MİRASIN İNTERNET SƏHİFƏLƏRİ ERMƏNİLƏR TƏRƏFİNDƏN DAĞIDILIB -

MİRASIN İNTERNET SƏHİFƏLƏRİ ERMƏNİLƏR TƏRƏFİNDƏN DAĞIDILIB

 

Dekabr ayının 8-də MİRAS İctimai Birliyinin internet səhifələrinə erməni hakerlərinin kiberhücumları olub. MİRAS İctimai Birliyinə məxsus 3 internet səhifəsi - www.miras.az, www.archaeotourism.az, www.seyidyahyashirvani.az - demək olar ki, tamamilə dağılıb. Ermənilər saytlarda öz bayraqlarını yerləşdirib, bütün azərbaycanlıların adına təhqiramiz ifadələr yazıblar. Ermənilərin mədəni irsin öyrənilməsi, mühafizəsi və təbliğindən bəhs edən bu internet səhifələri hədəfə alması artıq bu sahədə təhlükə hiss etmələrindən irəli gəlir.
www.miras.az Azərbaycanda mədəni irs sahəsində fəaliyyət göstərən MİRAS İctimai Birliyinin rəsmi internet səhifəsidir. MİRASa məxsus bütün məlumatlar iki dildə (Azərbaycan və ingilis) bu internet səhifədə yayımlanır. MİRAS İctimai Birliyi 2013-cü ildə mədəni irsin təbliği nominasiyasında Milli İrs Mükafatına layiq görülüb.

 

 


www.archaeotourism.az MİRAS İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda arxeoloji turizmin inkişafı və təbliği" layihəsinin bir hissəsi olub, nəinki Azərbaycanda, dünyada bu istiqamətdə azsaylı internet səhifələrindəndir. Bu il həmin səhifə Milli Net Mükafatına təqdim olunub və birinci mərhələni keçib.
www.seyidyahyashirvani.az UNESCO-nun 2013-cü ili Seyid Yəhya ili elan etməsi münasibətilə müxtəlif təşkilatların dəstəyi ilə MİRAS İctimai Birliyi tərəfindən yaradılıb. Səhifədə elektron kitablar, video və audio dərslər də daxil olmaqla çoxsaylı məlumat bazası yerləşib.
Hər üç internet səhifə İmage Company tərəfindən hazırlanıb və həmin şirkətə məxsus serverlərdə yerləşir. MİRAS İctimai Birliyinin internet səhifələri ilə yanaşı Azərbaycan Dil Qurumunun www.adq.az səhifəsi də hakerlərin hücumuna məruz qalıb.

 

 


Mütəxəssislər hücumun artıq başa çatdığını, hakerlərin dağıdıcı fəaliyyətdən sonra getdiklərini, yaddaşın tamamilə məhv edildiyini, həmin səhifələri bərpa etməyin çətin olduğunu qeyd ediblər. Gəlinən qənaətə görə, hakerlər səhifələr üzərində uzun müddət müşahidə aparıb və belə dağıdıcı zərbə vurublar.
İmage Company rəhbərliyi hesab edir ki, bu, ermənilərin sadəcə Azərbaycan internet səhifələrini dağıtmaq istəyindən irəli gəlmir. Çünki dağıdılan səhifələr Azərbaycanın dili, mədəniyyəti, tarixi yerləri ilə bağlı olan səhifələrdir. Görünür, bu, ermənilərin düşünülmüş kampaniyasıdır və Azərbaycanın mədəniyyəti ilə bağlı səhifələrin dağıdılması planlı işdir.
Hal-hazırda bütün adı çəkilən səhifələr qapalıdır və üzərində bərpaetmə işləri aparılır.

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !