İRƏLİ Yay Olimpiya Məktəbində təmsil olunub -

“İRƏLİ” Yay Olimpiya Məktəbində təmsil olunub

Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Beynəlxalq Olimpiya Akademiyasının (BOA) birgə təşkilatçılığı ilə Yunanıstanda məşqçi-müəllimlər, fəal gənclər və könüllülər üçün təşkil olunmuş Yay Olimpiya Məktəbində “İRƏLİ” İdman Mərkəzinin rəhbəri Niyaz Əliyev də iştirak edir.
Avqustun 4-də Qədim Olimpiya şəhərində yerləşən Beynəlxalq Olimpiya Akademiyasında (BOA) məktəbin açılış mərasimi keçirilib.
BOA-nın direktoru Dionissis Gangas və BOA-nın dekanı, Yunanıstandakı Peleponnese Universitetinin vitse-rektoru Konstantinos Georiadis iştirakçıları salamlayıb. Akademiyanın yaranma tarixi, fəaliyyəti barədə ətraflı məlumat verən natiqlər 2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının əhəmiyyətini yüksək qiymətləndiriblər. Bildiriblər ki, Azərbaycanda Olimpiya Hərəkatı inkişafdadır və idmançılar Olimpiya Oyunlarında uğurlu nəticələr əldə edirlər. Bütün bunlar da ölkədə idmana göstərilən dövlət qayğısının nümunəsidir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Gənclər və İdman Nazirliyinin elm və təhsil şöbəsinin müdiri Vüqar Əhmədov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb.
İştirakçılar bu müddət ərzində BOA-nın yaxınlığında müasir Olimpiya Oyunlarının keçirilməsində mühüm rol oynamış fransalı pedaqoq Baron Pyer de Kubertenin şərəfinə ucaldılmış abidəni ziyarət ediblər. Məktəbin iştirakçıları Delfi şəhərində yerləşən arxeoloji muzeydə, ilk Olimpiya Oyunlarının keçirildiyi stadionda, Qədim Olimpiya şəhərində yerləşən arxeoloji qoruqda olublar.
Həmçinin müasir Olimpiya Oyunlarının məşəlinin alovlandırıldığı məkan da məktəb iştirakçılarına nümayiş etdirilib. Gənclər Qədim Olimpiya stadionunda olub və Qədim Olimpiyada yerləşən arxeoloji muzeyə gəliblər.
Eyni zamanda Beynəlxalq Olimpiya Akademiyasında iştirakçılar “Olimpiya əfsanələri”, “Olimpiya təhsilində dəyərlərə əsaslanan yanaşma”, “Olimpiya dəyərləri və tanınmış idmançıların gənc nəslə dəstəyi” “İdmançıların ikinci karyerası”, “Olimpiya təhsil proqramının inkişafı və həyata keçirilməsi” və “Soçi – 2014 Qış Olimpiya və Paralimpiya Oyunlarının təşkili” mövzularda məruzələr dinləyiblər. 12 avqust tarixində isə Yay Olimpiya Məktəbinin bağlanış mərasimi keçirilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !