KİVİDDF Şəmkirdə Azərbaycanın şimal-qərb bölgəsində fəaliyyət göstərən KİV-lər üçün - konfrans keçirmişdir

KİVİDDF Şəmkirdə Azərbaycanın şimal-qərb bölgəsində fəaliyyət göstərən KİV-lər üçün konfrans keçirmişdir

 Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVİDDF) təşkilatçılığı ilə mayın 30-da Şəmkir şəhərində respublikanın şimal-qərb bölgəsində fəaliyyət göstərən KİV-lər üçün konfrans keçirilmişdir.
Konfransda şimal-qərb bölgəsinə daxil olan rayonlarda fəaliyyət göstərən elektron və çap KİV-lərin təmsilçiləri, eləcə də yerli vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, Şəmkir rayon ictimaiyyətinin nümayəndələri və ziyalılar daxil olmaqla 300 nəfər iştirak etmişdir. Həmçinin Bakıda fəaliyyət göstərən ümumrespublika yayımlı KİV-lərin baş redaktorları da tədbirə qatılmışlar.
KİVİDDF-dən AzərTAc-a bildirilmişdir ki, konfrans “İnformasiya əldə etmək haqında Azərbaycan Respublikası qanunvericiliyinin izahı ilə bağlı regional KİV-lərin maarifləndirilməsi” layihəsi çərçivəsində keçirilmişdir.
Fondun icraçı direktoru Vüqar Səfərli və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov konfransda çıxış edərək KİV-lərlə yerli icra strukturlarının əməkdaşlığının genişləndirilməsinin əhəmiyyəti barədə danışmışlar.
Bundan sonra KİVİDDF-nin ekspertləri “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu, ona əlavə və dəyişikliklər barədə məruzə ilə çıxış etmiş, həmin qanunun medianın fəaliyyəti üçün yaratdığı üstünlüklərdən danışmışlar.
Konfransda paytaxtda fəaliyyət göstərən ümumrespublika yayımlı KİV-lərin rəhbərlərindən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Trend” İnformasiya Agentliyinin baş redaktoru İlqar Hüseynov, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli və başqaları çıxış edərək “İnformasiya əldə etmək haqında” Azərbaycan Respublikası Qanununun jurnalistlərə informasiya əldə etmək sahəsində verdiyi üstünlüklərdən danışmışlar.
Şəmkir rayonunda fəaliyyət göstərən “Şəmkir” qəzetinin baş redaktoru İlyas Qasımov, Qazax rayonunda nəşr edilən “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayılov, Gədəbəy rayonunda nəşr edilən “Qızıl Gədəbəy” qəzetinin baş redaktoru Əsədulla Cəfərov, Şəmkir Regional QHT təlim və resurs mərkəzi İctimai Birliyinin sədri Fuad Bədəlov, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev mövzu ətrafında fikirlərini bölüşərək belə hüquqi maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulamışlar.
Sonda KİVİDDF-nin icraçı direktoru Vüqar Səfərli regional KİV-lərin inkişafı üçün Fondun nəzərdə tutduğu layihələr barədə məlumat vermişdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !