MİRAS MƏDƏNİ İRSİN ÖYRƏNİLMƏSİNƏ KÖMƏK İCTİMAİ BİRLİYİNİN YARANMASININ 4 İLLİYİ QEYD OLUNDU -

MİRAS MƏDƏNİ İRSİN ÖYRƏNİLMƏSİNƏ KÖMƏK İCTİMAİ BİRLİYİNİN YARANMASININ 4 İLLİYİ QEYD OLUNDU

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 12 yanvar 2014-cü il tarixində “Çanaqqala” restoranının “Muğam ocağı” zalında yaranmasının 4 illiyinə həsr edilmiş tədbir keçirdi. Tədbirdə Miras üzvləri ilə yanaşı, dövlət qurumlarının, xarici diplomatik korpusun təmsilçiləri, ali təhsil ocaqlarının müəllim və professor heyəti, mədəni irsin öyrənilməsi və təbliğındə maraqlı olan qonaqlar iştirak edirdilər.
Tədbiri MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix elmləri üzrə fəlsəfə doktoru Fariz Xəlilli açaraq, qonaqları salamladı və hamını Birliyin 2013-cü ildə gördüyü işlərə həsr edilmiş, Image Company tərəfindən çəkilmiş videoçarxa baxmağa dəvət etdi. Böyük maraqla qarşılanan videoçarx qonaqları MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin 2013-cü ildə keçirdiyi simpozium və konfranslara, mədəni irs turlarına qaytardı, xoş təəssüratlar yaradan ab-hava birlik sədri Fariz Xəlillinin hesabat xarakterli çıxışı ilə davam etdi.
F.Xəlilli Birliyin dörd il ərzində keçdiyi yol, strukturu, fəaliyyət istiqamətləri, üzvlərin aktivliyi haqqında ətraflı məlumat verdi. MİRAS İctimai Birliyinin Ağsu arxeoloji ekspedisiyası ilə eyni vaxtda yarandığını, 4 il ərzində aparılan və işləri hələ də davam edən ekspedisiya zamanı 8 mindən artıq eksponatın tapıldığını və onların Azərbaycan Milli Tarix Muzeyində, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində nümayiş etdirildiyini, hazırda Ağsuda həmin ərazidə Orta əsr Ağsu şəhər Arxeoloji Turizm Kompleksinin uğurla fəaliyyət göstərdiyini bildirdi. MİRAS indiyə qədər Ağsu arxeoloji ekspedisiyası ilə bağlı 3 kitab və 1 film hazırlayaraq kütləviləşdirib, hazırda 4-cü kitab üzərində iş gedir. Ətrafına geniş oxucu kütləsi toplamış, alimlərimizin, mirassevərlərin sevimli mətbu məkanı olan “Miras” jurnalı da Birliyin məhsuludur və artıq 7 nömrəsi oxuculara təqdim edilib. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi ötən il ərzində istər ölkədaxili, istərsə də beynəlxalq simpozium, konfrans, seminarlarda Azərbaycanın milli irsinə dair məruzə və təqdimatlarla fəal iştirak etməklə yanaşı, bəzilərinin təşkilatçısı oldu. İctimai birlik 2013-cü il ərzində 4 beynəlxalq konfransda, 1 sərgi, 1 seminar, 2 simpoziumda fəal iştirak etmişdir. MİRAS həmçinin bir çox beynəlxalq təşkilatlarla birlikdə Makedoniyada “Tarixi-mədəni irsin qorunması, tədqiqi və təbliği”, Ordu şəhərində (Türkiyə) “Arxeoloji və ekoloji miras” seminarlarını, “Beynəlxalq Tarixi-Mədəni Azərbaycan turu” layihəsi çərçivəsində Tiflis Dövlət Universitetinin tələbələri üçün Beynəlxalq Mədəni İrs Düşərgəsi, VII Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi Simpoziumu, Bayburt şəhərində (Türkiyə) XIX Beynəlxalq Dədə Qorqud Mədəniyyət və Sənət Festivalında iştirak və “Gənc Azərbaycan rəssamlarının əsərləri” rəsm sərgisi, Qahirə şəhərində (Misir) “Antik fotoların konservasiya-bərpası” üzrə seminar və təlim, Şəkidə "Mövlana Cəlaləddin Rumi və Seyyid Yəhya Şirvani Perspektivində Azərbaycandan Anadoluya İrfan Yolu" mövzusunda konfransın təşkilatçılarından olan MİRAS “Seyyid Yəhya Şirvani (Bakuvi) yaradıcılığının tanıtımı istiqamətində fəaliyyətini davam etdirərək Bakı, Ağsu, Şamaxı, İsmayıllı, Cəlilabad, Lənkəran, Astara, Zaqatala şəhərlərində yerli icra strukturları, ali təhsil ocaqları və QHT-lərin iştirakı ilə müxtəlif seminarlar təşkil edərək keçirmişdir. “Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu” İctimai Birliyi ilə birlikdə “www.seyidyahyashirvani.az” saytının təqdimatı baş tutmuşdur.
Fariz Xəlilli: “MİRAS 2014-cü ilin may ayında İtaliya Konservasiya Alimləri İttifaqı ilə birlikdə Ağsu şəhərində YOCOCU beynəlxalq konfransının təşkilinə hazırlaşır. Lakin təəssüf hissi ilə bildirirəm ki, dünyanın bir çox ölkələrindən gənc tədqiqatçıların böyük həvəslə qatılmaq üçün müraciət etdikləri bu konfransa Azərbaycan gəncləri çox passiv yanaşır”, - deyə gileyini bildirdi.
MİRAS ölkə daxilində “Folklorumuz və Qobustan”, “Orta əsr şəhər mədəniyyəti və Beyləqan”, Quba Özəl Türk Liseyində “Tarixin bir günü“, “Azərbaycanda tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği: mövcud vəziyyətin monitorinqi və qarşıda duran vəzifələr” mövzusunda Şamaxı və Gəncə şəhərlərində seminarlar təşkil etmişdir.
İctimai Birliyin sədri: “Mən burada MİRASIN sərgi fəaliyyəti haqqında danışmaq istəyirəm. MİRAS ötən müddət ərzində Ağsu və İsmayıllı rayonlarında I MİRAS Rəssamlıq Simpoziumu, Baku Art Gallery sərgi salonunda “Molla Nəsrəddin irsinin müasir dövrümüzdə təzahürləri” mövzusunda rəssamlıq sərgisi, Birliyin üzvü, fotoqraf Məmməd Rəhimovun “Kərpic memarlığı” sərgisini, Türkiyədə çalışan həmyerlimiz Gülxan Bəydəmirin Bakı Rəsm Qalereyasında "Sirli hərflər" xəttatlıq sərgisini, “Keçmişdən gələcəyə mədəni irs” rəsm sərgisi keçirmişdir.
MİRAS cəmiyyətimizin həssas təbəqəsi sayılan əlillərimizi və uşaqları da unutmamış, 2 Fevral Gənclər günü münasibətilə Respublika Gözdən Əlillər Kitabxanası ilə birlikdə “Xeyirxah oxucu” layihəsini həyata keçirmiş, Nizami rayonundakı 129 saylı məktəbdə məktəblilər üçün “Xocalı yaddaşlarda və əl işlərində” sərgi-müsabiqəsini, Bakı Uşaq Teatrı ilə birlikdə Abdulla Şaiq Talıbzadənin “Əşxas” pyesinin teatr layihəsini, 3 aprel - Beynəlxalq Uşaq Kitabı günü münasibətilə açıq havada qiraət, Bakı Uşaq Teatrının əməkdaşlığı ilə Ağsu şəhər Mədəniyyət Evində “Şrek və dostları” adlı nağıl-tamaşanın nümayişini təşkil etmişdir.
18 aprel - Tarixi yerlər və abidələr günü, 18 may – Beynəlxalq Muzeylər günü, 28 may - Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyi münasibətilə I Mədəni İrs Olimpiadasının keçirilməsini ötən ilin maraqlı və əhəmiyyətli tədbirlərindən biri kimi qeyd etmək istəyirəm”.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Şirvanşahlar Sarayı Kompleksində Seyid Yəhya Bakuvinin “Səfa əl-Əsrar” kitabının təqdimatını keçirmiş, Mir Həmzə Nigari simpoziumunun materialları əsasında kitab nəşr etmiş, IV Beynəlxalq Avrasiya Arxeologiyası Konfransının kitabını nəşrə hazırlamışdır.
“Azərbaycanda tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği: mövcud vəziyyətin monitorinqi və qarşıda duran vəzifələr” layihəsi çərçivəsində Gəncə-Qazax və Şirvan bölgəsində monitorinq aparmışdır.
Ötən ilin yadda qalan hadisələrindən biri də Beynəlxalq əlaqələr şöbəsinin müdiri Şölə xanım Bayramovanın təklifi ilə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinə, ilk növbədə, Özbəkistan, Tacikistan, Hindistan, Almaniya səfirlikləri əməkdaşlarına Azərbaycan bölgələrinin qorunub saxlanmış tarixi və mədəni dəyərlərini, abidələrinin zənginliklərini və mədəni irsimizi təqdim etmək məqsədilə mədəni irs turları təşkil olunub.
Fariz Xəlilli həmçinin Birliyin yaratdığı 3 sayt haqqında ətraflı məlumat verdi və onların ötən il erməni xakerlərinin hücumuna məruz qaldığını bildirdi. Bizim bəzi materiallarımız itsə də, səhifələri bərpa elədik. Deməli, düşmənlər Azərbaycan mədəni irsinin rəqəmsal mühitdə təbliğindən narahatdır və bundan qıcıqlanır. Biz isə işimizi davam etdirərək, Azərbaycan həqiqətlərini dünyaya tanıdacağıq”, - deyə fikrini bildirdi.
Sonra AMEA-nın müxbir üzvü Vəli Əliyev çıxış edərək elmi ictimaiyyət adından MİRAS-ı təbrik etdi. O dedi: “Biz Azərbaycan, azərbaycançılıq, türkçülük haqqında düşünürük, MİRAS isə həyata keçirir. MİRAS bir çox dövlət strukturlarının görə bilmədiklərini qısa müddət ərzində həyata keçirib və Azərbaycan dövlətçiliyini, Azərbaycan Prezidenti cənab İlham Əliyevin mədəni irsin mühafizəsi sahəsində yürütdüyü siyasəti yerli və beynəlxalq miqyasda davam etdirir. Mən MİRAS-ı dövlət strukturu kimi görmək istərdim, çünki onlar həqiqətən də mədəni irsin təbliği və öyrənilməsi sahəsində çox işlər görüb. Fariz Xəlilli mənim sevimli tələbəmdir və onun Azərbaycan tarixi, mədəni irsinin öyrənilməsi, İnternet mühitində yayılması, maddi mədəniyyəti yaradan insanların tanıdılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirirəm. Miras mənim üçün elmi təşkilatdır. Mirasçılara uğurlar diləyirəm. 2014-cü ildə işıqlı yol arzulayıram”.
Sonra tarzən Mehman Mikayılovun rəhbərliyi ilə “Miras” Musiqi qrupunun ifasında müğam dəstgahı səsləndi.
"Seyid Yəhya Şirvani və Təsəvvüf” sənət müsabiqəsinin qaliblərinin mükafatlandırılması tədbirin maraqlı məqamlarından biri oldu. “Rəsm" nominasiyasında I yerə layiq görülmüş Hülya Rıhtıma mükafatı Azərbaycan Milli Elmlər Akademiyası Prezidentinin müşaviri Rəhim Hüseynov, II yerin qalibi Gülxan Bəydəmir Türkiyədə olduğundan, III yerə layiq görülmüş Vüqar Qurbanova mükafatı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs şöbəsinin əməkdaşı Emil Səfərov təqdim etdi. Rəhim Hüseynov çıxışında bildirdi ki, şəxsən ziyarət etdiyi Orta əsr Ağsu şəhəri Arxeoloji turizm kompleksində görülmüş işlər beynəlxalq səviyyəyə uyğundur. AMEA MİRASla davamlı layihələr həyata keçirməkdə maraqlıdır. Emil Səfərov isə çıxışında Birliyin 2013-cü ildə Nazirlik tərəfindən “Mədəni irs” mükafatına layiq görüldüyünü, 2014-cü ildə də Nazirliyin tədbirlər planında mədəni irs, arxeoloji turizm və yay düşərgələrinin təşkili ilə bağlı tədbirlərdə QHT-lərlə işin genişləndiriləcəyini və MİRAS İctimai Birliyi ilə əməkdaşlıq ediləcəyini söylədi.
“Dekorativ tətbiqi sənət” nominasiyası üzrə I yerə layiq görülmüş ağacoyma ustası Ələkbər Məmmədova diplomu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin köməkçisi Daşqın Rəcəbli təqdim etdi və MİRAS-a təbriklərini çatdırdı. Seyid Yəhya ili çərçivəsində birlikdə görülən işlərdən danışan Daşqın Rəcəbli MİRASın milli mənəvi dəyərlərin təbliğinə geniş yer ayırmasını təqdirəlayiq hesab etdiyini vurğuladı. II yerə layiq görülən Səidə Quliyevaya diplomu “AzGranata” şirə və şərab zavodunun direktor müavini, professor Vüqar Mikayılov, III yerin sahibi Məlahət Babayevaya diplomu Azərbaycan Texniki Universitetinin ictimai fənlər kafedrasının müdiri, professor Şikar Qasımov təqdim etdi və təşkilatla bağlı ürək sözlərini bölüşdü.
“Foto” nominasiyası üzrə I yerə layiq görülmüş Məmməd Rəhimova diplomu Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vinod Kumar təqdim etdi. Səfir Azərbaycan-Hindistan mədəni əlaqələrinin tarixi köklərə malik olduğunu, mədəni irslə bağlı gələcəkdə də müştərək fəaliyyətlərin inkişaf etdirilməsini məqsədəuyğun saydığını bildirdi, Ağsu şəhərinə mədəni irs turu ilə bağlı təəssüratlarını bölüşdü. Bu nominasiya üzrə II yerə layiq görülən gənc fotoqraf Zəka Babazadəyə diplomu Azərbaycan Müəllimlər İnstitutunun müəllimi, dosent Nazilə Abdullazadə, III yerə layiq görülmüş Arzu Mürvətovaya diplomu isə Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, professor Abbas Seyidov təqdim etdi.
Azərbaycan Gözdən Əlillər Kitabxanasının direktoru Tofiq Balayev Nailə xanım Talıbovaya, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev İlqar Novruzova, Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini Həbibə Əliyeva Gülsüm Məcidovaya, Baku Art Qalereyasının direktoru Eldəniz Babayev Saleh Babəkzadəyə, Azərbaycanda Həmzə Nigari irsinin tədqiqatçısı Müntəxab Mirsədizadə Məlahət Babayevaya iştirakçı sertifikatlarını təqdim etdi.
Sonra qonaqlar “Ağsu şəhəri – Orta əsrlərin möcüzəsi” sənədli filminin tanıtım videoçarxına baxdılar.
AMEA-nın müxbir üzvü Vəli Əliyev MİRAS Mədəni İrsin Öyrənillməsinə Kömək İctimai Birliyinin sədr müavini Arzu Soltana, professor Minaxanım Nuriyeva-Təkləli Rəşad İbrahimova, professor Qafar Cəbiyev isə Albina Rzayevaya ilk dəfə təsis edilən "MİRAS mükafatı"nı təqdim etdi.
Bakı Dövlət Uşaq Filarmoniyasının müəllimi, tanınmış rəqqas Elçin Allahverdiyev milli rəqslərimizi ifa etdi.
Professor Qafar Cəbiyev tədbirə yekun vuraraq, ürək sözlərini çatdırdı, MİRASın bu tədbirinin ictimaiyyət qarşısında verdiyi hesabat olduğunu nəzərə çatdırdı.
Tədbir zamanı qonaqlar arasında anket sorğusu keçirildi. 46 respondent MİRAS-ın fəaliyyət istiqamətlərini, nəşrlərini, internet səhifələrini qiymətləndirdi, arzu, təklif və iradlarını bildirdi, eyni zamanda iştirak etmək istədikləri layihələr haqqında fikirlərini qeyd etdi. Anket sorğusu soruşulanların Birliyin fəaliyyətini müsbət qiymətləndirdiklərini, təbliğat sahəsinin, təlim proqramlarının genişləndirilməsini istədiklərini, gələcəkdə Qarabağ abidələri, mədəni, tarixi abidələrimiz, soy-kökümüzlə bağlı layihələrin həyata keçirilməsini məqsədəuyğun saydıqlarını bildirdilər. Sorğuda qeyd edilən hər bir təklif, arzu və irad MİRAS İctimai Birliyinin gələcək fəaliyyətində öz əksini tapacaq.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !