Rus Dram Teatrının kollektivi qastrola hazırlaşır -

Rus Dram Teatrının kollektivi qastrola hazırlaşır

Cari il sentyabrın 25-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi Moskvaya qastrol səfərinə gedəcək. Kollektiv teatrın baş rejissoru, Xalq Artisti Aleksandr Şarovskinin quruluşunda Mirzə Fətəli Axundzadənin "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli Şah cadukuni-məşhur" və Yonas Vaytkusun quruluşunda Nizami Gəncəvinin "Yeddi gözəl" əsərlərinin tamaşalarını nümayiş etdirəcək.
Tamaşalar Rusiya Dövlət Akademik Kiçik Teatrının səhnəsində göstəriləcək.
Xatırladaq ki, Rusiya teatrının kollektivi isə bu il mayın 9-10-da Bakıda Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində çıxış etmişdi.
Moskvaya qastrol səfərindən sonra Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi Litvanın Vilnüs şəhərinə yola düşəcək. Yaradıcı heyət oktyabrın 1-2-də Litva Rus Dram Teatrının səhnəsində sözügedən tamaşaları nümayiş etdirəcək.
Teatrın qastrolları Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !