"Azərbaycanın arxeoloji inciləri" sərgisi Makedoniyada -

"Azərbaycanın arxeoloji inciləri" sərgisi Makedoniyada

2014-cü il yanvar ayının 17-də Makedoniyanın Ohrid şəhərindəki “Robevçilərin Ev Muzeyi"ndə Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Makedoniya Sosial-Mədəni Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanın arxeoloji inciləri” adlı fotosərginin açılış mərasimi olub. Sərgidə Azərbaycan və İtaliyadan olan fotoqraflar Məmməd Rəhimov, Valter Niselli, Ruslan, Zəka Babazadə və Arzu Mürvətovanın həm arxeoloji abidələrin, həm də abidələrdən aşkar olunmuş maddi-mədəniyyət nümunlərinin 70-dən çox fotosu sərgilənir.
Sərgini giriş sözü ilə Makedoniya Sosial-Mədəni Antropologiya İnstitutunun əməkdaşı Dr. Rubin Zemon açıb. O, Miras İctimai Birliyi ilə mədəni irs sahəsində olan əməkdaşlığı yüksək qiymətləndirib.
Miras İctimai Birliyinin sədri Dr. Fariz Xəlilli çıxışında bu sərgi təşəbbüsünün çox önəmli bir addım olduğunu qeyd edib. O, Azərbaycanın tarixi və mədəniyyət abidələrinin, arxeoloji sahələrin, Azərbaycanda mövcud olmuş qədim yaşayış məskənlərinin fotolarının əks olunduğu bu mühüm sərginin keçirilməsi üçün şəraitin yaradılmasında əməyi keçən insanlara təşəkkür edib.
Daha sonra Miras İctimai Birliyinin üzvü İradə Qədirova Azərbaycanda arxeoloji tədqiqatlar haqqında məlumat verib. O, Qarabağ, Naxçıvan, Ağsu, Qəbələ, Tovuz, Şəmkir və digər abidələrdən aşkar olunan arxeoloji tapıntılardan danışıb.
Sərgi xüsusi maraqla qarşılanıb. Ohridin yerli televiziya və qəzetlərinin əməkdaşları sərgi haqqında reportajlar hazırlayıblar.
Açılışda iştirak edən qonaqlara “Azərbaycan inciləri” adlı kitabça, Mədəniyyət və Turizm Nazirliyi və Miras İctimai Birliyinin nəşrləri təqdim olunub.
Tədbirdə Ohrid şəhər İcra hakimiyyətinin, eləcə də Makedoniya, İtaliya, Belçika, Albaniya, Türkiyə, Belarus, Rumıniya və Fransa kimi ölkələrin universitet və elmi müəssisələrini təmsil edən nümayəndələr iştirak ediblər.
Sərgi 3 gün ziyarətçilərə açıq olacaqdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !