Bakıda gənc rəssamların əsərlərindən ibarət sərgi açılmışdır - FOTO-reportaj

Bakıda gənc rəssamların əsərlərindən ibarət sərgi açılmışdır FOTO-reportaj

 Fevralın 3-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssamların əsərlərindən ibarət sərgi açılmışdır.
AzPRESS xəbər verir ki, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin, Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgi 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuşdur.
Sərginin açılış mərasimində Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov çıxış edərək gənclərə göstərilən dövlət qayğısından danışmış, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə belə sərgilərin ənənəvi olaraq keçirildiyini diqqətə çatdırmışdır.
Gənclər və İdman Nazirliyinin şöbə müdiri İndira Hacıyeva, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov gəncləri əlamətdar bayram münasibətilə təbrik etmişlər. Qeyd olunmuşdur ki, istedadlı gənc rəssamların üzə çıxarılması baxımından bu sərginin böyük əhəmiyyəti vardır.
Bildirilmişdir ki, hər il Azərbaycan gəncləri fevralın 2-si tarixini ən əziz bayramları kimi böyük təntənə ilə qeyd edirlər. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin Sərəncamı ilə 1997-ci ildə fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilmişdir. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanmışdır.
Mərasimdə, həmçinin bir qrup gəncə Azərbaycan Rəssamlar İttifaqının üzvlük vəsiqələri verilmişdir.
Çıxışlardan sonra sərgi ilə tanışlıq olmuşdur.
Sərgidə tamaşaçılara 200-dək gənc peşəkar rəssamın rəsm və heykəltəraşlıq əsərləri, tətbiqi sənət nümunələri təqdim olunur.
Sərgi fevralın 9-dək davam edəcəkdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !