Görkəmli gülüş ustası Lütfəli Abdullayevin yubileyi qeyd edilmişdir - FOTO

Görkəmli gülüş ustası Lütfəli Abdullayevin yubileyi qeyd edilmişdir FOTO

Aprelin 8-də Azərbaycan Dövlət Musiqili Teatrında Xalq Artisti, Dövlət Mükafatı laureatı Lütfəli Abdullayevin 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilmişdir.

AZpress xəbər verir ki, yubiley gecəsini tanınmış rejissor, Əməkdar İncəsənət Xadimi Cahangir Novruzov idarə etmişdir.
Gecədə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirmişdir ki, Lütfəli Abdullayev mədəniyyətimizin, teatr sənətimizin ən parlaq və ləyaqətli korifey nümayəndələrindən, Azərbaycan gülüş sənətinin yaradıcılarından biridir.
Qeyd edilmişdir ki, Lütfəli Abdullayev çox qısa, lakin son dərəcə zəngin bir ömür yolu keçmişdir. Yaşadığı 59 il ərzində Azərbaycanın teatr və kino sənətinin ən möhtəşəm obrazlarını yaratmağa nail olmuşdur. 1938-ci ildən ömrünü bağladığı Azərbaycan Dövlət Musiqili Teatrı sanki onu ömrünün sonunadək buradan başqa yerə getməyə imkan verməmişdir. Vurğulanmışdır ki, qısa fasilələrlə bir sıra teatrlarda çalışdığı ayları çıxmaqla Lütfəli Abdullayevin bütün mənalı ömrü bu teatrda keçmişdir.
Bildirilmişdir ki, qüdrətli yumor ustası bu teatrda onun sənət yolunda bəxtinə çıxan, onunla yol yoldaşı olan korifey bəstəkarlar, rejissorlar, ifaçılar, artistlər, musiqiçilərlə çalışmış, yaddaqalan obrazlar yaratmışdır. Nəsibə Zeynalova, Bəşir Səfəroğlu kimi Azərbaycan tamaşaçılarına sevinc gətirən sənətkarlarla bir səhnəni bölüşmüşdür. Qeyd olunmuşdur ki, bu üçlük teatr sənətimizdə komediya janrına sanki bir canlılıq gətirmişdir. Onların səhnədəki hər oyunu minlərlə tamaşaçı üçün sağlam gülüş, əsl sənət və yaradıcılıq qaynağı olmuşdur. Bu sənətkarlar xalqla xalq dilində danışmış, onları güldürmüş, səhnədə göstərilənlərdən nəticələr çıxartmağa şərait yaratmışlar.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan səhnəsinin nadir istedadlarından olan Lütfəli Abdullayev qısa zaman kəsiyində fəxri adlara layiq görülmüşdür.
Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin Lütfəli Abdullayevin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına əsasən, paytaxtda və ölkənin bütün bölgələrində ilboyu gülüş gecələri, çoxlu sayda sərgilər, xatirə gecələri, filmlərin nümayişi və tədbirlər təşkil ediləcəkdir.
Bildirilmişdir ki, Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı tədbirlər planı sırasında sentyabrın 19-da Şəkidə Lütfəli Abdullayevin xatirəsinə həsr olunmuş birinci böyük gülüş bayramı və tədbir keçiriləcəkdir.
Gecədə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli və Cahangir Novruzov sənətkarla bağlı xatirələrini bölüşmüş, onun səhnədə və televiziyada görünən tərəfləri ilə yanaşı, həyatdakı yerindən, insani keyfiyyətlərindən danışmışlar. Onlar Lütfəli Abdullayevi, eyni zamanda, gözəl insan, yaxşı ailə başçısı, humanist bir vətəndaş kimi xarakterizə etmişlər.
Çıxış edənlər aktyorun tamaşaçıların qəlbində əbədi yer tutduğunu vurğulayaraq bildirmişlər ki, nə qədər Lütfəli Abdullayevin yaratdığı obrazlar yaşayır, bir o qədər də sənətkar yaşayacaqdır.
Gecədə görkəmli sənətkarın oynadığı film və tamaşalardan fraqmentlər göstərilmişdir. Həmçinin Azərbaycan Dövlət Musiqili Teatrının, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının və digər teatrların kollektivləri xüsusi olaraq yubiley gecəsi üçün hazırladıqları səhnəciklərlə çıxış etmişlər.
Teatrın foyesində Lütfəli Abdullayevin fotoşəkillərindən ibarət sərgi də nümayiş olunmuşdur.
FOTOREPORTAJ : Rüstəm FARMAN 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !