Heydər Əliyev Fondu Qarabağın beynəlxalq aləmdə səsidir -

Heydər Əliyev Fondu Qarabağın beynəlxalq aləmdə səsidir

Qarabağ İctimai Forumunun keçirdiyi sorğuda respondentlərin 75,5%-i Qarabağ məsələsi ilə bağlı daha aktiv fəaliyyətinə görə Heydər Əliyev Fondunu və fondun prezidenti Mehriban xanım Əliyevanın adını xüsusi qeyd ediblər. Minə yaxın respondentin iştirak etdiyi sorğu Qarabağ İctimai Forumunun təşkilatçılığı ilə həyata keçirilmişdir.
2010-cu il oktyabrın 15-də Qarabağ İctimai Forumu tərəfindən Qarabağ problemi ilə bağlı vətəndaş cəmiyyətinin fəaliyyətinin öyrənilməsi məqsədi ilə ictimaiyyət arasında keçirilən sorğunun nəticələri, Qarabağ İctimai Forumunun yaranması və fəaliyyəti barədə daha dolğun məlumat əldə etmək üçün qurumun təsisçilərindən olan "Lider qadınlar" İctimai Birliyinin sədri, millət vəkili Məlahət İbrahimqızına bir neçə sualla müraciət etdik.
- Məlahət xanım, istərdik yeni yaradılan Qarabağ İctimai Forumu haqqında məlumat verəsiniz. Necə oldu ki, forum yaradıldı və o, qarşısına hansı məqsədləri qoyub?
- 2010-cu ilin əvvəlində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev şuranın 2009-cu il üçün hesabatının təqdimatını keçirirdi. Hesabatın təqdimatı zamanı Dövlət Şurası daha çox dəstək verdiyi layihələrlə bağlı öz prioritetlərini səsləndirdi. Mən də tədbirə "Lider qadınlar" İctimai Birliyinin rəhbəri və qadın QHT-ləri üzrə müstəqil ekspert kimi dəvət olunmuşdum. Azay müəllim hesabatını təqdim etdikdən sonra qeyd etdi ki, baxmayaraq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Qarabağla bağlı layihələri daha çox dəstəkləyir, lakin ötən müddət ərzində QHT-lərin şuraya təqdim etdikləri layihələrin təxminən 2-3%-i bu mövzuya həsr olunub. Bu, bizim üçün ürəkağrıdıcı faktdır. Təbii ki, hesabatda iştirak edən digər ekspertlər kimi mən də bu barədə öz fikirlərimi bildirdim. Biz elə həmin iclasda qərara aldıq ki, QHT-lərin və KİV-lərin, ümumiyyətlə, cəmiyyətin Dağlıq Qarabağ probleminin təbliğində məsuliyyəti və rolunun öyrənilməsi, bu işin gələcəkdə daha mütəşəkkil və ardicıl, əlaqəli fəaliyyətinin qurulması məqsədilə müstəqil ekspertlərin iştirakı ilə hər hansı bir ictimai qurum yaradılsın. Bu fikir hamı tərəfindən bəyənildi. Beləliklə də, Qarabağ İctimai Forumu yarandı.
Foruma həm fərdi, həm də təşkilat şəklində tam sərbəst üzv olmağın mümkünlüyü qərara alındı. Yəni, istənilən şəxs Qarabağ İctimai Forumuna üzv ola bilər. Bu qərarı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev də dəstəklədi.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni, "İnam" Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi, Milli Məclisin deputatları Cəmil Həsənli, Sabir Rüstəmxanlı, "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Milli İnternet Forumunun rəhbəri Osman Gündüz, "Vətəndaş cəmiyyəti uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzinin rəhbəri Eldar İsmayılov, "Qarabağ qaziləri" Birliyinin sədri Etimad Əsədov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlunun iştirakı ilə keçirilən tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vətəndaş cəmiyyəti institutlarının təbliğat işlərinin yeni müstəvidə aparılması, problemin daha da aktuallaşdırılması və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üsullarının təkmilləşdirilməsi məsələləri müzakirə edildi. Bu məqsədlə Qarabağ İctimai Forumu özünün gələcək fəaliyyətinin prioritetlərini nizamlayan Əsasnaməsini və bunun əsasında bir il müddəti üçün fəaliyyət planını qəbul etdi.

- Qarabağ İctimai Forumu fəaliyyətə sorğu keçirməklə başladı. Bu hansı zərurətdən irəli gəlirdi?
- Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hesabatında da qeyd edildiyi kimi, ilk növbədə ictimai rəyin öyrənilməsi və ictimaiyyətin məsuliyyəti məsələsinin gündəmə gəlməsinin çox böyük əhəmiyyəti var. Bu problem təkcə ümummilli problem deyil, ümumtürk problemidir. Bu mənada Qarabağ problemi ilə bağlı təbliğat işlərinin təkmil forma və metodlarını müəyyən etmək, ictimai fikri öyrənmək, bu sahədə görülən işlərlə bağlı vətəndaş cəmiyyətinin rəyini bilmək çox zəruri idi. QİF təşkilatçılığı ilə ekspertlər tərəfindən geniş, əhatəli sorğu anketi hazırlandı. Bu sorğuda bütün istiqamətlərdə fəaliyyət göstərən QHT-lər iştirak etdiyi üçün bu anketdə başqa mövzuları əhatə edən suallar da var idi. Qarabağ məsələsi ilə bağlı aparılan təbliğat işinə münasibəti öyrənmək üçün bu ilin iyul-sentyabr aylarında QHT, KİV və ictimaiyyət nümayəndələri arasından seçilən 1000-ə yaxın - 973 respondentin rəyi öyrənildi. Məlum oldu ki, rəyi soruşulanların 58,9%-ni vətəndaş cəmiyyəti institutlarının Qarabağ problemi ilə bağlı həyata keçirdikləri layihələr qane etmir. 22,8% vətəndaş cəmiyyəti institutlarının bu sahədəki fəaliyyətindən qismən, 18,3% isə tam razıdır.
Respondentlərin 55,5%-i Qarabağ problemi ətrafında təbliğat işini gücləndirmək üçün elektron KİV-lərin imkanlarından geniş istifadə edilməsini, 27,5% Azərbaycanda və xarici ölkələrdə beynəlxalq səviyyəli konfransların keçirilməsini vacib sayır. 21,2% isə hesab edir ki, Qarabağ uğrunda gedən müharibəni əks etdirən qısametrajlı filmlər çəkilməli, internetdə yerləşdirilməlidir. 18,8% respondent Qarabağın tarixi ilə bağlı müxtəlif portalların yaradılmasına tərəfdardır. Rəyi soruşulanların 16,5%-i konqresmenlər, senatorlar və parlamentarilərlə iş aparılmasını istəyirlər.
Qarabağ müharibəsində zərər çəkmiş insanların hüquqlarının beynəlxalq səviyyədə qorunmasında QHT-lərin rolunu yaxşı qiymətləndirənlər 10,8%, kafi qiymətləndirənlər 38,1%-dir. QHT-lərin rolunu pis qiymətləndirənlər isə 51,1% olmaqla üstünlük təşkil edir.
Respondentlərin 75,5%-i Qarabağ məsələsi ilə bağlı daha aktiv fəaliyyətinə görə Heydər Əliyev Fondunu və fondun rəhbəri Mehriban xanım Əliyevanı xüsusi qeyd ediblər. Sorğuda iştirak edənlər Heydər Əliyev Fondunun Rusiya üzrə rəhbəri Leyla xanım Əliyevanın fəaliyyətini də xüsusi qiymətləndiriblər.
Həqiqətən də, Heydər Əliyev Fondunun və fondun prezidenti Mehriban Əliyevanın Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında əvəzsiz rolu vardır. Bu fəaliyyətin nəticəsidir ki, hətta bir çox ölkələrin parlamentlərində bu məsələ ilə bağlı konkret münasibət bildirilmişdir. İKT Parlament Məclisində qəbul edilmiş sənədin də çox böyük hüquqi statusu vardır. Əslində keçirilmiş bu sorğuda ictimaiyyət tərəfindən Qarabağ məsələsi ilə bağlı Heydər Əliyev Fondunun və fondun prezidenti Mehriban Əliyevanın fəaliyyətinin yüksək qiymətləndirilməsini tam təbii başa düşmək olar.
Sorğunun nəticələrində seçilən digər təşkilatlar arasında Dünya Azərbaycanlıları Konqresinin, Qarabağ Azadlıq Təşkilatının, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının, "İnam" Plüralizm Mərkəzinin və digər təşkilatların da adları çəkilib. Respondentlər həm də bu məsələdə fərqlənən politoloqların, ziyalıların da adlarını qeyd ediblər.
Qarabağ probleminin həlli yollarında aparılan təbliğat işlərində ictimaiyyətin fikrini, mövqeyini öyrənmək, cəmiyyəti bu problem ətrafında daim əlaqəli və sistemli hərəkətə gətirmək üçün bu cür sorğuların əhəmiyyəti böyükdür. Sorğu zamanı Qarabağ problemi ilə bağlı aparılan təbliğat işinin rəyi soruşulanları qane etməməsi əslində xalqın Qarabağ probleminin ictimaiyyət arasında bu gün də ən aktual mövzu olaraq qaldığını bir daha sübut edir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !