mü­səlman toqquşmalarının yaranmasına şərait yaratdı. Nəticədə azərbaycanlılar kütləvi şəkildə qırğınlara məruz qaldılar. Erməni silahlı dəstələri dinc türk-mü­səlman əhaliyə divan tutdular.
Bu dövrdə erməni silahlı dəstələrinin Cənubi Qafqazda və Anadoluda türk-mü­səlman əhaliyə qarşı tö­rətdiyi qırğınların ən bö­yüklərindən biri Bakı şəhərində və Bakı quberniyasında oldu.
1905-ci il fevralın 19-u fəhlələrin Bakıda ümumi tətili elan edilmişdi. Hakimiyyət bu tətilin qarşısını almaqda aciz olduğunu başa düşdü­yündən qarışıqlıq yaratmağa, ermənilərlə azərbaycanlıları qızışdırmağa başladı. Agentura vasitəsilə azərbaycanlılar arasında belə bir şayiə yayıldı ki, ermənilər, onların komitələri Bakıda qiyama hazırlaşırlar, bu məqsədlə bombalar dü­zəldirlər və bombalar hər şeydən əvvəl azərbaycanlılara qarşı tətbiq ediləcəkdir. Bununla da hakimiyyət orqanları azərbaycanlıların çara qarşı hərəkətlərinə qoşulmamalarına çalışırdı.

 

 

İlk qan
1905-ci il fevralın 6-da Parapetdəki (indiki Fontanlar) erməni kilsəsinin yanında gündüz saat 12-yə qalmış erməni terrorçuları tərəfindən Sabunçu kəndinin sakini Ağarza Babayev öldü­rüldü. Bö­yük bir nəslin nü­mayəndəsi olan və Bakının tanınmış, varlı adamlarından sayılan Ağarza Babayevin meyitinin üzərində həm odlu, həm də soyuq silah yaraları var idi. Qətl xəbəri və meyit üzərində ermənilərin qeyri-insani hərəkətlər etməsi barədə şayiələr şəhərdə sü­rətlə yayıldı. Erməni millətçilərinin Şuşadakı hərəkətlərini də yada salan azərbaycanlılar ölüm hadisəsinə həssaslıqla yanaşdılar. Ermənilərin Ağarza Babayevi öldürməsi və meyitini təhqir etməsi erməni-azərbaycanlı toqquşmalarının başlanğıcı oldu.
Artıq qeyd edildiyi kimi, Ağarza Babayev öldü­rü­lərkən ermənilərin azərbaycanlıları qırmağa başlaması barədə şayiə yayılmışdı. Hətta Bakının qubernatoru knyaz M.A.Nakaşidze azərbaycanlıların nü­fuzlu nü­mayəndələrinə demişdi ki, ermənilərin etirazları təkcə hakimiyyətə deyil, eyni zamanda, azərbaycanlılara da qarşıdır, buna gö­rə də azərbaycanlılar onun qarşısını kəsməkdə kö­mək etməlidirlər. Hətta polis rəisləri azərbaycanlı nü­mayəndələrə deyirdilər ki, ermənilər hü­cuma hazırlaşır, onlara silahlı cavab vermək lazımdır. Erməni komitələri də erməniləri silahlandırmaq üçün şayiələr yayır, onları azərbaycanlılara qarşı qızışdırırdılar. Onlar guya kazakların 1500 ədəd tü­fəngi azərbaycanlılara payladıqlarını, kazakların azərbaycanlıların paltarını geyinərək ermənilərə atəş aç­mağa hazırlaşdıqlarını da deyirdilər və s. Ağarza Babayevin öldü­rülməsi isə hadisələrin başlanması üçün bir bəhanə oldu.

 

Qırğınlar başlayır
Ağarza Babayevin qətli yerli azərbaycanlı əhalini hiddətləndirdi. Nakaşidze şəhərdə qayda-qanun yaratmaq üçün hər iki tərəfdən nü­fuzlu şəxsləri yanına dəvət etdi. Azərbaycanlıların nü­mayəndəsi Hacı Zeynalabdin Tağıyev, ermənilərin nü­mayəndəsi isə Ambarsum Məlikov idi. Qubernator onlardan adamlara sakitliyi gözləməyin vacibliyini başa salmağı xahiş etdi. Həm Tağıyev, həm də Məlikov edilən mü­raciətin əhəmiyyətini başa dü­şərək razılaşdılar. Lakin erməni tərəfi əvvəlcədən müəyyənləşdirilən yerə gəlmədilər. Buna gö­rə də Hacı Zeynalabdin Tağıyev də verdiyi sö­zü geri gö­türdü.
Şəhərdə sanki hər şey sakit idi. Polis işçiləri kazaklarla birlikdə şəhər kü­çələrini gəzərək qayda-qanuna nəzarət edirdilər. Lakin axşam şəhərin mərkəzi hissəsində bir neçə atəş səsi eşidildi. Sonra isə dö­yüş başladı. Öldü­rü­lən Ağarza Babayevin qohumları dəmiryolu ilə gələrək yolda gördükləri hər bir ermənini və ya erməniyə oxşayan hər bir adamı öldürməyə başladılar. Nakaşidze Salyan polkunun komandiri polkovnik Valterə və sü­vari diviziyasının komandiri Fon Ozarovskiyə vaxt itirmədən qayda-qanun yaratmaq üçün qüvvə göndərməyi əmr etdi. Bu zaman Bakı qarnizonunun Salyan piyada ehtiyat polkunda 630 nəfər, Dağıstan polkunda 170 nəfər, Şirvan polkunda 200 nəfər, atıcı batalyonda 220 nəfər, ayrıca olaraq 130 nəfər kazak da var idi. Beləliklə, şəhərdə cəmi 1220 nəfər piyada, 130 nəfər kazak var idi. Bundan başqa Xəzər Dəniz Donanmasının 50 nəfər dənizçisi də qayda-qanun yaradılması işinə cəlb edilə, qarışıqlıq zamanı həbsxanalara nəzarət edə bilərdi. Əlavə olaraq Salyan təlim və musiqi komandasında 235 nəfər, Şirvan batalyonunda 120 nəfər, Dağıstan batalyonunda 100 nəfər, atıcı batalyonda 180 nəfər qayda-qanun yaradılmasına cəlb oluna bilərdi. Onlar yalnız bir neçə saat üçün, ən yaxşı halda bir sutkalıq kü­çələrə çıxa bilərdilər. Azərbaycanlılar ilə ermənilər arasında dö­yüşlər bir neçə gün davam edəcəyi təqdirdə kü­çələrdə qayda-qanun yaratmaq üçün çıxan adamlara istirahət də vermək lazım idi. 200 min nəfər əhalisi olan Bakı şəhərində qayda-qanun yaratmaq üçün bu qədər qüvvə kifayət etmirdi. Qarışıqlıq olacağı təqdirdə atıcı polka Vağzalyanı hissəni, Dağıstan batalyonuna Dövlət Bankını, xəzinədarlığı, poçt-teleqraf kontorunu, telefon və s., şəhərin cənub rayonlarını mü­hafizə etmək isə Salyan və Şirvan batalyonlarına tapşırıldı. Kazaklar da şəhər boyu hərəkət etməli idilər. Soyğunçulara, qatillərə və oğrulara qarşı silah tətbiq edilə bilərdi. Hərbçilər bö­yük dəstələrlə deyil, kiçik dəstələr halında şəhərdə adamların çox yaşadığı yerlərdə patrul xidməti keç­məli idilər. Komandirlər kiçik dəstələrlə dar kü­çələrdən keç­məyi təhlü­kəli hesab edirdilər.
Fevralın 6-da şəhərin mərkəzində atışma davam etdi. Hər iki tərəfdən ölənlər var idi. Bakı şəhər Mixaylov xəstəxanasından verilən məlumata gö­rə, gün ərzində 18 nəfər öldü­rülmüş, 33 nəfər yaralanmışdı. Axşam saat 11-ə yaxın atəş dayandırıldı. Fevralın 6-dan 7-nə keçən gecə şəhərdə sakitlik hökm sü­rürdü.

 

Şəhər nəzarətdən çıxır
Fevralın 7-si səhər dü­kanlar açıldı. Şagirdlər də məktəbə gedirdilər. Lakin səhər saat 9-da şəhərin yuxarı hissəsində yenidən atəş səsləri eşidildi. Bazar kü­çəsindəki dü­kanları bağlayan adamlar azərbaycanlıların 40-50 nəfərlik dəstələrinə qoşularaq şəhərin ermənilər yaşayan hissəsinə enməyə başladılar. Lakin burada onları hərbi hissələr qarşıladı. Azərbaycanlılar dağılışdılar. Ermənilər evlərinin pəncərə və damlarından azərbaycanlılara atəş aç­mağa başladılar. 5-6 nəfər erməni gənc kü­çəyə çıxaraq azərbaycanlı kütləyə atəş aç­dı, sonra isə qaçıb evlərdə gizləndi.
Qubernatorun yazdığına gö­rə, yalnız bundan sonra yerli əhali polisə tabe olmadı. Həyəcanlar bü­tün şəhəri bü­rü­dü. Qanlı hadisələri dayandırmaq üşün hansısa fövqəladə tədbirlər həyata keçirmək lazım idi. Polisin gü­cü ilə silahlı toqquşmanı dayandırmaq və qayda-qanun yaratmaq mümkün deyildi. Buna gö­rə də qubernator Nakaşidze polkovnik Valteri və qarnizon rəisi general Balı yanına çağırtdırdı. Bal bildirdi ki, ordu yorulduğu üçün istirahət lazımdır. Onun istəyi yerinə yetirildi. Valter hərbçilərə isti yemək və istirahət verilməsini istədi. Lakin qubernator bildirdi ki, belə bir ağır şəraitdə istirahət və isti yemək zamanı deyil, suxarı ilə kifayətlənmək olar. Çünki şəhər tamamilə nəzarətdən çıxırdı. General Bal qubernatora istəyini yazılı şəkildə verməyi xahiş etdi. Onun da xahişi yerinə yetirildi. Qubernator general Bala yazılı mü­raciət edərək xahiş etdi ki, ermənilərlə azərbaycanlılar arasında silahlı toqquşmaların ən yüksək həddə çatdığını nəzərə alaraq, şəhərdə gələcəkdə bədbəxt hadisələrə yol verilməməsi, qarnizon ordu hissəsinin bü­tün şəhərdə növbə ilə hərəkət etməsi üçün qüvvə ayrılsın.
Şəhərdə isə vəziyyət getdikcə ağırlaşırdı. Bü­tün şəhər boyu atışma gücləndi. Qubernator azərbaycanlıların və ermənilərin nü­fuzlu şəxslərini yanına dəvət etdi. Lakin dəvət edilənlər gəlmədikləri üçün planlaşdırılan mü­şavirə baş tutmadı. Hərbçilərlə danışıqlarını başa çatdıran qubernator hərbi hakimiyyətə və polisə bü­tün şəhərdə hərəkət etmək göstərişini verdi. Özü isə mü­hafizəçilərin nəzarəti altında kü­çəyə çıxdı. Qubernator Sadovoy kü­çəsindən piyada keçərkən azərbaycanlı gənclərin dəstəsini gördü. Dəstədəki gənclərdən yalnız bir nəfərin əlində tapança var idi. Onlar qubernatora bildirdilər ki, şəhərin nü­fuzlu şəxslərindən biri olan Hacınskinin oğlunu yola salmaq istəyirlər. Keç­dikləri yolda çoxlu erməni ilə qarşılaşacaqlar. Buna gö­rə də onları mü­şayiət etmək üçün adamlar verilməsini istədilər. Qubernator onların istəyini yerinə yetirərək polis mü­fəttişinə gəncləri istədikləri yerə aparmaq əmrini verdi.
Qəfildən sahil tərəfdən atəş səsləri eşidildi. Qubernator oraya getməyə tələsdi. Yolda Merkurov körpü­sündə bir nəfərin meyitini gördü, bir nəfər isə yaralanmışdı. Bunların hər ikisi azərbaycanlı idi. Kü­çədə isə kimsə gö­rünmürdü. Azərbaycanlıları öldürdükdən sonra ermənilər kazakların yaxınlaşdığını gö­rüb qaçıb getmişdilər. Nikolayev kü­çəsindən Qala qapısına doğru gedəndə qubernator azərbaycanlılardan ibarət kütləni gördü. Kütlə ermənilərin azərbaycanlıları çara qarşı çıxmadıqları, proklamasiyalarını qəbul etmədikləri üçün öldürdüklərini, ermənilərlə birlikdə çara qarşı çıxmaq istəmədiklərini dedi. Onlara təşəkkür edən qubernator yoluna davam etdi. Azərbaycanlılar ermənilərin evlərinin damlarından və pəncərələrindən onlara atəş aç­dıqları barədə qubernatora şikayət etdilər. Bildirdilər ki, ermənilər atəşi dayandırsalar, onlar da mü­vafiq addım atacaqlar. Bazar kü­çəsində nü­fuzlu azərbaycanlılar qubernatoru qarşıladılar. Onlar qubernatora bildirdilər ki, erməni dü­kanlarını qarət etmiş bir neçə farsı yaxalamışlar, qarət edilən malları geri almışlar və xahiş edirlər ki, polis dü­kanların mü­hafizəsi üçün adam ayırsın. Qubernator buna gö­rə azərbaycanlılara təşəkkür edərək polisə mü­vafiq göstəriş verdi. Nü­fuzlu azərbaycanlılar qubernatorun qarşısına çıxaraq ermənilərin hərəkətlərinə son qoyulmasını istədi.
Kü­çələri gəzən qubernator meyitlərlə rastlaşırdı. Qırğınların qarşısını polis və ordunun gü­cü ilə almağın mümkünsüz olduğunu başa dü­şən qubernator erməni yepiskopunun yanına getdi. Kilsədə erməni keşişləri və ziyalıları toplaşmışdılar. Mü­səlman qazısı də ora gəldi. Məscidlərdən mollalar da çağırıldı. Asayişi bərpa etmək məsələsi mü­zakirə edildi. Hakimiyyətin, azərbaycanlıların və ermənilərin nü­fuzlu nü­mayəndələrinin birlikdə şəhər kü­çələri ilə keçərək xalqı sakitliyə və barışığa dəvət etmələri barədə fikir mü­badiləsi aparıldı. İştirakçılardan biri bildirdi ki, hərəkət edən zaman onlardan bir nəfərin öldü­rülməsi ilə qırğınların miqyası arta bilər. Buna gö­rə də qəti qərara gəlmədilər. Oradan ayrılan qubernator məktəblərə getdi. Azərbaycanlı və erməni şagirdlər qorxudan evlərinə gedə bilməmişdilər. Kazakların mü­şayiəti ilə şagirdlər evlərinə göndərildi. Atışma fevralın 7-də gündüz saat 12-də dayandı. Bu zaman öldü­rü­lən və yaralananların sayı 100 nəfərə çatırdı.

 

Növbəti dalğa
Atışma fevralın 8-də yenidən başlandı. Sahilə yaxın Petrovski kü­çəsində konka ilə hərəkət edən 4 nəfər erməni azərbaycanlıların toplaşdığı yerə atəş aç­dı. Az sonra ermənilər azərbaycanlıların faytonlarını atəşə tutdular. Gündüz saat 2-də sahilyanı kü­çədən iki nəfər erməni mauzerçisi sağa və sola atəş aça-aça keç­di. Nəticədə ölənlər oldu. Bü­tün şəhəri qarışıqlıq bü­rü­dü. Soyğunçuluq və qarət artdı.
Praçeç­naya kü­çəsində ermənilər toplarla Malakan bağı tərəfindəki evlərə, azərbaycanlılar isə Praçeç­naya kü­çəsi ilə Kamenistıy kü­çəsinin tinindən atəş açırdılar.
Azərbaycanlılar quberniya idarəsinə gələrək ermənilərin öz evlərinin damından və pəncərələrindən onları atəşə tutduqlarını bildirdilər. Qubernator evlərin göstərilməsini istədi. Onlar Lalayev və Babacanovun evlərini göstərdilər. Qubernator göstərilən evlərə azərbaycanlı nü­mayəndələri ilə gedərək bu hərəkətlərə son qoymağı tapşırdı. Lakin ermənilər atəşi dayandırmadılar. Azərbaycanlılar cavab verməyə məcbur oldular.
Qubernator isə güclü mü­hafizə altında şəhəri gəzməkdə davam edirdi. Paralel kü­çəsində o, bir yerə toplaşmış erməni və azərbaycanlılara rast gəldi. Onlar qubernatora kü­çələrində toqquşma olmayacağı barədə söz verdilər.
Balaxanı və Sabunçuda da qanlı hadisələr baş verdi. Burada 11 nəfər öldü­rüldü və yaralandı. Hadisə əsasən öldü­rü­lən Ağarza Babayevin qohumları və həmkəndlilərinin yaşadıqları Sabunçu kəndində oldu. Öldü­rülmüş Ağarza Babayev bu zaman hələ dəfn edilməmişdi. Qubernator öldü­rü­lən Babayevin evinə gələrək atasına başsağlığı verdi, mərhumun ruhunun rahat olması üçün Allahın da bəyənmədiyi qan davasının dayanmasını istədi. Mərhumun atası ona söz verdi.
Axan qanın dayandırılması üçün qubernator fevralın 8-də də erməni yepiskopunun yanına getdi. Burada bir neçə nü­fuzlu erməni də var idi. Qubernator evlərin damından və pəncərələrindən açılan atəşin və qırğınların dayandırılmasını xahiş etdi. Lakin axşam şəhərdə oğurluq və qarət artdı. Pəncərə və damlarından azərbaycanlılara intensiv atəş açılan Babacanovun evi və Fantaziya hamamı yandırıldı. Babacanovun evindən Adamov adlı bir erməni gün ərzində 500 atəş aç­mış və 60 nəfəri öldürmüşdü. Azərbaycanlılar Adamovu ələ keçirə bilməyəcəklərini gö­rüb evə od vurdular. Yandırılan evə yanğınsöndü­rənlər və Salyan polkunun rotası çağırıldı. Lakin azərbaycanlılar evi atəş altında saxladıqlarından onlar geri qayıtmağa məcbur oldular. Ev yanıb kü­lə döndü.
Gecəyə doğru şəhərdə qırğınlar daha da artdı. Bü­tün yaşayış məhəllələri təhlü­kədə idi. Fevralın 8-dən 9-a keçən gecə ermənilərin intensiv atəş aç­dıqları Lalayevin evi yandırıldı, qaç­maq istəyənlər isə öldü­rüldü. Qarnizon əsgərləri kö­məyə gəlmədilər. Bildirdilər ki, onlara komandirləri əmr verməlidir. Belə bir əmr isə verilmədi.
Baş verən hadisələr haqqında Bakı dairə məhkəmə prokuroru ədliyyə nazirinə və Tiflis Məhkəmə Palatasının prokuroruna 1905-ci il 9 fevral tarixli 2238 №-li təqdimatında yazırdı: “Parapet meydanına endim və atışma səsləri eşitdim. Bu zaman meydanda dayanan kazaklardan atışma gələn tərəfə niyə hərəkət etmədiklərini soruşdum. Onlar yerlərindən tərpənmədilər. Onlara hərəkət etməyin vacibliyini bildirdikdən sonra kö­nülsüz olaraq hərəkət etməyə başladılar. Kazaklar Quberniya kü­çəsinə yaxınlaşan kimi atışma dayandı. Onlar aralanan kimi yenidən atışma başladı”.
Vəziyyətin daha da ağırlaşdığını gö­rən qubernator fevralın 9-da mü­səlman, pravoslov və erməni din xadimlərini, ictimaiyyətin nü­mayəndələrini yanına çağırdı. Şəhərdə bir yerdə hərəkət etmək barədə qərar qəbul edildi. Onlar şəhər kü­çələri ilə hərəkət edən zaman “ura” sədaları eşidilirdi. Yü­rüş zamanı azərbaycanlı və erməni xadimləri qırğının dayandırıldığını bildirirdilər. Axşam saat 6-da artıq şəhərdə sakitlik bərpa olunmuşdu. Qanlı hərəkətləri ilə çox uzağa getdiklərini başa dü­şən ermənilər ailələrini Bakıdan çıxarmağa başlamışdılar.
Hadisələrin gedişində qubernator Qafqaz Canişinliyi Dəftərxanasına teleqram göndərərək Bakı qarnizonunu gücləndirmək üçün istədiyi əlavə hərbi qüvvə şəhərə girəndə artıq gec idi: qırğın dayanmışdı.

 

Qırğınların nəticələri
Bakıda tö­rədilən qırğınların ağır nəticələri oldu. Bü­tün müəssisələr bağlandı. Adamlar evlərinə qapanmışdı. Hakimiyyət strukturlarının, ordu və polisin işi donmuşdu. Hadisələr zamanı şəhər atışma meydanına çevrilmişdi. Kü­çələr meyitlərlə dolu idi. Bu zaman Bakıda 5 pristav və onların 5 nəfər kö­məkçisi, 25 sahə mü­vəkkili, 200 polis işçisi var idi. Bu ştat 1895-ci ildə əhalisi 83 min nəfər olan Bakı şəhəri üçün nəzərdə tutulmuşdu. O vaxtdan keçən müddət ərzində şəhər xeyli genişlənmiş, əhali isə artmışdı. Polisin ştat vahidi tələbata cavab vermirdi. Bakı Avropa əhəmiyyətli bir şəhərə çevrilmişdi. Burada 175-dək fabrik və zavod var idi. Bu müəssisələrdə 10 mindən çox adam işləyirdi. Hər gün bö­yük bir şəhərdə ictimai təhlü­kəsizliyə növbə ilə yalnız 60 nəfər polis işçisi nəzarət edirdi. Onlar ayda 16 rubl maaş alırdılar. Qanlı hadisələr zamanı kü­çələrdən evlərinə qaçan polis işçiləri canlarının hayına qalmışdılar. Hətta qarətçilər içərisində polis işçiləri də var idi.
Şəhər polisi tamamilə fəaliyyətsiz idi. Belə bir şəraitdə ümid yalnız orduya qalırdı. Lakin qırğınlar zamanı ordunun fəaliyyəti də sıfıra bərabər idi. Azsaylı Bakı qarnizonu qarışıqlığın qarşısını ala bilmədi. Ordu yalnız fevralın 7-də silah tətbiq etməyə başladı.
Qubernatorun fikrincə, erməni və azərbaycanlı xalqları arasında həm nifrət, həm də xü­susi dostluq mövcud deyildi. Onlar bir-biri ilə ticarət edirdilər və haqq-hesabları olurdu.
Hadisələr zamanı öldürülənlər haqqında dəqiq məlumat yox idi. Rəsmi məlumata gö­rə, 231 nəfər öldü­rülmüş, 179 nəfər yaralanmışdı. Öldürülənlərin 153 nəfəri, yaralananların 67 nəfəri erməni idi. Qubernator yazırdı ki, öldü­rü­lən mü­səlmanların sayı çox olsa da, onlar bunu demir, meyitlərini ortadan götürərək sakitcə basdırırdılar. Dağıdılan evlərin və dü­kanların sayı 99 idi.
Tiflis Məhkəmə Palatasının prokuroru Ədliyyə Nazirliyinin işlər mü­dirinə 1905-ci il fevralın 20-də 119 №-li tamamilə məxfi məktubunda yazırdı ki, azərbaycanlılar meyitlərini tez aradan gö­türdüklərindən öldürülənlərin sayını dəqiq müəyyənləşdirmək mümkün deyildir.
Qarışıqlıqlar zamanı ticarət obyektləri dağıdılmış, qarət edilmiş, 20-yə yaxın ev yandırılmışdı.
Senator Kuzminski 1905-ci ildə Bakı şəhəri və Bakı quberniyasının təftişinə dair hesabatında yazırdı ki, Bakı polismeyestrinin verdiyi məlumata görə, fevralın 6-9-da baş verən hadisələrdə cəmi 232 nəfər öldü­rülmüşdü. Bu müddət ərzində 138 ticarət obyekti dağıdılmışdı. Onların 97-si ermənilərə, 30-u azərbaycanlılara məxsus idi.
Bakı qubernatorunun 1905-ci il üçün hesabatında qeyd edilirdi ki, öldü­rü­lən və yaralananlar haqqında məlumat xü­susən azərbaycanlılar arasında təqribi idi. Çünki onlar ölü­lərini polisə bildirmədən gö­tü­rüb basdırırdılar.
Bakı şəhərində baş verən toqquşmalara dair 400-dək cinayət işi açıldı. Barışığa nail olmaq üçün şəhər qubernatoru fevralın 11-dən qüvvəyə minən qərar verdi. Qərarda əhali şayiələrə inanmamağa çağırılır, axşam saat 8-dən səhər saat 6-dək kü­çələrə çıxmaq qadağan edilirdi. Bu qərarı yerinə yetirməyən şəxslərə qarşı silah tətbiq edilə, 500 rubl cərimə və ya 3 ay həbs oluna bilərdilər.
Maliyyə naziri V.Kokovtsev Bakıdakı hadisələrə dair 14 fevral tarixli məruzəsində bu hadisələrin müəyyən şəxslər tərəfindən tö­rədildiyini yazırdı.
Baş verən erməni-mü­səlman qırğınlarından sonra Bakı şəhər özü­nüidarəsi nəzdində fəlakətin miqyasını müəyyənləşdirmək üçün komitə təşkil edildi. Komitə milliyyətindən asılı olmayaraq, zərər çəkənlərin sayını və dəyən ziyanı müəyyənləşdirmək üçün fəaliyyətə başladı. Zərər çəkənlər üç kateqoriyaya ayrılırdı: öldü­rü­lənlərin himayəsində olan dul qadınlar, yetimlər; yaralılar; əmlakını itirənlər. Təhqiqat nəticəsində 318 ailədən adam öldü­rüldü­yü məlum oldu. Onların 263 nəfəri ailə başçısı idi. 282 ailədən adam yaralanmışdı. Onlardan 15 nəfəri tamamilə əlil olmuşdu, 60 nəfəri isə əmək qabiliyyətini təqribən 50%-ə qədər itirmişdi. 570 ailə əmlakından məhrum olaraq kü­çədə qalmışdı. Bü­tövlükdə yardıma ehtiyacı olanlar 4 min 500 nəfər idi. Dəyən ziyan 3 milyon rubla bərabər idi. Komitənin sərəncamında olan 100 min rubl zərər çəkənlərə verildi. Lakin bu məbləğ kifayət etmirdi. Ona gö­rə də şəhər başçısı Bakı qubernatoruna mü­vafiq vəsaitin Şəhər Duması tərəfindən ayrılması üçün xahiş etdi. Bakı Şəhər Duması martın 1-də keçirilən iclasında Ehtiyat Fondundan komitəyə 50 min rubl ayırdı.
Qırğın və dağıntıların miqyasının bö­yük olmasının bir səbəbi də Bakı Dairə Məhkəməsi prokurorunun 1905-ci il martın 7-də ədliyyə naziri və Tiflis Məhkəmə Palatasının prokuroruna yazdığı 3934 №-li məktubda qeyd etdiyi kimi, polis və ordunun laqeyd mü­nasibəti idi. Onun yazdığına gö­rə, hərbi patrullar kü­çələri gəzib dolaşır və heç bir tədbir görmürdü­lər. Yalnız hadisələr dayandırıldıqdan sonra şəhərə əlavə ordu hissələri gətirildi. Silahların toplanması üçün tədbirlər həyata keçirilmədi. Qətllər polisin gö­zü qarşısında baş verirdi. Silahlı quldur dəstələrinə qarşı silah tətbiq edilmədi.
Bakıdakı hadisələrin qızışdırıcıları haqqında general Amilaxvari daxili işlər nazirinin müavini Rıdzevskiyə 1905-ci il 15 aprel tarixli məktubunda yazırdı ki, buradakı bü­tün qarışıqlıqların səbəbi inqilabi komitələrdir, başlıca rolu ermənilərin bö­yük əksəriyyətinin rəğbət bəslədiyi və hətta onlar tərəfindən mü­dafiə edilən erməni komitələri oynayır. Onlar həyasız fəaliyyətləri ilə fərqlənirlər.

 

Nakaşidzenin öldürülməsi
Hadisələrdən sonra Bakı qubernatoru Nakaşidzenin öldü­rü­ləcəyi barədə şayiə yayıldı. Bunu erməni kilsə xadimlərinin təşkil edəcəyi deyilirdi. Qubernator hətta bir neçə anonim məktub da almışdı. Bu məktublarda ona çıxıb getmək təklif edilirdi, getməyəcəyi təqdirdə isə öldü­rü­ləcəyi ilə hədələnirdi. Nakaşidzenin öldü­rülməsi üçün 35 min manat pul ayrılmışdı. Bir neçə nəfər erməni Sadovoy və Sahil kü­çələrində, Şəhər bağında qiyafələrini və papaqlarını dəyişərək gəzir, qubernatorun evinə qədər ərazini nəzarətdə saxlayırdılar. Nəhayət, 1905-ci il mayın 11-də gündüz saat 3-də Parapet kü­çəsi ilə Vrangel kü­çəsinin kəsişdiyi yerdə hərəkət edən knyaz Nakaşidzenin faytonu “Metropol” mehmanxanasına tərəf dö­nəndə ona bomba atdılar. Partlayan bombanın təsirindən Nakaşidze 10-15 metr kənara düşdü. Ağır yaralanan Nakaşidze mayın 18-də öldü. Onun mü­hafizəçisi və kü­çədə meyvə satan 2 nəfər də həlak oldu.
Daşnaksütyun qətldən az sonra yaydığı “Erməni xalqına mü­raciətində” deyirdi ki, artıq Nakaşidze yoxdur.
Nakaşidzeni öldü­rən ermənilərə - Şuşa şəhər sakini Simon Balasanova, Bakı şəhər sakini Georgi Mayramova, İran təbəələri Petros Saxakyansa, Levon Arutunova və Naxçıvan qəzasından olan Minas Aqayansa məhkəmənin qərarı ilə ölüm hökmü verildi. Lakin sonralar onların hər biri 15 illik katorqaya göndərildilər. Qətldə iştirak edən beşinci adam - həddi-buluğa çatmayan Minas Aqayans isə yalnız 1907-ci ildə mü­hakimə olundu və bəraət aldı.
1905-ci ildə Bakı quberniyasında ümumi əhalinin sayı 1 milyon 45 min 984 nəfər idi. Bakı şəhərində isə 266 min nəfər əhali yaşayırdı. Şəhərdə yerli əhali olan azərbaycanlıların sayı 43%, ruslar 29%, ermənilər 21%, digər millətlərin nü­mayəndələri 6% idi. Şəhərin erməni əhalisini silahsız təsəvvür etmək mümkün deyildi. Heç əbəs deyildir ki, aprel-may aylarında Bakı şəhərində 2 sahədə aparılan axtarış nəticəsində Nazar Meleksetovun, Saak Davidyansın, Petros Arutunovun, Mıkırtıç Minasovun, Mirdat Ter-Stepanyansın, Mixak Ter-Minasyanın evindən silah və sursat tapıldı. Digər ermənilərin də evindən silah və sursatlar gö­tü­rüldü. Mayın 19-da Bakıda Telefon kü­çəsində Sarkis Poqosbekovun emalatxanasından 80-ə yaxın qəlibə tö­külmüş bomba, onun digər bir emalatxanasından isə 3 hazır bomba ələ keçirildi.
Tö­rədilən hadisələr sonuncu olmadı. Bakı şəhərinin və Bakı quberniyasının azərbaycanlı əhalisini hələ çətin sınaqlar gözləyirdi.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !