Uşaqlar arasında Eurovision-2013 : bir nömrəli hazırlıq -

Uşaqlar arasında “Eurovision-2013”: bir nömrəli hazırlıq

Noyabrın 29-u uşaqlar arasında “Eurovision-2013” müsabiqəsinin iştirakçıları üçün çox əlamətdar gün olmuşdur: “Ukraina” milli incəsənət sarayının səhnəsində peşəkar münsiflər heyətinin qiymətləndirəcəyi baş məşqlər keçirilmişdir.
Ekspertlər arasında səsvermə gizli keçiriləcəkdir. Noyabrın 30-da final yarışmasında bu səsvermənin nəticələrinə televiziya tamaşaçılarından alınmış qiymətlər də əlavə ediləcək və bundan sonra uşaqlar arasında “Eurovision-2013” müsabiqəsinin mütləq qalibinin, habelə ikinci və üçüncü yerləri tutmuş mükafatçıların adları məlum olacaqdır.
Müsabiqənin aparıcıları - “Eurovision-2013” yarışmasının ukraynalı finalçısı Zlata Oqneviç və onun həmvətəni, beynəlxalq müsabiqənin şərhçisi Timur Miroşniçenko bu gün Azərbaycan nümayəndəsi, Rəşid Behbudov adına uşaq musiqi məktəbinin 10 yaşlı şagirdi Rüstəm Kərimovu səhnəyə dəvət etmişlər. Rüstəm beynəlxalq mahnı müsabiqəsinin finalında sayca ikinci çıxış edəcəkdir.
Rüstəm Kərimov 2003-cü il avqustun 18-də Bakıda anadan olmuşdur. 2 yaşında ikən oxumağa başlamış Rüstəm o vaxtdan musiqiyə bağlanmışdır. Ailədə əsl konsertlər təşkil edir, cizgi filmlərindən mahnılar oxuyurdu. Uşaq bağçasına gedərkən Rüstəm tezliklə yaşıdlarının musiqi kumirinə çevrilmiş, məktəbdə isə bütün konsertlərdə artıq bir nömrəli ulduz hesab edilmişdi. Bu istedadlı oğlan 2011-ci ildə Rəşid Behbudov adına musiqi məktəbində fortepiano çalmağı öyrənməyə başlamışdır.
Rüstəm musiqi aləmində Rəşid Behbudov və Maykl Ceksona, Müslüm Maqomayev və Stivi Uanderə pərəstiş edir.
Bu gün Rüstəmin baş məşqdə ifa etdiyi “Me and my Guıtar” (“Mən və mənim gitaram”) adlı mahnı zalda əyləşənlər tərəfindən gurultulu alqışlarla qarşılanmışdır.
Azərbaycanın gənc nümayəndəsi bu müsabiqədə mübariz əhval-ruhiyyədə və qələbə qazanmaq əzmindədir.(AzərTAc)
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !