Məşhurlar Cazibəli rənglər layihəsinin açılışında iştirak ediblər -

Məşhurlar “Cazibəli rənglər” layihəsinin açılışında iştirak ediblər

Müasir İncəsənət Mərkəzində “12 May Group” və “Xəyal Production”un təşkilatçılığı ilə “Dəstək ver” silsiləsindən “Cazibəli rənglər” layihəsinin açılışı olub.

AzPRESS xəbər verir ki, bir həftə boyunca davam edəcək layihə çərçivəsində 7 saylı Saray internat evinin sakini 21 yaşlı Nəzakət Muradovanın muncuqdan və müxtəlif dekorativ əşyalardan hazırladığı əl işləri nümayiş olunub.

Həmçinin 282 saylı məktəbin 6-cı sinif şagirdi fiziki qüsurlu Samirə Hüseynovanın da yağlı boya ilə çəkilmiş rəsm əsərlərinin sərgisi keçirilib.

Sərgidə millət vəkili Qənirə Paşayeva, əməkdar artistlər Aybəniz Haşımova, Azərin, yazıçı-publisist Rəşad Məcid, iş adamı Hacı Səbuhi Rəcəb, müğənni Aynişan da iştirak edib.

Tədbirdə Xəyal Rza sərginin səbəbkarlarına dəstək olmaq məqsədi ilə layihəni həyata keçirdiklərini deyib.

Millət vəkili Qənirə Paşayeva çıxışında gənclərin bacarığından razı qaldığını bildirib. Əlavə edib ki, N.Muradova və S.Hüseynovaya hər zaman dəstək olacaq.

Digər qonaqlar da çıxış edərək səbəbkarları tərifləyib təbrik ediblər. Sonra qonaqlar səbəbkarların əl işləri ilə tanış olublar.

Qənirə Paşayeva bir neçə rəsm əsəri və dekor işləmələr alıb. Millət vəkili digər qonaqları, hətta sərgidə iştirak edən jurnalistləri də unutmayaraq onlar üçün də Nəzakət və Samirənin əsərlərini alaraq hədiyyə edib.

Digər tanınmış qonaqlar da rəsm əsərləri və əl işlərindən alıblar. N.Muradovanın hazırladığı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın muncuqlardan ibarət portreti Heydər Əliyev Fonduna hədiyyə edilib. Onun digər mövzularda da maraqlı əl işləri var. Əl işləri və rəsmlər bir həftə boyunca satışda olacaq. S.Hüseynovanın rəsmlərindən əldə olunmuş gəlir onun əməliyyatı üçün sərf ediləcək.

Tədbirin təşkilatçılarından olan “12 May Group”un təsisçi-rəhbəri Hacı Səbuhi Rəcəb bu cür tədbirlərin tez-tez həyata keçməsi üçün əlindən gələni edəcəyini bildirib

Qeyd edək ki, “Cazibəli rənglər” sərgisi sentyabrın 13-dən 20-dək Müasir İncəsənət Mərkəzində keçiriləcək. Sərgi saat 12:00-dan, 19:00-adək davam edəcək.
Xüsusi-fotomüxbir: Rüstəm Fərman 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !