İRƏLİ nin Arxeoloji düşərgə layihəsi yekunlaşıb -

“İRƏLİ”nin “Arxeoloji düşərgə” layihəsi yekunlaşıb

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, “Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi və “İRƏLİ” İctimai Birliyinin Tarix Mərkəzi tərəfindən həyata keçirilən arxeoloji düşərgə layihəsi yekunlaşıb.
Arxeoloji düşərgə layihəsində 25 gənc iştirak edib. Gənclər ilk olaraq “Qala” Arxeologiya və Etnoqrafiya Qoruğu ilə tanış olublar. Gənclərə “Qala” Qoruğunun salınması, qoruq ərazisində saxlanılan əşyalar, onların tarixi, o dövrdə yaşayan insanların onlardan nə məqsədlə istifadə etdikləri haqqında məlumat verilib. “Qala” muzey kompleksində gənclər qayaüstü rəsmlər, orta əsr keramikası, məişət və bəzək əşyaları, silah və sikkələrlə, orta əsrlərdə istifadə edilən çəki vahidləri ilə tanış olub, ibtidai yaşayış sahələrini, müxtəlif emalatxanaları gəzmək imkanı əldə ediblər.
Layihə iştirakçıları eyni zamanda Qala qoruğu ərazisində yerləşən Qala muzeyi və Qala qəsri ilə tanış olublar.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Şahin Şahbazov layihənin qonağı olub və “Azərbaycan şəhərlərində aparılan arxeoloji qazıntılar” mövzusunda təqdimat keçirib.
Panel bitdikdən sonra layihə iştirakçıları XVII – XVIII əsrlərə aid "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olublar. “Atəşgah məbədi” atəşpərəstlərin dini məbədi, bu məbədin Azərbaycan ərazisində salınması tarixi, məbədin oynadığı rol haqqında gənclərə ətraflı məlumat verildikdən sonra onlara əyani olaraq hindli atəşpərəstlərin adət - ənənələri muzey ekspozisiyaları vasitəsilə nümayiş olunub.
Son olaraq layihə iştirakçıları memar Mahmud Səd oğlunun XIV əsrdə inşa etdiyi Nardaran qalası ilə tanış olublar. Şahin Şahbazov gənclərə Nardaran qalasının salınması tarixi, inşası, memarlıq quruluşu haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, arxeoloji düşərgə layihəsinin məqsədi Azərbaycan tarixinin qədimliyini və zənginliyini gənclərə əyani şəkildə göstərməkdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !