Şəmkir. Arxeoloji qazıntılar və artefaktlar kitabının təqdimatı olmuşdur -

“Şəmkir. Arxeoloji qazıntılar və artefaktlar” kitabının təqdimatı olmuşdur

Dekabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Şəmkir. Arxeoloji qazıntılar və artefaktlar” kitabının təqdimatı keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Maisə Rəhimova nəşrin əhəmiyyətindən söhbət açmışdır. Bildirmişdir ki, rəhbərlik etdiyi elmi müəssisənin, Mədəniyyət və Turizm Nazirliyinin və “Regionların İnkişafı” İctimai Birliyinin (İB) birgə layihəsi üzrə hazırlanmış kitabın müəllifləri tarix üzrə elmlər doktoru Tarix Dostiyev, tarix üzrə fəlsəfə doktorları Rəşid Bəşirov, Namiq Hüseynli və memar Rəsulağa Mirzəyevdir.
Qeyd edilmişdir ki, kitabda genişmiqyaslı arxeoloji qazıntılar aparılan qədim Şəmkir şəhərinin tədqiqindəki başlıca yekunlar oxucuların diqqətinə çatdırılır.
Ümummilli liderimiz Heydər Əliyevin daim Azərbaycan elminin, tarixinin, mədəniyyətinin inkişafına və tədqiqinə böyük önəm verdiyini diqqətə çatdıran direktor hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. Diqqətə çatdırılmışdır ki, son illərdə Prezident İlham Əliyevin qədim abidələrimizin, maddi və mənəvi mədəniyyətimizin tədqiqinə göstərdiyi yüksək diqqət və qayğı sayəsində Azərbaycan arxeologiya və etnoqrafiya elmləri regionda ən yüksək inkişaf pilləsinə çatmışdır.
Rəhbərlik etdiyi institut ilə “Regionların İnkişafı” İctimai Birliyi arasındakı sıx əlaqələrdən söhbət açan M.Rəhimova kitabın işıq üzü görməsində İB-nin əməyini yüksək qiymətləndirmişdir.
Tədbirdə tarix üzrə elmlər doktoru Tarix Dostiyev, “Regionların İnkişafı” İctimai Birliyinin sədri Seymur Quliyev çıxış edərək kitabın əhəmiyyətindən, aparılmış arxeoloji tədqiqatlardan və onların nəticələrindən danışmışlar.
Qeyd edilmişdir ki, kitabda Şəmkirdə 2006-cı ildən başlanılmış və 2011-ci ilədək aparılmış arxeoloji tədqiqatların nəticələri əks olunmuşdur. 2006-cı ildən burada aparılmış arxeoloji qazıntılar nəticəsində şəhərin möhtəşəm istehkam tikililəri, monumental binaların və yaşayış evlərinin qalıqları, şəhər küçələri, təsərrüfat tikililəri və emalatxanalar, şəhərin su təchizatı şəbəkəsi və ümumşəhər kanalizasiya sistemi üzə çıxarılmışdır.
Beşillik arxeoloji tədqiqatlar zamanı əhalinin həyat tərzini, məşğuliyyətini, dini görüşlərini, dövrün hərb sənətini, şəhərin iqtisadi və mədəni əlaqələrini əks etdirən minlərlə artefakt əldə olunmuşdur. Bu tapıntılar Azərbaycan tarixinin və mədəniyyətinin tədqiqi üçün əvəzolunmaz mənbələrdir. Şəmkirdə aparılmış arxeoloji qazıntılar, həmçinin Azərbaycanın yüksək şəhərsalma mədəniyyətini aşkar etməklə bərabər, həm də bütövlükdə orta əsr müsəlman şəhərinin öyrənilməsi baxımından böyük elmi əhəmiyyət kəsb edir.
Çıxış edənlər kitabın ərsəyə gəlməsində əməyi olan bütün insanlara, müvafiq qurumlara minnətdarlıqlarını bildirmişlər.
Nəzərə çatdırılmışdır ki, iki hissədən ibarət nəşrin birinci hissəsində orta əsr Şəmkir şəhərində aparılmış arxeoloji qazıntılar haqqında məlumat verilir. Kitabın ikinci hissəsi isə kataloq şəklindədir ki, burada da aşkar olunmuş maddi-mədəniyyət nümunələri təsvir olunmuşdur.
Təqdimat mərasimində Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova çıxış edərək Azərbaycan dövlətinin daim mədəniyyətimizə, tariximizə, milli mədəni dəyərlərimizin qorunmasına və təbliğinə böyük önəm verdiyini bildirmişdir.
R.Aslanova ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanı təkcə bir müstəqil dövlət, zəngin təbii sərvətlərə malik ölkə kim yox, zəngin tarixi, mədəniyyəti olan ölkə kim tanıtmalıyıq” kəlamını xatırladaraq Ulu Öndərin hələ müstəqilliyimizin ilk illərində daim maddi mədəni sərvətlərimizə böyük diqqət və qayğı ilə yanaşdığını xüsusilə vurğulamışdır.
“Bir millətin tarixini məhv etmək, onun gələcəyini məhv etməkdir” söyləyən Rəbiyyət Aslanova xalqımızın ulu keçmişinin və zəngin mədəniyyətinin öyrənilməsində, onların qorunub saxlanılmasında alimlərimizin, tədqiqatçılarımızın və arxeoloqlarımızın əməyini yüksək qiymətləndirmişdir.
R.Aslanova qədim tarixi köklərə malik Azərbaycanda hələ də bir sıra məkanların, bölgələrin tədqiqata ehtiyacı olduğunu bildirmişdir.
Mərasimdə akademiyanın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA-nın müxbir üzvü İlyas Babayev, Şəmkir Rayon Heydər Əliyev Mərkəzinin direktoru Məleykə Əlizadə, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqaları çıxış edərək qədim köklərə malik Azərbaycan tarixinin, mədəniyyətinin öyrənilməsində kitabın əhəmiyyətini qeyd etmiş, fədakar arxeoloqların əməyini yüksək qiymətləndirmişlər.
“Şəmkir. Arxeoloji qazıntılar və artefaktlar” kitabı Şəmkirdəki Heydər Əliyev Mərkəzinin xüsusi layihəsi üzrə hazırlanmışdır.
Ümumilikdə 515 səhifədən ibarət, nəfis tərtibatla hazırlanmış “Şəmkir. Arxeoloji qazıntılar və artefaktlar” kitabı arxeoloqlar, tarixçilər, memarlar və sənətşünaslar üçün nəzərdə tutulmuşdur. 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !