Sənədli fotoşəkil bu gün: fikrin yarandığı andan həyata keçirilmə mərhələsinədək -

“Sənədli fotoşəkil bu gün: fikrin yarandığı andan həyata keçirilmə mərhələsinədək”

“YARAT” Müasir İncəsənət Məkanı Rusiyanın məşhur sənədli fotoqrafları Oksana Yuşko və Artur Bondarın 20-28.10.2013 tarixlərində keçirəcəyi məşğələlərdə iştirak etmək üçün ərizələrin qəbulunu elan edir.

- “Sənədli fotoşəkil bu gün: fikrin yarandığı andan həyata keçirilmə mərhələsinədək”
Məşğələlər zamanı Siz sənədli fotoşəkilin mahiyyətini və onun müasir dünyada yerini dərk edə bilərsiz. Məşğələlər yaşadığımız həqiqəti sənədləşdirməyi xoşlayan və insanları həyəcanlandıran mövzularla bağlı foto tarixçələri yaratmağa meylli olan tələbələr üçün nəzərdə tutulub.
Peşəkar fotoqraflar Artur Bondar və Oksana Yuşko məşğələ iştirakçıları ilə birgə və fərdi layihələrlə bağlı təcrübələri ilə bölüşəcək. Məşğələ aparıcıları sənədli fotoşəkillərin həqiqiliyinin sübut olunması zərurəti və bunun texniki tərəfi, klişelərdən imtina, özünütədqiqat və yaşadığımız dünyanın tədqiqatı, uzunmüddətli foto tarixçələrlə iş vərdişi, bu tarixçələr vasitəsilə problemlərin müəyyən olunması və həlli ilə bağlı ətraflı məlumat verəcək.
Məşğələlər zamanı tələbələrə çəkilişlərdə iştirak etmək və verilən mövzu ilə bağlı birgə layihə işini yerinə yetirmək təklif olunacaq. Məşğələlərin nəticəsi olaraq, layihə təqdimatı (sərgi/skrininq) keçiriləcək.

Artur Bondar Ukraynada anadan olub və böyüyüb. İngilis filologiyası sahəsində ali təhsilə sahibdir. 2007-ci ildən etibarən fotomüxbir kimi çalışır, hazırda Moskvada işləyir. Nyu-York Universitetində sənədli fotoşəkillərin çəkilişi və insan haqlarını öyrənirdi, 2012-ci ildə “Tisch” İncəsənət Məktəbini bitirib, ABŞ-da “Eddie Adams” məşğələlərinin, 2011-ci ildə Rumıniyada təşkil olunan Noor-Nikon məşğələlərinin, habelə xaricdə keçirilən bir çox festivallarının iştirakçısı olub. 2013-cü ildə ABŞ Sənədli Fotoşəkil Fondunun qalibi elan olunmuşdur, 2012-ci və 2011-ci illərdə isə, müvafiq olaraq, insan haqları üzrə Magnum Fondunun təqaüdün və National Geographic qrantının qalibi oldu. Hazırda Rusiyada, Ukraynada və xaricdə həyata keçirilən fərdi və kollektiv layihələrdə iştirak edir.

Oksana Yuşko 2006-cı ildən etibarən fotomüxbir kimi çalışır və Moskvada yaşayır. Hesablama texnikası və tətbiqi riyaziyyat üzrə ali təhsil almışdı. O, BURN jurnalının elan etdiyi Emergency Photographer Grant (2013), Anthropographia Human Rights (2012), Lens Culture International (2011), The Aftermath project (2010), Conscientious Portfolio Competition (2010) və digər proqram və müsabiqələrin qalibidir. Bugünədək Rusiya, ABŞ, Almaniya, Böyük Britaniya, Finlandiya, Danimarka, İspaniya, Tayland və digər ölkələrdə keçirilən festival və sərgilərin iştirakçısı idi. Həm Rusiya, həm də xarici nəşrlərlə əməkdaşlıq edir. Hazırda Rusiyada və xaricdə həyata keçirilən fərdi və kollektiv layihələr üzərində işləyir.

>>> Məşğələlərdə iştirak etmək niyyətində olan ərizəçilər oktyabr ayının 10-dək öz CV-lərini və sayı beşdən çox olmayan çəkdikləri fotoşəkilləri [email protected] elektron poçt ünvanına göndərməlidir. İştirakçıların seçimi müsabiqə əsasında keçirilir, iştirakçı yerlərin sayı məhduddur. Yuxarıda qeyd olunan tarixdən sonra göndərilən ərizələrə baxılmayacaq.

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !