Habil Yaşar: ictimai-siyasi,fəlsəfi şeirlər -

Habil Yaşar: ictimai-siyasi,fəlsəfi şeirlər

Çəkirik.

 

Bu dünyada kim nə bilir,kim nə çəkir,
Bilinməzi kimsə bilməz,kimsə çəkir,
Mən çəkirəm,sən çəkirsən,o da çəkir,
Çəkiləsi sevinc deyil,dərd çəkirik.

 

Bu dünyada insanlığın üzü qara,
Beş sözünün ikisi ağ,üçü qara,
Öz rəngindən utanıbdı özü qara,
Bəyazı da qaralayıb,xətt çəkirik.

 

Bu dünyada kim deyir ki,azdı yanan,
Yüz illərdi Kərəm üçüm sazdı yanan,
Doğulandan ölənədək sızıldayan,
Könüllərin gülüşünə sədd çəkirik.

 

08.09.2009

 ***

 

DÜNYA.

 

Gəlməz özünə dünya,
Getməz düzünə dünya,
Gülüb üzümə dünya,
Ağladıb belə məni.

 

Yamanca kordu dünya,
Yaxşıya gordu dünya,
Məni də yordu dünya,
Çərlədib belə məni.

 


Gözümə baxa bilməz,
Yaş olub axa bilməz,
Sonuma çıxa bilməz,
Öldürüb belə məni.

 

Həya üzündən güdib,
Nuru gözündən güdib,
Vallah özündən gedib,
Çaşdırıb belə məni.

 

07.01.10

***

 

DÜNYA ÖZÜN BOYDA DƏRD VERDİN MƏNƏ.

 

Dünya özün boyda dərd verdin mənə,
Bu yükü çiynimdə daşıyıram mən.
Götürsən bu yükü çiyinlərinə ,
Görərsən ah necə yaşayıram mən.

 

Dünya özün boyda kədər payını,
Sən mənim ömrümə tuş eyləmisən.
Süzüb badələrə içib qanımı,
Mənim sağlığıma nuş eyləmisən.

 

Dünya özün boyda kədərin,qəmin,
Bir özün boydada göz yaşların var.
Necə qəribədir sənin aləmin,
Haqlı da,haqsız da savaşların var.

 

Dünya özün boyda dərd yuvasısan,
Bu evi uçurub,dağıtmaq olmur.
Sinəmi min yerdən yaralayıbsan,
Elə bir yara ki,sağaltmaq olmur.

 

Dünya özün boyda dərd okeanı,
Sonsuz fırtınalar ocağısanmış.
Yaxşı tanımazdım mən bu dünyanı,
Sən demə ilanlar qucağısanmış.

 

2008

 ***

 

Xəzər.

 

Bu gün sahilində dayanacağam,
Səninlə söhbətə gəlirəm, Xəzər.
Sirrimi tək sənə mən açacağam,
Səndə pənahımı gəzirəm, Xəzər.

 

Sən də dalğalısan illər boyunca,
Mənim ürəyim tək dayanmayırsan.
İnsan rahat olur həmdərd olunca,
Nədəndi dərdimə inanmayırsan?

 


Nəhəng olmağınla öyünmə, Xəzər,
Mənim dərdlərimdən böyük deyilsən.
Alarsan qoynuna o səni əzər,
Götür dərdlərimi götürə bilsən.

 

Sevin ki, başına dolanır quşlar,
Mənimsə başıma dolanan hanı?
Sənin üzərinə yağan yağışlar,
Mənim göz yaşımdır gəzir dünyanı.

 

Ulduzlar bərq vurur suyunun üstə,
Ləpələr şirin bir nəğmə söyləyir.
Mənsə dayanmışam ürəyi xəstə,
Dərdlərin əlindən içim inləyir.

 

Demə paxıllığım tutacaq sənə,
Paxıllıq deyilən o mənə yaddır.
Baxsan ürəyimin dərinliyinə,
Bir deyil min Xəzər sıxışacaqdır.

2008

 ***


ALLAH.

 

Bu bahar ömrümə bir sazaq düşüb,
Qışmı yaşayıram,baharmı Allah?
Ayrıldıq araya bir ocaq düşüb,
Mənmi alışıram,o yarmı Allah?

 

Özüm öz içimdə əriyən mənəm,
Ağlayıb,sızlayıb,göynəyən mənəm,
Min yükü çiynimə götürən mənəm,
Haqmı daşıyıram,nahaqmı Allah?

 

Səhərin dan yeri açılan deyil,
Yoluma bir işıq saçılan deyil,
Yazılan yazılıb pozulan deyil,
Ağmı yaşayıra,qaramı Allah?

 

Elə bir yerdəyəm gəl apar mən,
Tikansız bir güləm dər qopar məni,
Haraya getsəmdə dərd tapar məni,
Dərdmi xoşlayıram,vüqarmı Allah?

 

Həsrətin əlindən əldən düşmüşəm,
Ağızdan düşmüşəm,dildən düşmüşəm,
Deyəsən mən yerə göydən düşmüşəm,
Düzmü danışıram,yalanmı Allah?

2008

 

 ***


YUXULAR.

 

Yuxular həqiqət olsaydı əgər,
Arzular,xəyallar gərəksizləşər,
Bir heçə dönərək məhv olacaqdı
Insan yuxularla yaşayacaqdı.

 

Kiminin yuxusu sevinc dolusu,
Bir deyil,min dəfə görmək arzusu,
Onun ürəyinə taxt salacaqdı
Insan yuxulara aldanacaqdı.

 

Kiminin yuxusu həsrət qoxulu,
Həyatın özütək o da qorxulu,
Bir daha yuxular görməsin deyə
O, nifrət edərdi yuxu görməyə.

 

Yuxular qəribə xoş,dəhşət kimi,
Biz onu görürük həqiqət kimi.
Yuxunu həqiqət sandığımızdan,
Onu axtarırıq zamanbazaman,

 

 

Yuxular həyatın özündə həyat,
Bəzən həyacansız,bəzən narahat.
Bir günü özünə sevdirir bizi,
Bir günsə sındırır ürəyimizi.

2007

 

 ***

 

QARA BULUD.

 

Qara bulud,
Qara bulud,
Məni unut…

Qara bulud,
Dərdin-qəmin,
Simgəsi,
Məzarların,
Rəngisən…

 

Qara şərin rəngisən,
Qara illərin rəngi.
Bəşərin qənimisən.
Ayrılıq sən,
ölüm sən
iztirab sən
zülüm sən.
Qara düşərli olmur

 

Qara bulud
Qara buulud
Mən qaranı unut…

2008

 

 ***

 

Qabırğalar...

 


Qabırğa bədənlərin
ayağı altında titrəyir

Qabırğa bədənlərin
Qabarlı əlləri
Göyə açılı

Qabırğa bədənlərin
Qırış-qırış olmuş alınlarından
Zəhmət suyu tökülür,
Qabarlı əllər,
Yumurlanıb bükülür.

Qabırğalar qabar-qabar əllərini
qaldıraraq
qışqırırdı qaba-qaba.

02.08.08,
02.26

 

 ***

MƏMLƏKƏTİM.

 


Mən doğuldum şaxtalı,boranlı qış axşamı,
Mən doğuldum alovlar,odlar məmləkətində.
Mən doğuldum tanıyım vətənimi,anamı,
Mən doğuldum onlarla bağlı səadətimdə.

 

Yaşayıramsa demək borcluyam bu torpağa,
İliyimdi,qanımdı,canımdı məmləkətim.
Bu gün döyüş olarsa vətəni qorumağa,
Hazır bütün varlığım,hazır bütün xislətim.

 

Ölərəmsə vətənin uğrunda ölmək mənə,
Ölümlərin ucası şəhidlik gətirəcək.
Mənim doğma torpağım Azərbaycanım yenə,
Dastanlara sığmayan oğullar yetirəcək.

 

Mən doğuldum tər-təmiz ədalət ölkəsində,
Ürəyi sevgi dolu,məhəbbət ölkəsində,
Günəş kimi parlayan həqiqət ölkəsində,
Mən doğuldum əbədi səadət ölkəsində,

 

05.11.2009

***


Hələ.

 

Bir ah çəkməyimlə quruyar dünya,
Hələ çəkməyirəm,dözürəm hələ.
Bir kəs axtarıram qoruyar dünya,
Hələ axtarıram,gəzirəm hələ.

 

Mənim dərdlərimin yaşı az deyil,
Dünyayla bərabər doğulub dərdim.
Onun kefi kimi,kefim saz deyil,
Dərdləin əlindən yorulub dərdim.

 

 

Dünyanın gözündən düşməyib hələ,
Qalıb boğazımda ilişən dərdim.
Dünya dərdim kimi bişməyib hələ,
Kömür tək alışıb,közləşən dərdim.

 

16.12.2009

 ***

 

AĞAC.


Nə gec yetişir bu ağac,
Niyə belə gec böyüyür budaqları,
Sərin mehdən töküləcək yarpaqları.
Səbəb birmi, ya ikimi
Bu ağacın kökü bəlkə su görməyib.
Bircə damla suya möhtac sanki ağac,
Birdən-birə böyüyəydi kaş ki, ağac.
Daha gecmi yetişəcək,
Düşünürəm dərin-dərin.
Bu ağacda gözü qalıb,
Ola bilsin
neçə-neçə
bədgözlərin.
Dərdin nədir, desən, ağac,
Dərmanım yox verəm, ağac.
Bəlkə bizdən incimisən-
saxlayırsan ürəyində.!?
Etinasız yanaşmışıq. -
Budağından,
yarpağından
qıra-qıra
böyüməyə qoymamışıq.
Ya özündən incimisən.
Qabığında qırış-qırış
cadar-cadar
öz içindən yeyir bəlkə səni qurdlar.
Mən nə bilim, nə söyləyim,
Ola bilər tamam şair sözü.
Amma onu bilirəm ki,
Ağac kimi göz önündə
yavaş-yavaş məhvə gedir
dünya özü...
2008

 ***

 

Hər kəsin üzündən tökülür ölüm.

 

Hər kəsin üzündən tökülür ölüm,
Heç kəsin üzünə baxa bilmirəm.
Hər kəslə sevgimi razıyam bölüm,
Heç kəslə dərdimi bölə bilmirəm.

 

Hər kəsin heç kimə çatmayır gücü,
Heç kəsin hər kəsə məhəbbəti yox.
Hər kəsə sirrimi söylərəm düzü,
Heç kəsin sözünə sədaqəti yox.

 

Hər kəslər,heç kəslər dünyası nağıl,
Heç kəs bu kitabı oxumayacaq.
Yaşama ey dünya yaşama dağıl,
Yaşasan ədavət yox olmayacaq.

 

11.02.10

 ***


Ölümümə ağı.

 

Üzüm üşüyəcək torpak yerinə,
Bu soyuq üzümə vuracaq mənim.
Hopub sümüyümə,iliklərimə,
Soyuqdan donacaq düşüncələrim.

 


Soyuqdan donacaq düşüncələrim,
Duyğular hissindən uzaqlaşacam.
Belə başlayacaq qara günlərim,
Hər gün zərrə-zərrə yazıqlaşacam.

 


Hər gün zərrə-zərrə yazıqlaşacam,
Görkəmim,bədənim yazıqlaşacaq.
Özümdə bilmədən torpaqlaşacam,
Torpağın üzü də soyuqlaşacaq.

 

2010

***


Körpə dilənir.

 

Görürəm mən nələr,görmürəm Allah,
Ağlıma gəlməyən,başıma gəlir.
Niyə yaşayıram,ölmürəm Allah,
Böyüklər bir yana,körpə dilənir.

 

Əl açıb yalvarır,körpə dil tökür,
Bir tikə çörəyə ehtiyacı var.
Mənimsə qəlbimə qaranlıq çökür,
Necə yaşayacaq həyatı onlar.

 

İstehza baxışlar,acı gülüşlər,
Hədəf qızcığazın üzərindədir.
Adamın başına göydən daş düşər,
Bu körpə balanın günahı nədir?

 

Dilənir bir mələk,günahsız bəndə,
Heç kəsə bu tale qismət olmasın.
Ağlayım eybi yox,mən öz içimdə,
Amandır körpələr qoy ağlamasın.

 

Körpənin gününə yanır ürəyim,
Xəcalət çəkirəm utandığımdan.
Yaşamağa haqqım varmıdır mənim,
Bir insan taleyi məhv olur aman.

 

 ***

 

Əsgərlik düşüncələri.

 

Bu gün pəncərənin önündə,
Xəyallar qapımı döyüb,
Ağlamağa başladı.
Sıx-sıx tutub qollarımdan,
Buraxmadı yaxamı,
Xatirələr dalğası.
Yadıma iyirmi illik həyatımın,
Sevinci,qəmi düşdü.
Zaman nə tez keçdi,
Nə tez ötüşdü.
Əsgərliyin soyuq günlərində,
Atamın isti nəfəsi
Qorudu məni şaxtanın soyuqluğundan.
Anamın şirin səsi,
Qəzəbli qışqırıqların
Yerini tutdu.
Gülər üzlü sevgilimin cizgiləri
Kinli-kinli baxışların
Nifrətini unutdurdu.
Indi anlaya bildim,
Keçən günlərimin mənasını.
Pulun qədrini,
Pulsuzluqda bildim.
Dünyaya açıq gözlə baxmağı,
Pislikləri,yaxşılıqları
Seçə bilməyi
Burda öyrəndim.
Hər günü cəsarət tələb edən,
Əsgərlik illərində.
Mən hər şeyi anladım,
Kövrək qəlbimin uşaqlığına
Ağladım.

31.08.04

2009.

 ***

 

Dözürəm hələ.

 

Dözürəm yana-yana
bu dəcəl dünyanın ərköyünlüyünə.
ərköyün olduğu qədərdə
tərsliyinə,
inadına.
Bir-birinin əksi olan
mənfisinə,
müsbətinə.
düzlüyünə,
əyrisinə.
Dözürəm hələ ki,
Etibarsız dünyamızın cahilliyinə.

 

Qəlbimin yağını yeyə-yeyə dözürəm,
Saxta insanların,
saxta məhəbbətlərinə.
Sevgini ehtirasa çevirən,
“leyli”,”məcnunların” əyləncəsinə.
Ana adına ləkə gətirəcək,
bəzi qadınların fahişəliyinə.
Onları bu yola düçar edən,
bəzi kişilərin vəhşiliyinə.
Dözürəm hələ ki,
əxlaqsız dünyamızın ədəbsizliyinə.

 


Qanım qarala-qarala dözürəm,
Körpə uşaqların
işıqsız sabahlarına.
Oxumaq əvəzinə,
veyil-veyil gəzən yeniyetmələrin
səfilliyinə.
Tinlərdə siqaret çəkib,
intihar edənlərin mənəviyyatsızlığına.
Dözürəm hələ ki,
Savadsız dünyamızın rəhmsizliyinə.

 

Əllərimi sinəmə sıxa-sıxa dözürəm,
Mənliyini,
keçmişini
unudanların iradəsinə.
Müasirlik adı altında,
manqurtlaşan,
heyvanlaşan
beyinlərin düşüncəsinə.
Dözürəm hələ ki,
Unutqan dünyamızın huşsuzluğuna.

 

Dözürəm min bir əzab çəkə-çəkə,
göz yaşımı tökə-tökə,
Qarabağın yoxluğuna.
Varlığımın varlığından utanıram.
Gündə min yol
bu dünyada yaşamağa haqqım yoxdur
deyə-deyə
bu dünyadan qovuluram.
Dözürəm hələ ki,
bu haqsız dünyamızın tərəfkeşliyinə.

 

Dözürəm,
dözümün də,
səbirin də,
sonu vardır bu dünyada.
Güman sabah dözməyəcəm,
Dözə-dözə ölməyəcəm,
Mən dözürəm deməyəcəm,
Ola bilər,
Düşünürəm özümdə
Gün gələcək
tükənəcək
dözümümdə.
2008.

 ***

 

Ağartmayıb.

 

Mənə dərd verən Allah,
Dərmanın unutmayıb.
Qəlbimi görən Allah,
Rəhmətin azaltmayıb.

 

O,rəhmandır,rəhimdir.
Hər bir işdə kərimdir,
Yaratdığı elmdir,
Boşuna yaratmayıb.

 

O bilər niyyətləri,
Eşidər söhbətləri.
Sirlidir hikmətləri,
Tam açıb ağartmayıb.

 

2008.

 ***

 

Soyuyub.

 


Soyuyub bu dünya,
Yumruq boyda ürəkləri
isidə bilməyəcək qədər soyuyub.
Havası soyuyub,
rəngi soyuyub.
Mənası,ahəngi,
nəyi varsa soyuyub.
Bu soyuq deyəsən həddini aşıb,

Dünya soyuyaraq həddini aşıb.

28.04.10

 ***


Türkün səsi.

 

Türkün səsi...haqdan gələn bir səda,
Bu sədanı eşitməli,duymalı.
Haqq bağıran bir xalq varsa dünyada,
O da türkdür,türkə dəstək olmalı.

 

Türkün səsi...öz səsindən tanınar,
Özgə səslər bu sədaya bənzəməz.
Ədaləti yer üzünə yayanlar,
Haqsızlığa göz yumaraq gəzəmməz.

 

Türkün səsi...peyğəmbərin duası,
Amin deyən milyon dillər var olsun.
“Əzəl-axır dünya türkün dünyası”,
Yer üzünə haqq səsimiz car olsun.

 

Türkün səsi...xoş məramlı bir səda,
Bu səs ilə dünya üzün güləcək.
İnsanlıqdan uzaqlaşan dünyada,
“Mutlu günlər” türk oğluyla gələcək.

 

07.06.10

 ***


Mən də dilənçiyəm.

 

Gözümü açandan axtarışdayam,
Yaş töküb mərhəmət umuram bəzən.
Gah ərişdi yolum,
gah
arğacdayam,
Bir soyuq baxışdan donuram bəzən.
Çıraq axtarıram qaranlıqlara,
İşıqlı,
nurlu
bir yer axtarıram.
O yerdə yenidən qurulan dünya
Bir könül sultanı, pir axtarıram.
Mənim axtardığım nədir, soruşsan –
Özümçün heç bir şey,
dünya
deyirəm...
Eşq, Ürək, Həyəcan, Sevda deyirəm,
Mənim axtardığım Odur sonunda...
Axtara-axtara gəzirəm hələ,
Yolları-yollara qatıb gedirəm.
Hələ tapmayıram axtardığımı,
Axtara-axtara itib gedirəm.
12.07.2010

 ***

 

Nigaran tabut.

 

Kədər-gözlərdən süzülüb gələn
Yanğıların sübutu.
Ölüm-çəkilən əzabların
Bir andaca sükutu.
İnsafdan deyil axı
Bu qədər yormaq olmaz
Gözləri yolda qalan
Nigaran tabutu.

2004

 ***

 

Ölən torpaq.

 

Cadar-cadar
Quruyurdu torpaq
Havanın dözülməz hərarətindən
Və canında hiss edirdi
Susuzluğun yanğısını.
Göyə zillənirdi baxışları,
Həzin-həzin,
su dilənirdi
buludların topasından,
partdaq-partdaq dodaqları.
Buludlar simic kimi
Diriltmirdi
ölü torpağı olan
quraqlıqları.

2004

 

 

 ***

 


Gərək.

 

Yanım günəş kimi,yanım şam kimi,
Pərvanə eşqiylə odlanam gərək.
Özümə qəhərli bir axşam kimi,
Özüm də özümə yadlanam gərək.

 

Tökəm göz yaşımı,tökəm sel kimi,
Əsəm külək kimi,əsəm yel kimi,
Sızlaya-sızlaya Sarıtel kimi,
Hər dərdə,əzaba qatlanam gərək.

 

Yarsız neyləyirəm quruca canı,
Gülüb-danışmağı,quruca canı,
Amalım yolunda gəzib dörd yanı,
Bu taydan,o taya atlanam gərək.

 

Çıxam öz yolumdan,ox kimi çıxam,
Əngəl,maneəni adlayıb yıxam,
Ölsəm bilinməz ki,varmıyam,yoxam,
Qalsam sevgilimlə şadlanam gərək.

 

Yağam yağış kimi,qar kimi yağam,
Həsrəti əlimlə öldürəm,boğam,
Hər səhər günəştək yenidən doğam,
Yanıb eşq oduna odlanam gərək.

 

Keçəm qayaları,sıldırımıarı,
Vecimə almayam ildırımları,
Mənə olan bütün etimadları,
Bir gün Allah qoysa,doğruldam gərək.

 

2006.

 ***

 


Şəhər gecələri.

 

Süd kimi bəyaz
Aydınlıq bir gecə.
Gecənin nəğməkar ritmlərinə
Rəqs eləyir
Səmadakı ulduzlar.
Uzaqlarda tək-tək nəzərə çarpan adamlar

onların arxasınca yeriyən kölgələr,
ara sıra eşidilən qarışıq səslər.
Sahillərdə dövrə vuran
Dalğaların pıçıltısı.
Gəmilərə yol göstərən
Mayakların işıltısı.
Yol qırağı cərgə-cərgə şaxələnən
Ağacların gözəlliyi.
Meh əsdikcə yarpaqların
Həzin-həzin xışıltısı.
Haradasa yem axtaran
Böcəklərin vızıltısı.
Şəhərin qaynar nöqtələri
əsrarəngiz,çil-çıraqlı binalar

yollarda gedib-gələn maşınlar.
Bir tərəfdə musiqinin
Heyran edən çalıntısı.
Bir tərəfdə gölməçədə
əks olunan ayın çarpaz parıltısı.
Yol qırağı,ağac altı,
Sevənlərin görüşləri.
Bu görüşü canlandıran
Isti-isti öpüşləri.
Nələr olmayır ki,gecə,
Həyat qaynayır,qarışır.
Təbiətdə hər hüceyrə,
Yaşamaq üçün çalışır.

22.12.05

*** 


Anadır.

 

Bəxş edən ömrü bizə bil ki,səbəbkar anadır,
Dahilər yetişdirən güclü sənətkar anadır.

 

Vicdansızdı övlad,oğul yolunu azsa əgər,
Ağlayar qan ürəyi sanma günahkar anadır.

 

Nə qədər gözəldisə bu dünyanın cah-cəlalı,
Yaradandan biz üçün böyük yadigar anadır.

 

Saysız olar can deyib,can eşidən tanışların,
Yolunda can verənin bil ki,doğmakar anadır.

 

Sözləri musiqili yağ tək yayılar ürəyə.
Etiraf eylər hamı şair,bəstəkar anadır.

 

Hər evi,hər ocağı cənnətə döndərən odur,
Əlləri gül qoxuyar,pak və təmizkar anadır.

 

Habili bəxş elədi bu gözəl kainata,
Bu ömür yollarına,daim duakar anadır.

 

2004

 ***


Gülmə bu dünyanın üzünə gülmə.

 

Gülmə bu dünyanın üzünə gülmə,
Gülsən ağladacaq acılığından.
Bir gün qaldıracaq ucaya səni,
Bir gün endirəcək ucalığından.

 

Getmə bu dünyanın dərinliyinə,
Dayazı dərindir,dərini dayaz.
Harada olsanda batırar səni,
Onun sahilinə etibar olmaz.

 

Sevmə bu dünyanın üzünü sevmə,
Sevsən nifrətini qazanacaqsan.
Bir deyil min oyun açar başına,
Oynama onunla uduzacaqsan.

 

Dünya bağışlamaz,bağışlasanda,
Bağışla sözünü unudub dünya.
Onun dəyərini alqışlasanda,
Bil səni hörmətdən salıbdı dünya.

 

Baxma bu dünyanın sözünə baxma,
Dünyadan Allahın acığı gəlir.
Özün özlüyündə özün ol yetər,
Sən özün olanda dünya təkləşir.

 

17.08.2010
23:20

 ***

 

Bir gün.

 


Bir gün öləcəyəm səssiz-səmirsiz,
Heç kəsə bir zəhmət olmasın deyə,
Özümü dəryada qərq edəcəyəm.

 

Məni hissə-hissə axtaracaqlar,
Adımı söyləyib bağıracaqlar,
Fəqət,olmayacaq bir gördüm deyən.

 

Dərdimi içimdə boğub öləcəm,
Evimdə bir matəm qurub öləcəm,
Öləcəm,öləcəm qəsdən öləcəm.

 

Mənim varlığımı istəməyənlər,
Məzarım üstündə ağlayacaqlar,
Məni məzara da qısqanacaqlar.

 

Yeni bir həyata başlayacağam,
Burada səadət tapa bilmədim,
Məzarda xoşbəxtlik yaşayacağam.

 

2008

 ***

 


Gülə-gülə ağladım.
Bir gün heç gülməyəcəyimi,
gülə biləməyəcəyəmi
düşünərkən ağladım.
Ağlaya-ağlaya gülməyi,
Gülməyin nə olduğunu unutdum
unudaraq yaşadım
ömrün gənclik illərini

necə ki,yaşayıram
onun fəsillərini.
gülə-gülə ağlamağım,
ağlaya-ağlaya gülməyimdən çox oldu.
Ağlamaqla ovundum
Gülməli günlərimin ağlamalılığına.
Mən belə yaşadım
gülə-gülə ağlamağı,
ağlaya-ağlaya gülməyi.
Sınmadan,
əyilmədən.

05.09.2010

 ***

 

Yağ,ey yağış...

 

Gecədir...
bir qaranlıq otaqda oturmuşam
duyğularla baş-başa.
Pəncərəmə damla-damla axır,
Inci yağış damlaları.
Nə zamandır həsrət idim
belə çiskin yağışa.
Arzuları,
diləkləri
ən yaxın sirdaşıma
söyləyirdim həzin-həzin.
O da mənə cavabında
qanlı-qanlı ağlayırdı,
yas tuturdu
nakam qalmış arzuların ölümünə.
Kəsmə yağış,yağ bu gecə,
yağmağınla neçə-neçə sevənlərin
sədasını duyacaqsan
insanlardan gizlicə.
Yağ,ey yağış.
o pak,təmiz damlaların
yollarıma su çiləyir,
soyuğunda isinəcək
bir varlığın coşqun səsi
səndən ümid diləyir.
Yağ,ey yağış,dayanma sən,
Yağmağınla
neçə yanğın ürəklərin
alovunu kəsəcəksən.
kəsmə yağış,kəsmə yağış,
bu qaranlıq gecələrdə,
mənim üçün nağıl danış.
17.04.03

 ***

 

Bir yarpağın qürub çağı.

 

Bir ağac var uzaqda,

o ağacın budaqlarında
bir yarpaq var
solmuş,
saralmış.

bu yarpaq
ömrünün qürub çağını yaşayır.
Az müddət sonra
bu yarpaq,
asta-asta,
yavaş-yavaş,
budağından ayrılıb
düşəcək torpaq üstə.
Bu yarpaq
son dəfə hiss edir
budağının istisini
öz canında

son dəfə vidalaşır
budaqla
iki yol ayrıcında.
Budur həmin bu yarpaq
aram-aram enir
torpağa sarı.
Torpaq onu salamlayır,
dil açıb gülə-gülə,
nəğmə deyir dodaqları,
ilin xəzan çağında.
Özgə yarpaqlar kimi
Bir yarpaq da ayrılır
öz doğma budağından.
Günlər gəlib keçdikcə
bu ağac da quruyur
yarpağın fərağından.

2003

 ***

 


Yağış olmaq istəyirəm...

 

Yağış olmaq istəyirəm,
Gecələrin yağışı.
Nə sərt olam,
nə də zəif,
narın-narın yağam-yağam,
yağa-yağa baxam-baxam
insanların baxışında
sevgiləri,
nifrətləri
duyam-duyam,
duya-duya yuyam-yuyam
insanlığın günahını.

Yağış olmaq istəyirəm,
Gecələrin yağışı.
pəncərədən asılı qalan
sevənlərin acısını
öz içimə çəkəm-çəkəm,
çəkə-çəkə yağmur tökəm
sevənlərin atəşinə.
heç olmasa yarasaydım
sevənlərin bir işinə.

Yağış olmaq istəyirəm,
Gecələrin yağışı.
ilham olam şairlərə,
təsvir olam rəssamlara,
bir musiqi bəstələdəm
bəstəkarlıq edənlərə.
mən yağışı sevənlərə,
yağış qədri bilənlərə,
həyat verəm,
ömür verəm
yağa-yağa
quruları nəmləndirəm,
könülləri şənləndirəm.

Bax beləcə
Yağış olmaq istəyirəm,
Gecələrin yağışı.

02.10.2010
02:05.

 

 ***

 

Gülə gül kimi yanaş ...

 

Əzməyin çiçəkləri,
Tapdamayın gülləri.
Gül cənnət qoxuludur,
Qoruyun ətirləri.

 

Gül insandan inciyər,
Insan güldən inciməz.
O elə bir incidir,
İncilərdən keçinməz.

 

Hər gülün öz duyğusu,
Öz gözəl ətiri var.
Gülə gül kimi yanaş,
Gülündə xətiri var.

 

Gülü çiçəkdən soruş,
Çiçəyi güldən soruş.
Gülə olan sevgini,
Gəz,dolan eldən soruş.

 

İnsan gülə bənzəyir,
Hər insan bir gül olur.
Güllər dəyişmir amma,
İnsan dəyişkən olur.

22.01.2011

 

 ***

 

Qıymayın barışın cocuqlarına...

 

Qıymayın barışın cocuqlarına,
Qırmayın barışın cocuqlarını.

 

Hələ cocuqdular günahları nə?
Hələ bu dünyadan xəbərsizdilər.
Nədən xal salırsız ürəklərinə,
Sanmayın qəlbi yox,ürəksizdilər.

 

Cocuqlar dünyanım göyərçinləri,
Dünyaya ən şirin nazdı cocuqlar.
Nədən əzirsiniz tər çiçəkləri,
Ətirli bahardı,yazdı cocuqlar.

 

Axmasın göz yaşı,cocuq deyilən,
Bəşər övladının yanaqlarından.
Qayğıya möhtackən,qayğısız ölən,
Cocuqlar kam alsın cocuqluğundan.

 

Cocuqlar dünyaya barışa gəldi,
Barış arzusuyla yaşayır onlar.
Onlarda sevinib,gülə bilərdi,
Bu hissə qıymadı “böyük” olanlar.

 

24.01.2011

 

 ***


Tapmaq istəyirəm...

 

Getmək istəyirəm çox uzaqlara,
İnsanlar olmayan bir yerə getmək.
Orada yaşamaq,
orada ölmək.
Ölmək istəyirəm uzaqlıqların,
O səssiz-səmirsiz əhatəsində.

 

Nə bir qadın gəlsin qəbrimin üstə,
Yalandan dil açıb ağı deməsin.
Vaxtımda qədrimi bilməyən bir kəs,
Vaxtsız ölümümdən kədərlənməsin.

 

Uçmaq istəyirəm,
göylərin yeddi qatına,
Oralar ləkəsiz,necə təmizdi.
Göylər paklığından,məhəbbətindən,
Məni sirdaş bilər,məni dost bilər.
Incitməz həyatın sərt üzü məni.

 

Oraya bir insan ayağı dəyməz,
Məndən özgəsini götürməz ora.
Mənim sevincimi sevinci bilər,
Bir tək kədərimə sevinməz ora.

 

Tapmaq istəyirəm ömür bitməmiş,
Bəxtimin gələcək səadətini.
Çıxmaq istəyirəm yerin oxundan,
Yarmaq istəyirəm cazibəsini,
Heç mənim qədrimi bilmədi bu yer.

 

Qoy məni bu yerdə axtarmasınlar,
Adım ürəklərdə silinib-getsin.
Saxta yer üzündə,saxta adamlar,
Mənim yoxluğumla barışıq etsin.

 

30.01.2011 20:22

 

 ***


Gözünü yaxşı aç.

 

Gözünü
dünyanı görüb
tanıya biləcəyin qədər aç.


yaxşı bax
ikiüzlü dünyanın
ikiüzlü insanlarına.

 

Bir üzü ağ,
bir üzü qara dünyanın
ağında nə gördün ki...
ilanın ağına da lənət demişlər,
qarasına da.
Bağlama gözlərini
dünyanın rəngli tamaşalarının
səhnəciklərinə.
özü olmayan aktyorların
oyunlarına yaxşı bax.

 

Bax və
unutma:
hər şeyi unudulacaq olan dünyanın
unudulmazlarını.
toz basmasın sinənin
təmizliyini,
nuru azalmasın bəbəklərinin.
yaxşı bax
yaxşı olmayan dünyaya.

 

Can deyib,can eşitməyənlərin
cansız ürəkləri qədər
ölü dünyanın
səmimiliyinə inanma.

 

Tutmasın gözlərini,
gözə şirin görünən
görülməzlərin acılığı

beləcə
aç gözünü bağlama,
dünyaya yaxşı bax ki,
peşman olub ağlama.

 

22:35
03.03.2011

 ***

 

Nəyi itirmişəm tapa bilmirəm.

 

Nəyi itirmişəm tapa bilmirəm,
Axtara-axtara gəzirəm elə.
Bəlkə tapdığımı itirmişəm mən,
İtirə-itirə dözürəm elə.

 

İtirə-itirə dözürəm elə,
Yerini verərmi tapacaqlarım.
Küsüb bu dünyadan bezirəm elə,
Bəs niyə azalmır umacaqlarım?

 

Bəs niyə azalmır umacaqlarım?
Nəfsim tamahım da dayana bilmir.
Məni anlayacaq,duyacaqlarım,
İçimin özü də anlaya bilmir.

 

İçimin özü də anlaya bilmir,
Özüm-öz içimdə gizli qalmışam.
Nəyi itirmişəm o tapa bilmir,
Bəlkə öz-özümü oğurlamışam.

 

Bəlkə öz-özümü oğurlamışam,
Hakim də özüməm,oğru da özüm.
Mən ki,nağıllara inanmamışam,
Uyduran da özüm,doğru da özüm.

 

22.50 06.03.2011

 

 ***

 

Qadın.

 

Qadın insanları doğuran ana,
Qadın insanlığın başının tacı.
Böyük hörmət ilə yanaşın ona,
Ürəyi görməsin nə kədər,acı.

 

Qadınsız olmasın bir ev eşikdə,
Qadınsız evlərin nə yaraşığı.
Hər bir çətinlikdə,hər keşməkeşdə,
Qadındır kişinin arxa,dayağı.

 

Zəif yox,zərifdir onun xisləti,
Bir soyuq baxışla qırıla bilər.
O qədər ucadır qadın xilqəti,
Yeddi qat göylərə ucala bilər.

 

Qadın insanlığın ilki,əvvəli,
Qadın yaradanın möcüzəsidir.
Şirin danığışığı,bal dadan dili,
Dünyanın ən gözəl zümzüməsidir.

 

2007

 ***


Adlar.(Uşaqkən adların insan yaşlandıqca dəyişəcəyini sanardım)

 

Uşaqkən adların
adamlar yaşlandıqca dəyişdiyini
sanardım.
tez-tez sual verərdim valideynlərimə
filan adların uşaqlara,
filan adlarınsa böyüklərə
məxsus olduğunu.
Adlar yaşlara uyğun gəlmədikcə
təəccüblənərdim.
və beləcə adları
düşüncəmə görə
yaşlara uyğun bölərdim.
Cavan üçün

qocalar üçün adlar.

 

Yaşlaşdıqca anladım
uşaq düşüncələrimin yalnışlığını.
Nə öz adım dəyişdi,
nə də bir başqasının.
Dəyişənin adlar yox
adamlar olduğunu bilincədə
heç sevinmədim.
Adların adamlardan
daha vəfalı olduğunu bilmək
yandırdı məni.

24.03.2011
22.10

 ***

 

Yazılar.

 

Yaşamadan yazmaq olmur heç nəyi,
yazmaq üçün yaşamalısan həyatı,
nə az,nə çox
yaşamağı bacardığın qədər
yaşamalısan.
Acısı,
şirinliyilə
sevməlisən yaşamı.
Hər şey öz rəngiylə
daxil olmalı yazılarına,
qarasıyla,
ağıyla.
Hər şeyə öz dəyərində
qiymət verəcək qədər
təmiz olmalı duyğuların.
süniliyi ortaq etmə
yazılarına,
süniliyi sevməz yazılar.
Yaşamadıqlarını yaşatdırma
yazılarında.
yaşamın özü qədər
gerçək olmalı yazıların.
Yazılar da səni,
aynadakı əksin qədər
aydın göstərməli,
böyüklüyü,
kiçikliyilə.
Yazıların da insanlar kimi
özü olanda
gözəl olduğunu unutmamalı,
gözəlliyi,
kifirliyi ilə
gözəldir yazılar.

22:40
31.03.11

 ***


Düşmən biləcək...

 

Bir gün nə qədər qüdrətimiz,qüvvətimiz var,
Düşmən biləcək,məhv olacaq,ağlayacaqdır.
Səbr elədik,səbrimizi qorxdu sananlar,
Aldanacaq,kor gözünü tam açacaqdır.

Düşmənimiz titrəyəcək nərə səsindən,
Bir ərimiz yüz yağını susduracaqdır.
Dəryalara hökm eləyən od nəfəsindən,
Erməniyə əmdiyini qusduracaqdır.

Bir gün gələcək qəhr edəcək düşməni ordum,
Dünya duyacaq yanğımızı anlayacaqdır.
Bir gün gələcək tam güləcək Azəri yurdum,
Düşmən baxacaq,öz-özünü danlayacaqdır.
12/40 07/05/2011

 

*** 


Qəribə


Hər gün ağlayan adamın,
Bir gün gülüşü qəribə.
Bu dünyada var olanın
Doğuş,ölüşü qəribə.

 

Həyat başdan başa ağı,
Qara yazır başdan ağı,
Sinəmizə çəkən dağı,
Alış,verişi qəribə.

 

Hər insan öz gümanında,
Bir ömür-gün zindanında,
Qonaq gəlib,qonağında,
Gəliş,gedişi qəribə.

 

Dünya özü qəm içində,
Gözü yaşlı nəm içində,
Bu boyda aləm içində,
Yerin duruşu qəribə.

 

Şeytan mələk biçimində,
Fələk yanır öz içində,
İnsanların seçimində,
Doğru,yalnışı qəribə.

 

02.00 18.07.2011

 ***

 

Mən artıq yer adlı yerdən küsmüşəm.

 

Mən artıq yer adlı yerdən küsmüşəm,
Küsmüşəm bir daha barışmaram da.
Yerdə yaşamışam,yaşamamışam,
Fərqi yox ölərəm yaşamaram da.

 

Yerdən uzaqlara götürün məni,
Götürün yer adlı bu məmləkətdən.
Yerdə yox göylərdə bitirin məni,
Bəlkə yer utana xəcalətindən.

 

Yermi utanacaq,utanmayacaq,
Utansa nə olsun,utanmasa nə?
Yerin bir sakini qayıtmayacaq,
Doğulduğu yurdun,yerin yerinə.

16.08.2011 3:17:43

 ***


Zaman...

 

Hər şeyin üstündən xətt çəkən zaman,
Nə tez də unudar yaşananları.
Əvvəli bilinməz, sonu bilinməz,
Zaman özü bilər zamanlarını.

 

Zaman bizə görə bölünər, gedər,
Gedən zaman deyil ömürdü, gündü.
Doğulan insandı,qocalan insan,
Zaman qocalmayan sirdi, üründü.

 

Günahı zamanın üstə atanlar,
Bir anın içində əriyəcəkdir.
Zaman qədri bilib zamansızlaşan,
İnsanlar zamanla yüksələcəkdir.

 

01.10.2011 2:01:04

 ***


Mələklərin göz yaşı.

 

Mələklərdə ağlayır inanımmı buna mən?
Mələyin göz yaşları nədən axır görəsən?
O mələk ki,əbədi,daimidir varlığı,
Kimsə dərk edə bilməz bu böyük ucalığı.
Mələklər ki,kədərdən,qəmdən uzaq yaranmış,
Bu necə ziddiyyətdi,mələklərdə ağlarmış.
Səbəb nədir mələyin gözündəki yaşlara?
Bu sualı verirəm cümlə-yaranmışlara.
Düşündüm çox düşündüm sonsuz oldu gümanım,
Bu qədər səbəblərin mən hansına inanım.
Gümanımı,zənnimi belə verdim mən sona,
Mələklər ağlayarmış Adəm oğlu insana.
Yarandığı zamandan günah etdi bu insan,
Törətdiyi əməllər nöqsan doludur nöqsan.
Nədəndi cümlə-bəşər yüz qat günah eylədi?
Mələklər bu səbəbdən göydə eyvah eylədi.
Mələyin göz yaşları yuyarmı günahları?
Açarmı üzümüzə işıqlı sabahları?
Bunu deyə bilmərəm,mələklərdə deyəmməz,
Yaradanın sirrini ondan özgə biləmməz.
Mələklərdə ağlayır,kimsə yalan sanmasın,
Insan üçün göz yaşı tökdüyünü danmasın.

2008.

 ***

 

Varlığımda itən zaman....

 

Varlığımda əriyərək itib zaman,
qeybə çıxıb,
bitib zaman.
dünən,
bu gün,
sabah yoxdur yaddaşımda...
əqrəbləri bir nöqtədə dayanıbdır saatımın,
cavanlığı,
qocalığı
yoxdur mənim həyatımın.
mən zamana ram deyiləm,
zaman mənim öz əlimdə.
zamansızlıq yaşayıram,
varlığımın daxilində.

30.11.2011 0:34:28
HY

*** 


Fatiməm.

Dünyaya yenicə göz açan qızım,
Evimə günəş tək nur saçan qızım,
Artıq yavaş-yavaş dil açan qızım,
Allah kömək olsun sənə hər zaman,
Həyatı sevinclə sən yaşayasan.

 

Qəlbində daima xoş niyyət olsun,
Tükənməz bir sevgi, məhəbbət olsun,
Sənin görəcəyin səadət olsun,
Allaha şükrünü azaltmayasan,
Onun nemətini unutmayasan.

 

Kiçikkən nəsihət etmədim demə,
Arzumdur ömründə zərrə qəm yemə,
Mənim canım, gözüm, gülüm Fatimə,
Adını mən verdim, ömrünü Allah,
Sən elə yaşa ki, deyim Maşallah!

2008

 

 ***


Örnək sənət sahibi.
Mahilə müəəlliməyə ithaf edirəm.

 


Hər kəsin dünyada bir sənəti var,
İşiylə fəxr edir hər bir sənətkar.
Biri mühəndisdir, biriysə həkim,
Biri aqronomdur, biriysə hakim.
Bütün sənətlərin başında ancaq,
Müəllim sənəti ilkin olacaq.
Hər kəs öyrənibdir ondan sənətin,
Müəllim gözüdür bəşəriyyətin.
Çoxdu bu dünyada müəllim olan,
Mahilə müəllimə biri onlardan.
Sevib öz işini ürəkdən dərin,
Gözəl yetişdirir tələbələrin.
Sonsuz bilikləri verib onlara,
Yol açır savadla ucalanlara.
Hamının qəlbində böyük yeri var,
Necə bəxtəvərdir kamil olanlar.
Hər zaman örnəkdir tələbələrə,
Alqış, alqış olsun azı min kərə.

 

***


Kara bulut...6(Türkiyə türkcəsində tərcümə olunmuşdur).

 

Kara bulut,
Kara bulut,
Beni unut...

 

Kara bulut,
Derdin-qemin,
Simgesi,
Mezarların,
Rengisin...
Karanlık taşıyorsun,
Ak günleri
Kara yıllara taşıyorsun.
Beşerin kanimisin.
Ayrılık sen,
ölüm sen,
iztirap sen
zülüm sen.

 

Kara düşerli olmur
Hetta karalara da

 

Kara bulut,
Kara bulut,
Beni unuturmusun?!.

 ***


Kabırğalar...(Türkiyə türkcəsində tərcümə olunmuşdur).

Koca şehrin
Karışık taş yolları
Ufalanmış-
sanki
yalnızca kabırğadan oluşan
vücudların
ayağı altında titriyor
ve onların
göklere açılı ellerinden
Gökler de titriyor.

“Bir deri,bir kemik”den oluşan vücudların
Kırış-kırış olmuş alınlarında
Zaman saklı,
Kabarlı ellerin her açılıb-bükülmesi
zamanı gösteriyor. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !