BMT Baş Katibinin Gənclər üzrə xüsusi elçisi İRƏLİ İctimai Birliyinin qonağı olub -

BMT Baş Katibinin Gənclər üzrə xüsusi elçisi “İRƏLİ” İctimai Birliyinin qonağı olub

19 Oktyabr tarixində BMT Baş Katibinin Gənclər üzrə xüsusi elçisi Əhməd Əlhəndavi “İRƏLİ” İctimai Birliyinin qonağı olub.
Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, “İRƏLİ” İctimai Birliyinin həmtəsisçisi Ceyhun Osmanlı, Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri və eyni zamanda Bakıda keçiriləcək BMT Təhlükəsizlik Şurasının Beynəlxalq Model Konfransının rəhbəri Məzahir Əfəndiyev, “İRƏLİ” İctimai Birliyinin baş katibi Nərmin Məmmədova, birliyin Nəzarət Təftiş Komissiyasının sədri Xəqani Fərəcov və “İRƏLİ” İctimai Birliyinin İdarə Heyətinin üzvləri, fəallar iştirak ediblər.
Qonaqlar ilk olaraq “İRƏLİ” Gənclik Mərkəzi ilə tanış olub. Gənclərə təşkilatın məqsədi, strukturu, iş mexanizmi, layihələri barədə ətraflı məlumat verilib və təşkilatın fəaliyyətini əks etdirən geniş təqdimat göstərilib.
Görüş zamanı BMT ilə Azərbaycan Gənclər Təşkilatlarının əməkdaşlıq məsələləri, eyni zamanda gələcəkdə birgə layihələrin icra olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
Cənab elçi BMT-nin gənclər siyasəti, planlaşdırılan fəaliyyətlər haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.
Millət vəkili Ceyhun Osmanlı Azərbaycan haqqında, eyni zamanda ölkədə uğurla aparılan və bir çox ölkələrə nümunə ola biləcək gənclər siyasəti, dövlət gənclər proqramının özəllikləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında qonaqlara məlumat verib.
Qeyd edək ki, BMT-nin Baş Katibinin Gənclər üzrə xüsusi elçisi Əhməd Əlhəndavi 21 oktyabr tarixində Bakıda keçiriləcək BMT Təhlükəsizlik Şurasının Beynəlxalq Model Konfransının açılış mərasimində iştirak etmək məqsədi ilə ölkəmizdə səfərdədir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !