Romada “Azərbaycan və “Cənub” qaz dəhlizi: Transatlantik perspektivi” mövzusunda konfrans keçirilmişdir -

Romada “Azərbaycan və “Cənub” qaz dəhlizi: Transatlantik perspektivi” mövzusunda konfrans keçirilmişdir

Romada Beynəlxalq Münasibətlər İnstitutu (BMİ) tərəfindən “Azərbaycan və “Cənub” qaz dəhlizi: Transatlantik perspektivi” mövzusunda konfrans keçirilmişdir.
Tədbiri açan Unicredit bankının beynəlxalq münasibətlər şöbəsinin rəhbəri Luka Ranieri konfransda aparılacaq müzakirələrin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Qeyd etmişdir ki, “Trans-Adriatik Pipeline” (TAP) layihəsi Avropa və Mərkəzi Asiya regionları arasında əlaqələrin qurulması üçün vacib addımdır.
Təmsil etdiyi qurumun sürətlə inkişaf edən Azərbaycanda sərmayə yatırmağa maraqlı olduğunu deyən Luka Ranieri ölkəmizin Avropa üçün artıq etibarlı tərəfdaşa çevrildiyini bildirmişdir. O demişdir: “Fəaliyyət göstərdiyimiz ölkələrdən biri də Azərbaycandır. Biz sürətlə inkişaf edən maliyyə bazarına malik bu ölkədə sərmayə yatırmağa maraqlıyıq”.
BMİ-nin direktoru Ettore Qreko diqqətə çatdırmışdır ki, təmsil etdiyi qurumun Azərbaycan ilə bağlı keçirdiyi silsilə tədbirlər çərçivəsində təşkil olunan konfransın mövzusu ümumi maraq kəsb edir. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın daxili və xarici siyasətini, beynəlxalq aləmdəki mövqeyini, regiondakı problemlərin və onların həlli yollarını, təhlükəsizlik məsələlərini, Xəzər dənizinin enerji ehtiyatları ilə bağlı layihələrin həyata keçirilməsini, Avropa İttifaqı ilə ölkəmiz arasındakı əlaqələri müzakirə etməkdir. Bu kontekstdə Azərbaycan ilə İtaliya arasındakı əlaqələr də mühüm əhəmiyyət kəsb edir. Tədbir TAP layihəsinin iştirakçısı olan bütün tərəflərin ümumi maraqlarını uğurlu şəkildə təbliğ etmək üçün yaxşı vasitədir.
konfransda çıxış edən BMİ-nin tədqiqatçısı Nona Mikelidze TAP layihəsi üzrə sazişlərin imzalanmasının əhəmiyyətini vurğulamışdır. Qeyd etmişdir ki, layihə Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində önəmli addımdır. Enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsinin müasir dünyanın mühüm problemlərindən biri olduğunu diqqətə çatdıran Nona Mikelidze bildirmişdir ki, məhz bu çağırışlar “Cənub” qaz dəhlizi layihəsinin ideyasının meydana gəlməsinə səbəb olmuşdur.
ABŞ-ın “Heritage” (“İrs”) Fondunun elmi tədqiqatçısı Ariel Kohen “Cənub” qaz dəhlizinin Avropa ölkələri üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Diqqətə çatdırmışdır ki, layihənin həyata keçirilməsi nəticəsində bir sıra Avropa ölkələri Azərbaycan qazı ilə təmin olunacaqdır. TAP layihəsi bütün Şərqi Avropa üçün önəmlidir.
Tədbirdə məruzə ilə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov diqqətə çatdırmışdır ki, “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması TAP layihəsinin həyata keçirilməsi istiqamətində atılmış addımdır. Bununla da bizim üçün mühüm əhəmiyyət kəsb edən “Cənub” qaz dəhlizi layihəsi reallığa çevrilmiş olur.
Azərbaycanda həyata keçirilən yeni enerji strategiyasının tarixinə toxunan səfir qeyd etmişdir ki, “Əsrin müqaviləsi” bu istiqamətdə qazanılan olunan uğurların başlanğıcı olmuşdur. Bu layihə Xəzər, Qara və Aralıq dənizlərini birləşdirməklə yeni bir coğrafi məkan yaratmış oldu. Hazırda Azərbaycan Avropanın enerji bazarına çıxış əldə etmək hədəfinə çatmaqdadır. Ölkəmiz Avropa üçün strateji baxımdan önəmli tərəfdaşa çevrilmişdir.
Elin Süleymanov vurğulamışdır ki, TAP layihəsinin həyata keçirilməsi nəticəsində marşrut boyu yerləşən ölkələrdə yeni iş yerləri açılacaqdır. Bu cür irimiqyaslı layihələrin reallaşdırılması regional enerji təhlükəsizliyinin təmin olunmasında mühüm amillərdən biridir.
Vaşinqtonda fəaliyyət göstərən Atlantika Şurasının Dinu Patriciu Avrasiya Mərkəzinin direktor müavini David Koranyi və BMİ-nin tədqiqatçısı Nikolo Sartori Avropa enerji bazarının hazırkı vəziyyətindən bəhs etmişlər. Bildirmişlər ki, regionun enerji sektorunun gələcək inkişafı baxımından TAP layihəsi böyük əhəmiyyət kəsb edir. Hazırda TAP “Cənub” qaz dəhlizinin aparıcı layihəsinə çevrilməkdədir.
Sonda konfransda mövzu ilə bağlı müzakirələr aparılmış və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Konfransda İtaliyanın akademik, dövlət və işgüzar dairələrinin nümayəndələri və KİV-lərin təmsilçiləri iştirak etmişlər.(AzərTAc) 

 

 

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )