Böyük İpək Yolunun üstündə yerləşən Şəmkir qalası qədim tariximizin bir parçasıdır - FOTO

Böyük İpək Yolunun üstündə yerləşən Şəmkir qalası qədim tariximizin bir parçasıdır FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində respublikamızın qərb bölgəsinə ekskursiya edən lənkəranlı məktəblilər avqustun 3-də Şəmkirdə olublar.
AzərTAc xəbər verir ki, rayonla tanışlığa erkən orta əsr Şəmkir qalasından başlayan şagirdlərə arxeoloji qazıntılar zamanı aşkar edilən tarixi nümunələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, Böyük İpək Yolunun üstündə yerləşən və kənar basqınlardan qorunmaq məqsədilə salınan şəhərin ərazisi təxminən 30 hektardır. 2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun ərazidə apardığı qazıntılar zamanı məlum olub ki, ərəb, Bizans, Hülakü və Atabəylərdən sonra ərazi çar Rusiyası qoşunlarının hücumuna məruz qalıb. Arxeoloji qazıntılar zamanı çar Rusiyası ordusunun burada yaratdığı “hərbi qarnizon”un qalıqları, yaşayış evləri və onlara məxsus pul vahidləri aşkar edilib.
Sonra qonaqlar Şəmkir şəhərindəki Gənclər Mərkəzində olublar. Burada şagirdlərə məlumat verilib ki, mərkəz rayon gənclərinin ən çox sevdikləri yerdir.
Möhtəşəm Heydər Əliyev Mərkəzi də lənkəranlı məktəblilərdə xoş təəssürat oyadıb. Onlar burada Ümummilli Liderin həyat və fəaliyyəti ilə daha yaxından tanış olub, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə, eləcə də Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu vaxtlarda çalışdığı iş otaqlarından nümunələrə tamaşa ediblər.
Sonra şagirdlər Bayraq muzeyində olublar. Onlar, həmçinin abidələr və istiqlal parklarını gəziblər və XVIII əsr alman kilsəsinə baxıblar.
Bununla da Lənkəran məktəblilərinin Gəncə-Göygöl-Şəmkir marşrutu ilə keçirdikləri ekskursiya başa çatıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !