S.Günel - Marsel Ali Dizayn və İncəsənət Akademiyasının ( FRANSA ) azərbaycanlı tələbəsinin uğuru ... -

S.Günel - Marsel Ali Dizayn və İncəsənət Akademiyasının ( FRANSA ) azərbaycanlı tələbəsinin uğuru ...

AzPress.az saytında iki ilə yaxın fəaliyyət göstərmiş, əsasən gənclərimizi müasir dəbdə, modada geyinməyə səsləyən və bu istiqamətdə məsləhət verən “ Gün Elin zövq dünyası “ yaddaqalan rubrikalardan biri olmuşdur. Avropada dəbdə olan gündəlik və ziyafət geyimləri, idman və digər geyimlər, rənglər, çantalar, ayaqqabılar, bəzək əşyaları və bir çox aksessuarlar haqqında faydalı olan bu səhifədə yerləşdirilmiş şəkillər də daim öz rəngarəngliyinə, müxtəlifliyinə,aktuallığına görə fərqlənirdi. ”Zövq dünyası”nın sahibi ilə maraqlandıq. Öyrəndik ki, bu gənc qız xaricdə təhsil alan yüzlərlə tələbələrimizdən biridir. Hələ uşaq yaşlarından dekorativ tətbiqi sənətə, rəssamlığa böyük marağı və həvəsi olmuşdur. Gəlinciklərinə müxtəlif paltarlar tikmək,muncuqlarla,qaşlarla əl işləri, cürbəcür bəzək əşyaları (sırğa,üzük,boyunbağı,bilərzik), aksessuarlar hazırlamağı çox xoşlayıb. 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirsə də, həvəsi, marağı, qabiliyyəti onu yenə də incəsənət həyatı ilə bağlayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olsa da, orada cəmi bir il oxuyub. Bu müddətdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Qadın,gözəllik və incəsənət”, universitetin keçirdiyi “Fotoqrafiya dizaynı”, ”Fotoların tacı” adlı sərgilərdə iştirak etmişdir. Lakin atalar yaxşı deyib ki, “niyyətin hara, mənzilin də ora”. Dünya modasının mərkəzi olan Fransada incəsənət sahəsi üzrə təhsil almaq, təbii ki, Günelin həyatda ən böyük arzusu olmuşdur. O, Fransanın Sent-Etyen şəhərindəki Jan Mone adına Universitetin plastik incəsənət fakültəsinə daxil olur. 2008-ci ildə fransız fotoqrafı Stephane Gizardın ölkəmizdə təşkil etdiyi “Dress Code Baku” adlı fotomüsabiqədə iştirak etmiş və birinci yerə layiq görülmüşdür. 2008-ci ilin noyabrında Azərbaycan Fransız İnstitutu (keçmiş Bakı Fransız Mədəniyyət Mərkəzi) onun bijuteriya üzərində dizayn etdiyi əl işlərinin fərdi sərgisini təşkil etmişdir. Özünə, öz işinə çox məsuliyyətlə yanaşan bir tələbədir. Onun gördüyü işlər,istər rəsm, bəzək, aksessuar işləri və digər əl işləri, istərsə də fotorəssamlıqla bağlı olan dizayn işləri, Günelin bacarıqlı, qabiliyyətli,böyük fantaziyaya malik olduğunu göstərir. Yaratdıqlarında çox məharətlə Azərbaycan milli mədəniyyəti və Qərb mədəniyyəti cizgilərinin təmasını əks etdirə bilir. Onun şüşədən, keramikadan və uşaq oyuncaqlarından hazırladığı badə formasında lampa nümunəsi cəmiyyətdə alkoqollu içkiləri daha çox qəbul edənlər üçün bir xəbərdarlıqdır. Onun özü üçün, övladı üçün böyük təhlükə olduğunu bildirir. Sadıxova Günel işlərində təbiiliyə, faydalılığa, gündəlik istifadəyə, qənaətcilliyə, dolğunluğa, estetik görünüşə üstünlük verir. Kosmetik vasitələrin istifadə olunmuş nümunələrindən yaradılmış boyunbağı, qolbaq və sırğalar çox xarakterikdir. Kartondan hazırlanmış çanta da nəzər-diqqəti cəlb edir. Əgər onun yaratdığı hər bir əl işinə diqqətlə baxsaq, hər birinin modern dizayn nümunəsi olduğunu görərik. Gənc dizayner hər bir işində estetik baxımdan gözəllik yaratmaqla kifayətlənmir, həm də onun mənalı, sərfəli, praktik olmasına çalışır. Göstərmək lazımdır ki, əl işlərində milli çalarları da canlandıra bilir. Bunun üçün həsirdən buta şəklində hazırlanmış dekorativ güldana baxmaq kifayətdir. Hazırladığı nümunələr öz müasirliyi, effektivliyi ilə fərqlənir. Təsadüfi deyildir ki, oxuduğu universitetin müəllimləri də həmişə ondan razı qalmışlar. 2010, 2011 ,2012-ci illərdə universitetin keçirdiyi “Festival Jean Mon`Arts” fotosərgisinin də iştirakçısı olmuşdur. Onun 2011-ci ildə Azərbaycan Fransız İnstitutunun təşkil etdiyi müsabiqədə “ My Baku ” - “ Mənim Bakım ” adlı qısametrajlı filmi “ Ən səmimi film ” prizi ilə mükafatlandırılmışdır. Gənc tələbənin çəkdiyi fotoşəkillər də maraq doğurur. Günün nəbzini, həyatın ən müxtəlif yaddaqalan anlarını əbədiləşdirmək onun sevdiyi məşğuliyyətlərdən biridir. Keçən il İstanbulun Taksim meydanından “Hamımız Xocalılıyıq!” devizi altında keçirilən izdihamlı yürüşdən hazırladığı fotoreportajla Günel bir daha bu sənətə layiq olduğunu sübut edə bilmişdir. Sent-Etyen Fransada ən məşhur dizaynerlər və incəsənətin ən müxtəlif sahələri üzrə yüksək keyfiyyətli mütəxəssislər hazırlayan şəhər kimi şöhrət tapmışdır. Günel Sadıxova Jan Mone adına Universitetin plastik incəsənət fakültəsinin tələbəsi olmaqla bərabər, həm də Fransada müasir dizayn araşdırmaları üzrə ilk azərbaycanlı tələbəmizdir. Sənətinə olan vurğunluq və uğurları onu Marsel Ali Dizayn və İncəsənət Akademiyasına qədər gətirib çıxartmışdır. Artıq bir ildir ki, o, həmin məktəbin sahə - dizayn fakültəsinin tələbəsidir. Marsel əyalətinin 8- ci rayonundakı Qrot – Rolland qəsəbəsində yerləşən yaşayış binalarından biri öz layihələrini nümayiş etdirməkdən ötrü fakültə tələbələrinin ixtiyarına verilmişdir. Habitat Marselle Provence-nın (Marsel Əyalət Məskunlaşma idarəsi) dəstəyi ilə məkan icazəsi əldə edilərək, tələbələrin il boyu üzərində işlədikləri layihələrə iyun ayında yekun vurulmuşdur. Gələcək mütəxəssislər kimi, tələbə layihələrində əsas məqsəd binaya daxil olduqdan sonra mərtəbə səkilərinə (passaj ) həm memarlıq, həm də estetik baxımdan yeni görüntülər verərək, bu hissənin sakinlər üçün çox əlverişli, faydalı, işlək bir guşəyə çevirməkdən ibarət olmuşdur. Altımərtəbəli binanın ikinci mərtəbəsində azərbaycanlı tələbəmiz Sadıxova Günel fransız mütəxəssisləri qarşısında özünün “ Oriqami “ adlanan layihəsini nümayiş və müdafiə etmişdir. “Oriqami “ layihəsi nəticəsində adi pilləkan səkisini istifadəyə yararlı, rahat bir salona çevirə bilmişdir. Bina sakinləri bu sahədən artıq adi keçid kimi deyil, yararlı, lazımlı bir yer kimi də istifadə edə bilərlər. “Oriqami “ motivlərinin açılıb – bağlanaraq yaratdığı effekt sahəsində insanlar orada otura bilər, dincələ bilər, əşyalarını yerləşdirə bilərlər. Layihənin ən maraqlı detallarından biri isə qapı üzərində yerləşən poçt qutusu vasitəsilə qonşuların bir- birləri ilə ünsiyyət saxlaya biləcəkləri ideyasıdır. Üçbucaqlardan gələn işıqlar və “ Oriqami “ üçbucağı üzərində yerləşdirilən müxtəlif əşyalar həmin sahədə gözəl ab-hava yaradır. Layihəyə əsasən iş bütünlüklə taxta materialından, həm də açılıb – örtülən qapıdan ibarət olan 245x269 sm sahədə gerçəkləşdirilmişdir. Layihələrə Akademiyanin müəllimi Flip Qreqoar (Phillipe Gregoire) rəhbərlik etmişdir. Azərbaycanlı tələbənin “ Oriqami “ layihəsi digər layihələrlə müqayisədə daha yüksək qiymətləndirilmişdir. Müasir sahə dizaynı üzrə tələblərə daha dolğun cavab verdiyinə görə, gündəlik faydalılığa yaradığına, estetik və memari baxımdan daha praktik olduğuna görə müəllimlər və izləyicilər tərəfindən bəyənilmişdir. Marselin birinci qəzeti olan “ La Provence“ (Provensiya) proyekt haqqinda material yazarkən həmyerlmizin bu böyük uğurunu xüsusi ilə qeyd etmişdir. Və bu, bir daha, bizim azərbaycanlı gənc tələbəmizin həyata kecirdiyi layihənin aktuallığını göstərmişdir. Günelə bundan sonra da yaradıcılığında daha böyük uğurlar arzu edirik.

 

 

 

 

Sevinc Rzaqızı

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !