Hüseynbala MİRƏLƏMOV : - 80 illik yol

Hüseynbala MİRƏLƏMOV : 80 illik yol

 Yazıçılar Birliyinin qurultayı və yubileyi sonrası düşüncələr

13 iyun 1934-cü il...
Bu tarixi xatırladığım gün, aradakı 80 illik fərqlə yenə təqvimin eyni günü ilə üst-üstə düşür.
Yenə ondakı kimi yaydır, bürküdür, Bakıda havanın hərarəti 28 dərəcəyə çatıb və mən 80 illik uzaqlığın üzərindən bir an da olsa, geri adlayıb 1934-cü ilin 13 iyun gününün Bakı havasını təsəvvürümə gətirməyə çalışıram.
Yəqin ki, onda da doğma şəhərimizin isti günlərindən biri idi, sərinkeşin, indiki sayaq kondisionerlərin olmadığı o uzaq gündə qapalı zala toplaşmış qələm adamları içəridə adamın əhədini kəsən hərarətə dözüm gətirməkdən ötrü, güman ki, bir çarə axtarırdılar.
Amma cəmiyyətdəki ab-hava daha dözülməz idi...
Və 80 il əvvəlin 13 iyun günü Bakıdakı zallardan birində toplaşmış yaradıcı adamların çoxu üstlərinə gələn çətin ruzigarın onları əzib keçəcəyinin fərqində idilər...
Onda Yer üzünün böyük bir parçasını sarmış bolşevizmin ayaq basdığı hər yerdə ədəbiyyatın bütün mövcudluğu tarixinin ən ziddiyyətli bir dövrü başlanmışdı. O qədər ziddiyyətli ki, hətta aradan 80 il keçəndən sonra da o dövrə birmənalı qiymət verə bilmirsən.
Bolşevizm ədəbiyyata yeni insan tərbiyəsinin ən təsirli üsullarından biri kimi həddən artıq böyük önəm verirdi. Ədəbiyyatın inkişafı, qələm adamlarının yazıb-yaratmaları üçün imkan daxilində onların bütün maddi ehtiyaclarını qarşılamağa çalışırdı. Yazıçını, şairi ən nüfuzlu ictimai xadim səviyyəsində görürdü. Ədəbi əsərlərin təbliği, insanların savadlanması, kitaba, mütaliəyə həvəsləndirilməsi də ən azı Azərbaycanda o vaxta qədərki tarix boyu müşahidə edilən ən yüksək səviyyəyə gəlib çatmışdı. Bütün bu müsbət cəhətləri etiraf etməmək üçün qeyri-obyektivliyini boynuna almalısan. Bəli, bütün bunlar həqiqətən yaxşı idi. Amma başqa tərəfdən də bolşevizm ədəbiyyatın - bu ədəb və mərifət sənətinin əsrlərdən bəri daşlaşmış ənənələrini inkar yolu tutaraq özünün son dərəcə əcaib yeni ədəbiyyat konsepsiyasını formalaşdırırdı.
Bu konsepsiyanı əvvəlcə "proletar ədəbiyyatı" adı altında şəxsən V.İ.Lenin özü işləyib hazırlamışdı. Ədəbiyyatın mübhəm sirlərinə, təsir gücünə, insafən yetərincə vaqif olan Leninin irəli sürdüyü konsepsiya ədəbiyyatın sosialist inqilabının, proletar hakimiyyətinin müdafiəsində dayanmasını nəzərdə tuturdu.
Elə proletar ədəbiyyatının davamı olan sosializm realizmi ədəbi cərəyanı da ötən əsrin 30-cu illərində SSRİ-də bolşevik inqilabından sonra sovet hakimiyyətinin himayəsində və mahiyyət etibarilə onun xidmətində olan ədəbiyyatın adının ifadə olunduğu bir termin kimi ortaya çıxmışdı.
***
...Və 1934-cü ilin 13 iyunu...
Qələm adamlarının toplaşdığı zalın bürküsü bayırdakı ictimai-siyasi ab-havanın ağır xofuna qarışıb.
Partiyanın xəttindən sapan yaradıcı ziyalılara qarşı daha Leninin vaxtındakı kimi, onun məqalələrindəki sayaq intellektual hücum, düşündürücü tənqid əyyamı geridə qalıb.
Yolu yanılanları daha ancaq tənqid etməklə kifayətlənmirlər. Sadəcə tənqidlə canını qurtaranlara tale böyük lütf göstərmiş olur. Zaman Stalinin repressiya qılıncını Mirqəzəb kimi icraçı canişinlərin əli ilə düşünən başlar üzərində fırlatmaqdadır. Gecəyarı kiminsə qapısının döyülməsi, xalqın ən dəyərli insanlarının qara geyimli NKVD məmurları tərəfindən gedər-gəlməzə aparılması an məsələsidir.
"Qaymaq effekti" işə düşüb, cəmiyyətin qaymaqları sayılan ziyalıların sırası günü-gündən seyrəlir.
Bolşevizmin yeni ədəbiyyat adamlarının guya fəhlə sinfi sırasından çıxacağı ümidi, ədəbiyyat tarixinin acı zarafatı kimi davam edir. Vaxtilə zadəgan ailələrində yetişmiş qələm adamlarını bir-bir sinfi düşmən elan edirlər. Onların əsərləri irticaçı ədəbiyyat adı ilə damğalanır. Oxunması yasaqlanır...
***
Ədəbiyyat tarixən həyat həqiqətlərini bədii obrazlarla əks etdirən söz sənəti sayılıb. Amma sovet ədəbiyyatının əsas missiyası sovet həqiqətləri sırasındakı saysız qüsurların ədəbiyyata yol tapmasının, ədəbi həqiqətlərdə əks olunmasının qarşısının alınmasından, həyat həqiqətlərinin imitasiya edilməsindən ibarət idi.
Bu partiya tələbini pozan yaradıcı adamların ifşasından və ardınca, təbii ki, cəzalandırılmasından ötrü ötən əsrin 30-cu illərindən başlayaraq bütöv bir ədəbi tənqid institutu formalaşdırılmışdı. O illərdə ədəbi tənqidin haqlı-haqsız hücumlarına tuş gələn qələm sahiblərinin son mənzili "ya qəbir, ya da Sibir" idi.
O dövrün xəyalımdakı təsvirini vermək üçün, əslində bütün düşüncələrimi yazmaq istərdim. Amma əsas məqsədim bu deyil. Həm də nə qədər çalışsam belə, təsvirlərim, yəqin ki, ünlü ingilis yazıçısı, Stalin rejimini ifşa edən əsərləri vaxtilə "Ellər atası"nın göstərişi ilə bütün sosialist məkanında yasaqlanmış Corc Oruelin "1984" əsərindəkindən daha güclü alınmayacaq.
...Və belə bir vaxtda Azərbaycan yazıçıları 1934-cü ilin isti yay günlərindən birində - iyunun 13-də özlərinin ilk qurultayına toplaşıblar...
***
O vaxta qədər Azərbaycan yazıçılarının, şairlərinin müəyyən birlikləri, ədəbi məclisləri vardı. 1923-cü ildə Azərbaycan yazıçı və şairlərinin rəsmi bir qurumda birləşməsi zərurəti ortaya çıxarkən bir neçə qələm adamı mətbuatda dərc etdirdikləri müraciətdə "Türk ədib və şairlər ittifaqı dərnəyi"ni təsis etdiklərini bildirmişdilər.
Həmin ədəbi birliyə "İldırım" adı qoyulmuşdu. "Qızıl qələmlər" ədəbi cəmiyyəti də təxminən bu dövrdə formalaşdırılmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı.
1925-ci ilin 25 dekabrında yaradılmış bu təşkilat Bakıda fəaliyyət göstərən ədibləri bir araya gətirirdi. "Qızıl qələmlər" cəmiyyəti vaxtaşırı müşavirələr, ədəbi məclislər, görüşlər, məruzələr təşkil edir, tədbirlər həyata keçirirdi. "Maarif və mədəniyyət" jurnalında, "Kommunist" və "Gənc işçi" qəzetlərində müntəzəm verilən ədəbi materiallar, "Qızıl qələmlər", "Oktyabr alovları" almanaxları və ayrı-ayrı məcmuələr ədəbiyyatın təbliğinə, kütləvi surətdə yayılmasına xidmət edirdi.
1927-ci ilin iyulunda Azərbaycanın yazıçı və şairləri özlərinin birinci ümumi yığıncaqlarını keçirdilər və qərara gəldilər ki, bütün ədəbi qüvvələri konkret bir təşkilat ətrafında birləşdirsinlər.
Beləliklə, Azərbaycan yazıçılar Cəmiyyətinin müvəqqəti idarə heyəti yaradıldı. 1928-ci ilin 13 yanvarında Bakıda Ümumazərbaycan yazıçılarının birinci, 1929-cu ilin 20 oktyabrında isə ikinci qurultayı çağırıldı.
Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsinin ədəbi-bədii təşkilatların yenidən qurulmasına dair 1932-ci il 23 aprel tarixli qərarından sonra Azərbaycan Yazıçılar Cəmiyyətinin yenidən qurulması səmtində təşkilatı tədbirlər görüldü.
İndiki Azərbaycan Yazıçılar İttifaqı da beləcə yarandı...
***
Azərbaycan yazıçılarının I qurultayında İttifaqın sədri vəzifəsinə Məmmədkazım Ələkbərlini seçmişdilər. O, 1905-ci ildə Dərbənd şəhərində doğulmuş, Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinin ardınca 1934-cü ildə Moskvada "Qırmızı professorlar" İnstitutunu bitirmişdi. Bu ad, indiki nəslə, yəqin ki, bir o qədər tanış gəlmir.
Etiraf edim ki, mən özüm də M.Ələkbərlinin əsərləri ilə dərindən tanış deyiləm. Soraq məlumatlarından öyrəndiyim qədər, o, "İdealizm, materializm və yeni fəlsəfə", "Yeni əlifba və orfoqrafiya", bir də 1935-ci ildə çapdan çıxmış "Azərbaycan ədəbiyyatı" adlı kitabların müəllifi olub.
İndi zamanın sərtliyinə, taleyin dönüklüyünə, repressiya canilərinin acımasızlığına bax ki, böyük ehtimalla proletar sinfinin sıralarından çıxan, siyasi sistemin özünün yetişdirdiyi və bütün həyatı, yaradıcılığı ilə onu yetirmiş sistemin xidmətində dayanan 33 yaşlı gənc alimə də aman verməyib.
Azərbaycan Yazıçılar İttifaqının ilk sədrini 1938-ci ildə güllələyiblər...
Ona qarşı irəli sürülən ittihamın nədən ibarət olduğunu öyrənmək üçün çox axtardım. Amma bu yazını işlədiyim an əlim çatan heç yerdə bu barədə nəsə oxuya bilmədim. Bir də o dövrdə ömrünə bir güllə ilə nöqtə qoyulan şairlərin, yazıçıların hansının suçu bəlli idi ki?!
Məmmədkazım Ələkbərli Azərbaycan Yazıçılar İttifaqına cəmi iki il rəhbərlik edə bilmişdi. 1936-cı ildə onu bu vəzifədə tanınmış nasir, publisist, tərcüməçi kimi tanınan Seyfulla Şamilov (1902-1974) əvəz elədi. Amma repressiya dalğası ondan da yan keçmədi. 1937-ci ildə Seyfulla Şamilovu da həbs edib sürgünə yolladılar.
1938-39-cu illərdə Yazıçılar İttifaqına illər sonra Azərbaycanın ən görkəmli şairlərindən və ictimai xadimlərindən biri kimi bütün İttifaq məkanında böyük nüfuz qazanacaq xalq şairi Rəsul Rza rəhbərlik etdi.
***
İlləri kitab kimi vərəqləyirəm...
Müxtəlif zamanlarda Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik etmiş yaradıcı ziiyalılarımızın adları və quruma rəhbərlik illəri 80 illik bütöv bir tarixi filmin ayrı-ayrı fraqmentləri kimi yaddaşımdan keçir: Süleyman Rəhimov (1939-1940, 1944-1946, 1954-1958), Səməd Vurğun (1941-1948), Mirzə İbrahimov (1946-1954, 1965-1975), Mehdi Hüseyn (1958-1965), İmran Qasımov (1975-1981), İsmayıl Şıxlı (1981-1987), Anar (1987-ci ildən)...
Tarixi ardıcıllıqlarda, xüsusilə ötən əsrin 50-ci illərinə qədərki ardıcıllıqlarda müəyyən qarışıqlıqlar, üst-üstə düşmələr də göründü, fərqindəyəm.
Amma gəlin, bunu mahiyyətcə özü də son dərəcə qarışıq olan o illərin ayağına yazaq, vaxtın təlatümlərinin, ziddiyyətlərinin dolaşıq kələfi kimi dəyərləndirək...
İş elə gətirdi ki, iyunun 17-də Milli Dram Teatrında Azərbaycan Yazıçılar Birliyinin 12-ci qurultayı, iyunun 18-də isə Beynəlxalq Muğam Mərkəzində birliyin 80 illik yubileyi keçirildi. Ard-arda keçirilən bu iki əlamətdar mərasim bu qurumun keçmişi, bu günü, gələcəyi, öz varlığı ilə yaratdığı tarix barədə daha geniş düşünmək fürsəti verdi.
Azərbaycan Yazıçılar Birliyinin təmsilçiləri olaraq biz əslində böyük bir yol keçmişik.
Və bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yazıçılar Birliyinə yubiley təbriki məktubunda öz parlaq ifadəsini tapmışdı: "Xalqın şüurunda azadlıq hisslərinin yaşadılmasında, daha da dirçəldilməsində yazıçı və şairlərimizin yaradıcılığının gücü ölçüyəgəlməzdir. Onlar heç kəsin dilinə belə gətirməyə cürət etmədiyi bir vaxtda müstəqillik və azadlıq ideyalarının carçısı olmaqla dərin məhəbbət və rəğbət qazanmışlar.
Tariximizin bütün dövrlərində, hətta repressiyaların tüğyan etdiyi zamanda yazıçılarımız öz əsərləri, mətbu orqanları, ictimai fəaliyyətləri və şəxsiyyətləri ilə azərbaycançılıq məfkurəsinin bərqərar olmasında, milli ruhun qorunmasında heç nədən çəkinmədən, əsl vətəndaşlıq mövqeyi tutaraq ən yüksək ideallara sadiq qalmışlar. Azərbaycan dilinin saflığının saxlanılması və inkişafında da yazıçıların rolu təqdirəlayiqdir".
***
Zaman ötən əsrin ikinci yarısından Azərbaycan şair və yazıçılarının üzərinə çətin və şərəfli bir vəzifə qoymuşdu. 30-cu, 40-cı illərin repressiya kabusu qarşısında geri çəkilib qəlblərin məhbəsinə sığınmış milli ideyaların gün işığına çıxarılması, xalqın ruhunun oyadılması onların missiyası idi.
Və ötən əsrin 60-cı illərinin ortalarından etibarən tarix Heydər Əliyevin şəxsində Azərbaycanın yaradıcı adamlarına dar məqamda onları qoruyacaq, mühafizə edəcək, qələm adamlarının həmişə inanıb güvənəcəkləri böyük bir şans da vermişdi.
Heydər Əliyev hələ Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində rəhbər vəzifələr tutduğu dövrdən Azərbaycanın yaradıcı ziyalılarının təqiblərdən qorunması üçün əlindən gələni edirdi.
1969-cu ildə Azərbaycanın birinci şəxsi olduqdan sonra da milli ruhlu yazıçılara, şairlərə, alimlərə liberal münasibət onun fəaliyyətində əsas cizgilərdən biri kimi diqqəti çəkir.
Biz bu məqama əvvəlki yazılarımızda da toxunmuşuq. Desək ki, Heydər Əliyev bununla açıq şəkildə mərkəzin yürütdüyü siyasətə qarşı çıxırdı, Soljenitsın kimi söz ustadlarını fərqli düşüncəsinə görə ölkədən qovmuş Kremli saya salmırdı, tarixi obyektivlik hissini itirmiş olarıq.
Heydər Əliyevin bu məsələdə özünəməxsus üsulu vardı. O, rəsmi tədbirlərdə, protokol çıxışlarında söz ustalarını partiyanın ədəbiyyat qarşısındakı tələblərinə ciddi şəkildə əməl etməyə çağırırdı. Partiyanın irəli sürdüyü mövzuları qabardırdı. Hətta əsərlərində o dövr üçün müəllifinə risk yarada biləcək müəyyən yanlışlıqlara yol vermiş qələm adamlarını yüngülvari tənbeh etməsi də olurdu.
Kreml qarşısında göstəri üçün bu, çox vacib idi.
Amma çox tez-tez baş verən qeyri-rəsmi söhbətlərdə, görüşlərdə yaradıcı ziyalılar qarşılarında tamam başqa bir Heydər Əliyev görürdülər. Bu görüşlər qələm adamlarına milli ruhun oyanışına hədəflənmiş yeni-yeni mövzular və bu mövzular üzərində işləməyə cəsarət verirdi. Onları öz əsərlərində milli ideyaları gündəmə gətirməyə ürəkləndirirdi.
Heydər Əliyev öz milli ideyalarını məhz yaradıcı insanlar vasitəsilə həyata keçirirdi. Çünki o dövrün reallıqları baxımından bu, xalq üçün ən təsirli, fərd üçünsə nisbətən ən təhlükəsiz yol idi.
***
Heydər Əliyev yazıçı, şair deyildi, SSRİ Yazıçılar İttifaqının üzvləri qarşısındakı unudulmaz çıxışlarından sonra İttifaq rəhbərliyinin bu quruma fəxri üzvlük təklifini də özünəməxsus yumorla qarşılamışdı.
Amma Heydər Əliyev xilqətən ədəbiyyat adamı idi. O, kitablar dünyasından, sənət aləmindən gəlmişdi və dünyada özünü bəlkə də ən rahat hiss etdiyi yer yazıçıların, şairlərin, ümumilikdə yaradıcı adamların mühiti idi, onlarla ünsiyyətdə olduğu ortamlar idi.
Heydər Əliyev özü peşəkar ədəbiyyat, sənət mənasında hər hansı sənət əsərinin müəllifi deyildi. Onun yaratdığı ən böyük sənət əsəri bu günkü müstəqil Azərbaycan dövlətidir. Amma ötən əsrin 60, 70, 80-ci illərində yaradılmış hər bir cəsarətli əsərin sonuna, bu əsərin əsas müəllifi ilə yanaşı, böyük qətiyyətlə, Heydər Əliyevin də imzasını qoymaq olar.
Çünki o əsərlərdə müəllifin düşüncələri, yaradıcılıq istedadı ilə bahəm, Heydər Əliyevin verdiyi ideyalardan, cəsarətdən, ruhdan da nələrsə var.
Azərbaycanın müstəqilliyinin ilk illərindəki çətin və təlatümlü günlərdə də Heydər Əliyev yaradıcı insanlardan öz isti münasibətini əsirgəmədi.
Yazıçılar Birliyinin binasının İngiltərə səfirliyinə verilməsi məsələsi ortaya çıxanda Heydər Əliyevin bu olaya necə müdaxilə edib binanı yazıçılar üçün qoruması məqamına dəyərli xalq şairimiz Vaqif Səmədoğlu qurultayda dilə gətirdiyi xatirələrdə toxunmuşdu.
Heydər Əliyev yaradıcı insanlarımızın dar məqamda güvəndikləri, kömək istəməkdən çəkinmədikləri, buna ərk etdikləri qüdrət sahibi idi.
Heydər Əliyev özü də milli məsələlərdə həmişə yazıçılara, şairlərə güvənirdi. Diplomatik etiketlər, siyasi maneələr səbəbindən özünün dilə gətirə bilmədiyi mətləblərin ifadəsində yaradıcı insanlara, onlarla səmimi münasibətinə güvənirdi.
***
Azərbaycan Prezidentinin yazıçılarımıza yubiley təbriki məktubunda bir cümlə məni çox tutdu və xeyli düşündürdü: "Qloballaşma şəraitində Azərbaycan ədəbiyyatı qarşısında duran problemlər olduqca mürəkkəb və genişmiqyaslıdır".
Həqiqətən, indi yazıçılar üçün zaman çox dəyişib. Yazıçının yaşı zamanın sürətindən geri qalmaq, ədəbi proseslərdən kənara çəkilmək üçün bəhanə sayıla bilməz. Qurultayqabağı Yazıçılar Birliyinin rəhbərliyinə qarşı bu xüsusda irəli sürülən bəzi fikirlərə ən tutarlı cavab elə Birliyin sədri, xalq yazıçısı Anardan gəldi. Onun bu fikirlərə cavabı təxminən belə idi ki, içində çalışmaq eqşi olan və bunu əməlləri ilə aşkara çıxarmağı bacaran insan üçün yaş heç bir maneə deyil. Əsas olan ürəkdir, qəlbdir, yazıb-yaratmaq, ədəbi prosesləri yönləndirmək əzmidir.
Dəyişən zaman geniş imkanlarla bir arada qarşıya saysız-hesabsız cavabsız suallar da qoyur.
Qloballaşma dövrünün Azərbaycan ədibi, şairi nədən yazmalıdır?! Necə yazmalıdır?!
Ədəbiyyat intəhasız azadlıq deməkdir. Yazıçıya nələrisə diktə etmək olmaz. Ona nədən və necə yazmağı diktə edəcək yalnız bir qüvvə var. Bu da öz ürəyidir...
Həyatın ağrı-acılarını özündən keçirib ona rahatlıq verməyən, hər döyüntüsü ilə onu yazı masasına tərəf çəkən, saxlancındakıları kağıza boşaltmayınca aram olmayan yazıçı ürəyi...
Əsl yazıçı ancaq ürəyinin hökmünə tabe olmalıdır. Qəlbinin diktə etdiklərini qələmə almalıdır.
Amma əgər bir yazıçının ürəyi Vətənin ağrı-acılarına öz qapılarını bağlayacaqsa, Qarabağ boyda dərdi görməzdən gələcəksə, bəşəriyyət tarixinin Xocalı kimi utancından, ağrısından sızlamayacaqsa, daha bu nə yazıçı qəlbidir ki?!
Daha bu qəlb nəyə yarar ki?!.
***
Qloballaşmanın, internetin cızdığı yeni sərhədlər, əslində sərhədsizlik qarşımızda yeni imkanlar açır. Əfsuslar olsun ki, hələlik bu imkanlardan lazımi səviyyədə barına bilmirik.
Ən ciddi problemlərdən biri ana dilimizdə qələmə alınmış əsərlərin dünyanın başqa dillərinə keyfiyyətli tərcüməsi məsələsidir.
Ana dilində yazılmış hər bir ədəbi əsər xalqın ruhunun səsidir, milli ruhun tərcümanıdır. Amma bu səsi, bu ruhu kənar dil mühitlərinə aid başqalarının da duyması üçün ədəbi tərcümə məsələsi öz həllini tapmalıdır.
Nə qədər yaxşı əsər olursa-olsun, başqa dillərə yüksək şəkildə çevrilməyənə qədər bir əsərin auditoriyası yalnız milli məkan hüdudları ilə məhdudlaşıb qalacaq. Beləliklə, bəlkə də bütün dünyada "bestseller"ə çevriləsi bir əsər öz layiqli qiymətini ala bilməyəcək.
Bizim yazdıqlarımıza ölkə hüdudlarından kənarda olan maraq, əslində, düşündüyümüzdən də böyükdür. Buna başqa dillərə tərcümə edilmiş kitablarımızın xarici ölkələrdə təqdimatı zamanı dəfələrlə şahid oluruq.
Viktor Andriyanovla birgə qələmə aldığımız "Görkəmli adamların həyatı" seriyasından "Heydər Əliyev" kitabı dünyanın 33 dilinə, müəllifi olduğum "İlham Əliyev - bioqrafiya davam edir" kitabı 6 dilə, "Zərifə Əliyeva" kitabı isə 5 dilə tərcümə edilib. Bu, dünyanın üst-üstə 100-ə qədər ölkəsində Azərbaycanla, onun tarixinin bir parçası ilə, şəxsiyyətləri ilə ədəbiyyatın yaratdığı tanışlıq imkanı deməkdir. Müxtəlif ölkələrə səfərlərimizdə, xarici ədəbi çevrələrdə ünsiyyətdə olduğumuz tanınmış ədəbiyyat adamları ilə söhbətlərimizdə bu sözü tez-tez eşidirik. Bizdə yaxşı əsərlərin olduğunu onlar etiraf edirlər. Belə əsərlər indinin özündə də yaranır.
Di gəl ki, bu ədəbi nümunələrin dünyaya çıxarılması mexanizmini bilmirik. Fikrimcə, qloballaşma dövründə dövlətin milli ədəbiyyatımızın inkişafı istiqamətində görə biləcəyi ən böyük iş belə bir mexanizmin müəyyənləşdirilməsindən, Azərbaycan ədəbiyyatı nümunələrinin xarici ölkələrin oxucu auditoriyalarına çatdırılmasına dəstək verməkdən ibarət ola bilər.
Əgər bunu edə bilsək, əmin ola bilərik ki, Azərbaycan yazıçılarından hansısa birinin ədəbiyyat üzrə Nobel mükafatına layiq görülməsi o qədər də uzaq olmayan illərin perspektividir.
Amma bundan da əvvəl Azərbaycan yazıçısını məhz Azərbaycan oxucusuna tanıtmalıyıq, sevdirməliyik. Çünki yazıçını yetirən, yaradıcılığa həvəsləndirən oxucu marağıdır.
***
İndi əksər postsovet ölkələrində olduğu kimi, Azərbaycanda da kitab, ədəbiyyat gəlirli biznes sayılmır. Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyinə təşrif gətirmiş görkəmli qazax şairi və ədibi, türk dünyasının dəyərli övladlarından olan Oljas Süleymenov jurnalistlərlə söhbətində bu problemin təkcə Azərbaycanda yox, Rusiyada, Qazaxıstanda da olduğunu etiraf etdi: "Əvvəl dövlət ədəbiyyata dəstək verirdi. İndi dövlət deyir ki, söz azadlığıdır, ədəbiyyatla özünüz qazanın. Yəni, ədəbiyyat artıq bazara çıxıb, əmtəəyə çevrilib. Amma təəssüf ki, gəlir azdır".
Bu gün Azərbaycanda da yazıçıların yetərincə çətinlikləri var. Yazıçılar əsərlərinə görə qonorar ala bilmirlər. Kitablar lazımi səviyyədə satılmır. Ədəbiyyat, bir növ, yazıçı adına iddialı insanların fədakarlığının, yaradıcı hobbisinin ümidinə qalıb.
Azərbaycanda kitab oxucuları həmişə olub və indi də var. Amma onların sayı bizə durumdan şikayətlənmək və çıxış yolları barədə düşünmək üçün ciddi əsaslar verir.
Bu məsələdə televiziyaların üzərinə ələlxüsus böyük iş düşür. İndi əsasən çal-çağır, şou ovqatında köklənmiş teleməkanın kitabı, ədəbiyyatı əsas təbliğat mövzusuna çevirməsinə böyük ehtiyac var.
Lütfən "belə verilişlərə kimsə baxmaz", "bu verilişlər reytinq gətirməz" deyib şouya davam etməyək. Televiziyanın - bu sehrli güzgünün insanların şüuruna təsir baxımından bacarmayacağı bir iş yoxdur. Uğurlu vasitələrlə, peşəkar yanaşma metodları ilə ədəbiyyatı təbliğ etməyin yollarını tapmaq olar. Elə etmək olar ki, bu gün hansısa müğənninin evlənib-boşanma məzhəkəsini qlobal mövzu gözündə görən tamaşaçı bu mənasız və faydasız marağı kitablara, ədəbiyyata, ədəbi qəhrəmanlara, ədəbiyyatın təlqin etdiyi ideallara dəyişsin...
Sadəcə, televiziyalarımız yolun çətinini seçməkdən çəkinməməlidirlər.
***
Yazıçıların qurultayında rayon yerlərində kitabxanaların, kitab mağazalarının olmaması da ağrılı problem kimi gündəmə gəldi və bu mövzuda narahat müzakirələri dinləyincə sovet dövründə rayon yerində keçən uşaqlığımı xatırladım.
O illərdə kəndlərimizin çoxunda asfalt yollar, qaz, telefon rabitəsi yox idi. İşığı da bəzi kəndlərə sonradan çəkmişdilər, tək-tük evlərdə radioya rast gələrdin. Amma o kəndlərin hər birində kitabxanalar vardı. O kitabxanalara yeni kitablar gedərdi. İnsanlar o kitabxanalardan evlərinə qucaq-qucaq ədəbiyyat daşıyıb gecələr çıraq işığında uşaqlı-böyüklü mütaliə edərdilər.
Maraqlı bir kitab kəndlərdə evdən-evə, əldən ələ gəzərdi...
Ata-analar yenicə dünyaya gəlmiş övladlarına sevimli ədəbi qəhrəmanlarının adlarını yaraşdırardılar...
Onda çoxumuzun dünyada, tutalım, Kolumbiya adlı dövlətin mövcudluğundan xəbərimiz yox idi. Amma Kolumbiyanın hansısa yazıçısını tanıyırdıq, onun əsərlərindən xəbərimiz vardı.
O illərin uşaqları indikilərdən fərqli olaraq kompüter qarşısında əyləşib dünyanın ayrı-ayrı şəhərlərini virtual səyahətə çıxmaq imkanından məhrum idilər. Amma sevimli yazıçılarımızın - Viktor Hüqonun, Rəşad Nuri Güntəkinin, Dostoyevskinin, Cek Londonun əsərlərində onların təsvir etdikləri məşhur şəhərlərin - Parisin, İstanbulun, Sankt-Peterburqun, Nyu-Yorkun küçələrində asudə gəzib dolaşardıq...
***
Yaşlı və gənc yazarlar...
Çoxumuz üçün tanış mövzudur. Və fikrimcə, bu, təkcə indinin məsələsi deyil. Ədəbiyyatın bütün mövcudluq tarixi boyu ədəbi nəsillər arasında daimi ixtilaflar baş verib.
Özüm də gənc olmuşam, yaşlı nəslin mühafizəkarlığını da görmüşəm, senzura qılıncının itiliyini də, onların həssaslığını da, qısqanclığını da, etinasızlığını da...
İndiki ədəbi gəncliyin müəyyən bir kəsimi də onlara qarşı "eyni" münasibətdən rəncidədirlər.
Ara-sıra bu mövzuda baş verən qalmaqallara qarışmağı, hansısa formada münasibət bildirməyi heç vaxt arzulamamışam. Amma indi düşünməli oluram: gənclərimiz öz mövqelərində haqlıdırlarmı?!
Vaxtım, imkanım olduğu qədər gənclərimizin yaradıcılığını izləməyə, onlarla ünsiyyətdə olmağa çalışıram. Aralarında istedadlıları yetərincədir. Əsərlərində, söhbətlərində çox iddialı görünürlər. Bu, yaxşı cəhətdir. Çünki gəncliyi, ələlxüsus onun yaradıcı kəsimini iddiasız təsəvvür etmək mümkün deyil. Amma bu gənclərin çoxunun iddialarının istedadlarını üstələməsi, bu iddiaların arxasında əsl yaradıcı istedadın deyil, ucuz qeybətlərin, mənasız qalmaqalların görünməsi adamı məyus edir.
Biz gənclərimizə əlimizdən gələn köməyi göstərməyə çalışırıq, onlara yeni mövzular, ideyalar veririk, amma əfsuslar olsun ki, bu mövzular, bu ideyalar gənclərimizin qələmində öz ifadəsini tapa bilmir.
...Və reallıq budur ki, müasir Azərbaycan ədəbiyyatı dedikdə, yenə də ağla gələnlər - ədəbi aləmə ötən əsrin 60-70-ci illərində qədəm qoymuş qələm sahiblərinin adlarıdır. Müasir ədəbiyyatımızın yükünü çəkən məhz bu insanlardır...
Ədəbiyyatda sələflər və xələflər məsələsi həmişə aktual olub. Ədəbiyyat həmişə irsin varisliyi üzərində öz mövcudluğunu, inkişafını təmin edib.
Yazıçılar Birliyinin 12-ci qurultayında, Birliyin 80 illik yubileyində kuluar söhbətləri zamanı eşitdiklərim istər-istəməz adamı narahat düşüncələrə çəkir.
Biz ötən əsrin 60-70-ci illərində böyük ədəbiyyata doğru ilk xəfif addımlarımızı atanda önümüzdə Səməd Vurğun, Rəsul Rza, Mir Cəlal Paşayev, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə kimi söz ustadları vardı.
Və biz bu sələflərin xələfi olmaq, o ədəbi nəhənglərin yollarını davam etdirmək iddiası ilə çıxmışdıq yola.
Bəs biz özümüz indi bu yolun davamını kimlərə tapşıracağıq?!
Məncə, günün əsas sualı da elə budur...

Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı, yazıçı-publisist

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !