Ad gününüz mübarək! -

“Ad gününüz mübarək!”

Azərbaycan Dövlət Musiqili Teatrında yubiley hazırlığı görülürdü. Direktor Əliqismət Lalayev, “Sabah saat 11-də mənim otağlımda Şükufə xanımla Telli xanımın kiçik bir yubiley tədbiri keçiriləcək” deməsi rəhbərin mətbuat katibinə verdiyi ənənəvi təlimat təəssüratı bağışlasa da yenə də beynimdə sual işarəsi qoydu. Kiçik bir otaqda yubiley tədbiri necə keçiriləcək? Kimlər olacaq? Bu qədər insan balaca otağa necə sığacaq? Şübhələrim əsassız deyildi. Çünki, jurnalistikada olduğum müddətdən bəri, tanınmış şəxslərin yubiley məclislərini illərdir səhnədən görməyə adətkaram. Şablon, darıxdırıcı, bir az səmimi, bir az da qeyri-səmimi təriflərə qulaqlar da alışıb, gözlər də. Ona görə də etiraf edim ki, bu tipli tədbirlərin bir çox hallarda həvəssiz, yazı yazmaq xatirinə, necə deyərlər, candərdi tamaşaçısı olmuşam. Beynimdəki suallara cavab tapmağın tək yolu sabahkı günü gözləmək idi.

Sabahkı gün…

Sənətçilərdən Azərbaycanın xalq artisti Şükufə Yusupova, Çingiz Əhmədov, Gültac Əlili, Amil Həsənoğlu, rejissor Əsgər Əsgərov, truppa müdiri Vidadi Həsənov, direktor müavinləri Elxan Ocaqov və Hüseyn Hüseynov, teatrda Telli xanımın rəhbərlik etdiyi ədəbi dram şöbəsinin gənc əməkdaşları – Vəfa, Ağca, Emin… Hamı direktorun otağında idi. Üstü çeşid-çeşid şirniyyatlarla dolu jurnal masasının ətrafında toplaşmışdı. Hər kəsin üzündə xoş, səmimi bir təbəssüm.
Teatrın “atası” kimi yubiley açılışını Əliqsmət müəllim edərək məclisin səbəbkarlarını təbrik etdi, arzu və diləklərini çatdırdı. Tədbir rəsmi açılışla başladı. Axı, Əliqismət müəllim yaradıcı şəxs omaqla yanaşı, həm də bir məmurdu. Amma rəsmi hissə çox qısa sürdü. Sonra isə təklif yenə də Əliqismət müəllimdən gəldi: Yaradıcı şəxslər toplaşsın bir yerə, bizim “fotoqraf Əlibəy” şəklinizi çəksin. Güllərinizi unutmayın”.

Şüküfə Yusupova: Bəs, siz Əliqsmət müəllim?
Əliqismət Lalayev: Siz yaradıcı şəxslərsiniz, bizim milli sərvətimizsiniz. Biz sadəcə prodüsserlər, inzibatçılar, bu işləri həyata keçirənlərik.

O anı əbədiləşdirmək üçün hamı bir-bir kamera qarşısında poz verməyə başlayır. Kadr kadrı əvəzləyir. Direktor otağının pəncərəsindən düşən günəş şüası, arabir də pərdələri yellədən sərin meh ruha xüsusi ovqat qatır. Hələ yubiley səbəbkarlarının çöhrələrindəki məmnunluğu, kövrək baxışlarındakı minnətdarlıq və məmnunluq hissini demirəm. Yaradıcı insana xas həssaslıq, zəriflik, adi bir xoş sözdən, isti bir baxışdan belə təsirlənmə hissini nə Telli xanım, nə də ki, Şükufə xanımın gizlətmək fikrində idi. Bircə qalırdı məmnunluq qarışıq sevinci sözə, cümləyə düzmək...

Telli Pənahqızı: Yol boyu gələrək fikirləşirəm ki, insan üçün ən önəmli məqam çalışdığı kollektivin ona verdiyi dəyərdir. Mənim şərəfimə ay yarım öncədən planlaşdırılan bu
yubiley mərasimi də bir insanın, bir kollektiv rəhbərinin əməkdaşına verdiyi qiymətdir, hörmətdir. Əliqismət müəllim, haqqınızda olan düşüncələrimi bilirsiniz, bunu həm
mətbuat vasitəsilə, həm də dost ünsiyyətimizdə dəfələrlə demişəm, ona görə də Sizi tərifləmək niyyətində deyiləm. Minnətdaram – bu sevginiz, bu qayğınız, diqqətiniz üçün.
Necə ki, Siz hər kəsi sevirsiniz, ürəyinizdə hər kəsə yer var, Allah da bunun əvəzini Sizə, ailənizin, nəvələrinizin xoşbəxt günlərini göstərməklə versin. Minnətdaram hər
birinizə. Nə yaxşı ki varsınız. Var olun ki, varsınız.

Şükufə Yusupovanın xoşbəxtlikdən dolmuş gözlərini görməmək, hiss etməmək mümkünsüz idi, nə qədər gizlətməyə çalışsa da: “Telli xanımın sözünə qüvvət olaraq bir kəlməylə deyim ki, ailə, övladlar, nəvələr bir yana, amma kollektivin, sənət yoldaşlarının diqqəti çox önəmlidir. Üç ildir ki, mən bu teatrda “Evlənmə” tamaşasını oynayıram. Və burada özümü qətiyyən yad hiss etmirəm. Bu diqqətə, doğmalığa, sevgiyə görə bütün kollektivə minnətdaram. Bəzən sevgi dolu bir baxış, ürəkaçan bir kəlmə, kiçik bir jest də sənətçi üçün ən böyük dəyərdir. Səhər-səhər kövrəltdiniz bizi, Əliqismət müəllim” - deyən aktrisa həssaslığına birtəhər hakim ola bildi.

Teatrın direktor müavini Elxan Ocaqov: “İcazə verin, bir kəlmə də mən deyim. Telli xanım, Şükufə xanım, sizi təbrik edirəm. Siz bu xalqın sevimli, bəxtəvər insanlarısınız,
çünki, həm tamaşaçılar, həm işlədiyiniz kollektiv, həm ətrafınızdakı insanlar tərəfindən sevilirsiniz. Tanrının bundan böyük xoşbəxtliyi yoxdur. Bu da sizə qismət olub. Arzu
edirəm həyatınızın növbəti illərini daha da mənalı və maraqı keçirəsiniz...”.

Əliqismət müəllim: Yubilyar xanımlar, buyurun hər biriniz öz tortunuzu kəsin. Amil, səsinlə bizi feyziyab et.

Və təbii ki, tort kəsimində alqışlarla “Happy Birthday”in Azərbaycan versiyasını unutmaq olmazdı. Üstəlik, əhval-ruhiyyənin fəğan elədiyi “Qorka” - deyə zarafatyana bir
atmaca da gəldi...

Elə bu an teatrın solisti Nərgiz Kərimova təngənəfəs özünü direktorun otağına çatdırdır: “Salam, bağışlayın, bir az gecikdim”. Və girər-girməz Telli xanımı, Şükufə xanımı bağrına basıb öpür, ürəyindən gələn bütün xoş, sevgi sözlərini ünvanlayır onlara.
Əliqsmət müəllim: İndi Nərgiz xanımı cərimələyəcik - gözəl bir mahnı oxuyacaq.
Nərgiz Kərimova: Məmnuniyyətlə.
Əliqimət müəllim: Onda buyur. İstədiyin mahnı ilə təbrik elə. Hələ Amili də sənin səsinə səs verəcək!.

Nərgiz Kərimova və Amil Həsənoğlunun gah solo, gah da duet oxuduqları nəğmələr, daha sonra konsertmeyster Zülfiyyə Sadıqovanın pianoda müşayətilə Gültac Əlilinin mahnıları bayram ovqatını tamamlayır, həm musiqidə, həm o anın əhval-ruhiyyəsində, həm də məclisə toplaşanların bir-birinə münasibətdə, həqiqətən də, doğma ailə üzvlərindən fərqlənmədiklərini təzahür etdirirdi...

İlklərə ilk imza atan Musiqili Teatr

Yenə ev yiyəsi qismində Əliqismət Lalayev məclisi yekunlaşdırır: Nə qədər qəribə olsa da, insanlar ömrünün çox hissəsini işdə keçirir. Biz, özümüzü işə həsr edən
insanlarıq. İşimizə ailəmiz qədər çox diqqət ayırırıq. Özəlliklə sənət adamları öz sevgilərini ailələrilə yanaşı tamaşaçılarla, tanımadıqları insanlarla bölüşür. Sevgini
paylaşmaqdan gözəl nə ola bilər? Əminəm ki, bundan da gözəl ad günləri keçirəcəksiniz, istər ailənizlə, istərsə də həmkarlarınızla, sənət dostlarınızla birgə. Amma bu
balaca otaqda, bu səmimi ortamda, bərabər keçirdiyimiz bu dəqiqələri heç unutmayacaqsınız: ilk dəfə Musiqili Teatr olaraq biz sizi təbrik etdik. Biz ilklərə imza atan
insanlarıq. Bu gün mən bütün kollektivi bura yığmaq istərdim, çünki bu sənət məbədində çalışanların hamısı sizi sevir. Lakin bilavasitə sizə bağlı olan insanları bura dəvət
etdim ki, siz özünüzü daha rahat hissedəsiniz. Bu məclisimizdə ilk dəfə olan insanlar da var. Məsələn, rejissor Əsgər Əsgərov, mətbuat katibimiz Sevda xanım, dizaynerimiz
Emin. Emin cəmi bir həftədir bizim kollektivə yenicə gəlib. Emin, neçə gündür işə çıxırsan?
Emin: 15 gün olar.
Əliqismət Lalayev: 15 günün işçisi artıq belə bir məclisə düşdü. Emin, Telli xanımın bilavasitə rəhbərlik elədiyi şöbədə işləyir. Bu cavan uşaq indidən kimlərlə islədiyini görür,
anlayır, özündən böyüklərə, təcrübəli insanlara sayqı göstərilən bir məbəddə işlədiyini sözdə yox, işdə anlayır. Məncə, bu çox gözəl örnəkdir, Emin kimi gənclər başa düşür
ki, bu kollektivin hər bir üzvü dəyərlidir, hörmətlidir, onların zəhməti qiymətləndirilir, qeyd olunur! Necə deyərlər, millət öz qəhrəmanlarını tanımalıdır. Teatr tarixini
vərəqləyəndə sizlər yada düşəcəksiniz. Mənə elə gəlir ki, bunun üçün yaşamağa da dəyər, işləməyə də. (badəni qaldıraraq) Bir daha sizin şərəfinizə!
Kimin arzusu, sözü varsa buyurun. Cavanlar, susmayın. Əsgər müəllim, nədənsə söz sizindir...
Əsgər Əsgərov: İlk dəfədir belə məclisdəyəm. Allah canınızı sağ eləsin ki, sağlığında hər kəsin dəyərini verə bilirsiniz. Var olun!
Nərgiz Kərimova izn istəyir: Bağışlayın, getməliyəm. Axşam konsertim var. Hamınızı dəvət edirəm. Buyurun gəlin.
Əsgər Əsgərov: (zarafatla) Səhər-səhər səsini də açdıq..

El arasında belə bir inanc var ki, “günə necə başladınsa, elə də başa vuracaqsan”. Bunun nə qədər həqiqət olduğunu, düzü, heç yoxlamamışam. Amma o xoşbəxt
anlardan ötən günlərdə də hər o mini məclisi xatırladığımda pozitiv enerji ilə yüklənirəmsə, o görüşdə bulunmağın dəyəri, çəkilən fotoların, videonun yaratdığı
gülüşlər, əhval-ruhiyyə, bir də gələcək üçün arxivləşən xatirələr varsa, deməli, yaşamaq, xatırlamaq üçün səbəb var. Deməli, hələ “davamı var” ümidinə inanmaq gərək..
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !