Azərbaycanın Qərb bölgəsi üçün həyat mənbəyi olan Şəmkirçay dəryaçasında tikinti işlərinin 80 faizi başa çatdırılmışdır -

Azərbaycanın Qərb bölgəsi üçün həyat mənbəyi olan Şəmkirçay dəryaçasında tikinti işlərinin 80 faizi başa çatdırılmışdır

Yaxın vaxtlarda ölkəmizin quruculuq salnaməsinə bir ünvan da yazılacaqdır. Bu, ölkə başçısının

 Sərəncamı ilə 2008-ci ildə inşasına başlanan Şəmkirçay dəryaçasıdır. Dəryaça həm insanların uzun illərdən bəri su sarıdan çəkdikləri əziyyətə son qoyacaq, Şəmkir, Gəncə, Samux, Göygöl, Goranboy torpaqlarına yeni həyat verəcək, həm də istehsal olunacaq elektrik enerjisi ilə evlərə nur paylayacaqdır.
Meliorasiya və Su Təsərrüfatı ASC-yə həvalə olunmuş Azərbaycanın bu nəhəng tikintisi tenderdə qalib gəlmiş Türkiyənin “Cenqiz” inşaat-sənaye şirkəti tərəfindən aparılır. Beş ilə yaxındır ki, obyektdə qızğın iş gedir.
Dəryaçanın layihə rəhbəri Mehmet Səlahəddin Yazıçı AzərTAc-ın müxbirinə layihə və tikintinin gedişi barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, ümumi su tutumu 170 milyon kubmetr olacaq dəryaça Qərb bölgəsi torpaqlarının suvarılması və enerji istehsalı üçün böyük əhəmiyyətə malikdir. Dəryaça vasitəsilə Şəmkir rayonunun 29 min 810 hektar, Göygöl rayonunun 2 min 300 hektar, Samux rayonunun 18 min 381 hektar, Goranboy rayonunun 20 min 461 hektar əkin sahəsini suvarmaq mümkün olacaqdır. Bundan başqa, dəryaça Gəncə şəhərinin içməli su ilə təchiz edilməsində mühüm rol oynamaqla yanaşı, layihəyə uyğun olaraq burada yaradılacaq su elektrik stansiyası ildə 56 milyon kvadrat-saat elektrik enerjisi istehsal edəcəkdir.
Mehmet Yazıçının sözlərinə görə, artıq işlərin 80 faizi görülmüşdür və tikinti müvafiq cədvəl üzrə gedir. Artıq suburaxma qabiliyyəti saniyədə 165 kubmetr, diametri 4,5 metr və uzunluğu 583,38 metr olan dairəvi seksiyalı nəqledici tunelin, tunelə aid hidrotexniki qurğuların, çayın məcrasında suyönəldici bəndin tikintisi başa çatdırılmış və su tunelə ötürülmüşdür. Enerji tunelində də işlər yekunlaşdırılmışdır. Bundan başqa istehsal olunacaq elektrik enerjisinin Şəmkir yarımstansiyasına vermək üçün uzunluğu 27,5 kilometr olan 35 kilovoltluq elektrik hava ötürücü xətti çəkilmişdir.
Sifarişçi təşkilatın nümayəndəsi Ayaz Qəhrəmanov və layihə rəhbərinin yardımçısı Şövqü Özkanlının verdikləri məlumata əsasən, hündürlüyü 190 metr olan bəndin 149 metrlik hissəsinin tikintisi başa çatdırılmışdır və hazırda tikinti işləri sürətlə davam etdirilir.
Layihə rəhbəri onu da əlavə etmişdir ki, artıq elektrik stansiyası üçün Fransadan və İspaniyadan turbinlər gətirilmişdir. Dəryaçanın tikintisində 650 nəfərin çalışdığını və onların gündə 3 dəfə pulsuz yeməklə təmin edildiyini diqqətə çatdıran Mehmet Yazıçı obyektin nəzərdə tutulduğu vaxtda təhvil veriləcəyinə əminliyini bildirmişdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !