#10 il Instagram müsabiqəsinə yekun vuruldu -

“#10 il” Instagram müsabiqəsinə yekun vuruldu

Aztagram və “İrəli” İctimai Birliyinin birgə əməkdaşlığı ilə sentyabr ayının əvvəlindən etibarən start verilən “#10 il” İnstagram müsabiqəsinə yekun vurulub.
Müsabiqənin yekunu olaraq “10 il” kampaniyası çərçivəsində “Art Garden”da 300 nəfərin iştirakı ilə “#10 il” Instagram sərgisi baş tutub. Mərasimdə həmçinin, “10 il” jurnalı da təqdim edilib.
“İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev deyib ki, müsabiqəyə 6 mindən artıq foto təqdim olunub: “Bu Azərbaycanda ilk və ən böyük Instagram müsabiqəsidir. Təqdim edilmiş fotolardan 400 ən yaxşı foto seçilərək sərgidə nümayiş olunur”.
Aztagram-ın rəhbəri Fərhad Ələkbərov instagram istifadəçilərinin bu müsabiqədə aktiv olduqlarını vurğulayıb: “Nəticə göstərdi ki, yarışmaya maraq böyükdür. Gələcəkdə instagram istifadəçilərini bir-birindən maraqlı müsabiqələr gözləyir”.
Daha sonra isə “M Group Production”nın rəhbəri, teleprodüsser Murad Dadaşov bildirib ki, son 10 il ərzində ölkəmizdə gedən sürətli inkişafı görməmək mümkün deyil: “Biz bu gün ölkələr arasında öz sözünü deyə biləcək böyük dövlətik. Sözsüz ki, bu inkişafda gənclərimizin də rolu var. Burda olan bütün gənclər gələcəyin böyük şəxsiyyətləridir”.
Park Bulvar AVM-nin PR meneceri Günay Malikqızı vurğulayıb ki, bu sərgi gənclər üçün böyük əhəmiyyətə malikdir: “Bu gün gənclərimizin bu cür kreativ ideyalarla çıxış etmələri sözsüz ki, hər bir Azərbaycan vətəndaşı kimi məni də sevindirir. İnanıram ki, bu inkişaf axarlı olacaq”.
Tanınmış müğənni Sevda Yəhyayeva, rəqqasə və aktrisa Oksana Rəsulova da son illər Azərbaycanda gedən dinamik inkişafdan söhbət açıb və qeyd ediblər ki, indi Azərbaycan bütün dünyada tanınır və gənclərin də bu inkişafda öz xüsusi yeri vardır.
Tədbirdə həmçinin QHT nümayəndələri, media qurumların təmsilçiləri, tanınmış reper AiD, Azərbaycanda ilk internet radionun yaradıcısı Zaur Darabzadə, Hajizade Group şirkətinin rəhbəri Əli Hacızadə və başqaları iştirak ediblər.
Çıxışlardan sonra gənc müğənni Tom Risin ifasında “Səs Ver” mahnısı səsləndirilib. Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd Instagram istifadəçilərinin son 10 ildə həyatlarında baş vermiş əlamətdar hadisələri və anları əks etdirən foto və videoları bir araya toplamaqla Azərbaycanın və azərbaycanlıların son 10 ilini fotolardan ibarət sərgi formasında təqdim etməkdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !