Azərbaycan İstiqlal Muzeyində - Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbir-sərgi keçirilmişdir (YADA DÜŞƏR XATİRƏLƏR)

Azərbaycan İstiqlal Muzeyində Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbir-sərgi keçirilmişdir (YADA DÜŞƏR XATİRƏLƏR)

Azərbaycan İstiqlal Muzeyində Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbir-sərgi keçirilmişdir

2014-cü ilY anvarın 28-də Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr edilmiş “Tarixin bir səhifəsi” mövzusunda tədbir-sərgi keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi tədbirin Prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 22 noyabr tarixli Sərəncamına əsasən təşkil edildiyini söyləmişdir. Bildirmişdir ki, tədbir-sərgidə tarixçi Ədalət Tahirzadənin şəxsi arxivindən 30 ədəd fotoşəkil, muzeyin fondunda saxlanılan kitablar, sənədlər nümayiş olunur. Direktor qeyd etmişdir ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti millətimizə müstəqilliyin nə demək olduğunu göstərmişdir.
Sonra M.Ə.Rəsulzadəyə həsr edilmiş videoçarx nümayiş olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyə Əhmədova, tarixçi Ədalət Tahirzadə və başqaları görkəmli siyasi xadim M.Ə.Rəsulzadə haqqında məruzələrlə çıxış etmişlər.
Bildirilmişdir ki, Azərbaycan vətəndaşı kimi istiqlalımız, dövlətçiliyimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda apardığımız mübarizədə ideoloji silahımız olmaq baxımından istiqlal hərəkatının öndərlərindən və ideoloqlarından biri - M.Ə.Rəsulzadənin apardığı mübarizənin tarixini bilmək olduqca vacibdir.
Qeyd edilmişdir ki, M.Ə.Rəsulzadənin bioqrafiyasında onun siyasi, intellektual, eyni zamanda, ideoloq kimi formalaşmasının zəmini məhz özünün cəmiyyətə, ətrafında olan proseslərə son dərəcə fəal müdaxiləsi ilə müşayiət olunmuşdur.
Vurğulanmışdır ki, onun ən böyük xidmətlərindən biri millət, dövlət yaradılması prosesinin nəzəri əsasını qoyanlardan biri olmasıdır.
Qeyd edilmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə dünyanın siyasi xəritəsinə Azərbaycan adında bir dövlət yazılmışdır.
Diqqətə çatdırılmışdır ki, Cümhuriyyət devrildikdən sonra mühacirət dövründə ömrünün təxminən 40 ilini mühacirətdə keçirmiş M.Ə.Rəsulzadə yaşadığı ölkələrdə Azərbaycan istiqlalı uğrunda ardıcıl mübarizə aparmışdır.
Çıxış edənlər M.Ə.Rəsulzadəni ədib, ideoloq, siyasi publisistikanın görkəmli nümayəndəsi kimi dəyərləndirmişlər.
Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, rəssam Rəis Rəsulzadə tədbirin iştirakçılarına və görkəmli ictimai-siyasi xadimin tədqiqatçılarına minnətdarlığını bildirmişdir. Nəzərə çatdırmışdır ki, Azərbaycanda M.Ə.Rəsulzadənin yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə yanaşı, Rusiya, Türkiyə və digər ölkələrdə də qeyd ediləcəkdir.
Sərgi fevralın 10-dək davam edəcəkdir.

 

 

***

 

AZ.press.AZ-ın verdiyi məlumata görə, yanvarın 28-də Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr edilmiş “Tarixin bir səhifəsi” mövzusunda tədbir-sərgi keçirilmişdir.  Bu gün tanınmış ictimai-siyasi xadim, Şərqdə ilk demokratik respublikanın qurucusu olan Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
Məhəmməd Əmin Rəsulzadə ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb. Bundan sonra ictimai-siyasi fəaliyyətlə məşğul olan Məhəmməd Əmin Rəsulzadə 1902-ci ildə “Müsəlman Gənclik Təşkilatı”nı yaradıb. Növbəti il isə ilk məqaləsi “Şərqi-Rus" qəzetində çap edilib. Elə həmin il rəhbəri olduğu Azərbaycanlı Gənc İnqİlabçılar Komitəsini qurub. 1907-ci ilin sonlarında siyasi fəaliyyətinə görə təqib olunan Məhəmməd Əmin Rəsulzadə İranda çalışıb (1908 - 1911), Səttarxan hərəkatında yaxından iştirak edib. O, 1910-cu ildə İran Demokrat Partiyasını, yaradıb. Lakin Rusiya səfirliyinin tələbi ilə bir il sonra İrandan çıxarılıb. 1911-1913-cü illərdə İstanbul Türk Ocağında çalışıb və Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Ziya Göyalp ilə birgə “Türk yurdu” dərgisində maraqlı məqalələrlə çıxış edib. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən ümumi əfvdən sonra Bakıya qayıdıb və siyasi fəaliyyətlə məşğul olub.
Müsavat Partiyasının 1917-ci il oktyabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən birinci qurultayında Məmməd Əmin Rəsulzadə partiyasının başqanı seçilib. 1917-ci ilin payızında Məhəmməd Əmin Rəsulzadə Rusiya Dövlət Dumasına Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya Seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçilib və 1918-ci il may ayının 28-də Azərbaycan İstiqlal Bəyannaməsi elan olunub, Azərbaycan Demokratik Cümhuriyyəti qurulub. 1919-cu ildə Bakı Dövlət Universiteti də məhz Məhəmməd Əmin Rəsulzadə təşəbbüsü ilə yaradılıb. O, məsələ ətrafında bir neçə dəfə Azərbaycan Parlamentində çıxış edib, universitetin açılmasını qəti tələb edib. Məhəmməd Əmin Rəsulzadə Bakı Dövlət Universiteti Osmanlı Ədəbiyyatı Tarixindən dərs də deyib.
Məhəmməd Əmin Rəsulzadə 1920-ci il 27 aprel işğalından sonra həbs edilərək Moskvaya aparılıb, bir müddət orada yaşayıb, az sonra Müsavat Partiyasının tapşırığı ilə Leninqrada (indiki Sankt-Peterburq) gedərək, oradan Finlandiya, daha sonra Türkiyə ərazisinə keçib. 1922-ci ildən başlayaraq mühacirət həyatı yaşayıb. Müxtəlif illərdə Türkiyədə, Polşada, Almaniyada, Rumıniyada Azərbaycanın istiqlalı uğrunda mübarizəsini davam etdirib. 1923-cü ildə İstanbula qayıdıb. 1937-ci ildə Sovet rejimi oğlu Rəsulu güllələyib, ailəsini Qazaxıstana sürgün edib. Polşada (1938-1940), Rumıniyada (1940-1943) olduqdan sonra 1947-ci ildə Ankaraya dönüb. 1952-ci ildə Ankarada “Azərbaycan” dərgisini yaradıb. Məhəmməd Əmin Rəsulzadə 71 yaşında, 1955-ci il martın 6-da Ankarada uzun sürən şəkər xəstəliyindən vəfat edib. O, Ankara Əsri qəbiristanlığında dəfn edilib.
Məhəmməd Əmin Rəsulzadənin 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinin təntənəli açılışı münasibətilə öz alovlu nitqinin sonunda söylədiyi "Bir kərə yüksələn bayraq, bir daha enməz!" şüarı çox məşhurlaşıb və Azərbaycan xalqının azadlıq hərəkatının devizinə çevrilib.


FOTOREPORTAJ: Rüstəm Fərman və Alisatov Elxan (AZpress.AZ)

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !