Müzəffəri-H.Ç. : - TARİXİLİK, YOXSA BƏDİİLİK?

Müzəffəri-H.Ç. : TARİXİLİK, YOXSA BƏDİİLİK?

 Məclislərin birində mənə çox savadlı görsənmiş bir molla ilə tarixi mövzuda mübahisəmiz oldu.Görünürdü ki, bu kişi çoxlu tarixi romanlar oxuybmuş.Sonradan bildim ki, gəncliyində kitabxana müdiri işləyibmiş.Romanlardan bildiyi bütün bədiiləşdirilmiş tarixi faktları real,sənədli tarix kimi elə ürəklə təqdim edirdi ki, onun səhvlərini düzəltməklə qəlbinə toxuna biləcəyimi düşündüm. Mollanın illər uzunu şüurunda formalaşdırdığı bədii obrazlar dünyasını dəyişmək cəhdim mənə ağır gəldi. Axı bu onun sevərək qəlbində yaşatdığı bir tarix idi... Söhbəti elə qurdum ki, dost kimi ayrıldıq. Nəzakətlə bildirdiyim tarixi iradlarımı isə, yəqin ki, qəbul etmədi...
Tariximiz alın yazımızdır. Onu dəyişə bilmərik. Tarixi hadisələr heç də həmişə bizim istədiyimiz kimi cərəyan etmədiyindən, görmək istədiyimizi bədii əsərlərdə yaradırıq.Tariximizi tarixçilər tədqiq edir, dərsliklərdən öyrənirik. Milləti nikbin xoşbəxt gələcəyə aparan ideoloji tərbiyədə isə, əsas ağırlıq ədəbiyyatın, incəsənətin üzərinə düşür.Sovet dönəmində 4 il davam etmiş Böyük Vətən müharibəsinin az qala hər günü haqqında qələbələri tərənnüm edən bədii filmlər çəkilirdi.Bu filmlərə baxan müxtəlif millətlərdən olan uşaqlar, gənclər, əhali öz keçmişinə, tarixinə görə qürur duyurdu. Sovet mühitinin yetirmələri kimi, biz Moskvanı da Bakımız kimi sevirdik. Dövlətin bütün tarixi qələbələrə söykənirdi.
Babək, Nəsimi, Qaçaq Nəbi, Cavad xan, Abbasqulu bəy və digər tarixi qəhrəmanlarımız haqqında çəkdiyimiz filmlər, yazdığımız kitablar çox qiymətli sənət incilərimizdir.Babəkin 20 illik müharibəsi haqqında çox qiymətli bir film çəkmişik.Axı bu müharıbə haqqında yüzlərlə bədii-sənədli filmlər də çəkmək olar.Onun 6 böyük tarixi döyüşünün hər biri haqqında film çəkmək, roman yazmaq olar.Bir filmlə mözunu qapatmaq olmaz. Cəngi ruhlu, nikbin sonluqlu kitablara, filmlərə bu gün daha çox tələbat var.
İndi sizə tanış olan bir vəziyyəti təsvir edim.Bayram günlərində bütün kanallarımız tarixi filmlərimizi nümayiş elətdirirlər.Bir həftə davam edən bayram günlərində “Babək”, “Nəsimi”, “Qanlı zəmi”(Qaçaq Nəbi), “Cavad xan”, “Uzaq sahillərdə”, “Axırıncı aşırım” kimi tarixi qəhrəmanlıq filmlərimizə baxırıq. Müharibə vəziyyətində olan dövlətimizin çağdaş dönəmində bu çox vacibdir. Sadəcə olaraq bir məqama diqqət edək: Bütün qəhrəmanlarımızı kənardan gələnlər öldürürlər. Babəki ərəblər, Nəsimini teymurilər, Qaçaq Nəbini, Cavad xanı ruslar qətlə yetirirlər. Bir həftə ərzində bu filmlərə ardıcıl baxan azərbaycanlının mübarizə ruhu hansı səviyyədə olar? Birinci dəfədən sonra bu filmlərimizə ancaq yarısınadək baxa bilirəm, axı hər dəfə qəhrəmanın faciəsini yaşamaq asan deyil. Babək 20 il döyüşüb. Olmazmı ki, onun qələbələrlə dolu bir ilini çəkək? Bütün tariximiz boyu yalnız məğlub olsaydıq, onda bu gün mövcud olmazdıq ki. Bu gün varıqsa, deməli qələbələrimiz məğlubiyyətlərimizdən çoxdur ki, bir millət kimi ayaqdayıq. Məsələn, mən “Koroğlu” filminə daha həvəslə baxıram, bu filmdə nikbinlik ruhu çox yüksəkdir.
Tariximiz qələbədən-qələbəyə yazılmalıdr.Tarix və ədəbiyyat dərslərini kimə gəldi etibar eləmək olmaz. Erməni məktəbində 4 il işləmişəm. Tarix müəllimləri yox idi, ancaq nə qədər israr eləsəm də bu dərsləri mənə vermədilər. Dilimizin qol-qabırğasını qıra-qıra danışanlar bizim balalarımıza tariximizi hansı keyfiyyətlə öyrədərlər? Yunanlar İsgəndərin qələbələrini, ruslar Pyotrun uğurlarını əldə bayraq edirlər. 200 illik monqol əsarətini 1-2 paraqrafada verirlər. Filmlərimiz bizim üçün qalib sonluqlarla bitməlidir ki, gələcək nəsillərə milli qürur hissi ötürə bilək. Deyilənə görə “Dədə Qorqud” filminin bədbin sonluqla bitməsinə zamanında sabiq prezidentimiz H.Əliyev razı olmamışdı.Tarixi vərəqləyirik, fəsillərimiz “altındaynan” başlanıb “altındaynan” bitir: əhəmənilərin əsarəti altında, sasanilərin altında, ərəblərin altında, monqolların altında, rusların altında və s. Bəs üstdə heç olmamışıq? Beş min illik dövlətçilik tariximizin təqribən üçdən birini təşkil edən bu qara dövrlərdən əlavə min illik şirvanşahlarımız, 236 illik səfəvilərimiz, 130 illik qacarlarımız var. Senari yazanlarımız bu dövrləri işıqlandırmaqla böyük ruh yüksəkliyi yarada bilərdilər. Axı niyə biz Qaçaq Nəbinin dövrünü doğulandan ölənədək bir filmdə çəkməliyik? Onun 20 illik mübarizəsidə qələbələrlə dolu neçə-neçə filmlərin mövzusu var... Ruslar “Baharın 17 anını” serial kimi çəkməmişdilərmi? Filmlərə baxırıq, yad güclər qəhrəmanlarımızı qanlarına qəltan edirlər. Budan əlavə bir çox etnik-bolgə “tarixçiləri” də tarixi uğurlarımıza kölgə salırlar. Məsələn:Babək kafirdi, Şah İsmayıl dini parçalayan istilaçıdır, Nadir gözçıxardan, Qacar şah başkəsəndir, Nərimanov bolşevikdir kimi cəfəngiyyatları azmı eşitmişik?
Məğlubiyyətlər tarixi ilə tərbiyə olunan millət müti olar. Düşünəcək ki, onsuz da, keçmişimizdə öyünməli bir qələbəmiz yoxdur. 60-cı illərdə, uşaq vaxtımızda zəfərlərlə dolu filmlərə baxandan sonra bütün günü həyətdə dava-dava oynayardıq...
Cizgi filmlərimiz haqqında da, bir neçə söz demək istərdim. Sovet dönəminə cizgi filmləri tərbiyəvi xarakter daşıyırdı, xeyir şərə qalib gəlirdi. İndiki cizgi filmləri, baxanlara mənasız, macəraçı hətta bir çox hallarda əxlaqsız, ziyanlı təsir göstərir. Bir yoldaşın söhbətindən: ”Oğlum dırnaq yiyəsini bacısının başına sancıb. Səbəbini soruşanda dedi ki, bəs niyə Tom Cerrinin başına çəkiclə vurmuşdu?” Son illərədək Novruz ərəfəsində həmişə bir cizgi filmini verirdilər: Əjdəha günəşi udur. Qəhrəman əjdəhanı öldürüb günəşi azad edən vaxt ildırım çaxır, Türk sultanının sarayını şimşək vurur, dünya xilas olur. Digər nümunə: Rus əsgəri ədalət və azadlıq yaya-yaya Zmey Qorınıçı (Üçbaşlı Əjdəha) təqib edir,sonda onu odun parçasına çevirib ocağa atır.Sobadan barmaq boyda bir kərtənkələ çıxır... Rus qarısı havada uçan Əjdəhanı göstərib deyir:” Letit basurman okoyannıy!”(Lənətə gəlmiş müsəlman uçur).Düşünürəm ki, bu nümunələrin xüsusi şərhə ehtiyacı yoxdur...
Bir kəsin əzizi öləndə 40 gün yas saxlayır, ilini verir sonra da həyatına davam edir. Fikrimizcə Qarabağ üçün ağlayıb-sızlamaqla məqsədə çatmaq olmaz. Yada salaq rəhmətlik Mübariz İbrahimovu. Bir neçə saatlıq igidlik nümunəsi hamımızı ruhlandırmışdı.Qarabağ müharibəsi başlayanda sonuncu sinif şagirdləri cəbhəyə qaçardılar. Adicə “Neftçi”-nin Moskvada bircə qələbəsini bütün ölkə bayram elədi. Axı Sabir də deyir ki, ağladıqca kişi qeyrətsiz olur, necə ki ağladı İran oldu.Bizim bədbin ruhlu romanlarımız, faciəvi sonluqlu filmlərimiz sanki, düşmənlərimizin üstünlüklərini bir növ qabardır. Uğursuzluqlarımızın daşlaşmış heykəlləri qurulur ürəklərimizdə. Gənclərimizin hərbi-vətənpərlik tərbiyəsi işinə bu gün ruh yüksəkliyi, döyüşçü əzmini artıran nümunələr daha faydalı olardı. Düşmənin zalımığını, gücünü təsvir edəndən sonra ondan çox-çox üstün və haqlı olan öz məğlubedilməz qəhrəmanımızı ön plana çəkməliyik. “Babək” filmində xəlifə Möhtəsimbillah deyir: yaz ki, Babək Bizans imperatorunun nəslindəndir.Daha mən yaza bilmərəm ki, biz 20 il bir çobanla döyüşmüşük. Bu sözlərlə xəlifə Babəki nə qədər ucaltsa da, özünü daha üstün təqdim edir. Babək özü isə belə demişdi ki, mənim ölümüm mənim sonuncu silahımdır. Hətta belə də deyərdim ki, Babəkin edamı onun döyüş zəfərlərlərindən də möhtəşəm görsənir... Bununla belə daha çox son silahdan deyil, əvvəlinci silahlardan yararlansaq daha gözəl olardı... Bizlər düşmən üzərinə yürüyəndə ölümümüzü deyil, zəfərimizi düşünməliyik... Təsadüfi deyil ki, əsgərləri ruhlandırmaq üçün döyüşdən əvvəl qızılbaş ordularının önündə sazçalan aşıqlar gedərdilər...
Biz heç bir halda çəkilmiş filmlərimizin və yazılmış romanlarımızın dəyərini azaltmırıq. Bu mövzulara dəfələrlə müraciət edərək, nikbin sonluqlara üstünlük verməyimizi faydalı sayıram.
Sonda dəfələrlə yaşadığım xoşbəxt anlarımı xatırlamaq istəyirəm.Vaxtaşırı dərslərdən sonra mənə yaxınlaşan tələbələrimdən eşitmişəm:”İndi mən Azərbaycanlı olduğum üçün fəxr eləyirəm!”


Müzəffəri-H.Ç. Sumqayıt ş.
15.04.2014-cü il.

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )