Habil Yaşar: - Yoxluğumun Varlığı

Habil Yaşar: Yoxluğumun Varlığı

Annotasiya.

Habil Yaşarın oxuculara təqdim etdiyi bu kitab “Yoxluğumun Varlığı ” adlanır. Kitabda yazarın dünyaya baxışları, könül duyğuları, eyni zamanda fəlsəfi düşüncələri öz əksini tapmışdır. Bundan öncə şairin 2001–ci ildə “Səni sevdim sevəcəyəm” və 2003-cü ildə “Məni sevgi yaratdı” kitabları oxuculara təqdim edilmişdir.

Sevirəm – çünki sevməsəm yaza bilmərəm.
Yazıram – çünki yazmasam yaşaya bilmərəm.
Yaşayıram – çünki yaşamasam sevərək yaza bilmərəm.

Habil Yaşar.

 

Üzü Sabaha...

Gənc şair, mənəviyyatlı insan, gözəl öyrətmən, vəfalı dost Habil Yaşar yeni kitabı üçün bir yazı yazmağı təklif etdikdə sevindim. Sevindim, çünki Kitab çıxacaqdı; mənim üçün əziz insan olan Habil Yaşarın – Kitab qədri bilən bir insanın kitabı çıxacaqdı! Onun arttıq üçüncü kitabı olan “__Yoxluğumun Varlığı_” son illərdə qələmə aldığı şeirlərdən oluşur. “Qələmə aldığı” deyirik, çünki, Habilin heç də bütün şeirləri(ni), bütün şeirsəl anıları(nı), şeirsəllikləri(ni) bizə təqdim etmədiyini düşünürəm – yalnız qələmdən (çağdaş intonasiya ilə desək, bilgisayardan) keçənlərini paylaşr bizimlə... Onun şeir xəsisliyi etdiyini düşünmürəm, bəlkə tam tərsinə doğru etdiyini demək istəyirəm. – Bilirsiz, Habilin İlahi biliklərə yaşına görə yaxşı vaqif olması, yenə yaşına görə oxuduqları, əldə etdiyi başarılar və fikir süzgəcindən keçirdikləri ilə sırf ədəb-bədii planda yaza biləcəklərini göz önündə tutur və “o, doğru edir” qərarına gəlirəm. – Heç də hər şeyi yazmaq (başqa sözlə, paylaşmaq) lazım deyil – həm daha yaxşısı yazılıbsa, həm də daha yaxşı yazacağın məqam qarşıdasa... Bir də elə mövzular var, bəlkə heç şeirlik deyil, bəlkə elə toxunulmamış –“bakirə” qalsa yaxşıdır... Zira, şairin yaşamı da bir şeirdir – ÖMÜR ŞEİRİ!..
“Yoxluğumun Varlığı_” kitabı Habilın üçüncü kitabıdır. Onun hələ 19 yaşında ikən qələmə aldığı, onu sevən və onun sevdiklərinin ilgi ilə qarşıladığı “Məni Sevgi yaratdı“ adlı kitabı gənc şairə uğur gətirdi. Habil bundan ruhlanaraq mətbuatda daha tez-tez göründü, ədəbi müzakirələrdə iştirak etdi, öz fikir və mülahizələri ilə çıxış etdi. Təbii ki, onun da (başqalarının da) Ürəkdən keçənləri – uyğun bildiklərini yazmaq haqqı var, eyni güclə oxucularının da onun haqqında öz münasibətlərini açıqlamaq haqqı..! Mən Habili HAQQa sayğılı gördüm həmişə!

Habil şeir yaradıcılığı ilə yanaşı publisistik yazılarla, nəsr örnəkləri ilə də çıxış edir; hansı türdə yazmasından asılı olmayaraq, öz yazılarında həmişə İŞIĞa doğru gedir, HAQQ arayır. O, toplumumuzda, dünyada baş verən proseslərə biganə deyil, publisistikasında elmiliklə bədiiiliyi vəhdətdə görür, özünəözgü sonuclara varır.
Gənc dostuma yeni-yeni yaradıcılıq uğurları diləyir, ən xoş arzularımı bildirirəm!

Ə.QOŞALI
DGTYB başqanı

Tərcümeyi-halım.

Mən Habil Yaşar 1983 - cü ildə Bakı şəhərində anadan olmuşam. 2004-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişəm. Hərbi xidmətdə olmuşam. 2001–ci ildə “Səni sevdim sevəcəyəm”, 2003-cü ildə “Məni sevgi yaratdı” kitablarının müəllifiyəm. Azərbaycan Yazıçılar Birliyinin(2003), Dünya Gənc Türk Yazarlar Birliyinin(Maliyyə Nəzarət Təftiş Komissiyası üzvü-2009), Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının(Maliyyə Nəzarət Təftiş Komissiyası 2009), Dünya Azərbaycanlıları Konqresinin (2010), Seçkilərin(Məntəqə katibi) üzvüyəm. Şərqi Avropa Ölkələri Gənclər Əməkdaşlığı Konfransının(2009-Bakuruyani,Gürcüstan), Londonda keçirilən Dünya Azərbaycanlıları Konqresinin XI qurultayının(10-13 dekabr2010) iştirakçısıyam. Qazaxıstanın Türküstan şəhərində keçirilən “19 Mayıs Türk Dünyası Genclik Buluşması” nda etdiyim xidmətlərdən dolayı təşəkkürnamə almışam.(2011)."XX-XI ƏSRİN ZİYALI VƏ YARADICI İNSANLARI"ensklopediyasında, "Çağdaş Azerbaycan Şiiri"(2009-Ankara,türkiyə türkcəsində iki şer) və s kitablarda yazılarım dərc olunub. Prezident təqaüdçüsü(Ədəbi fəaliyyətinə görə 2009), "Vicdanlı Qələm"("Qafqaz"Media İctimai Birliyi,jurnalistika fəaliyyətinə görə 2008) kimi mükafatlara layiq görülmüşəm. 2006-cı ildən Bakı Neft Energetika Kollecində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirəm. Ailəliyəm, iki övladım var.


Shair26@box.az
habilyasar@rambler.ru
https://www.facebook.com/hyashar
http://habilyashardotcom.wordpress.com/
zəngimselim:
zengim.az 6070--106818
megaArt.az 6070--725641a

 

 



Çəkirik.

 

Bu dünyada kim nə bilir,kim nə çəkir,
Bilinməzi kimsə bilməz,kimsə çəkir,
Mən çəkirəm,sən çəkirsən,o da çəkir,
Çəkiləsi sevinc deyil,dərd çəkirik.

 

Bu dünyada insanlığın üzü qara,
Beş sözünün ikisi ağ,üçü qara,
Öz rəngindən utanıbdı özü qara,
Bəyazı da qaralayıb,xətt çəkirik.

 

Bu dünyada kim deyir ki,azdı yanan,
Yüz illərdi Kərəm üçüm sazdı yanan,
Doğulandan ölənədək sızıldayan,
Könüllərin gülüşünə sədd çəkirik.

 

08.09.2009

 

 

DÜNYA.

 

Gəlməz özünə dünya,
Getməz düzünə dünya,
Gülüb üzümə dünya,
Ağladıb belə məni.

 

Yamanca kordu dünya,
Yaxşıya gordu dünya,
Məni də yordu dünya,
Çərlədib belə məni.

 


Gözümə baxa bilməz,
Yaş olub axa bilməz,
Sonuma çıxa bilməz,
Öldürüb belə məni.

 

Həya üzündən güdib,
Nuru gözündən güdib,
Vallah özündən gedib,
Çaşdırıb belə məni.

 

07.01.10

 

 

DÜNYA ÖZÜN BOYDA DƏRD VERDİN MƏNƏ.

 

Dünya özün boyda dərd verdin mənə,
Bu yükü çiynimdə daşıyıram mən.
Götürsən bu yükü çiyinlərinə ,
Görərsən ah necə yaşayıram mən.

 

Dünya özün boyda kədər payını,
Sən mənim ömrümə tuş eyləmisən.
Süzüb badələrə içib qanımı,
Mənim sağlığıma nuş eyləmisən.

 

Dünya özün boyda kədərin,qəmin,
Bir özün boydada göz yaşların var.
Necə qəribədir sənin aləmin,
Haqlı da,haqsız da savaşların var.

 

Dünya özün boyda dərd yuvasısan,
Bu evi uçurub,dağıtmaq olmur.
Sinəmi min yerdən yaralayıbsan,
Elə bir yara ki,sağaltmaq olmur.

 

Dünya özün boyda dərd okeanı,
Sonsuz fırtınalar ocağısanmış.
Yaxşı tanımazdım mən bu dünyanı,
Sən demə ilanlar qucağısanmış.

 

2008

 

 

Xəzər.

Bu gün sahilində dayanacağam,
Səninlə söhbətə gəlirəm, Xəzər.
Sirrimi tək sənə mən açacağam,
Səndə pənahımı gəzirəm, Xəzər.

 

Sən də dalğalısan illər boyunca,
Mənim ürəyim tək dayanmayırsan.
İnsan rahat olur həmdərd olunca,
Nədəndi dərdimə inanmayırsan?

 


Nəhəng olmağınla öyünmə, Xəzər,
Mənim dərdlərimdən böyük deyilsən.
Alarsan qoynuna o səni əzər,
Götür dərdlərimi götürə bilsən.

 

Sevin ki, başına dolanır quşlar,
Mənimsə başıma dolanan hanı?
Sənin üzərinə yağan yağışlar,
Mənim göz yaşımdır gəzir dünyanı.

 

Ulduzlar bərq vurur suyunun üstə,
Ləpələr şirin bir nəğmə söyləyir.
Mənsə dayanmışam ürəyi xəstə,
Dərdlərin əlindən içim inləyir.

 

Demə paxıllığım tutacaq sənə,
Paxıllıq deyilən o mənə yaddır.
Baxsan ürəyimin dərinliyinə,
Bir deyil min Xəzər sıxışacaqdır.

 

2008

 

 


ALLAH.



Bu bahar ömrümə bir sazaq düşüb,
Qışmı yaşayıram,baharmı Allah?
Ayrıldıq araya bir ocaq düşüb,
Mənmi alışıram,o yarmı Allah?

 

Özüm öz içimdə əriyən mənəm,
Ağlayıb,sızlayıb,göynəyən mənəm,
Min yükü çiynimə götürən mənəm,
Haqmı daşıyıram,nahaqmı Allah?

 

Səhərin dan yeri açılan deyil,
Yoluma bir işıq saçılan deyil,
Yazılan yazılıb pozulan deyil,
Ağmı yaşayıra,qaramı Allah?

 

Elə bir yerdəyəm gəl apar mən,
Tikansız bir güləm dər qopar məni,
Haraya getsəmdə dərd tapar məni,
Dərdmi xoşlayıram,vüqarmı Allah?

Həsrətin əlindən əldən düşmüşəm,
Ağızdan düşmüşəm,dildən düşmüşəm,
Deyəsən mən yerə göydən düşmüşəm,
Düzmü danışıram,yalanmı Allah?



2008

 

 


YUXULAR.

 

Yuxular həqiqət olsaydı əgər,
Arzular,xəyallar gərəksizləşər,
Bir heçə dönərək məhv olacaqdı
Insan yuxularla yaşayacaqdı.

 

Kiminin yuxusu sevinc dolusu,
Bir deyil,min dəfə görmək arzusu,
Onun ürəyinə taxt salacaqdı
Insan yuxulara aldanacaqdı.

 

Kiminin yuxusu həsrət qoxulu,
Həyatın özütək o da qorxulu,
Bir daha yuxular görməsin deyə
O, nifrət edərdi yuxu görməyə.

 

Yuxular qəribə xoş,dəhşət kimi,
Biz onu görürük həqiqət kimi.
Yuxunu həqiqət sandığımızdan,
Onu axtarırıq zamanbazaman,

 

Yuxular həyatın özündə həyat,
Bəzən həyacansız,bəzən narahat.
Bir günü özünə sevdirir bizi,
Bir günsə sındırır ürəyimizi.



2007

 

 

QARA BULUD.

 

Qara bulud,
Qara bulud,
Məni unut…

 

 

Qara bulud,
Dərdin-qəmin,
Simgəsi,
Məzarların,
Rəngisən…

 

Qara şərin rəngisən,
Qara illərin rəngi.
Bəşərin qənimisən.
Ayrılıq sən,
ölüm sən
iztirab sən
zülüm sən.
Qara düşərli olmur

 

Qara bulud
Qara buulud
Mən qaranı unut…

 

2008

 

 

 

Qabırğalar...
Qabırğa bədənlərin
ayağı altında titrəyir

 

Qabırğa bədənlərin
Qabarlı əlləri
Göyə açılı

 

Qabırğa bədənlərin
Qırış-qırış olmuş alınlarından
Zəhmət suyu tökülür,
Qabarlı əllər,
Yumurlanıb bükülür.



Qabırğalar qabar-qabar əllərini
qaldıraraq
qışqırırdı qaba-qaba.


02.08.08,
02.26

 

 

 

MƏMLƏKƏTİM.


Mən doğuldum şaxtalı,boranlı qış axşamı,
Mən doğuldum alovlar,odlar məmləkətində.
Mən doğuldum tanıyım vətənimi,anamı,
Mən doğuldum onlarla bağlı səadətimdə.

 

Yaşayıramsa demək borcluyam bu torpağa,
İliyimdi,qanımdı,canımdı məmləkətim.
Bu gün döyüş olarsa vətəni qorumağa,
Hazır bütün varlığım,hazır bütün xislətim.

 

Ölərəmsə vətənin uğrunda ölmək mənə,
Ölümlərin ucası şəhidlik gətirəcək.
Mənim doğma torpağım Azərbaycanım yenə,
Dastanlara sığmayan oğullar yetirəcək.

 

Mən doğuldum tər-təmiz ədalət ölkəsində,
Ürəyi sevgi dolu,məhəbbət ölkəsində,
Günəş kimi parlayan həqiqət ölkəsində,
Mən doğuldum əbədi səadət ölkəsində,

 

05.11.2009

 

 


Hələ.

 

Bir ah çəkməyimlə quruyar dünya,
Hələ çəkməyirəm,dözürəm hələ.
Bir kəs axtarıram qoruyar dünya,
Hələ axtarıram,gəzirəm hələ.

 

Mənim dərdlərimin yaşı az deyil,
Dünyayla bərabər doğulub dərdim.
Onun kefi kimi,kefim saz deyil,
Dərdləin əlindən yorulub dərdim.

 

 

Dünyanın gözündən düşməyib hələ,
Qalıb boğazımda ilişən dərdim.
Dünya dərdim kimi bişməyib hələ,
Kömür tək alışıb,közləşən dərdim.

 

16.12.2009

 

 

AĞAC.


Nə gec yetişir bu ağac,
Niyə belə gec böyüyür budaqları,
Sərin mehdən töküləcək yarpaqları.
Səbəb birmi, ya ikimi
Bu ağacın kökü bəlkə su görməyib.
Bircə damla suya möhtac sanki ağac,
Birdən-birə böyüyəydi kaş ki, ağac.


Daha gecmi yetişəcək,
Düşünürəm dərin-dərin.
Bu ağacda gözü qalıb,
Ola bilsin
neçə-neçə
bədgözlərin.


Dərdin nədir, desən, ağac,
Dərmanım yox verəm, ağac.
Bəlkə bizdən incimisən-
saxlayırsan ürəyində.!?
Etinasız yanaşmışıq. -
Budağından,
yarpağından
qıra-qıra
böyüməyə qoymamışıq.
Ya özündən incimisən.


Qabığında qırış-qırış
cadar-cadar
öz içindən yeyir bəlkə səni qurdlar.
Mən nə bilim, nə söyləyim,
Ola bilər tamam şair sözü.
Amma onu bilirəm ki,
Ağac kimi göz önündə
yavaş-yavaş məhvə gedir
dünya özü...
2008

 


Hər kəsin üzündən tökülür ölüm.



Hər kəsin üzündən tökülür ölüm,
Heç kəsin üzünə baxa bilmirəm.
Hər kəslə sevgimi razıyam bölüm,
Heç kəslə dərdimi bölə bilmirəm.

 

Hər kəsin heç kimə çatmayır gücü,
Heç kəsin hər kəsə məhəbbəti yox.
Hər kəsə sirrimi söylərəm düzü,
Heç kəsin sözünə sədaqəti yox.

 

Hər kəslər,heç kəslər dünyası nağıl,
Heç kəs bu kitabı oxumayacaq.
Yaşama ey dünya yaşama dağıl,
Yaşasan ədavət yox olmayacaq.



11.02.10

 

 


Ölümümə ağı.

 

Üzüm üşüyəcək torpak yerinə,
Bu soyuq üzümə vuracaq mənim.
Hopub sümüyümə,iliklərimə,
Soyuqdan donacaq düşüncələrim.

 


Soyuqdan donacaq düşüncələrim,
Duyğular hissindən uzaqlaşacam.
Belə başlayacaq qara günlərim,
Hər gün zərrə-zərrə yazıqlaşacam.

 


Hər gün zərrə-zərrə yazıqlaşacam,
Görkəmim,bədənim yazıqlaşacaq.
Özümdə bilmədən torpaqlaşacam,
Torpağın üzü də soyuqlaşacaq.

 

2010

 

 


Körpə dilənir.

 

Görürəm mən nələr,görmürəm Allah,
Ağlıma gəlməyən,başıma gəlir.
Niyə yaşayıram,ölmürəm Allah,
Böyüklər bir yana,körpə dilənir.

 

Əl açıb yalvarır,körpə dil tökür,
Bir tikə çörəyə ehtiyacı var.
Mənimsə qəlbimə qaranlıq çökür,
Necə yaşayacaq həyatı onlar.

 

İstehza baxışlar,acı gülüşlər,
Hədəf qızcığazın üzərindədir.
Adamın başına göydən daş düşər,
Bu körpə balanın günahı nədir?

 

Dilənir bir mələk,günahsız bəndə,
Heç kəsə bu tale qismət olmasın.
Ağlayım eybi yox,mən öz içimdə,
Amandır körpələr qoy ağlamasın.

Körpənin gününə yanır ürəyim,
Xəcalət çəkirəm utandığımdan.
Yaşamağa haqqım varmıdır mənim,
Bir insan taleyi məhv olur aman.

 

2009.

 

 

Dözürəm hələ.
Dözürəm yana-yana
bu dəcəl dünyanın ərköyünlüyünə.
ərköyün olduğu qədərdə
tərsliyinə,
inadına.
Bir-birinin əksi olan
mənfisinə,
müsbətinə.
düzlüyünə,
əyrisinə.
Dözürəm hələ ki,
Etibarsız dünyamızın cahilliyinə.

 

Qəlbimin yağını yeyə-yeyə dözürəm,
Saxta insanların,
saxta məhəbbətlərinə.
Sevgini ehtirasa çevirən,
“leyli”,”məcnunların” əyləncəsinə.
Ana adına ləkə gətirəcək,
bəzi qadınların fahişəliyinə.
Onları bu yola düçar edən,
bəzi kişilərin vəhşiliyinə.
Dözürəm hələ ki,
əxlaqsız dünyamızın ədəbsizliyinə.

 


Qanım qarala-qarala dözürəm,
Körpə uşaqların
işıqsız sabahlarına.
Oxumaq əvəzinə,
veyil-veyil gəzən yeniyetmələrin
səfilliyinə.
Tinlərdə siqaret çəkib,
intihar edənlərin mənəviyyatsızlığına.
Dözürəm hələ ki,
Savadsız dünyamızın rəhmsizliyinə.

 

Əllərimi sinəmə sıxa-sıxa dözürəm,
Mənliyini,
keçmişini
unudanların iradəsinə.
Müasirlik adı altında,
manqurtlaşan,
heyvanlaşan
beyinlərin düşüncəsinə.
Dözürəm hələ ki,
Unutqan dünyamızın huşsuzluğuna.

 

Dözürəm min bir əzab çəkə-çəkə,
göz yaşımı tökə-tökə,
Qarabağın yoxluğuna.
Varlığımın varlığından utanıram.
Gündə min yol
bu dünyada yaşamağa haqqım yoxdur
deyə-deyə
bu dünyadan qovuluram.
Dözürəm hələ ki,
bu haqsız dünyamızın tərəfkeşliyinə.

 

Dözürəm,
dözümün də,
səbirin də,
sonu vardır bu dünyada.
Güman sabah dözməyəcəm,
Dözə-dözə ölməyəcəm,
Mən dözürəm deməyəcəm,
Ola bilər,
Düşünürəm özümdə
Gün gələcək
tükənəcək
dözümümdə.


2008.

 

 

Ağartmayıb.

 

Mənə dərd verən Allah,
Dərmanın unutmayıb.
Qəlbimi görən Allah,
Rəhmətin azaltmayıb.

 

 

O,rəhmandır,rəhimdir.
Hər bir işdə kərimdir,
Yaratdığı elmdir,
Boşuna yaratmayıb.

 

O bilər niyyətləri,
Eşidər söhbətləri.
Sirlidir hikmətləri,
Tam açıb ağartmayıb.

 

2008.

 

 

Soyuyub.


Soyuyub bu dünya,
Yumruq boyda ürəkləri
isidə bilməyəcək qədər soyuyub.
Havası soyuyub,
rəngi soyuyub.
Mənası,ahəngi,
nəyi varsa soyuyub.
Bu soyuq deyəsən həddini aşıb,

Dünya soyuyaraq həddini aşıb.



28.04.10

 

 


Türkün səsi.

 

Türkün səsi...haqdan gələn bir səda,
Bu sədanı eşitməli,duymalı.
Haqq bağıran bir xalq varsa dünyada,
O da türkdür,türkə dəstək olmalı.

 

Türkün səsi...öz səsindən tanınar,
Özgə səslər bu sədaya bənzəməz.
Ədaləti yer üzünə yayanlar,
Haqsızlığa göz yumaraq gəzəmməz.

 

Türkün səsi...peyğəmbərin duası,
Amin deyən milyon dillər var olsun.
“Əzəl-axır dünya türkün dünyası”,
Yer üzünə haqq səsimiz car olsun.

 

Türkün səsi...xoş məramlı bir səda,
Bu səs ilə dünya üzün güləcək.
İnsanlıqdan uzaqlaşan dünyada,
“Mutlu günlər” türk oğluyla gələcək.

 

07.06.10

 

 

 

Mən də dilənçiyəm.

 

Gözümü açandan axtarışdayam,
Yaş töküb mərhəmət umuram bəzən.
Gah ərişdi yolum,
gah
arğacdayam,
Bir soyuq baxışdan donuram bəzən.
Çıraq axtarıram qaranlıqlara,
İşıqlı,
nurlu
bir yer axtarıram.
O yerdə yenidən qurulan dünya
Bir könül sultanı, pir axtarıram.
Mənim axtardığım nədir, soruşsan –
Özümçün heç bir şey,
dünya
deyirəm...
Eşq, Ürək, Həyəcan, Sevda deyirəm,
Mənim axtardığım Odur sonunda...
Axtara-axtara gəzirəm hələ,
Yolları-yollara qatıb gedirəm.
Hələ tapmayıram axtardığımı,
Axtara-axtara itib gedirəm.
12.07.2010

 

 

Nigaran tabut.

 

Kədər-gözlərdən süzülüb gələn
Yanğıların sübutu.
Ölüm-çəkilən əzabların
Bir andaca sükutu.
İnsafdan deyil axı
Bu qədər yormaq olmaz
Gözləri yolda qalan
Nigaran tabutu.

 

2004

 



Ölən torpaq.

 

Cadar-cadar
Quruyurdu torpaq
Havanın dözülməz hərarətindən
Və canında hiss edirdi
Susuzluğun yanğısını.
Göyə zillənirdi baxışları,
Həzin-həzin,
su dilənirdi
buludların topasından,
partdaq-partdaq dodaqları.
Buludlar simic kimi
Diriltmirdi
ölü torpağı olan
quraqlıqları.



2004

 

 


Gərək.

 

Yanım günəş kimi,yanım şam kimi,
Pərvanə eşqiylə odlanam gərək.
Özümə qəhərli bir axşam kimi,
Özüm də özümə yadlanam gərək.

 

Tökəm göz yaşımı,tökəm sel kimi,
Əsəm külək kimi,əsəm yel kimi,
Sızlaya-sızlaya Sarıtel kimi,
Hər dərdə,əzaba qatlanam gərək.

 

Yarsız neyləyirəm quruca canı,
Gülüb-danışmağı,quruca canı,
Amalım yolunda gəzib dörd yanı,
Bu taydan,o taya atlanam gərək.

 

Çıxam öz yolumdan,ox kimi çıxam,
Əngəl,maneəni adlayıb yıxam,
Ölsəm bilinməz ki,varmıyam,yoxam,
Qalsam sevgilimlə şadlanam gərək.

 

Yağam yağış kimi,qar kimi yağam,
Həsrəti əlimlə öldürəm,boğam,
Hər səhər günəştək yenidən doğam,
Yanıb eşq oduna odlanam gərək.

 

Keçəm qayaları,sıldırımıarı,
Vecimə almayam ildırımları,
Mənə olan bütün etimadları,
Bir gün Allah qoysa,doğruldam gərək.

 

2006.

 

 


Şəhər gecələri.

 

Süd kimi bəyaz
Aydınlıq bir gecə.
Gecənin nəğməkar ritmlərinə
Rəqs eləyir
Səmadakı ulduzlar.
Uzaqlarda tək-tək nəzərə çarpan adamlar

onların arxasınca yeriyən kölgələr,
ara sıra eşidilən qarışıq səslər.
Sahillərdə dövrə vuran
Dalğaların pıçıltısı.
Gəmilərə yol göstərən
Mayakların işıltısı.
Yol qırağı cərgə-cərgə şaxələnən
Ağacların gözəlliyi.
Meh əsdikcə yarpaqların
Həzin-həzin xışıltısı.
Haradasa yem axtaran
Böcəklərin vızıltısı.
Şəhərin qaynar nöqtələri
əsrarəngiz,çil-çıraqlı binalar

yollarda gedib-gələn maşınlar.
Bir tərəfdə musiqinin
Heyran edən çalıntısı.
Bir tərəfdə gölməçədə
əks olunan ayın çarpaz parıltısı.
Yol qırağı,ağac altı,
Sevənlərin görüşləri.
Bu görüşü canlandıran
Isti-isti öpüşləri.
Nələr olmayır ki,gecə,
Həyat qaynayır,qarışır.
Təbiətdə hər hüceyrə,
Yaşamaq üçün çalışır.

 

22.12.05

 

 


Anadır.

 

Bəxş edən ömrü bizə bil ki,səbəbkar anadır,
Dahilər yetişdirən güclü sənətkar anadır.

 

Vicdansızdı övlad,oğul yolunu azsa əgər,
Ağlayar qan ürəyi sanma günahkar anadır.

 

Nə qədər gözəldisə bu dünyanın cah-cəlalı,
Yaradandan biz üçün böyük yadigar anadır.

 

Saysız olar can deyib,can eşidən tanışların,
Yolunda can verənin bil ki,doğmakar anadır.

 

Sözləri musiqili yağ tək yayılar ürəyə.
Etiraf eylər hamı şair,bəstəkar anadır.

 

Hər evi,hər ocağı cənnətə döndərən odur,
Əlləri gül qoxuyar,pak və təmizkar anadır.

 

Habili bəxş elədi bu gözəl kainata,
Bu ömür yollarına,daim duakar anadır.

 

2004

 

 


Gülmə bu dünyanın üzünə gülmə.

 

Gülmə bu dünyanın üzünə gülmə,
Gülsən ağladacaq acılığından.
Bir gün qaldıracaq ucaya səni,
Bir gün endirəcək ucalığından.

 

Getmə bu dünyanın dərinliyinə,
Dayazı dərindir,dərini dayaz.
Harada olsanda batırar səni,
Onun sahilinə etibar olmaz.

 

Sevmə bu dünyanın üzünü sevmə,
Sevsən nifrətini qazanacaqsan.
Bir deyil min oyun açar başına,
Oynama onunla uduzacaqsan.

 

Dünya bağışlamaz,bağışlasanda,
Bağışla sözünü unudub dünya.
Onun dəyərini alqışlasanda,
Bil səni hörmətdən salıbdı dünya.

 

Baxma bu dünyanın sözünə baxma,
Dünyadan Allahın acığı gəlir.
Özün özlüyündə özün ol yetər,
Sən özün olanda dünya təkləşir.

 

17.08.2010
23:20

 



Bir gün.
Bir gün öləcəyəm səssiz-səmirsiz,
Heç kəsə bir zəhmət olmasın deyə,
Özümü dəryada qərq edəcəyəm.

 

Məni hissə-hissə axtaracaqlar,
Adımı söyləyib bağıracaqlar,
Fəqət,olmayacaq bir gördüm deyən.

 

Dərdimi içimdə boğub öləcəm,
Evimdə bir matəm qurub öləcəm,
Öləcəm,öləcəm qəsdən öləcəm.

 

Mənim varlığımı istəməyənlər,
Məzarım üstündə ağlayacaqlar,
Məni məzara da qısqanacaqlar.

 

Yeni bir həyata başlayacağam,
Burada səadət tapa bilmədim,
Məzarda xoşbəxtlik yaşayacağam.

 

2008

 

 


Gülə-gülə ağladım.


Bir gün heç gülməyəcəyimi,
gülə biləməyəcəyəmi
düşünərkən ağladım.
Ağlaya-ağlaya gülməyi,
Gülməyin nə olduğunu unutdum
unudaraq yaşadım
ömrün gənclik illərini

necə ki,yaşayıram
onun fəsillərini.
gülə-gülə ağlamağım,
ağlaya-ağlaya gülməyimdən çox oldu.
Ağlamaqla ovundum
Gülməli günlərimin ağlamalılığına.
Mən belə yaşadım
gülə-gülə ağlamağı,
ağlaya-ağlaya gülməyi.
Sınmadan,
əyilmədən.

 

05.09.2010

 


 

Yağ,ey yağış...

 

Gecədir...
bir qaranlıq otaqda oturmuşam
duyğularla baş-başa.
Pəncərəmə damla-damla axır,
Inci yağış damlaları.
Nə zamandır həsrət idim
belə çiskin yağışa.
Arzuları,
diləkləri
ən yaxın sirdaşıma
söyləyirdim həzin-həzin.
O da mənə cavabında
qanlı-qanlı ağlayırdı,
yas tuturdu
nakam qalmış arzuların ölümünə.
Kəsmə yağış,yağ bu gecə,
yağmağınla neçə-neçə sevənlərin
sədasını duyacaqsan
insanlardan gizlicə.
Yağ,ey yağış.
o pak,təmiz damlaların
yollarıma su çiləyir,
soyuğunda isinəcək
bir varlığın coşqun səsi
səndən ümid diləyir.
Yağ,ey yağış,dayanma sən,
Yağmağınla
neçə yanğın ürəklərin
alovunu kəsəcəksən.
kəsmə yağış,kəsmə yağış,
bu qaranlıq gecələrdə,
mənim üçün nağıl danış.


17.04.03

 

 

Bir yarpağın qürub çağı.

Bir ağac var uzaqda,

o ağacın budaqlarında
bir yarpaq var
solmuş,
saralmış.

bu yarpaq
ömrünün qürub çağını yaşayır.
Az müddət sonra
bu yarpaq,
asta-asta,
yavaş-yavaş,
budağından ayrılıb
düşəcək torpaq üstə.
Bu yarpaq
son dəfə hiss edir
budağının istisini
öz canında

son dəfə vidalaşır
budaqla
iki yol ayrıcında.
Budur həmin bu yarpaq
aram-aram enir
torpağa sarı.
Torpaq onu salamlayır,
dil açıb gülə-gülə,
nəğmə deyir dodaqları,
ilin xəzan çağında.
Özgə yarpaqlar kimi
Bir yarpaq da ayrılır
öz doğma budağından.
Günlər gəlib keçdikcə
bu ağac da quruyur
yarpağın fərağından.


2003

 

 


Yağış olmaq istəyirəm...

 

Yağış olmaq istəyirəm,
Gecələrin yağışı.
Nə sərt olam,
nə də zəif,
narın-narın yağam-yağam,
yağa-yağa baxam-baxam
insanların baxışında
sevgiləri,
nifrətləri
duyam-duyam,
duya-duya yuyam-yuyam
insanlığın günahını.

 

Yağış olmaq istəyirəm,
Gecələrin yağışı.
pəncərədən asılı qalan
sevənlərin acısını
öz içimə çəkəm-çəkəm,
çəkə-çəkə yağmur tökəm
sevənlərin atəşinə.
heç olmasa yarasaydım
sevənlərin bir işinə.

 

Yağış olmaq istəyirəm,
Gecələrin yağışı.
ilham olam şairlərə,
təsvir olam rəssamlara,
bir musiqi bəstələdəm
bəstəkarlıq edənlərə.
mən yağışı sevənlərə,
yağış qədri bilənlərə,
həyat verəm,
ömür verəm
yağa-yağa
quruları nəmləndirəm,
könülləri şənləndirəm.

 

Bax beləcə
Yağış olmaq istəyirəm,
Gecələrin yağışı.

 

02.10.2010
02:05.

 

 

 

Gülə gül kimi yanaş ...

 

Əzməyin çiçəkləri,
Tapdamayın gülləri.
Gül cənnət qoxuludur,
Qoruyun ətirləri.

 

Gül insandan inciyər,
Insan güldən inciməz.
O elə bir incidir,
İncilərdən keçinməz.

 

Hər gülün öz duyğusu,
Öz gözəl ətiri var.
Gülə gül kimi yanaş,
Gülündə xətiri var.

 

Gülü çiçəkdən soruş,
Çiçəyi güldən soruş.
Gülə olan sevgini,
Gəz,dolan eldən soruş.

 

İnsan gülə bənzəyir,
Hər insan bir gül olur.
Güllər dəyişmir amma,
İnsan dəyişkən olur.

 

22.01.2011

 

 

Qıymayın barışın cocuqlarına...

 

Qıymayın barışın cocuqlarına,
Qırmayın barışın cocuqlarını.

 

Hələ cocuqdular günahları nə?
Hələ bu dünyadan xəbərsizdilər.
Nədən xal salırsız ürəklərinə,
Sanmayın qəlbi yox,ürəksizdilər.

 

Cocuqlar dünyanım göyərçinləri,
Dünyaya ən şirin nazdı cocuqlar.
Nədən əzirsiniz tər çiçəkləri,
Ətirli bahardı,yazdı cocuqlar.

 

Axmasın göz yaşı,cocuq deyilən,
Bəşər övladının yanaqlarından.
Qayğıya möhtackən,qayğısız ölən,
Cocuqlar kam alsın cocuqluğundan.

 

Cocuqlar dünyaya barışa gəldi,
Barış arzusuyla yaşayır onlar.
Onlarda sevinib,gülə bilərdi,
Bu hissə qıymadı “böyük” olanlar.

 

24.01.2011

 

 


Tapmaq istəyirəm...

Getmək istəyirəm çox uzaqlara,
İnsanlar olmayan bir yerə getmək.
Orada yaşamaq,
orada ölmək.
Ölmək istəyirəm uzaqlıqların,
O səssiz-səmirsiz əhatəsində.

 

Nə bir qadın gəlsin qəbrimin üstə,
Yalandan dil açıb ağı deməsin.
Vaxtımda qədrimi bilməyən bir kəs,
Vaxtsız ölümümdən kədərlənməsin.

 

Uçmaq istəyirəm,
göylərin yeddi qatına,
Oralar ləkəsiz,necə təmizdi.
Göylər paklığından,məhəbbətindən,
Məni sirdaş bilər,məni dost bilər.
Incitməz həyatın sərt üzü məni.

 

Oraya bir insan ayağı dəyməz,
Məndən özgəsini götürməz ora.
Mənim sevincimi sevinci bilər,
Bir tək kədərimə sevinməz ora.

 

Tapmaq istəyirəm ömür bitməmiş,
Bəxtimin gələcək səadətini.
Çıxmaq istəyirəm yerin oxundan,
Yarmaq istəyirəm cazibəsini,
Heç mənim qədrimi bilmədi bu yer.

 

Qoy məni bu yerdə axtarmasınlar,
Adım ürəklərdə silinib-getsin.
Saxta yer üzündə,saxta adamlar,
Mənim yoxluğumla barışıq etsin.

 

30.01.2011 20:22

 



Əsgərlik düşüncələri.

 

Bu gün pəncərənin önündə,
Xəyallar qapımı döyüb,
Ağlamağa başladı.
Sıx-sıx tutub qollarımdan,
Buraxmadı yaxamı,
Xatirələr dalğası.
Yadıma iyirmi illik həyatımın,
Sevinci,qəmi düşdü.
Zaman nə tez keçdi,
Nə tez ötüşdü.
Əsgərliyin soyuq günlərində,
Atamın isti nəfəsi
Qorudu məni şaxtanın soyuqluğundan.
Anamın şirin səsi,
Qəzəbli qışqırıqların
Yerini tutdu.
Gülər üzlü sevgilimin cizgiləri
Kinli-kinli baxışların
Nifrətini unutdurdu.
Indi anlaya bildim,
Keçən günlərimin mənasını.
Pulun qədrini,
Pulsuzluqda bildim.
Dünyaya açıq gözlə baxmağı,
Pislikləri,yaxşılıqları
Seçə bilməyi
Burda öyrəndim.
Hər günü cəsarət tələb edən,
Əsgərlik illərində.
Mən hər şeyi anladım,
Kövrək qəlbimin uşaqlığına
Ağladım.

 

31.08.04

 

 


Gözünü yaxşı aç.

 

Gözünü
dünyanı görüb
tanıya biləcəyin qədər aç.

 


yaxşı bax
ikiüzlü dünyanın
ikiüzlü insanlarına.

 

Bir üzü ağ,
bir üzü qara dünyanın
ağında nə gördün ki...
ilanın ağına da lənət demişlər,
qarasına da.
Bağlama gözlərini
dünyanın rəngli tamaşalarının
səhnəciklərinə.
özü olmayan aktyorların
oyunlarına yaxşı bax.

 

Bax və
unutma:
hər şeyi unudulacaq olan dünyanın
unudulmazlarını.
toz basmasın sinənin
təmizliyini,
nuru azalmasın bəbəklərinin.
yaxşı bax
yaxşı olmayan dünyaya.

 

Can deyib,can eşitməyənlərin
cansız ürəkləri qədər
ölü dünyanın
səmimiliyinə inanma.

 

Tutmasın gözlərini,
gözə şirin görünən
görülməzlərin acılığı

beləcə
aç gözünü bağlama,
dünyaya yaxşı bax ki,
peşman olub ağlama.

 

22:35
03.03.2011

 

 

Nəyi itirmişəm tapa bilmirəm.

Nəyi itirmişəm tapa bilmirəm,
Axtara-axtara gəzirəm elə.
Bəlkə tapdığımı itirmişəm mən,
İtirə-itirə dözürəm elə.

 

İtirə-itirə dözürəm elə,
Yerini verərmi tapacaqlarım.
Küsüb bu dünyadan bezirəm elə,
Bəs niyə azalmır umacaqlarım?

 

Bəs niyə azalmır umacaqlarım?
Nəfsim tamahım da dayana bilmir.
Məni anlayacaq,duyacaqlarım,
İçimin özü də anlaya bilmir.

 

İçimin özü də anlaya bilmir,
Özüm-öz içimdə gizli qalmışam.
Nəyi itirmişəm o tapa bilmir,
Bəlkə öz-özümü oğurlamışam.

 

Bəlkə öz-özümü oğurlamışam,
Hakim də özüməm,oğru da özüm.
Mən ki,nağıllara inanmamışam,
Uyduran da özüm,doğru da özüm.

 

22.50 06.03.2011

 

 

Qadın.

 

Qadın insanları doğuran ana,
Qadın insanlığın başının tacı.
Böyük hörmət ilə yanaşın ona,
Ürəyi görməsin nə kədər,acı.

 

Qadınsız olmasın bir ev eşikdə,
Qadınsız evlərin nə yaraşığı.
Hər bir çətinlikdə,hər keşməkeşdə,
Qadındır kişinin arxa,dayağı.

 

Zəif yox,zərifdir onun xisləti,
Bir soyuq baxışla qırıla bilər.
O qədər ucadır qadın xilqəti,
Yeddi qat göylərə ucala bilər.

 

Qadın insanlığın ilki,əvvəli,
Qadın yaradanın möcüzəsidir.
Şirin danığışığı,bal dadan dili,
Dünyanın ən gözəl zümzüməsidir.



2007

 

 


Adlar.(Uşaqkən adların insan yaşlandıqca dəyişəcəyini sanardım)

Uşaqkən adların
adamlar yaşlandıqca dəyişdiyini
sanardım.
tez-tez sual verərdim valideynlərimə
filan adların uşaqlara,
filan adlarınsa böyüklərə
məxsus olduğunu.
Adlar yaşlara uyğun gəlmədikcə
təəccüblənərdim.
və beləcə adları
düşüncəmə görə
yaşlara uyğun bölərdim.
Cavan üçün

qocalar üçün adlar.

 

Yaşlaşdıqca anladım
uşaq düşüncələrimin yalnışlığını.
Nə öz adım dəyişdi,
nə də bir başqasının.
Dəyişənin adlar yox
adamlar olduğunu bilincədə
heç sevinmədim.
Adların adamlardan
daha vəfalı olduğunu bilmək
yandırdı məni.



24.03.2011
22.10

 

 

Yazılar.

 

Yaşamadan yazmaq olmur heç nəyi,
yazmaq üçün yaşamalısan həyatı,
nə az,nə çox
yaşamağı bacardığın qədər
yaşamalısan.
Acısı,
şirinliyilə
sevməlisən yaşamı.
Hər şey öz rəngiylə
daxil olmalı yazılarına,
qarasıyla,
ağıyla.
Hər şeyə öz dəyərində
qiymət verəcək qədər
təmiz olmalı duyğuların.
süniliyi ortaq etmə
yazılarına,
süniliyi sevməz yazılar.
Yaşamadıqlarını yaşatdırma
yazılarında.
yaşamın özü qədər
gerçək olmalı yazıların.
Yazılar da səni,
aynadakı əksin qədər
aydın göstərməli,
böyüklüyü,
kiçikliyilə.
Yazıların da insanlar kimi
özü olanda
gözəl olduğunu unutmamalı,
gözəlliyi,
kifirliyi ilə
gözəldir yazılar.

 

22:40
31.03.11

 

 


Düşmən biləcək...

Bir gün nə qədər qüdrətimiz,qüvvətimiz var,
Düşmən biləcək,məhv olacaq,ağlayacaqdır.
Səbr elədik,səbrimizi qorxdu sananlar,
Aldanacaq,kor gözünü tam açacaqdır.

 

Düşmənimiz titrəyəcək nərə səsindən,
Bir ərimiz yüz yağını susduracaqdır.
Dəryalara hökm eləyən od nəfəsindən,
Erməniyə əmdiyini qusduracaqdır.

 

Bir gün gələcək qəhr edəcək düşməni ordum,
Dünya duyacaq yanğımızı anlayacaqdır.
Bir gün gələcək tam güləcək Azəri yurdum,
Düşmən baxacaq,öz-özünü danlayacaqdır.


12/40 07/05/2011

 


Qəribə


Hər gün ağlayan adamın,
Bir gün gülüşü qəribə.
Bu dünyada var olanın
Doğuş,ölüşü qəribə.

 

Həyat başdan başa ağı,
Qara yazır başdan ağı,
Sinəmizə çəkən dağı,
Alış,verişi qəribə.

 

Hər insan öz gümanında,
Bir ömür-gün zindanında,
Qonaq gəlib,qonağında,
Gəliş,gedişi qəribə.

 

Dünya özü qəm içində,
Gözü yaşlı nəm içində,
Bu boyda aləm içində,
Yerin duruşu qəribə.

 

Şeytan mələk biçimində,
Fələk yanır öz içində,
İnsanların seçimində,
Doğru,yalnışı qəribə.

 

02.00 18.07.2011

 

 

 

Mən artıq yer adlı yerdən küsmüşəm.

 

Mən artıq yer adlı yerdən küsmüşəm,
Küsmüşəm bir daha barışmaram da.
Yerdə yaşamışam,yaşamamışam,
Fərqi yox ölərəm yaşamaram da.

 

Yerdən uzaqlara götürün məni,
Götürün yer adlı bu məmləkətdən.
Yerdə yox göylərdə bitirin məni,
Bəlkə yer utana xəcalətindən.

 

Yermi utanacaq,utanmayacaq,
Utansa nə olsun,utanmasa nə?
Yerin bir sakini qayıtmayacaq,
Doğulduğu yurdun,yerin yerinə.

 

16.08.2011 3:17:43

 

 


Zaman...

 

Hər şeyin üstündən xətt çəkən zaman,
Nə tez də unudar yaşananları.
Əvvəli bilinməz, sonu bilinməz,
Zaman özü bilər zamanlarını.

 

Zaman bizə görə bölünər, gedər,
Gedən zaman deyil ömürdü, gündü.
Doğulan insandı,qocalan insan,
Zaman qocalmayan sirdi, üründü.

 

Günahı zamanın üstə atanlar,
Bir anın içində əriyəcəkdir.
Zaman qədri bilib zamansızlaşan,
İnsanlar zamanla yüksələcəkdir.

 

01.10.2011 2:01:04

 

 

 


Mələklərin göz yaşı.

 

Mələklərdə ağlayır inanımmı buna mən?
Mələyin göz yaşları nədən axır görəsən?
O mələk ki,əbədi,daimidir varlığı,
Kimsə dərk edə bilməz bu böyük ucalığı.
Mələklər ki,kədərdən,qəmdən uzaq yaranmış,
Bu necə ziddiyyətdi,mələklərdə ağlarmış.
Səbəb nədir mələyin gözündəki yaşlara?
Bu sualı verirəm cümlə-yaranmışlara.
Düşündüm çox düşündüm sonsuz oldu gümanım,
Bu qədər səbəblərin mən hansına inanım.
Gümanımı,zənnimi belə verdim mən sona,
Mələklər ağlayarmış Adəm oğlu insana.
Yarandığı zamandan günah etdi bu insan,
Törətdiyi əməllər nöqsan doludur nöqsan.
Nədəndi cümlə-bəşər yüz qat günah eylədi?
Mələklər bu səbəbdən göydə eyvah eylədi.
Mələyin göz yaşları yuyarmı günahları?
Açarmı üzümüzə işıqlı sabahları?
Bunu deyə bilmərəm,mələklərdə deyəmməz,
Yaradanın sirrini ondan özgə biləmməz.
Mələklərdə ağlayır,kimsə yalan sanmasın,
Insan üçün göz yaşı tökdüyünü danmasın.

 

2008.

 

 

 

Varlığımda itən zaman....

 

Varlığımda əriyərək itib zaman,
qeybə çıxıb,
bitib zaman.
dünən,
bu gün,
sabah yoxdur yaddaşımda...
əqrəbləri bir nöqtədə dayanıbdır saatımın,
cavanlığı,
qocalığı
yoxdur mənim həyatımın.
mən zamana ram deyiləm,
zaman mənim öz əlimdə.
zamansızlıq yaşayıram,
varlığımın daxilində.



30.11.2011 0:34:28
HY

 


Fatiməm.

 

Dünyaya yenicə göz açan qızım,
Evimə günəş tək nur saçan qızım,
Artıq yavaş-yavaş dil açan qızım,
Allah kömək olsun sənə hər zaman,
Həyatı sevinclə sən yaşayasan.

 

Qəlbində daima xoş niyyət olsun,
Tükənməz bir sevgi, məhəbbət olsun,
Sənin görəcəyin səadət olsun,
Allaha şükrünü azaltmayasan,
Onun nemətini unutmayasan.

 

Kiçikkən nəsihət etmədim demə,
Arzumdur ömründə zərrə qəm yemə,
Mənim canım, gözüm, gülüm Fatimə,
Adını mən verdim, ömrünü Allah,
Sən elə yaşa ki, deyim Maşallah!



2008

 

 


Örnək sənət sahibi.
Mahilə müəəlliməyə ithaf edirəm.


Hər kəsin dünyada bir sənəti var,
İşiylə fəxr edir hər bir sənətkar.
Biri mühəndisdir, biriysə həkim,
Biri aqronomdur, biriysə hakim.
Bütün sənətlərin başında ancaq,
Müəllim sənəti ilkin olacaq.
Hər kəs öyrənibdir ondan sənətin,
Müəllim gözüdür bəşəriyyətin.
Çoxdu bu dünyada müəllim olan,
Mahilə müəllimə biri onlardan.
Sevib öz işini ürəkdən dərin,
Gözəl yetişdirir tələbələrin.
Sonsuz bilikləri verib onlara,
Yol açır savadla ucalanlara.
Hamının qəlbində böyük yeri var,
Necə bəxtəvərdir kamil olanlar.
Hər zaman örnəkdir tələbələrə,
Alqış, alqış olsun azı min kərə.

 

 

Səni gizləmişəm...
Səni gizləmişəm anandan belə,
Atanda nə bilsin haralardasan.
İstəsən üstümə məhkəmə gələ,
Haradan bilsinlər haralardasan.

 

Səni tapmayacaq rəfiqələrin,
Üç günə,beş günə unudacaqlar.
Hər şeyi saxtadır özgələrinin,
Bir gün sənsiz belə yaşayacaqlar.

 

Məni izləyəcək hər addımbaşı,
Qardaşın yolumda sürünəcəkdir.
Məndə qınamıram yazıq qardaşı,
Harada gizlisən nə biləcəkdir.

 

Səni soracaqlar gəlib-gedəndən,
Heç kəs bilməyəcək yerdə-göydəsən.
Bir sirri açıram özlüyümdə mən,
Qoy heç kəs bilməsin...ürəyimdəsən.
Qoy heç kəs bilməsin...ürəyimdəsən.


01.05.2011

 

 

Sevgilər və nifrətlər...

 

Sevgilərin məhv olduğu yerdə,
nifrətlər başlar.
Nifrət edə bilməyənlərin,
düşünməyi belə bacarmayanların,
dil açar ürəklərində
sevgi tumurcuqları.

 

Nifrətlərin baş alıb getdiyi yerdə,
sevgilər ayaq tutub yeriməz.
Ayaq tutub yeriyənlərin,
dabanları əzər sevgi çiçəklərini.
tikan bitirər izləri.
nifrət elçilərinin.

 

Sevgilərin ucuzlaşdığı yerdə,
nifrətlər bahalaşar.
Qan tökər su yerinə,
göz yaşları.
günbəgün artar sayı məzardaşlarının.
ümidlər ölər,
ümidsizliyin fəth olunduğu
xarabalıqlarda.

 

Nifrətlərin güləcəyi yerdə,
sevgilər ağlaya-ağlaya,
yolar vaxtsız ağarmış saçlarını.
bir üzü tərs düşər həyatın,
başlanğıcdan sona doğru yolun
qarışıqlıığında
azdırar yolunu
sevgi sərnişinlərinin.



15.02.2011

 

 

Yoxsulluğun sən üzü...

 

Yox
sən anladğın kimi
maddi cəhətdən deyil mənim yoxsulluğum.
hər günümü şükür etməklə
bitirdiyimi də yəqin ki,
heç unutmamısan.
insanların istəmədikləri adamı
ömür boyu unutmadıqlarını da
bilməyəcək qədər yoxsul deyiləm ağıldan...
yoxsulluğun o qədər üzü var ki...

nə biləsən
hansı yoxsulluqdan danışdığımı..
o yoxsulluq ki,
bəlkə
heç zaman görməmisən,
ya da yel kimi keçib getmiş yanından
hiss eləməmisən
çünki
o qədər həssas olmadığını
olanları mənim kimi duymadığını
özün etiraf etmişdin mənə
yadındamı?

 

yoxsulluğumun nə qədər əzab verdiyini
anlamayacaq qədər yoxsuldu ürəyin

 

yoxluğundan yaranan
yoxsulluğumun varlığını haradan biləcəksən ki?

 

daş ürək desəm sənə...
yox bu sözümlə xətrinə dəyərəm daşın
çünki o sənin qədər yoxsul deyil ürək sarıdan...
yoxsulluğumu anlamaqda
daşın səndən daha yaxşı duyacaq qədər ürəkli olduğunu
haradan biləcəksən ki?

 

yoxsulluğun sən üzü
heç zaman açılmayacaq üzünə
bağlı qapılar ardında
yoxsulluğunu görməyə-görməyə
kor-koranə
yaşayacaqsan həyatı..

 

yoxsulluğumun yoxluğundan yarandığını,
duymadığın kimi,
sənin də öz yoxsulluğunu görməyəcəyindən
əmin olduğum üçün
bəlkə
qınamağa haqqım yoxdur səni

bunun üçün BAĞIŞLA MƏNİ!
BAĞIŞLA MƏNİ!

 

29.08.2011 23:30:04

 

 

Sənə görə


Sənə görə yaşamıram həyatı,
Səndən öncədə yaşamışdım,
yaşayıram,yaşayacam.
Həyatımı sənə görə yaşayıram deyənlərin
dili şirin dilbazların,
bazlığından uzağam mən,
kimə görə soyuqqanlı,
kimə görə uşağam mən.
hər nəyəmsə özgə deyil
özüməm mən.

 

Sənə görə yazmayıram hər şerimi
Hər şerdə bir insanın həyatı var
bir ürəyin döyüntüsü
bir sevginin ovqatı var
hər oxuyan özün duyur,
özün sanır,
mən yazdığım şerlərdən
neçə insan duyğulanır.

 

Sənə görə bilməyirəm necəyəm mən
Yaxşıların yaxşısımı,
ya pislərin pisiyəmmi?
ikincidən olsam yenə minnətdaram,
çünki orda yenə mənəm,
özüm varam,
özüm özüm olmağımla
mən özümə minnətdaram…

 

12.07.2011

 



Bu gecə həsrətin özündən böyük.


Bu gecə həsrətin özündən böyük,
Sənin böyüklüyün kiçilir daha.
O qədər böyükdür çiynimdəki yük,
Çəkisi göylərlə ölçülür daha.

Nə bir əlim yetir tutam,endirəm,
Dərdimi göylərin ucalığından.
Nə bir gücüm çatır sənə göndərəm,
Sevən ürəyimin çırpıntısından.

Əlimdə deyil ki,istədiklərim,
Hər nə istəyirəm gedir əlimdən.
Sənə deyiləsi demədiklərim,
Min dəfə şirindir dediklərimdən.

Bu gecə həsrətdir nəğməmim adı,
Bu elə nəğmə ki,qurtarmayacaq.
Axı mən olmazdım,o olmasaydı,
O yoxsa Habildə yaşamayacaq.

 

19.11.2010 22:30:07

 

 


Həsrət nəğməsi.

 

Bir həsrət cücərir içimdə mənim,
Cücərib-cücərib yetişər bir gün.
O özü böyüyər kiçikliyindən,
Böyüyüb göylərə yetişər bir gün.

 

Əlim çatmayacaq ətəklərinə,
Həsrətim özümdən böyük olacaq.
Durub baxacağam altdan-yuxarı,
Baxdıqca gözümü qamaşdıracaq.

 

Bir həsrət qanıma işləyir mənim,
Gün gələr beynimə sızıb öldürər.
Mənimlə birlikdə ölən həsrəti,
Mənimlə birlikdə tanrı dirildər.

 

Bir həsrət əbədi sirdaşım olar,
Kölgətək arxamca izləyər məni.
Hər yerdə yolumun üstündə durar,
Həsrət həsrət ilə gözləyər məni.

 

01:45
08.10.2010

 

 



Gizlənpaç...
Uşaqdıq
nə qədər qayğısız idik
gizlənpaç oynayardıq,
mən,
sən

birlikdə ikimiz.
Sayardım düz birdən əlliyə kimi,
sənsə gizlənməyəyer axtarardın.
harada olsanda tapardım səni
sevinərdim ərköyün uşaqlığımla
tapmamaq ağlımdan keçməzdi onda.
Amma nə biləydim
bir gün gələcəyini

o bir gündə səni əbədi itirəcəyimi
nə biləydim mən yazıq.
Gizlənpaç oynaya-oynaya böyüdük,
böyüyə-böyüyə itirdik
bir-birimizi
uşaqlıq illərinin qayğısızlığını,
ötən günlərin əvəzedilməzliyini
gələn günlərin soyuqluğunda
anladıq.
Gizlənpaç oynaya-oynaya
bir gündə yumarkən gözlərimi
daha tapa bilmədim
həyat adlı oyunda
əbədi itirdim səni.

 

20.09.1010
18:40

 

 

Boyat xatirələr.

 

Beynimin hər hansı bir guşəsində,
Boyat xatirələr toplanıb,

bu boyat xatirələrin bir qismi,
ikimizin arasında yaşanan
“sevgi” adlı bir duyğunun
həyatımızda olan

yazısı
heç zaman
pozulmayacaq
nişanəsindən ibarətdir.
Bir mən bilirəm bu yaşantının
nədən ibarət olduğunu
bir də sən...
Ancaq heç birimizin bilə bilməyəcəyi
tək bir şey var,
kim çox sevdi görəsən
sənmi ya mən?

 

Xatirələr boyat olsada,
Illər öncəsi sevgini andırsada
xatirələr,
dəyişməyən,
boyatlaşmayan,
sabit qalan,
bir sən varsan beynimdə,
beynimin hərəkətverici hüceyrələrində...

bu hüceyrələrin hər birində
adın yazılıb
bir ömür boyu unudula bilməyəcək
o altı hərfli adın...
saxlamışam,
qorumuşam bu adı
beynimin ən uzaq guşəsinin
ən uzaq bir yerində.

 

Boyatlaşsada xatirələr,
məndə,səndə
boyatlaşan xatirələrlə yanaşı
zaman axarında
qocalsaqda illər sonra
bir tək
boyatlaşmayacaq
sevgimiz var...
Əsl sevgiləri qocalda bilməz zaman.
Boyat xatirələrdə,
Həmişə cavan sevgilər kimi ölmür,
sadəcə zaman keçdikcə
dahada boyatlaşır

boyatlaşdıqca
doğmalaşır,
ululaşır...
Boyat xatirələr
bizimlə birgə
bizdən xəbərsiz
yaşayır
ölə bilməz.
Biz öləndə ölür hər şey
Hər şey biz öləndə ölür
sadəcə.

 

27.08.2010 23:42:01

 

 

 

İtirdim.

 

Getdin gözlərimdən,
gözümün pərdəsi qeyb olmuş kimi,
görmürəm daha,
görə bilmirəm.
Sadəcə gedərkən toxunduğun zaman,
əllərinin soyuqluğu
üşütdü bədənimi,
bu qızmar bahar günü.
Ürəyinin soyuqluğunu demirəm hələ.
Itirdim səni,
itirdiyimdən,
özümü də itirdim.
Nə səni,nə özümü,
axtarıb tapa bilmirəm,
adını qəlbimə,
hüsnünü gözümə yazdığımdan,
hər ikisi əzab verir mənə,
parçalayır məni.
Kaş yazılmamış pozulaydı
bu amansız yazı.
necə qəribə olur,
sən demə,
alın yazı.
Sən məni özünə öyrətdiyindən,
daha çətin olur unudulmağın.
Unutmaq-deyilişi asan,
əməli çətin.
kimlər unudub ki,saf məhəbətin
harayını
köz olub qəlbləri yandıracaq qədər yetərli
sanki nir vulkan,
onun qarşısında
aciz hər insan,
Bir sənə yetmədi,
mənim bu naləm,
eşitsin aləm:
Qəlbin yumşalmadı daş olduğundan,
Daş da yumşalarımı daş olduğundan.

 

2006

 

 

 


Nə yaxşı...

 

Bu sənsənmi
Sənsənmi gələn.
Deyəsən
Səsini eşidirəm mən.
Yaxınımdasan,
Nə az,nə çox
Üç.dörd addımımdasan.
Sevincdən gözlər yaşarır,
Donur bədənim.
Deyəsən yenidən qayıdır sənli günlərim.
Xəyallar gərçək olur,
Boşuna ümidə qapılmamışam.
Könül sevincək olur
Nə yaxşı mən səni unutmamışam.
Nə yaxşı qapıdan girirsən yenə
O zərif səsini eşidirəm mən.
Baxıb gözlərinin dərinliyinə ,
Sevda yollarına düz gedirəm mən.
Sən mənə dönürsən
Deyəsən gözlərim aldadır məni.
O qaynar nəfəsindən
Bədənim hiss edir hərarətini.
Bu yuxuya bənzəmir
Yuxular belə olmaz.
Həqiqətin özüdür
Sevən ürək yanılmaz.
Nə yaxşı yenidən görüşürük biz
Allahda bizlərin sorağındadır.
Yaddan çıxmayıb ki,öpüşlərimiz
İstisi hələdə dodağımdadır.
Gözlədim yolunu illər uzunu,
Bilirdim sonunda qayıdacaqsan.
Keçmiş hisslərimi,duyğularımı
Yenidən sən mənə qaytaracaqsan.
Qayıtdın sən mənə məhəbbətinlə
Dalğalar sahilə qayıdan kimi.
İnandım eşqinin bütünlüyünə
Qulun Allahına inanan kimi.



04.09.05 00:00

 



Çiçək və qızcığaz.

 

Hər səhər bir qızcığaz,
çiçəkləri dərə-dərə qoxulayardı.

qoxulaya-qoxulaya
çiçəklərin arasında uzanardı.
Sonra,
sonra isə
topladığı çiçəklərə
həzin nəğmə deyərdi.
bir sözlə bu qızcığaz,
çiçəkləri çox sevərdi

çox sevdiyi üçün də onları dərərdi.
Ona görə dərərdi ki,
Bir başqası bu çiçəkləri dərə bilərdi.
Əks təqdirdə bu qızcığaz,
çiçəklərin həsrətindən ölə bilərdi.
Qızcığaz çiçəkləri sevə-sevə yaşayar,
onlardan zövq alardı

bu zövqü itirməkdən qorxardı.

 

Hər səhər ......yox
daha “hər səhər” deməyəcəm.

Bir səhər bu qızcığaz,
daha çiçəklərin arasında görünmədi.
Sanki çiçəklər belə
bu səhərin gəlişinə sevinmədi.
Hər səhər çiçəkləri dərməkdən zövq alan
qızcığaz,
indi özü dərilmişdi.
Dərilməsə kimi isə həsrət ilə
Məhv edə bilərdi.
Kiməsə zövq vermək üçün
qoxulanacaqdı.
Ona da həzin nəğmələr oxunacaqdı.
Çiçəklər də tər qoxulu,
Qızcığaz da tər qoxulu,
Hər ikisi bir qoxulu.

 

Qızcığaz nəyi isə itirməkdən çox qorxsada,
Kimi isə yaşatmağa doğulmuşdu.

 

29.02.08

 

 

Həsrətin özündən böyük.

 


Həsrətin özündən böyük,
Vüsalını dadmamışam.
Qanqal dolu yollarını,
Ayaqyalın adlamışam.

 

Günlərimin dadı zəhər.
Sevincimdən qoxu gəlmir.
Illər kəsib aramızı,
Zaman durub,irəlləmir.

 

Hər gecənin sonu ümid,
Hər səhərin üzü qara.
Yaşamağa maraq itib,
Üz tuturam məzarlara.

 

Həyat sənsiz ağladıcı,
Xəyallardan nə çıxacaq.
Bu könlümün ehtiyacı,
Hicranın məni yıxacaq.

 

2008

 

 

Bir körpəcik sevinc...

 

Bir körpəcik sevinc sənə,
Həsrət qalıb ürək yenə.
Sevinc məndən uzaq gəzir,qıraq gəzir,
Uçub gedib özgələrdə qonaq gəzir.
Hara getsəm axtarıram öz incimi,
Baxışları həyat dolu sevincimi..
Bir körpəcik sevinc harda?
tapmaq olmur,
yaxınlarda,
uzaqlarda.
Yaxın ikən uzaqlaşır çatmaq olmur,
Bircə dəfə yaxınlaşmır tutmaq olmur.
Bir körpəcik sevinc mənə,
qonaq gəlsən nə olar ki?
sevinc dünyan dağılmaz ki...
Sevinc səni gözləyirəm liman kimi,
nə biləsən xəyal kimi,
güman kimi gözləyirəm
sevinc səni...
Bir körpəcik sevinc dön gəl,
görən geri dönməyinə nədir əngəl?
Sən yanımda olan zaman
Dəyərini bilmədimsə,
Sağa-sola xərclədimsə
Yerli-yersiz,
Günahkaram,
Sən böyüksən...
Bir körpəcik sevinc sənə,
əl açıram dönə-dönə.
gəl bağışla məni sevinc,
bil sevirəm səni sevinc.
Bir körpəcik sevinc sənə,
Həsrət qalıb ürək yenə.
Ürəyimi qırma qayıt,
Məni sənsiz qoyma qayıt...


29.07.2011 19:18:49

 

 


Küləklər...

 

Qorxuram küləklər sındıra səni,
Qorxuram vəhşilik edələr sənə.
Sən tərəfə əsən küləklərini,
Razıyam təbiət döndərə mənə.

 


Razıyam küləklər məhv edib məni,
Bir tək telinə də toxunmasınlar.
Təbiət ram edib küləklərini,
Bir də sən tərəfə buraxmasınlar.

 

19.07.2011

 

 

Ceyran demirəm mən sənə ondanda gözəlsən.

 


Ceyran demirəm mən sənə ondanda gözəlsən
Gözəlliyin aldı mənim əqlimi,bilsən.

 

Sanma gözəlim gözəlliyi var eləyən sən,
Var eləyən gözəlliyi varlığa əhsən!

 

Çox da özünü öymə ginən gözəlliyinlə,
Bir gün solacaq al yanağın çoxda ki,gülsən.

 

Hərdən mənidə yadına sal,bir nəzər eylə,
Yüz gələrəm sən tərəfə,bir dəfə gəlsən.

 

Habil yenə də dərdə düşüb yarın əlindən,
Olmaz bu qədər bircə dəfə üzümə gülsən.

 

08.06.2011

 

 

Səninlə bərabər olmaq...

 

Bir səhər səninlə görüşə çıxmaq,
Atmaq üst-başımdan kədər tozunu.
Bir gecə evinə ötürmək səni,
Eşitmək “sevirəm” deyən sözünü.

 


Bir səhər minlərə çevriləydi kaş,
Minlərin arası kəsilməyəydi.
Gecələr bir daha yetişməyəydi,
Sənsə evinizə tələsməyəydin.

 

Hər işim yağ kimi gedəydi belə,
Arzular,xəyallar gerçəkləşəydi.
Bizləri ayıran o yollar ki,var,
Bir gün bir ünvanda birləşdirəydi.

 

22.00.
22.03.2011

 

 

Açılmayan kitab...

 

Könül kitabından siləcəm səni,
Adın da bir köhnəlmiş söz kimi,
bu kitabın arxivində qalacaq,
Heç zaman açmayacam bu kitabı,
Günlər,
illər keçəcək,
Vərəqlər də saralacaq,
Açmayacam bu kitabı,
Baxmayacam adına.
Son qoyacam bu sevgiyə,
Bu sevginin acığına
Beləcə unudacam səni

o sənli günlərin xatirəsini.

 

Mən səni o qədər unudacam ki,
Gecələr əksini də görməyəcəm
Yuxularda,
bil ki,mənə
səndən heç nə qalmayacaq,
yağış altda görüşlərin,
gizli-gizli öpüşlərin,
istisi də qalmayacaq dodaqlarda.
Mən səni o qədər unudacam ki,
Bir zamanlar varlığına,
Şübhə ilə yanaşacam.
Dünən səni sevirdimsə
Bu gün səni damla-damla,
zərrə-zərrə unudacam.

 

Sən mənə o qədər yad olacaqsan,
Surətin də gəlməyəcək
Gözlərimin önünə.
Sanki səni görməmişəm,
Sevməmişəm bir an belə.
Təsəllilər verəcəyəm,
Öz-özümə,
Olmuşlara
gülə-gülə.
Səni öldü biləcəyəm,
Məzarını diri-diri qazacağam,
Yasını da tutacağam kor-koranə.
Nə bir həsrət çəkəcəyəm,
Nə xəyala dalacağam.
Keçmişimi unudaraq,
Gələcəyə baxacağam.


11.04.03

 

 


Axtarıram...

 

Səni sənsiz gecələrdə axtarıram ulduzların arasında,
Hara getsəm yalnız səni axtarıram bu qızların arasında,
Ən qəribi,ən yadıyam yalqızların sırasında.
Nə qəribə taleyim var,
Tale mənə görk eləyib,
elə bil ki,
Yazıların arasında.

 

Səni sənsiz könüllərdə axtarıram ürəklərin arasında,
Ümidimi,gümanımı axtarıram diləklərin arasında,
Ən gözəli,ən tərisən çiçəklərin arasında.
Dərd çəkənəm,qəm yeyənəm,
Ən rəhmli bir ürəyəm,
elə bil ki,
kövrəklərin arasında.


2002

 

 


Nazik kitab.
Nazik kitab,
fəqət oxunduqca qurtarmayan
bir kitab.
Hər səhifəsi bir dünya.
Hər dünyanın
hər səhifəsi,
hər abzası
sənin gizliliyinin
ensklopediyası.
Bu kitabı yaşaya-yaşaya
oxuyuram,
oxuya-oxuya yaşamıram.
Bu kitabın tirajı bir

ancaq
mənim üçün nəşr olunub.
paylaşa bilmərəm bu kitabı,
bu kitabı heç kim tapa bilməyəcək.
Dünyanın ən məhşur mağazalarında,
arxivlərində
belə bu kitabın adı keçməyəcək.
Bu kitabı elə bir yerdə gizlədəcəm ki,
heç kim oxuya bilməyəcək,
duya bilməyəcək
bu kitabın gözəlliyini.
bu kitabı oxumağa,
oxuyubda yaşamağa dəyər,
çünki bu kitab Sənsən...
bəli yalnız

yalnız
Sən...
Sən kitablaşa-kitablaşa yaşamayacaqsan,
yaşaya-yaşaya kitablaşacaqsan.

 

Nazik kitab kimisən,
oxunduqca qurtarmayan
bir kitab.

 

26.01.2011

 

 

 

Şehsiz gül.

 

Gözəl bir məkanda,gözəl bir yerdə,
Bir oğlan oturmuş tənha evində.
Yalqızlıq əlindən qəmə batarmış,
Nə bir dincələrmiş,nə də yatarmış.
Bir həmdəm yox idi dərdini bölsün,
Bir kəslə danışsın,bir kəslə gülsün.
Zaman gəlib keçir yenə bu oğlan,
Tənhalıq əlindən edirdi fəğan.
Oğlan düşünürdü,fikirləşirdi,
Sonra öz-özünə belə deyirdi:
Deyirdi,nə qədər ömürüm ki,var,
Yalqız qalacağam bu bir aşikar.
Nə dostum olacaq,nə can yoldaşım,
Nəsilsiz qalacam,ağarır başım.
Bu cür fikirlərə o bata-bata,
Nifrət eyləyirdi ömrə,həyata.
Artıq tərki-dünya olurkən yazıq,
Möcüzə baş verdi açıqdan-açıq.
Laləzar içində güllərdən biri,
Çevrilərək qıza oldu bir pəri.
Üz tutub oğlanın evinə sarı,
Gəldi otağına bir gecə yarı.
Oğlan bu gözəli,görüncə həmən,
Ona aşıq oldu özü bilmədən.
Qəlbi həyəcandan tez-tez döyündü,
Üzünə-gözünə sevinc büründü.
Eşqin təsirindən key oldu başı,
Yox oldu üzündən axan göz yaşı.
Qızın da oğlana var idi meyli,
Biri Məcnun oldu,birisi leyli.
Sevənlər açaraq ürəklərini,
Bəyan eylədilər diləklərini.
Işvə-naz etməyə qız çox çalışdı,
Oğlan səhərədək yandı-alışdı.
Qızın axır sözü bu oldu ki,mən,
Səninlə razıyam fəqət bir şərtnən.
Mən bir gözəl güldüm,güllər içində,
Qıza çevrilərək olmuşam bəndə.
Gəzərək yamyaşıl çəmənlikləri,
Gəlmişəm yanına səndən ötəri.
Səhərə az qalır,artıq gedirəm,
Səni bir şeydən də agah edirəm.
Əgər sevirsənsə məni ürəkdən,
Gərək axtarasan güllər içrə sən.
Əlini bir dəfə yalnış uzatsan,
Şirin vüsalıma çatmayacaqsan.
Yenə çəkə-çəkə kədəri,qəmi,
Ahın bürüyəcək dünya-aləmi.
Özün bil,muradın öz əlindədir,
Daha söyləmə ki,bəxtdir,ya nədir.
Tapmasan vəfasız gəl bilmə məni,
Özün həll etməlisən öz məsələni.
Gedirəm hələlik,ya da əlvida,
Bəlkə görüşmədik bir də dünyada.
Oğlanın qəlbini aldı şübhələr,
Bir saatı oldu əsrə bərabər.
Səhər açılanda yola düzəldi,
Axırda güllərin yanına gəldi.
Diqqət yetirərək o dörd bir yana,
Düşündü,hansıdır o gözəl sona.
Dedi,gecə evdə olubsa əgər,
Onun üzərində şeh zərrə qədər,
Ola bilməz axı bu bir həqiqət,
Onu mən tapacam,tapacam əlbət.
Elə ki,rast gəldi o şehsiz gülə,
Uzatdı əlini kiçik ümidlə.
Ümidlər xəyal yox,həqiqət oldu,
Əlin uzatdığı həmən gül oldu.
Gül yenə çevrilib döndü bir qıza,
Bənzədi günəşə,parlaq ulduza.
Onlar qucaqlaşıb dəlicəsinə,
Əllərin verdilər biri-birinə.
Dünya gözlərində cənnətə döndü,
Ayrılıq həsrəti kül oldu söndü.
Məhəbbət aləmi çətindir yaman,
Onda çoxlu olur sınaq,imtahan.
Sevənlər sizlərə budur məsləhət,
Sınaqdan yoğrulmuş sevgi,məhəbbət.
Kimlər bu sınaqdan çıxsa üzüağ,
Demək ki,qovuşub xoşbəxt olacaq.
Habil bu əsəri yazıb,bitirdi,
Gözəl bağlamanı şerə gətirdi.
Mənim bu şerimi duyub-anlayan,
Bilsin sevənlərə etdim ərməğan.

 

03.01.2002

 

 

 


Və bir daha

 

Və bir daha səni görə bilməyəcəyimi düşünərkən,
anidən yuxularıma daxil olacağın gəldi ağlıma
yəni ruhən görüşmək ümidi ilə yaşanacaqdı
qarşıdakı gecələr,
və bitərkən sənlə keçən yuxuların şirinliyi,
zülmət dolu acılarla açılacaqdı sənsizliyin sabahları...
heç vaxt gəlməsini istəmədiyim sabahlar,
tək təsəllim sənli yuxuları mənə çox gördüyü üçün,
nifrət edəcəkdim işıq dolu sabahlarıma.
cansıxıcı olacaqdı gecəyə gedən yolların sənsizliyi,
saat əqrəbləri donmuş kimi qalacaqdı gözlərimdə,
və demək zamana sığmayan əbədiyyət olacaqdı sabahlar
və bir daha səni görə bilməyəcəyimi düşünərkən,
anidən bir səs içimdən bağıraraq
gecənin gəldiyini müjdələyəcəkdi
ona verəcək heç bir şeyim olmadığımdan
quruca minnətdarlıq etməklə kifayətlənəcək
uşaq kimi sevinəcəkdim gecələrimin xoş qədəminə
çünki o gecələrdə sənli yuxular,
görüşlər

öpüşünün hərarəti olacaqdı dodaqlarımda.
hərarətdən qovrulacaqdım yuxularımda.
ya bir gün,
dilim qurusun
gecələrdə xəyanət edib gətirməsə sən dolu yuxuları mənə
nə olacaqdı sonum
bunu düşünməyəcək qədər axmaq olduğumu anlamamışdım
ölümüm olsun...

 

01.11.2011 0:52:14 HY

 

 

 



Mühəmməd.(SAV)

 

Bu kainatın nuru,
Böyük fəxri, qüruru,
İnsanların şüuru,
Kamalısan, Mühəmməd!

 

Yolun ədalət yolu,
Ululardan da ulu,
Allahın sadiq qulu,
Rəsulusan, Mühəmməd!

 

Peyğəmbərlərin tacı,
Hər kəsin ehtiyacı,
Xəstələrin əlacı,
Dərmanısan, Mühəmməd!

 

Saniyənin bir anı
Gəzib ərşi-çahanı
Qabaqladın zamanı,
Zamansızsan, Mühəmməd!

 

İncilərdən incisən,
Hər şeydən birincisən,
Adəmdən də öncəsən,
İdealsan, Mühəmməd!

 

Əxlaqına söz olmaz,
Hansı sözün düz olmaz,
Üzün kimi üz olmaz,
Nur camalsan, Mühəmməd!

 

Mədinənin gülüsən,
Şux şeyda bülbülüsən,
Kim deyir ki,ölüsən?
Salamatsan, Mühəmməd!

 

Allah oldu köməyin,
Kama çatdı diləyin,
Min döyünən ürəyin
İlhamısan, Mühəmməd!

 

Dini İslamı yaydın,
Quranı aydınlatdın,
Cahilləri oyatdın,
Danılmazsan, Mühəmməd!

 

İmamların atası,
Sünnət onun ətası,
Heç oldumu xətası?
Qüsursuzsan, Mühəmməd!

 

2007

 

 

RAMAZAN.

 

Ramazanı sevə-sevə yaşayan,
Ramazanın bitməsini qəm eylər.
Ürəyində Allah eşqi daşıyan,
Gözlərini səhər-axşam nəm eylər.

 

Ramazanda sima gülər, üz gülər,
Qədir bilən könül gülər, göz gülər,
Qəmli olan yüz sevinər, yüz gülər,
Mömin olan ramazanda dəm eylər.

 

Ramazanın imsakına oyanan,
Iftarına səbr edərək dayanan,
Allah deyib eşqi-nura boyanan
Insanlardan Tanrı dərdi kəm eylər.

 

Üç gecədən biri Qədir bilinməz,
Kim deyər ki, pis günahlar silinməz,
Yaradana damla-damla gəlinməz,
Ona gələn varlığını cəm eylər.

 

Muhəmmədin orucunu sal yada,
Heç oldumu o orucdan dünyada,
Köməksizə tanrı yetər imdada,
Qaranı ağ, ağı isə bəm eylər.

 

Habil açar əllərini dərgaha,
Yalnız odur cavab verən hər aha,
Ümid varsa bu günümdən sabaha,
Uca Rəbbim hər günümə rəhm eylər.

 

2007

 

 


Yalvarış.

 

Məni hidayətə yetirən Allah,
Bu gözəl islama gətirən Allah,
İşimi xeyirlə bitirən Allah,
Məni xoş məqsədə,amala yetir.

 

Mühəmməd eşqinə bağışla məni,
Sağçılardan eyıə,bağışla məni,
Müjdələ ehsanın yağışla məni,
Görməyə o hüsnü-camala yetir.

 

Dünəni bu günə qovuşduran sən,
Dərdimi-sərimi sovuşduran sən,
Ümmanı zərrəyə doluşduran sən,
Mənim də elmimi kamala yetir.

 

Sənin istəyinlə sənə gələrəm,
Usandım demədən yenə gələrəm,
Gün olar sonuncu günə gələrəm,
Məni axirətdə vüsala yetir.

 

Yana-yana gözlərimdə yaş sənə,
Gecə-gündüz səcdə edər baş sənə,
Bir an öncə qovuşaydım kaş sənə,
Məni rəhmətinə,cəlala yetir.

 

Həzrəti Mühəmməd başımın tacı,
Həyatı olubdur acıdan,acı,
Tükənməz könlümün bu ehtiyacı,
Məni o nəbiyə,rəsula yetir.

 

Əlim ətəyindən üzülü qalmaz,
Ruhum səndən bir an küsülü qalmaz,
Sevmədiyin nə var özülü qalmaz,
Məni istədiyin halala yetir.

 

2008

 

 

QƏZƏL.

 

Sən dəxi candan da yaxınsan bizə,
Damarda qandan da yaxınsan bizə.

 

Kainatı yoxluqdan var eyləyən,
Günəşdən,aydan da yaxınsan bizə.

 

Gözümüzə işıq verən,nur verən,
Gözlərə nurdan da yaxınsan bizə.

 

Biz nə qədər zirvəyə çatsaq yenə,
Şöhrəti-şandan da yaxınsan bizə.

 

Istəyəndə bir anda məhv edərsən,
Zamandan,andan da yaxınsan bizə.

 

Eşqin ilə alovlanır könüllər,
Qəlblərə ondan da yaxınsan bizə.

 

Rəhmətindən uzaq qılma Habili,
Qohumdan,dostdan da yaxınsan bizə.

 

2008

 

 


QURANDI.

 

Milyon-milyon kitabların içində,
Ən müqəddəs,şahi-sultan Qurandı.
Əsrlərdir oxunması tükənməz,
Oxunduqca hey oxunan Qurandı.

 

Yaranışı kainatdan qabaqdı,
Möminlərə o arxadı,dayaqdı,
Yolsuzlara yol göstərən mayaqdı,
Hər ayəsi sirri-pünhan Qurandı.

 

Vəhy edilib Mühəmmədə gələndi,
O keçmişi,gələcəyi biləndi,
Möminlərə qucaq açıb güləndi,
Kafirləri alçaqlayan Qurandı.

 

Oxusam gözümə nur verər Quran,
Şerimə ən gözəl söz verər Quran,
Hər nə verər isə düz verər Quran,
Habilin qəlbini çalan Qurandı.

 

2008

 

 


İslama Doğru.

 

Allah haqqa çağırır,haqq özü İslamdadı,
Həqiqəti sevənlər gəlir İslama doğru.
İnsanlığın xilası dindədi,imandadı,
Hidayətə ərənlər gəlir İslama doğru.

 

Din elimə bağlıdır,elm dinə bağlıdır,
Ruh ilə can kimidir,bir-birinə bağlıdır,
Hər kəs İslama bağlı,sevdiyinə bağlıdır,
Sevgini dərk edənlər gəlir İslama doğru.

 

Beş qitənin insanı bir amalda birləşir,
Qəlbi qara olanlar saflaşır,təmizləşir,
İslam heç qocalmayır cavanlaşır,gəncləşir,
Gənclik qədri bilənlər gəlir İslama doğru.

 

12:10
27.10.10

 

 

Ölüm mələyi ...


Yaradanın dərgahından gəlmisən,
Canım səndən ərməğandı, Əzrayıl.
Bilirəm ki,can almağa gəlmisən,
Can almaqla yaşayandı, Əzrayıl.

 

Ocaqları o yandırar,söndürər,
Toyxananı yasxanaya döndərər,
Milyonları bir andaca öldürər,
Zamansızdı,məkansızdı, Əzrayıl.

 

Möminlərə xoş simada gülərsən,
Kafirlərə heybətinlə gələrsən,
Nə olubdu,nə olacaq bilərsən,
Öz işini bacarandı, Əzrayıl.

 

İnsan varsa sən də varsan yaşarsan,
Insan yoxsa nə mənası yaşarsan.
Sən uzağı məhşərədək yaşarsan,
Gün gələcək yox olandı, Əzrayıl.

 

Habil Yaşar doğulmuşam,öləcəm,
Son nəfəsdə Əzrayılı görəcəm,
Cəhənnəmə,cənnətəmi gedəcəm,
İlk xəbəri çatdırandı, Əzrayıl.

 

2008

 

 

Kara bulut...6(Türkiyə türkcəsində tərcümə olunmuşdur).

 

Kara bulut,
Kara bulut,
Beni unut...

 

Kara bulut,
Derdin-qemin,
Simgesi,
Mezarların,
Rengisin...
Karanlık taşıyorsun,
Ak günleri
Kara yıllara taşıyorsun.
Beşerin kanimisin.
Ayrılık sen,
ölüm sen,
iztirap sen
zülüm sen.

 

Kara düşerli olmur
Hetta karalara da

 

Kara bulut,
Kara bulut,
Beni unuturmusun?!.

 

 


Kabırğalar...(Türkiyə türkcəsində tərcümə olunmuşdur).

 

Koca şehrin
Karışık taş yolları
Ufalanmış-
sanki
yalnızca kabırğadan oluşan
vücudların
ayağı altında titriyor
ve onların
göklere açılı ellerinden
Gökler de titriyor.

 

“Bir deri,bir kemik”den oluşan vücudların
Kırış-kırış olmuş alınlarında
Zaman saklı,
Kabarlı ellerin her açılıb-bükülmesi
zamanı gösteriyor.

 

 

 


Bir Pərdədən ibarət “Xocalı harayı” dramı.

(Azərbaycan ali və orta təhsil məktəblərində səhnələşdirilmişdir)
.


MÜƏLLİF.

 

Iyirmi altı fevral… o mənfur gecə,
Nələr gətirmədi Azərbaycana.
Qərinələq keçə,əsrlər küçə,
Tarix bağışlamaz onu vicdana.

 

O gecə vicdanın susdu səsi də,
Insanlıq adına ləkə vuruldu.
Dünyanın ən böyük müsibəti də,
O gecə yaşandı.matəm quruldu.

 

Iyirmi altı fevral… Xocalı günü,
Günlərin qarası.günlərin pisi.
Yayıldı ərşə də,insanın ünü,
Allah bağışlamaz zülmkar kəsi.

 

Şəhidlər qürurlu ölümləriylə,
Tarixə ən böyük dastan yazdılar.
Dünya seyr eləyib öz gözləriylə,
Inandı,yoxsa ki,inanmazdılar.

 


Bir qadın.

 

Ilahi bu nədir?bu dəhşət nədir?
Tarixdə görünməz müsibət nədir?
Qanlar axa-axa selə dönübdür,
Xocalı qanlı bir gölə dönübdür.
Bu gün cəhənnəmi yaşayıram mən,
Dözülməz əzabı daşıyıram mən.

 

Qoca kişi.

Bir körpəyə baxın qolları sınmış,
Insane dab u qədər zalım olarmış.
Yox daha dözmürəm,dözə bilmirəm,
Ayağım tutulub gəzə bilmirəm.

 

Ana.

Gözlərim kor ola görməyəydi kaş,
Bədəndən ayrılıb tənha qalıb baş.
Uzaqda bir qızın gözü oyulub,
Biri dərisindən tamam soyulub.
Ah nələr çəkirəm,yanır bu ürək,
Sizing qisasınız alınsın gərək.
Hanı bu dünyada ədalət hanı?
Nə günə qoyarmış insan,insanı.
(Uzaqdan bir balaca uşaq ağlaya-ağlaya ata-anasının meyidi üstə qışqırır).

 

Uşaq.

Anacan,atacan niyə dinmirsiz?
Məni yalqız qoyub hara gedirsiz?
Sizsiz bu dünyada qalacam yetim,
Bilmirəm nə edim,mən hara gedim.
(Üüü)

Cavan qız.

Əlini mənə ver ey qoca ana,
Qoy kömək eyləyim qaçaq bir yana.
Bəlkə xilas edə bildim mən səni,
Odur ki,mənə ver tez ol əlini.
(Uzaqdan bir əsgər qışqırır)

Əsgər.

Atın güllələri durmadan yenə,
Hamınız birlikdə düşmən üstünə.
Ölsək şəhid olub ucalarıq biz,
Yaşarsaq sonadək vuruşarıq biz.
(Bu zaman bir nüçə düşmən gülləsi əsgərə dəyərək onu yerə sərir və o son nəfəsdə bu sözləri deyir).
Unutmaz millətim,vətənim məni,
Yaşadan hər zaman yaşadar məni.
Hər kəs öləcəkdir,ölüm bir haqdır,
Vətənçün ölənlər yaşayacaqdır.

Ana.

Öldü… bir əsgər də qəhrəman oldu,
Bir ömrə,həyata nöqtə qoyuldu.
Allah rəhmət etsin ölənlər sizə,
Həm mərhəmət etsin millətimizə.
Şəhidin məkanı əbədi cənnət,
Bunu dərk etsəniz böyükdür hikmət.


Qoca kişi.

Öldün,ölümünlə ucaldın əsgər,
Xalqımız hər zaman qədrini bilər.
Şəhidsən,sən uca bir zirvədəsən,
Bu xalqın,millətin ürəyindəsən.
(Elə bu anda qocanın yanına bir mərmi düşür və qocanın həyatına son qoyur).

Başqa bir qadın.

Ah düşmən,nə qədər acımasızsan,
Körpəyə,qocaya heç baxmayırsan.
Dağıdıb,taladın sən Xocalımı,
Səhraya döndərdin gülüstanımı.
Xocalım məhv oldu,dağıldı Allah,
Bu günü yaşamaq ağırdı Allah.

Cavan qız.

Xocalım qoy sənə baxım doyunca,
Bəlkə görüşmədik ömür boyunca.
Baxıram Xocalım viran görünür,
Hər kəsin gözləri giryan görünür.
Yurdum toz-torpaqdan düman içində,
Xocalım yamandan-yaman içində.
Erməni deyilən ürəyi yoxmuş,
Zülmkar dünyada nə qədər çoxmuş.
Istərdim yaşayım ağrı-acısız.
Neynərəm yaşayım mən xocalısız.
Dağılsın bu dünya,dağılsın daha,
Çıxmaq istəmirəm onsuz sabaha.
(Bu an onu da güllə məhv edir)

Ana.

Ah nələr yaşadıq,nələri gördük,
Öldüksə fərəhli ölümlə öldük.

Bir nəfər.

Günahsız kəslərin məhv olmasına,
Bu gecə ağladı ulduzda.ayda.
Təbiət özü də qara geyindi,
Bir tək ermənilər güldü,sevindi.
Erməni bir quduz it imiş Allah,
İnsanlıq adını itirmiş Allah.

Əsgər.

Bu gün bir sınaqda yaşadı xalqım,
Ən böyük kədəri daşıdı xalqım.
Qoy bilsin,eşitsin ermənilər,
Qisas qiyamətə qalmaz deyiblər.

Xor.

Heç vaxt unutmarıq Xocalım səni,
Bir gün susdurarıq mənfur düşməni.

Müəllif.

Nə qədər yazsam da Xocalıdan mən,
Milyonda birini yaza bilmədim.
Qan qoxusu gələn sətirlərimdən,
Səhvləri düzəldib,poza bilmədim.

 

 

 


Ölüm (əcəl zəngi)esse

Ölüm… hər bir şeyin süquta uğrayacağı bir proses, fanilikdən əbədiliyə qovuşmanın başlanğıç nöqtəsi. O nöqtə ki, hər bir canlının taleyinə yazılan və pozulması qeyri-mümkün olan bir nöqtə. Yaradılmışların hər biri elə yarandığı dövrdən etibarən ona doğru gedir, yolun o biri tərəfində ölüm gözləyir hər kəsi. Ondan qurtulmaq mümkün olmadığı kimi, onun haqqında düşünməmək belə mümkün deyildir. Elə bir canlı, hər hansı bir fərd tapa bilməzsən ki, ölümün varlığını bilə-bilə onun haqqında bir anlıq belə fikirləşməsin, düşünməsin “ölüm” adlı bir sonluğun mövcudluğunu.
Axı necə, necə ola bilir ki, insan oğlu bu qara qüvvənin varlığını dərk edə-edə ona biganə qalır, onu bir ömür boyu iztiraba döndərib özünə əzab vermir, istər az, istər çox, istər kədərli, istər sevincli yaşamaq istəyir, ancaq yaşamaq. Əcəl qapımızı döydüyü zaman insan üçün bir saniyə belə yüz illər qədər qiymətli və heç bir ölçüyə gəlməyəcək qədər şirin və əlçatmazdır. Nədəndir bu təzadın sirri görəsən, nədəndir ölümün bizə hər an, hər saniyə yaxınlaşdığını duya-duya, yaşamaq, yaratmaq, bir sözlə bizə verilən bu ömür payının heç bitməsini istəməyərək yaşamaq marağı, yaşamaq arzusu?
Bir dəfə gəlir dünyaya insan və bu gün bir daha heç bir zaman təkrarlanmayacaq. Əvəzedilməzdir bu gün. Ondan başqa hər şey təkrarlanacaq. Ad günləri, bayramlar, işləmək, xülasə, eyni sevinc, eyni kədərlər. Ancaq bir şey təkrarlanmayacaq, yalnız bir şey… doğum günü. Bu gün həyat yolunda bizə verilən ən böyük, ən şirin ərmağandır. Acısı, qəmi olmağına rəğmən, kim doyub ki ondan. Bu gözəllikdən danışılan zaman bir məfhumun xəyala gətirilib, göz önündə azacıq canlanması belə yaradılışın qəlbini titrədir, onun cismini qan-tərə qərq edir, həyəcanlandırır.
Bu məfhum ölümdür. Ölümdən öncə əcəl döyür qapımızı, əcəl zənginin sədası gəlir qulaqlarımıza. O, bizlərdən, özümüzdən asılı olmayaraq, elə zamanda yaxamızdan tuta bilər ki, nə bilim, ən sevimli çağımızda sevincimizi burnumuzdan gətirər, bizi bədbəxtliyə düçar edə bilər. Ruhumuzun dərinliklərinə işləyib ümidimizi sındıra bilər. Əcəl…qaçılması mümkün olmayan yeganə məfhum. İstər şərqdə ol, istər qərbdə, istər yerdə ol, istər marsda, haqlayacaq o səni, mütləq haqlayacaq və haqladığı zaman sənin yaşamına son qoyacaq, bu son sənin ölümün olacaq. O ölüm ki,sən onu fikirləşirdin, qorxurdun ondan.

Ancaq haqladı səni, yaxaladı. Sənə verilən ömür payı qırıldı. Bu günün sabahı gəlməyəcək, kölgən belə səni izləməyəcək bir daha, sənə hamıdan daha yaxın olan, sənin yaşama mexanizmin olan ürək belə səndən əl çəkəcək, döyməyəcək bir daha və sən olmamış kimi olacaqsan. Bunu da dərd etməyə dəyməz ki, bu yoxluq sənə acı verməyəcək. Çünki sən bir heç olacaqsan, yer üzündə ən xırda molekullar, ionlar olacaq, ancaq bir sən, yalnız sən olmayacaqsan. Bax budur ölüm, bax budur əcəl!
Elə budur insanı yandıran, qəmləndirən. Bunu öz-özündə həzm edə bilmir insan, danışmaq istəmir bu barədə. Nədənsə paxıllığı tutur yaradılışın bu cür məhv olmasına. Düşünündə ki, ölümündən, bəli,məhz sənin ölümündən sonra həyat davam edəcək, günəş hər səhər yer üzünü salamlayacaq, ulduzlar parlaqlığı ilə sayrışacaq, dənizlərdə dalğalar coşub-çağlayacaq, quşlar ötəcək, bir sözlə təbiət öz əlvanlığı ilə insanları, ümumiyyətlə bütün canlıları məftun edəcək, necə qısqanmayasan bu gözəlliyi? Bax budur insanın acizliyini göstərən! Bunun sübutu isə ölümdür.
Ancaq yenə təkrar edirəm, ölümün var olmasını anlaya-anlaya yaşamaq istəyirik və yaşaya-yaşaya da hər an ona doğru getdiyimizi anlayırıq. Belə isə sual doğur. Nədən yaşayırıq? Nədən bu həqiqəti dərk edə-edə yaşamaq istəyirik? Çünki yaşamaq arzusu, ölümə olan nifrət nisbətində daha böyükdür, daha qüvvətlidir. Belə isə yaşasın yaşamaq arzusu ilə yaşayanların varlığı!

2008

 

 


Sevgi haqqında esse.(Sevgini yaşayanların,bu ne
mətin qədrini bilənlərin sevgi dolu ürəklərinin xətrinə)

 

Sevgi-sən elə bir duyğusan ki,insanların ən çox məhz sənə ehtiyacı var.Sən olan yerdə hər şey gözəl,hər şey ədalətlidir.Yaranışdan sənə olan ehtiyacı kim doldura bilib ki,bizlərdə doldura bilək?
Sevgi-sən elə bir duyğusan ki,ömrümüzün hər anında,istər gənc ol,istər qoca bizləri izləyər və ansızın çağırılmamış qonaq kimi qapımızı döyə bilərsən.Kim səndən,sən adlı duyğudan sığortalana bilib ki?
Sevgi-səni yaşamayanların,səni bir heç sayanların,sənə istehza ilə yanaşanların canlı ola biləcəyinə necə inanmaq olar?Hətta inanmaq belə çətindir sən adlı duyğunu yaşamayanların varlığına.Sənin varlığın bütün bəşəriyyətin varlığı olduğu kimi,sənin də varlıığın bütün bəşəriyyətin varlığının əmanətidir.
Sevgi-bəzən acımasız olmağınla bizləri yanıb-kül edə biləcəyin qədər mərhəmətsizsən.Sənə məhkum ürəyimizə hakim kəsildiyindən sənə səcdə edə biləcəyimiz qədər zavallı oluruq biz.Məhz sən,daş qəlbləri yumşaldıb muma döndərə biləcək qədər sehrli bir qüdrətə maliksən və bu qüdrətinlə ən şirin sevgiyə maliksən –Sevgi.Bu nemətin qədrini bilməyənlərin tutar gözlərini naşükürlükləri.
Sevgi-sənə olan ehtiyacımız balığın suya,quşun uçmağa olan ehtiyacı nisbətində daha çox olacığının gümanındayam.Əslində elə bütün ehtiyacların ilkin mənbəyi məhz elə sənsən...Sevgi.
Sevgi-yaradanın belə ən çox sevdiyi nemət olduğunu unutmuruq biz...O,da səninlə yaratdı kainatı,bizi.Səni ürəklərimizə bir nemət olaraq bəxş etdi yaradan.Bizi sevgi yaratdığından bizlər də sevgini qorumağa borclu olduğumuzu unutmuruq.Unudanlardan əsla olmaq istəmirik-Sevgi.
Sevgi-sən zirvələrdəki qardan belə şəffaf olduğundan,həssassan,səmimisən,təmizsən.Çünki,sən pislikləri üzərinə götürə bilməyəcək dərəcədə günahsızsan,məsumsan.Məsum olmağınla daha da gözəlsən-Sevgi.
Sevgi-sən hər fəsildə öz donunu dəyişməyən bir ağaca bənzərsən.O ağac ki,isti-soyuq bilmədiyindən hər zaman sağlam olursan,heç bir təbibə möhtac olmazsan,əksinə təbiblər özü möhtac sənə-Sevgi.
Sevgi-yazmadıqlarım yaza bildiklərimdən o dərəcədə çoxdur ki...Nə yazsam bir o qədər yenə az,yenə yetərsiz olduğunu yaxşı bilirəm.Bəzən xəcalət çəkirəm yetərsiz cümlələrimlə səni qələmə almağımdan.Sənin şənini mədh eləməkdən.Bağışla məni,sözlərimin,düşüncələrimin səni mədh etməkdə bu qədər cılız olmasından dolayı.
Sevgi-sən sənə möhtac olanların sevgisini ürəklərində qoyma,qırma onları.Rəhm eylə sən adlı duyğuya mübtəla olanların acizliyinə.Onlara sənin yolunda çəkdiklərinə kömək et.Kömək et ki,azalmasın yer üzündə sevgi tumurcuqları səpən insanların miqdarı.Bu miqdarın heç zaman azalmayacağı ümidi ilə sənə pənah aparırıq –Sevgi...



04.03.2011

 

 

“Ağıllı “dəli” adam”...

O, dəli,fərsiz adlandırılmağına rəğmən,çoxlarından daha ağıllı,daha etibarlı idi.Yaşadığı mühit ona qarşı son dərəcə amansız davranır,onun hər dediyinə məsxərə edərək küçümsərlərdi.Ancaq bütün bunlara baxmayaraq “ağıllı dəli adam” heç zaman digərlərinə qarşı nanəcib hərəkət etməz,ağıllı olduğunu bilə-bilə dəli adlandırılmağndan zərrə qədər də utanmazdı.Utanılası heç nə olmadığını anlayan “ağıllı dəli adam” “ağıllılar” içərisində “dəli” kimi yaşayar və azacıq həyatının çoxlarına ibrət olacaq hadisələrlə bol olmasına rəğmən heç kim bunlardan dərs almazdı,dərs alması lazım gələn şeylərə isə görməməzlikdən gələrlərdi... Qəribədir “ağıllı dəli adam”ın gözəl kefiyyətlərindən biri heç zaman yalan söyləməz,gələcəklə bağlı dediklərinin çoxusunun düz çıxması idi.Hətta o bir dəfə “ağıllı” adamların az qala rəğbətini qazanacaqdı, amma bu adamlar təkəbbürlük edərək “ağıllı dəli adam”ın dediyini sadəcə olaraq bir təsadüf kimi adlandırdılar və ona yenə də dəliki,dəli deməyə davam etdilər... “ “Ağıllı dəli adam”ın çoxlarına qeyri-adi görünən kefiyyətləri çoxlarının yuxusunu belə ərşə çəkmişdi.Heç kimə bir pisliyi toxunmayan bir insanın (ağıllı ya da dəli fərqi yox) digərlərini bu cür narahat edən nə ola bilərdi görəsən?Bu sualın cavabını “ağıllı dəli adam” onlardan soruşsa belə tapa bilməyəcəkdi,tapa bilməsi belə mümkün olmayacaqdı.Çünki,özlərinə “ağıllı” deyən adamlar “dəli” adlandırdıqları adama nisbətən çox-çox ağılsız idilər və bu həqiqəti içlərində qəbul eləsələr də heç zaman dillərində təsdiq edə bilməzdilər.Bu təsdiq onların məğlubiyyəti olacağından heç kim bunu edə bilməzdi,etsəydi belə o da dəli adlandırılacaq və ağıllı adamlar cəmiyyətindən tədricən təcrid olunacaqdı...(Milyonlarla “ağıllı” insanın “ağıllılar” cəmiyyətində yaşayaraq bütün ömrünü zavallı olaraq sürdüyünün,ağıllı adamlara pənah gətirərək onlardan ağıllı məsləhətlər almaq ümidi ilə yaşadıqlarının və bir gün bütün bu axtarışlarının heç bir faydası olmadığının şahidi olmuruqmu biz “ağıllı” adamlar?).
“Ağıllı dəli adam” qısa ömrünün çox az hissəsini özünə həsr edərək yaşadı,bu da onun uşaqlıq illəri idi.Əslinə qalsa onun uşaqlıq illəri belə özünə həsr edilməmişdi.O,daima digər uşaqları düşünər,onların uşaq problemləri ilə maraqlanar,qayğılarına qalardı.”Ağıllı” böyük adamlar bu uşağın qeyri-adi olduğunu düşünər,onun gələcəyi haqqında təzadlı fikirlər yürüdərlərdi...Bəziləri onu “kiçik dahi”,bəziləri isə uşaqlıq psixologiyası yerində olmayan uşaq kimi qələmə verərdilər.Amma bu balaca “ağıllı dəli adam”ın bir günahı var idi,bu da onun digərlərinə nisbətən daha ağıllı,daha öngörən olması idi.Daha bu balaca uşaq nə biləydi ki,zaman keçəcək,illər üstünə illər gəldikcə onu dəli adlandıracaq,dediklərini heç kimə gərəksiz söz yığını kimi rədd edəcəkdilər...Çünki,o “ağıllı” insanlara sərf etməyən,eyblərini açıb göstərən biri olacağı üçün heç kəs tərəfindən qəbul edilməyəcəkdi.
“Ağıllı dəli adam” öz-özlüyündə bircə dəfə də olsun ailə qurmaq haqqında da düşünməmişdi.Ona görə ailə qurduqdan sonra dünyaya göz açacaq körpəsi “ağıllı” ola bilər və ona heç bir xüsusiyyəti ilə bənzəməyə bilərdi.Bu səbəbdən “ağıllı dəli adam” ailə qurmaq istəmirdi və bir tərəfdən də yaxşı başa düşürdü ki,hansı “ağıllı” adam öz qızını “dəli” adama verərdi ki...Əlbəttə ki,heç kim...
“Ağıllı dəli adam” insanlara hər şeyin ən yaxşısını tövsiyə edərdi,harda olursa olsun hər zaman haqqın tərəfdarı olardı.Qadınlara şəhvət gözü ilə baxmamağı,kişilərə var-dövlət üçün ərə getməməyi, tacirlərin müəyyən olunmuş məbləğdən artıq üstünə qoymamağı,yetimlərin haqqını yeməməyi,hüquq məsələlərində ədalətli olmağı və s. kimi bir çox məsələləri digərlərindən tələb edərdi və tələb etdiyi üçün də hər kəs ona qeyri-adi,dəli insan kimi baxarlardı.Necə,hansı prizmadan baxmaqları onun vecinə deyildi,bu dünyanı vecinə almayan “ağıllı dəli adam” özü bildiyi kimi yaşamaqda israrlı idi.Çünki,o sözündən dönsəydi onlar kimi “ağıllı” insan olacaqdı və “ağıllı” insan olmaq onu çox qorxudurdu...O,öz-özünə daima belə düşünərdi.”Məni qəbul etmirlər etməsinlər.Özləri bilərlər.Amma mən də onların qəbul etdiklərini qəbul etməyəcəyəm...Əgər qəbul etsəm demək mən də “ağıllı” adamlardan biri olacağam və təbii ki,belə ağıllı olmaqdansa olmamaq yaxşıdır...Yeganə təsəllim budur ki,mən onlara qalib gələ bilmədiyim kimi,onlarda mənə qalib gələ bilməyəcəklər...Yaşasın “ağıllı dəli adam” olaraq yaşamaq!”Həyatda bu şüarın nə qədər ki,”ağıllı” adamlar yaşayırlar,yaşayacaqlar heç zaman qəbul olmayacağını bilə-bilə yaşadı “ağıllı dəli adam” və ona görə bu şüardan gözəl şüar olmayıb,olmayacaqdı da...
Ağıllı dəli adam” keşməkeşli həyatda nə az, nə çox cəmi otuz beş il yaşadı.Bu illər heç zaman onun iradəsini qıra bilmədi.O, doğulduğanda necə varsa, həyatada gözlərini eləcə qapadı....Yəni saf,təmiz.günahsız...



23.08.2011 2:50:55

 


Dahi...(Esse).

Dahi...hər bir insanın ürəyindən keçən öndə gələn istəklərdən biri bəlkə də birincisidir dahi olmaq...İnanmıram, həyatda elə bir insan tapıla ki, ömründə bircə dəfə də olsun bu arzunu xəyal etməsin.Əlbəttə, dahi olmaq milyonlar üçün sadəcə bir istək olaraq da qaldığını unutmuruq.Bu ada layiq olanlar belə onun məsuliyyətindən heç bir zaman yaxa qurtara bilməyəcəklərini yaxşı anlayırlar. Çünki , bu ada layiq olanlar milyonlar içindən seçildiklərindən milyonlara örnək olmaqla da görəvlidirlər. Dahilər yer üzünə əsrdə bir, milyonda bir doğuduqlarından və yaşadıqları mühitin aynasına çevrildiklərindən daha çətin olur onlara bu dünyada yaşamaq. Çünki onlar bir evin, bir obanın deyil də, bir məmləkətin, bir olan dünyanın sorumluluqlarını üzərinə götürən qeyri-adi şəxsiyyətlərdir.Məhz bu qeyri-adiliklə onlar digərlərindən fərqləndikcə fərqlənirlər.Dahilər bu adı həyatda qazanmırlar, doğularkən bu xüsusiyyəti özləri ilə gətirirlər və bu da onların bir missiyasına çevrilir.
Dahi olmaq istəyirsənsə heç bir zaman dahi olacağını düşünməməli, bu ada sahib olmaq üçün çalışmamalısan. Bu ada sahib olmaq üçün sən ona yox, o sənə möhtac olmayıncaya qədər, çalışmalı, sadəcə çalışmalı yox, eyni zamanda sözün əsl mənasında mübarizə aparmalısan. Hər etdiyin gözəl əməli, hər yazdığın maraqlı əsəri, qurub yaratdığın hər nə varsa bütövlükdə hamısını kiçik sanmalı bacarmalısan ki, gözəldən sonra ən sevimlini, maraqlıdan sonra ən heyrətamizi də tapa biləsən.Yoxsa etdiklərinin kölgəsində qalıb qürurlanmaqdan başqa heç nə edə bilməzsən, bu isə sənə heç zaman ucalıq gətirməz, əksinə səni gün-gündən ucalmaqdansa, endirər, çünki sən kifayətlənib qaldığın yerdən etibarən geri addım atmağa başlayacaqsan və bu addım səni bu addan hər gün daha da uzaqlaşdırdıqca uzaqlaşdıracaq.
Dahiliyə gedən yol gərgin əmək və mübarizədən başlayır. Nə qədər istedadlı olsan yenə əməyə, mübarizəyə möhtac olduğunu unutmamalısan. Bir şeyi də unutmamalısan ki, sən dahi olmağa inadkarlığının, güclü iradənin köməyi ilə ucala bilərsən. Dahilər atdığı hər addımda belə nələri isə ölçüb-biçir, nələri isə düşünür, nələri isə,hətta özlərini belə amalları uğrunda qurban verməyə razılaşırlar. Əgər sən də dahi olmaq istəyirsənsə o zaman bir çox şeylərdən keçəcəyinə, ancaq bu yoldan dönməyəcəyinə, sona kimi əzmlə mübarizə aparacağına inanmalısan.Məhz bu inamda sənə bu yolda kömək olacaq, səni yaşamağa, yaratmağa həvəsləndirəcək, içindəki istedadın üzə çıxmasına imkan verəcək. İnamsız gedilən yollardan bir şey gözləmək dahilərə məxsus olmayan xüsusiyyətdir və sən də dahi olmaq istəyirsən sə inamlı,cəsarətli,əzmkar,mübariz ol, Əgər bütün bunlar sən də varsa o zaman yola çıxmağın məsləhətdir, bu yolun səni işıq gələn tərəfə aparacağndan əminəm...Mənə isə ”Yaxşı yol” demək düşər , elə isə “Yaxşı yol”...


12.09.2011 2:24:21

 



Ölümqabağı düşüncələr.

 

Son kərə zilləmişdi gölərini saysız-hesabsız ulduzların tamaşasına və son dəfə ulduzların bu qədər uzaq,əlçatmaz olduğunu anlayırdı.Son dəfə ulduzlarla böləcəkdi bir ömrün hekayətini,yaşantısını və sanki,son dəfə etiraf edəcəkdi ulduzlara səhvlərini,yalnışlıqlarını və bu səhvə doğru aparan səbəblərin inanılmazlığını.
Əlləri ovucunda lal-dinməz dayanaraq,nursuz gözləri ilə sayrışan ulduzları yenədə nəzərdən keçirərək,dilində nə isə pıçıldayırdı.O,nələri isə pıçıldayaraq,nələrinsə ömrünə gizli gəldiyini,nələrinsə ömründən vaxtsız getdiyini düşünürdü və bir ömrün son akkordlarını vururdu ürəyi.O ürək ki,bir ömür boyu sevmişdi,nifrət etmişdi,sevməyi də ,nifrət etməyidə öyrənmişdi həyatdan.Adam yaradılışın bu qədər gözəl olduğunu sanki heç duymamışdı əvvəllər,duymuşdusada bu qədər hiss etməmişdi bəlkə də.
Adam ulduzlarla ünsiyyət qura-qura son dəfə ilham deyilən bu müqəddəs nemətin əsrarəngliyindən bəhrələnirdi,faydalanırdı.Necə deyələr ölümqabağı yenə də onu tək buraxmamışdı,ona ölümünə kimi sadiq qalmağa çalışmışdı.O ilham ki,bir ömür boyunca onu bir an olsun belə tərk etməmişdi,istər quruda,istərsə suda,istərsə də havada,harada olursa-olsun tək ilham olmuşdu onun ən sadiq,ən etibarlı dostu.Bəzi vaxtlar onu tənha qoymuşsada,bu müvəqqəti bir ayrılıq olurdu və ondan uzunmüddətli küsməmişdi ilham.İlham da yaxşı bilirdi ki,bu adam onun dəyərini bilir,ondan layiqincə istifadə etməyi bacarır.O ilham ki,adamı ulduzlara belə aparardı,kainatın hər bucağında xəyalidə olsa gəzdirərdi onu,gəzdirə-gəzdirə həyatı,yaradılışı sevməyi öyrədərdi.Ona kainatın necə bir gözəlliyə sahib olmasını və bu kainatın içində kiçik bir zərrə olan insanında necə gözəl yaradıldığını bir daha anladardı ona...Ona öz qiymətini bilməyi,verilən ömür payını ucuz tutmamağı,bir sözlə özünü tanımağın həyatda ən böyük nailiyyət olduğunu bir daha sübut etməyə çalışardı...(İnsan özünü yaxşı tanıyanda daha gözəl olar elə deyilmi?).
Bu gecə...məhz bu gecə bu adamın qismətinə düşən ömür günlərinin son gecəsi olacaqdı...Bir sonluqla yanaşı əbədiyyətin qapıları açılacaqdı bu adamın üzünə.Məhz bu yerdə adam öləcəyini,son dəfə bu əvəzedilməz gözəlliyi seyr edəcəyini düşünə-düşünə üzündə anidən bir təbəssüm sezildi,bu sevinc təbəssümü idi.Nədən doğdu bu təbəssüm,necə oldu ki,öləcək bir insanın üzündə səbəbi bilinməyən bir mehribanlıqla dolu sevinc təbəssümləri yarandı?
Adam bu sonun heç də son olmayacağını,bu sonun özüylə sonu olmayacaq bir başlanğıcın gətirəcəyini fikirləşərək sevindi elə bil.Bayaqdan ulduzları narahatcasına seyr edən hal-əhvalından bir nişanə belə qalmamışdı daha.O,anlamışdı.Ən böyük həqiqəti dərk eləmişdi.Dərk eləmişdi ki,kainat və ümumiyyətlə hər nə varsa hər şey onun varlığından xəbər verir.Bir gündə hər nə varsa yenidən ona qayıtmalı və əbədi sonsuzluğa qovuşmalıdır.Kimlər üçünsə bu əbədi sonsuzluq zəhər qədər acı,kimlər üçünsə bal qədər şirin olacaqdı.Adam hələ heç zaman bu haqda düşünməmiş və düşünməyi belə heç ağlına gətirməmişdi.Adam ən yaxın dostu olan ilhamın belə Allahın ən sevimli bəndələrinə verdiyi bir nemət olduğunu düşünərək rahatladı və sanki,mələklər də ona ilham vasitəsilə demək istəyirdi ki,əbədi yolçuluğun son dayanacağındasan və bu dayanacaq sənin kimiləri üçün çox rahat olacaqdı və sən bu gcə ona,rəbbinə qovuşacaqsan.
Adam son dəfə gözlərini göylərə,ulduzlara yönəldərək sevinc dolu ifadələrlə rəbbinə olan şükrünü bildirdi və adam pıçıldayaraq nə isə deməyə başladı və deyəsən bir zamanlar əlçatmaz kimi görünən əbədiyyətə qovuşmağın bir addımlığındaydı...



2009

 

 

Gözləri çıxmış ölüm...(26 fevral Xocalı soyqırımında şəhid olanların əbədi ruhuna ithaf edirəm).

Ölümün gözləri çıxmışdı,vəhşicəsinə öldürülənləri görə bilmirdi.O gecə şəhərin dörd bir yanı qorxunc kabusların məskəninə çevrilmişdi.Hər tərəfdə başsız bədənlərin,bədənsiz başların tükürpədici görüntüsü insana insanlıqdan bu qədər çıxmasını anladırdı.Havanın ölüm qoxuması,bayquşların belə canına vəlvələ salmışdı.Bayquşlar insanın bu qədər qəddarlıqla öldürülməsini görməmişdi,ya da görəcəyini belə heç ağlına gətirməmişdi.Ruhların bir-birinə qarışdığı məkanda,zaman belə öz yerində donub qalmışdı,heyrətindən nə irəli,nə də geri çəkə bilirdi əqrəblərini.Saniyələr belə işləmirdi ölüm qoxulu şəhərdə.Göz yaşları qana dönmüşdü,dünyaya barışı səsləyən göyərçinlərin.Barış adlı səslənişin heç bir faydası toxunmamışdı insan adı daşıyan “insancığazlara”.Barış bu qədər rəzalətə düçar olmamışdı dünya yaranandan bəri.Yarasalar öz yolunu itirmişdi bu gecə,adi gecələrdə görməyə-görməyə heç bir maneə olmadan uçan yarasalar.Bu gecə o gecələrdən deyildi,cəhənnəmdən qorxunc bir mənzərənin təsviri idi.Ölülərin canı olsaydı danışardı nələr çəkdiklərini cisimlərinin.”Qisas qiyamətə qalmaz”demişlər,amma qisası qiyamətə qalmışdı ölülərin.Heç zaman dərdlərini danışa bilməyəcəkdi ölülər.Sonsuz sayda canlar alan ölüm heç zaman bu qədər də yorulmamışdı can almaq vəzifəsinə keçəndən bəri.Gözləri çıxmış ölümün görə biləcəyi heç nə qalmamışdı.Gördüyünü görmüşdü artıq bir gecənin içində.Gördüklərini görmək istəməsə də görmüşdü.Ölüm belə məyuslaşmışdı insanların bu dərəcədə vəhşiliyindən dolayı.Öldürənlərin öldürülənlərə etdiyini ölüm belə etməzdi heç zaman.Amma insan olmadığını bir daha göstərdi insan olmayan “insancığazlar”.



23/00 17.04.2011

 

 


Labirint dünyanın Sevgi bucağı...(Esse).

 

Hardadır o bucaq? Milyon illərdir axtara-axtara tapa bilməyirik o bucağı biz. Kor işığa həsrət qalan qədər həsrətik o bucağa. O bucağın varlığı utopik görünür bizə. Bəzən nağıllarda, bəzən xəyallarda arayırıq, tapa bilmirik ki, bilmirik. Tapa biləcəyimizə də ümidimizi üzürük çox zaman. Nə bilək bəlkə də bir addım ona yaxınlaşdığımız zamanlar da olub, amma hiss etmədən, duymadan uzaqlaşmışıq o bucağın ətrafından. Bəlkə də qapımızın ağzında saatlarla gözləmiş bizi, biz isə eşitməmişik qapımızın dəfələrlə döyüntüsünü. O özü bizə öz ayağı ilə gəlmişkən, biz özümüz onu uzaqlaşdırmışıq özümüzdən. Nə bilim o qədər bəlkələr var ki, bəlkə də elə bəlkələr unutdurub bizə o bucağa yetişməyin yollarını və ona görə də şübhələr içində itib-batdığımızdan itirmişik özümüzü, o bucağı, o bucağın mövcudluğunu. Bax beləcə hər an zərrə-zərrə özümüz də bilmədən yadlaşmışıq ona və o da bizə doğma gözü ilə baxmayır daha. Sahildən uzaqlaşdıqca necə dalğalar içində batırsa insan bax bizdə eynən məhv oluruq beləcə. Onunla aramızda olan körpü bir ümid işığı düşməyəcək qədər zəiflədikcə məğlubiyyətimizin təməli qoyulur əslində. Bu məğlubiyyət başqalarına bənzəməyəcək dərəcədə sarsıdıcı olacaq və insan o zaman anlayacaq məğlubiyyətinin böyüklüyünü və bu böyüklük ona öz kiçikliyini göstərəcək. Bir zaman edə biləcəklərimizi etmədiyimizdən, zamanla edə bilməyəcəklərimiz çıxacaq qarşımıza və bu zaman öz acizliyimizi anlayacağıq dərindən. O zaman qədrini biləcəyik o bucağın, amma o zamanda artıq gec olacaq və əbədi itirəcəyik o bucağı, daha düşünmək belə yersiz olacaq ona yetişməyin yollarını. Nə qədər hələ tamamilə bağlanmayıb o yollar o bucağı tapmaq üçün daha inadkar,daha mübariz olmalıyıq. Bu gün, bu gündə yox, elə bu saniyədən etibarən cəhd etməliyik. Bu an heç zaman gec olmayıb, sadəcə bu anın və bütövlükdə hər anın dəyərini bilməklə qovuşa bilərik o bucağa. O bucağın adı Sevgi, sevginin məkanı isə o bucaqdadır. Sevgi günəş kimidir, sadəcə onu görmək üçün qara buludları qovmaq lazımdır gözlərimizin önündən və o zaman günəşlə gözlərimiz arasında məsafənin olmadığının fərqində olacağıq. Həqiqət olan şeyləri xəyal kimi yox, məhz həqiqət olaraq qəbul edə biləcəyimizdə, o zaman həqiqət günəşi parlayacaq ürəyimizdə.”HƏQİQƏT SEVGİDİR, SEVGİ HƏQİQƏT!” bu yol o bucağa gedən ən gözəl vasitədir. Bu vasitəni itirməmək öz əlimizdə olduğu kimi, onu itirmək də öz əlimizdə olduğunu unutmamalıyıq. Ən əsası “qırmızı” işıq yanmamışdan öncə yetişməliyik ona, əks halda qəbul etməyəcək o bucaq bizləri.



20.10.2011 1:15:10

 

 


YAZMAQ ...

 

Çoxlarının asan düşündüyü, azlarının isə olduqca mürəkkəb proses olduğunu anlamasıdır yazmaq. Hər kəsə nəsib olmayan, ancaq hamının daxilinin ən gizli nöqtələrinə qədər sirayət edən əbədi bir tələbatdır – yazmaq arzusu. Zamanından, məkanından asılı olmayaraq o səni haqladısa əsirinə çevrilir, onun əlindən heç yana qaça bilməyəcək dərəcədə qüvvətlidir – yazmaq vergisi.
Ən çox həssas olan insanların qəlbində zərrə-zərrə böyüyərək, anidən vulkan kimi partlamaqla özünün mövcudluğunu göstərməkdir yazmaq. Əgər yanar qəlbin, hər şeyi duyacaq istedadın yoxdursa axı necə qavraya bilərsən nədir yazmaq. Sən onun əsirinə çevrildikcə, o da sənə xidmət etməyə hazır olan bir qadın kimidir yazmaq. Yalnız üzdə deyil, onu içdə hiss eləməyi, nazı ilə oynamağı sevəcək qədər ərköyündür – yazmaq. Şıltaqlığına dözə biləcəyin qədər sənə böyüklük gətirməkdə əsla xəsis deyil – yazmaq. Bəzən bilinməyəcək səbəbdən uzaqlaşıb yan qaça da bilər , günlərlə, aylarla, hətta illərlə də gözləməyə məhkum edər səni və sən gözləyə-gözləyə ondan həmişəlik ayrıldığını düşündüyün zamanda anidən döyülər ürəyinin qapısı və sən onu bu qapıdan daxil edəndə bir ömrün yükünü çiyinlərindən atdığını sandığın dərəcədə xoşbəxt olmaq xoşbəxtliyini bəxş edər sənə – yazmaq.Nəticədə bəzən illərlə düşündüyün mövzunu, aylarla yaza bilməməkdir – yazmaq arzusu. Onun gəlişinin zamanını ondan başqa kim bilə bilər ki? Və bəzən hər şey dediklərimin əksinə də çevrilib, səni deyil günbəgün, addımdaaddım izləyə də bilər yazmaq və sən onunla ruhla can kimi yaşayarsan zamanı. Heç nəyin səndən yox, məhz ondan asılı olduğunu, sənin onu gözləməyinlə yox, onun səni yaxalamağıyla bağlı olduğunu unutmamaqdır sadəcə. Və bunu unudanlar sadəcə yazmaq üçün çabalaya – çabalaya keçirərlər həyatı və sonda nə yazıları əbədiyyətə qovuşdurar onları, nə də onlar yazdıqları ilə öyünə bilərlər. Səni səndən alıb özündə anlamadığın məkanlara götürə bilmirsə düşüncələrin o zaman səhrada su axtarırcasına boşuna zaman xərcləməkdir – yazmaq. Torpaq su ilə becərildiyi kimi, yazmaq da istedadla yetişib, duymaqla yaşanar və o zaman sözünü deməklə hünər göstərməyə qabil olar insan. Nələri yaza bildiyindən asılı olmayaraq, nələri yaza bilmədiklərin düşündürməlidir səni və sən düşüncələrinlə fəth edə bilərsən zamanla yaza bilmədiklərini. Zaman hər şeyin açarı, açar isə zamanın dərinliklərində gizlənən sirli bir vasitədir. Bu vasitədən istifadə etməyi bacaranlar nail ola bilər istədiklərinə. Sonda sonu olmayan sonsuzluqda əbədi səadəti axtarıb tapa bilməkdir – yazmaq.




28.10.2011 23:52:21

 

 

Atılmış mələk.
( Gecə barlarında cəhənnəmi yaşayan günahsız qadınların əziz xatirəsinə ithaf ).

I

Atılmışdı. Bir “saf” bildiyi sevgilisinin amansız tuzağına düşmüşdü Mələk. O gecə olanların necə baş verdiyini özünə belə inandırmaqda çətinlik çəkirdi. Ehtirasınmı qurbanı olmuşdu, ya bir xoşbəxt ailə qurmaq arzularımı tutmuşdu gözünü. Hər nə isə olan olmuşdu artıq, yayından çıxmış oxu kim qaytara biləcəkdi. Bir tək kiçicik kağız parçası qalacaqdı “saf” bildiyi sevgilisinin gedişinin ardından.
“ Səni məhz bu gecə üçün xəyal edirdim və bu gecə sənlə mənim aramızda olan ilk və son gecə olacaq. Məndə sənə qarşı sevgi yox, sadəcə bir ehtiras, bir şəhvət oyanmışdı içimdə və sonda istəyimə çatdığımdan dolayı olduqca xoşbəxtəm. Səhər sən bu sətirləri oxuyan zaman mən uzaqlarda, çox-çox uzaqlarda olacağam və bir daha qarşılaşacağımıza belə ümid etmirəm. Əlvida!
Bu sətirləri oxuduqca yeddi dəfə ölüb-dirilmişdi Mələk. Hara getsə, kimə getsə bağlanacaqdı üzünə qapılar, damğalanacaqdı və bu gözəl adın sahibi ömürlük lənətlənəcəkdi. Bütün bunları düşündükcə daxilində bir titrəyiş yaranır, gözlərindəki yaş leysan kimi axa-axa süzülürdü yanaqlarından. Getdiyi yerlərdə, döndüyü küçələrdə, izdihamlar içində bir tək onu axtaracaqdı Mələk. Əlində olan vur-tut on manatı yeddi gün xərcləyəcəkdi sadəcə. Bəs sonra, sonra nə edəcəkdi dalğalar içində boğulan adam.
Hadisədən keçən dörd gün ərzində çox şeyi fikirləşmişdi, çox götür –qoy etmişdi. Bir əlac yolu tapa bilməmişdi. Bir o murdar işi düşünməmişdi hələ. Ancaq onu da düşünməyinə çox az zaman qalırdı və zaman onu o işə doğru aparırdı. Bir zaman adı Mələk, özü mələk olan bu insandamı o şeytan əməlinə üz tutacaqdı. (Ətiniz ürpəşirsə demək hələ yaşayır vicdan, kor olmayan gözlər var demək). Mələklərin şeytana möhtac olmasından daha betər olası bir şey varmı dünyada. Yox,əlbəttə ki, yox, ola da bilməz, olması belə mümkün deyil...

II

Zaman 2011 in bir yaz səhəri. Məkan Bakının gecə barıarından biri. O barlardan biri ki, səhərə kimi ulayırdı “musiqi”lər, atılıb-düşürdü fahişələr, bərəlmiş gözləri ilə “kişiliyindən” zövq alırdı kişiciyəzlər. Siqaret tüstüləri, içki qoxuları, dəyişkən işıqları ilə cəhənnəmi xatırladan, adını çəkməyə belə dilim gəlməyən gecə barlarının birində bir zaman mələk olmuş bir qadın da yaşayırdı bu cəhənnəm həyatını. O həyat ki, ona “sevgili”sindən ərməğan edilmişdi, təsəvvür edirsiniz sevgilsindən. Necə də qəribə səslənir deyilmi? O, sevgili ki, bir daha heç zaman onunla qarşılaşmayacağını yazırdı son məktubunda. Hər sözü bir insan öldürən sətirlərində. İllər ötmüş, Mələk də, o da bir xeyli yaşlaşmış olsalar da yenə bir- birini tanıya biləcəkləri qədər cavan idilər hələ və tale o “saf” sevgilini özü- öz ayağı ilə gətirmişdi Bakının gecə barlarının birinə. Öz fahişəsini gözləyirdi o “saf” sevgili, XXI əsrin saxta məcnunlarından biri. Və zaman yetişdi daxil olduğu iki nəfərlik otaqda qarşısına çıxacağı fahişənin o qadın olacağını heç zaman güman eləməzdi bəlkədə, bəlkə də heç güman etməmişdidə. Gözlərinə inanmasalarda artıq hər ikisi inanmışdı buna və yuxu kimi anın mövcudluğuna. Bir müddət sükut çokmüşdü araya və sonra oğlan yalvarmağa başlamışdı, etdiyi əməlinin alçaqlığından dolayı üzr istəmək, yalvarmaq nəyi dəyişəcəkdi ki. Və sonra Mələk özü son dəfə məhz burda, bu gecə barlarının birində hər şeyə son qoyacaq və ürəkləri yandıran bu sözləri deyəcəkdi “saf” sevgilisinə.
“Səni adam bilmişdim, adam bildiyim üçündə inanmışdım sənə, qəlbimi vermişdim, sevmişdim səni, demə heç sevilməyə dəyməyəcək qədər alçaq, əclaf imişsən sən. İndən sonra min dəfə yalvar, üzrxahlıq elə. Axı bunlar nəyi dəyişdirəcək ki, yoxsa nələrinsə dəyişə biləcəyinə inanırsan hələ də. Adım ömürlük damğalanmış, qaytar mənə adımı, namusumu qaytar. Ötən günlərimin səadət dolu anlarını qaytar. Bir bakirə qızcığazın ümid dolu arzularını qaytar. Bilirəm qaytara bilməyəcəksən və bunun üçün də daha səndən istəniləcək heç nəyim yoxdur. Məni bir daha görməyəcəyini düşünürdün, amma indi pis yer olsada burası özün-öz ayağınla gəlmisən görüşümə. Burası sənin kimilərin bədbəxt elədiyi onlarla qadının son ümid yeri, cəhənnəm məkanı. Məni, mənim kimi zavallıları buraya sürükləyərək məhv etməklə kişilikdən dəm vuran kişiciyəzlərlə doludur bu məkan. İndi isə son qərarı da mən verəcəyəm sən yox. Rədd ol, rədd ol gözlərim önündən ki, bir fahişə qadından daha alçaq olan birini görməsin gözlərim”.
Və hər şey bununla bitəcək, illərlə çəkdiyi acısını azacıq olsa belə azaldacaqdı Mələk. Ürəyindən keçənləri o ki var deyəcəkdi “saf” sevgilisinə.
“Dağ dağa rast gəlməsədə, adam adama rast gələr” kəlamını boş-boşuna deməmiş babalar. Dünyanın harasında olursansa ol, əgər qismətində nə isə bir şey varsa demək mütləq olacaq o şey, görüşmü, tanışlıqmı daha nələr, nələr.

 

16.11.2011 23:22:20 Habil Yaşar.

 

 

Baş hərfi “ ” .

 

“” – ümid dolu gəncliyimin pıça çıxmış arzularının qatili. Ömrümün ən şirin anlarını acıya çevirən ilanların ən zəhərlisi. Əlifbada ən çox mənə səni xatırladan baş hərfi “” olan amansız sevgilim. Hər nə desəm azdı sənə, sən ey rəhmsizlər, rəhmsizi.
Yox bəlkə də heç zaman, bir ömür boyunca oxumayacaqsan sənə yazdıqlarımı, giley dolu hekayəmi. Və ya varlığımdan, yazılarımdan xəbərsiz yaşayacaqsan gələcəyini. Bir dəfə də yadında düşməyəcəyimi düşünürəm, çünki sənin xasiyyətinə yaxşı bələd olduğumdan deyirəm bunları. Qışqırsam eşitməyəcək, yazsam oxumayacaq, ağlasam duymayacaq, ölsəm ağlamayacaqsan. Bilirəm bütün bunların heç bir dəyəri yoxdur sənə, çünki sən sənə qiymət verənlərin qiymətini anlamayacaq qədər xudbinsən. Yeddi il bundan öncə necə idinsə eləcə də qalmısansa acıyıram sənə həyat yoldaşım deyən (rəqibim olmağına rəğmən) o insanın gününə. Yox yəqin ki, burda yanıldım, nə bilim bəlkə o səndən də betər xudbinin biridir, sən onun yanında toya getməli biri imişsən. Hər halda fərziyyələr çox ola bilər, ancaq bir həqiqət var ki, sən hər hansı bir kişinin xanımı, qadınısan. Sənə yalnız və yalnız xoşbəxtlik diləməyə çatır gücüm. Mən qarğış üçün yox, alqış üçün yarandığımdan məndən ancaq bunu gözləyə bilərsən.
“ ” – bilirəm oxumayacaqsan yazdıqlarımı. (Ancaq unutma ki, mən bir yazaram, dərdlərimin yazarı. Sənsiz yaşaya bildimsədə, yazmasam yaşaya biləcəyimə inanma. Həyatda ən etibarlı dostum ilhamımdır, çünki məhz o kədərimdə, sevincimdə mənimlə qoşa addımlayır, heç zaman məni tərk edib getmir, uzaqlaşmnır yanımdan). Sən oxumasan belə minlər, bəlkə də milyonlar oxuyacaq yazdıqlarımı, çünki hər kəs özünü tapacaq yazdıqlarımda.Çoxları bəlkə də öz vəfasız sevgilisinin baş hərfini yazacaq sənin baş hərfin olan “ ” nin yerinə. Bir tək sən oxumayacaqsan, xəbərsiz qalacaqsan yazdıqlarımdan. Qəribədir deyilmi? Axı bir zamanlar ilk oxucusu sən idin hər nə yazırdımsa, qəzet oxumayan sən mənə görə izləyirdin ədəbi mətbuatı.( özün filologiyada oxumağına rəğmən.İnsafən bunu da deməliyəm. ”Sən əlaçı idin, sözün əsl mənasında əlaçı.Sənə qrup yoldaşlarım oxumağına görə həsəd aparanda, mənsə sənə qovuşmaq üçün alışırdım”). Mənə görə ilk dəfə Yazıçılar Birliyinə ayaq basmışdın, axı o gün, mənim ikinci kitabım olan “ Məni Sevgi Yaratdı” kitabımın təqdimatı idi. Bir tək gözüm səni gəzirdi onlarla insanaların arasında, görkəmili yazıçılar, şairlər, qohumlar, dostlar arasında bir tək sənə görə həyəcanlı idim, çünki təndiq edilsəydim məhz sənin yanında utanacaq, qızaracaqdım. Şükürlər ki, yanında bir o qədər də acizləşmədim o gün. Tənqidlərlə yanaşı tərifləndim də. Nə bilim bəlkə səndə qürurlanmışdın, axı sənin sevgilinin kitabının təqdimatı idi. Onu hər gün intizarda qoymağına rəğmən, o səndən bir an olsun belə ayrılmaq istəməyən aşiq idi. Deyəsən səni şikayət edə-edə özümü də təriflədim bir az. Heç yaxşı çıxmadı.Yoxsa son illər ərzində mən də xudbinləşmişəm. Yox bu ola bilməz, ona görə ola bilməz ki, bir şair heç zaman xudbin ola bilməz, kim nə deyir desin, mən şairlərin xudbin ola biləcəyinə inanmıram. Hə, nə isə uzaqlaşmayım sənin atmosferindən. Hər necə olsa sənin havanın da öz gözəlliyi inkaredilməzdir. Çünki, sənin havan mənə ilham vermiş, dərin - dərin düşünməyimə səbəb olmuşdur. Amma nəticədə heç bir şey səni qaytara bilməz. Sən elə sənsən. Üzərimə səni yazılarımda yaşatmaq düşür sadəcə və inanıram ki, sən o yazılarda sonsuzadək yaşayacaqsan. Çünki hər şeydə bir az sən varsan və sən olan hər şey gözəldir, əvəzsizdir. Sənə aid “şah əsər”imi nə zaman yazacağımı bir ulu tanrıdan başqa heç kim bilmir.
Baş hərdi “ ”- indi bilmirəm haralardasan. Azacıq eşitmişəm ucundan-qulağından. Eşitmişəm ki, ailəlisən, bir qızın var, işləmirsən.( Təəssüf ki, o qədər oxumağın sonunda işsizsən. Bəlkə, həyat yoldaşın razı deyil işləməyinə, yaxud ehtiyacın yoxdur işləməyə. Çox şey düşünmək olar , ancaq nəticədə işsizsən). Xoşbəxtsənmi, yaxud əksinə. Hər nə olursan ol onsuzda həyatda hər şey nisbidir Eynşteyn misalı.
Baş hərfi “ ”- aradan yeddi il keçib. Düşünürsən 7 il, zarafat deyil, bir igidin ömrü deyib babalar. Həyatımda nələr olub keçib saymaqla qurtarmaz “ ”. Uğurlarım da olub, itirdiklərim də. Ən başlıcası səni itirmişəm, bundan sonra itiriləcək nəyim var ki...Hər nə itirsəm yenə sənin yoxluğunun yanında heç nə olacaq. Bu yaxınlarda üçüncü kitabımın nəşrinə hazırlaşıram, xəyal edə bilmirəm sənsiz keçiriləcək kitabımın təqdimatını. İnanmazsan bəlkə də, yazarkən nələr keçirdiyimi. Qələmlə yazmıram deyəm ki, mürəkkəb yerinə qanımla yazıram “ ”. İndi artıq çoxları kompyuterdə yazmağa adət edib, axı biz yazarlarda zamanla ayaqlaşmalıyıq.( ancaq mənə görə qələmlə yazmaq daha gözəldir). Ay səni qolu-qanadı qırılmış həyatımın səbəbkarı. Bilirsən kimlərsə xəbər verə də gələsən o təqdimata, yaxud yuxunda qeybdən xəbər verələr sənə təqdimatın keçiriləcəyi məkanı, tarixi. Nə olar bilirsən, düzü mən də bilmirəm nələrin olacağını, nələrin yaşanacağını. Bir onu bilirəm ki, o baş versə heç nə əvvəlki kimi olmayacaq həyatımda. Həyatım 180 dərəcə bucaq altında dəyişəcək istiqamətini. Ax bir gəlsən...Yenə yeddi il öncəki kimi səni düşünəcək ürəyim, səni axtaracaq gözlərim. Səni, səni, səni baş hərfi “ ” olan sevgilim. Sən gəlsən kölgəndən belə tanıyaram varlığını, saçlarının ətirindən anlayaram iştirakını...Ax xəyallar, xəyallar bir gərçək olsa, olsada olsa.
Baş hərfi “ ” sonda sənə yeddi il öncə yazdığım şerdən iki misranı xatırladıram, bunu ömür boyu xatırladacam sənə.

Məni istəsən də, istəməsən də,
Mənim olacaqsan şerlədimdə.

Hə sevgilim mənim olacaqsan. Cismani qovuşmasamda sənə ruhən əbədi mənimsən, mənim olaraq da qalacaqsan. Bu ruhu heç kim məndən ala bilməz, hətta ölümün özüdə. Çünki mən bütün ruhumla sənə bağlıyam, sən mənim içimdə görünməyən bir mənsən. Bütün bu mənlərimlə sən mənimsən, mənimsən.

 

10.12.2011 1:06:06

 

 

 

Yoxluğumun Varlığı...(05.12.2011 2:08:41)

 

Susdum ___bacara bildiyim və bəlkə də bir azda artıq qədər susdum...Susdum ki, belə daha məsləhətmiş deyə düşündüm öz- özümə. Həftələr ayları, aylar illəri itələdi bir-birinin ardı ilə. Və zaman ehtimal edə bilmədiyim qədər tez keçdi, elə keçdi ki, bir yarpağın yanıb kül olması qədər tez. Susmağım yoxluğum yox, yoxluğumun varlığının bir əlaməti idi, çünki mən yoxluğumda da var idim və yoxluğum gözlə görünə bilməyəcək qədər varlıq idi. İllər sonra yoxluğumun varlığında özümü tapa bildiyimdə sevindim. Sevindim ki, yoxluğumda varlığım unudulmayıb, varlığında yox olanlardan olmayacağam.
Susdum___ancaq bir an belə itirmədim həyat eşqimi, yaşamağa, yaratmağa olan sonsuz məhəbbətimi. Daima nələrəsə, nələri isə etməyə çalışdım. Hər nə etdimsə az gördüm, aza qane olmadım. Hər nə etdimsə susaraq etdim, sükutla yola verdim yoxluğumun varlığını. Özümdən danışdırmadan yaşamağı bacardım, yaşadım ki, sadəlik daha gözəldir. Sadəliyimdə tapdım yoxluğumun varlığını. O varlıq ki, əbədi yoxluqdan azad edəcək məni və bir gün bu dünyada olmayan zaman belə unutdurmayacaq yoxluğum varlığımı. Yoxluğumla varlığım arasında heç bir məsafə olmayacaq, çünki mən yoxluğumda da var olacağam...



(05.12.2011 2:08:41)

 

 


Bir ruhun yazdıqları...

“Fantastik-həqiqət hekayəsi”



Hə...deyəsən mən ölmüşəm axı. Dostlar, tanışlar yığışıb həyətimizdəki xeyir-şər evində yeddimi verirlər. Çox təəssüf ki, mən bu məclisdə iştirak edə bilmirəm. Bəlkə də sağ olsaydım heç zaman məni bu qədər yada salmazdılar. Dirilər diriləri ölümündən sonra axtarırsa daha çox gecdir. İndi camaatın gözündə yaş görsəm də mənim üçün heç bir dəxli yoxdur. Hətta valideynlərimin göz yaşlarına belə etinasızam. Çünki mən əzab dolu bir dünyadan, maddiyyatdan ayrılmış, çəkisizlikdə, rəngsizlikdə yaşayan bir ruham. Bütün bunlar mənim üçün olduqca əlverişlidir. Ona görə əlverişlidir ki, indi mən tam sərbəstəm. Ona görə sərbəstəm ki, daha nə ailə qayğıları, nə iş problemləri düşünürəm. Məni heç nə maraqlandırmır, bir şeydən savayı. Onun da adı hələ o dünyada olarkən hər an məni izləyən, qəlbimi alovlandıran, sönməz bir ehtirasımdı və bu ehtirasın adı yazmaqdı. Hə yazmaq , daxilimi boşaltmaq. Bacara bildiyim qədər içimdəki sarsıntıları, acıları çölə püskürmək. Yazmaq ruh halı ilə bağlı olduğu üçün, məzara getməyən, çürüməyən yeganə nemətimdi. Mənə yalan dolu dünyadan qalan yalnız o oldu, digər hər şeyim torpağa qarışıb , yavaş-yavaş çürüməyə başlayır. Artıq yeddi gündür ətimi böcəklər, qurdlar yeməklə məşğuldur. Onları da qınamıram. Axı onlar da canlıdır. Onlar da yaşamaq üçün nələri isə yeməlidirlər, insan əti olmağına rəğmən. Ancaq bir tək ruhumdakı, fitrətimdəki bu nemət mənimlə yoldaşlıq edir, o əbədi olaraq mənimlə yaşayacaqdır.
Nə isə, məqsədim yasım və ölümümü təsvir etmək yox, ruhumun ölümdən sonrakı halı ilə bağlıdır. Yuxarıda yazmaq ehtirasımın gücündən dedim, indi də ölümümün yeddisi günü ruhumun başına gələnlərindən danışmaq istəyirəm.
Əvvəl ruhum xeyir-şər məclisini dolaşıb dirilərin mənsizliyini müşahidə etmək istədi. Təbii ki, heç kəs məni görmürdü, görə də bilməzdi axı mən var ola-ola yoxdum, yoxdum deyəndə də düz çıxmır vardım, amma onlara görə yoxdum desəm daha yerinə düşər. İnsanalrın məclisdə oturub nə danışdıqlarını dinləmək istədim öncə. Haqqımda yaxşı danışanlar da, pis danışanlar da oldu. Qonşumuz Əli dayı digər tanışlara: “ Rəhmətlik cavan getdi, olduqca yaxşı insan idi. Bir kimsəyə pislik etməz, bir kimsədən də qeybət etməzdi. Pisliyə qarşılıq yaxşılıqla cavab verərdi. Qədərindən artıq sadə idi, utancaqlığını demirəm hələ”. Bu sözləri eşidən ruhum Əli dayıya sonsuz minnətdarlığını elədi, təəssüf ki, o bunalrı eşitməyəcəkdi, çünki yaradan bunu öz sirri olduğundan kimsəyə bildirməmişdi, hətta öz sevgili dostu peyğəmbərinə də. Məclis davam edir, yavaş-yavaş söhbətlərin mövzusu da dəyişirdi. Hərə öz dərdindən, işindən-gücündən danışmağa başlamışdı. Başda əyləşən molla da elə hey danışırdı. Çox zaman danışığını dinləmirdilər də. Hərə öz hayında idi. Heç on dəqidə olmazdı ki, buradan çıxıb öz əvvəlki evimə getmək istədim. O evdən ki, yeddi gün öncə cənazəmi götürmüşdülər və məni son mənzilə yola salmışdılar. Əslində məni yox, mənə aid olmayan cismimi götürmüşdülər, ruhum öz yerində idi. Anam-atam ağlayıdrı, ancaq mən bunun günah olduğunu düşünürdüm o zaman. Qışqıra bilsəydim susmaqlarını deyərdim. Evimizə qapının düz yanına çatanda ağlaş səslərindən qulağım demirəm, axı artıq cismim yoxdu, ruhum titrədi. Bir balasını itirən anam yerə-göyə sığmırdı. Düzü ən çox anama acıdım. İki mənada acıdım ona. Birincisi ayrılıqdan yandığı üçün. İkincisi mənim indiki dünyada xoşbəxtliyimdən xəbərsiz olduğu üçün. “Mən indiki dünyada necə də xoşbəxtəm” demək istədim anama, ancaq nə fayda səylərim nəticəsiz qalacaqdı.Axı mən sadəcə ruhdum. Dili, ağızı olmayan, fəqət zamansızlığa, məkansızlığa malik olan bir ruh. O ruh ki, insanı insan edən sirli bir varlıq. Yavaş-yavaş dəhlizdən keçib mətbəxə daxil olarkən ruhum bilgisayarımı gördü. Sevə-sevə işlətdiyim, əzizlədiyim o cismani cihazı. Bilgisayarı açıb ora öz düşüncələrimi yazmaq istədim. Sonra bunun mümkünsüz olacağını düşündüm, amma bütün enerjimi yığıb onu aça biləcəyimi də unutmadım. Elə bu dəmdə evdəkilərin aşağı düşəcəklərini eşitdim. Əlimə fürsət düşmüşdü və bu fürsəti dəyərləndirə bilməsəm o zaman günahkar özüm olacaqdım. Az sonra ev dirilərdən tamamilə boşaldı və mən ruhumla tək qaldım. Bilgisayarı açmaq üçün bütün enerjimi topladım və istəyimə nail olduqdan sonra olduqca sevindim. Axı düşünəcəklərim itməyəcək yenidən yazılacaqdı və sonradan bilgisayarı açan zaman yazdıqlarımı görəcəkdilər, oxuyacaqdılar. Demək mən bir yazar olaraq hələ də yazmaq qabiliyyətimi itirmədiyimi dirilərə sübut edəcəkdim.”Word” proqramını açdıqdan sonra ilk işim düşüncələrimi toparlamaq oldu və az bir zaman ərzində onları yazmağa nail oldum. Bundan sonrakılar “Bir ruhun yazdıqları” adı altında dünyaya yayılacaq, bəlkə də milyonların marağına səbəb olacaq, elmdə yeni bir dönəmin başlanğıcına gətirib çıxaracaqdı.

¯¯¯

Mən ruham. Yeddi gün öncə dünyasını dəyişmiş gənc yazarın ruhu. Sizə görə ölmüşəm, mənə görə isə mən əbədi olaraq dirilmişəm. Sizdən mənə heç nə qalmadı, məndən sizə qalacaqlar da fanidir. Sizə görə mənsizlik ölüm qədər acıdır, mənə görə isə ölümün heç bir acılığı yoxdur. Görürsünüz mən necə də dəyişmişəm. Məni heç kim ölüm bacaran qədər dəyişə bilməzdi. Nə anam, nə atam, nə də hər gün saçlarını tumarladığım biricik sevgilim. Nə də bütün bunları mənə bəxş eləyən həyat. Həyatdakı bütün sevinclər, kədərlər, problemlər, düşüncələr. Heç nə. Mən sizin dünyanızda olduğundan milyon dəfə daha səmimiyəm. Bütün bunları belə başladım ki, biləsiniz. Biləsiniz ki, sizin dünyanızda heç nə ölüm qədər təsirli deyil və indiki dünyam qədər gözəl deyil. Ruhumun varlığını daha çox indi duya bilirəm. İndi duya bilirəm həqiqətin varlığını. Hər kəs ruhuna bağlıdır amma, heç kəs bu bağlılığı mənim öncəki dünyamda tam yaşaya bilmir, tam nədir heç milyonda birini desəm yenə azdır. Gec-tez hamınız anlayacaqsınız ruhun nə demək olduğunu. Mən sadəcə azacıq məlumat vermək üçün yazıram yaza bildiklərimi. Yaza bilmədiklərim daha çoxdur. Çünki zaman azdır, sizlərin evdə olmadığı zamanı deyirəm. Siz evdə çox olursunuz və mən də həmişə yaza bilməyəcəm. Düşündüklərimi də sizə çatdıra biıməyəcəm. Mənə verilən bu az zaman icazəsini dəyərləndirə bilmək üçün çalışıram. Hər nə yazacamsa qənimətdir. Mən sizin dünyanızda bir an belə tamam xoşbəxt ola bilmədim. Maskalanmış insanalr, itirilmiş dəyərlər, ölmüş vicdanlar, süni təbəssümlər arasında necə xoşbəxt ola bilərdim axı? Hər gün internetdən, televiziyadan eşitdiyim qan xəbərləri, ata-oğul, qardaş-bacı bıçaqlanmaları necə xoşbəxt edə bilərdi məni və ya xoşbəxt olmağa haqqım vardımı mənim? Yox, əlbəttə ki, yox. Xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində quranlardan olmaq düşüncəsi necə xoşbəxt edə bilərdi məni? Məni, məni, məni çoxlu deyə bilərəm sizə bu mənilərdən. Sonda bu “məni”lər bir nöqtədə cəmlənir. O da xoşbəxtliyini rədd eləyən adamların cəmləşdiyi məkandır. Sizlər mənə acıyırsınız, cavan öldü deyirsiniz. Əslində hər şey əksinədir, acınılası mən deyiləm, sizsiniz. O sizlər ki, xoşbəxtliyi tapmaq üçün çapalayırdınız, çapalayırsınız və çapalayacaqsınız. Ancaq hər nə qədər çapalasanızda tapa bilməyəsəksiniz. Çünki həqiqi xoşbəxtliyin məkanı deyil yaşadığınız dünya. Süni xoşbəxtliklərlə aldadıb başınızı, ətinizi yeyir o dünya. Sizlərsə hər gün daha bağlanırsınız dünyaya, dünya sizdən hər an uzaqlaşdıqca, siz ona daha da yaxın olmaq istəyirsiniz. Oyun kimidir dünya həyatı, mənim dünyamda isə hər şey təbii və ecazkardır. Şübhəylə yanaşacaqsınız amma, mən sizin dünyanıza əsla qayıtmaq istəməzdim. Çünki sadaladıqlarımı yenidən yaşamaq özümə qarşı ən böyük təhqir olardı. Hə, necə düşünürsünüz düşünün , mən ruham. Ruhlar yalan söyləməz və ya ruhun dəlisi olmaz. Mən heç zaman dəli olmadım zatən.
Sonda ey o dünyanın süni adamları. Hamınıza səslənirəm. Yazdıqlarımı sona kimi oxuyun, məndən nigaran olmayın. Əksinə mən sizlərdən nigaranam ki, ruhunuzu itirməyəsiniz deyə. Əgər olan-qalan ruhunuzu da itirsəniz o zaman tamamilə məhv olacaqsınız. Yeganə yazmaq ehtirasımın mənimlə sonsuza qədər var olacağını düşünmək daha da sevindirir məni. Çünki ruhumun varlığı, yazmağımın da varlığı deməkdir. Bütün bunlara görə ruhuma borcluyam və mən ruh bir yazaram. Ruh bir yazar olaraq da yazmağıma davam edəcəyəm. Siz evdə olmayan müddətlərdə bilgisayarımı açıb yazacağam və siz də oxuyaraq yazılarımı internet saytları, sosial şəbəkələrdə bu adla paylaşacaqsınız. “Bir ruhun yazdıqları”.

 

27.12.2011 2:45:03

 

 

 

 

Adamlar həyatı sevmirlər,amma sevə-sevə yaşayırlar.

Məndə hər şey vardır,səndəsə bir şey,
Mənim hər şeyimdir səndəki bir şey.
O sənin sevgindir,məhəbbətindir,
Sənin mənə olan məhəbbətindir.


Səadət qapımızın ağzındadır,sadəcə biz o qapını açmırıq ki,içəri daxil olsun.

Dahi olmaq istəyirsənsə,heç zaman dahi olacağını düşünmə.

Yol gedirəm sonsuzluğa, demək sonum olmayacaq.


Heç kəs səhv etməkdən sığortalanmayıb, ancaq bir kəs eyni səhvi yenidən və yenidən edirsə bu səhv yox yaramazlıqdır.


Labirint dünyanın sevgi bucağı, Axtarıb tapana səadət düşür.


Heç nə dəyişməsəydi, hər şey məhv olardı. Dəyişkənlik əbədiyyətin açarıdır.

Şairlər ruhlarına borcludurlar,çünki ruhu həssas olmayanın şair olması əsla mümkün deyildir.

Hər şey önəmli deyil,önəmli olan hər şeydir.

Həsrət qaranlıq qədər qorxulu,qaranlıq həsrət qədər üzücüdür.

Sən düşüncə üfiqlərinin genişliyi qədər əzəmətlisən.

Mən düşündüyün qədər aciz,səndə düşündüyüm qədər mərhəmətli deyilsən.

Sevgisiz ürək,işıqsız ev kimidir.İşıqları yandırın ki,qəlbiniz nurlansın.

Poeziya-ruhun sarsıntısı, qəlbin rahatlığıdır.

Tale yazılır,bizsə onun cızma-qaraları içərisində özümüzü tapmağa çalışırıq.

Bir balaca yumşaq olmaq istədim,
Niyyətimi anlamayıb güldülər.
Bir balaca torpaq olmaq istədim,
Üzərimdə dava salıb böldülər.


Mündəricat...

Üzü sabaha.(Ön söz).

Şerlər...
Çəkirik.
Dünya.
Dünya özün boyda dərd verdin mənə.
Xəzər.
Allah.
Yuxular.
Qara bulud.
Qabırğalar.
Məmləkətim.
Hələ.
Ağac.
Hər kəsin üzündən tökülür ölüm.
Ölümümə ağı.
Körpə dilənir.
Dözürəm hələ.
Ağartmayıb.
Soyuyub.
Türkün səsi.
Mən də dilənçiyəm.
Nigaran tabut.
Ölən torpaq.
Gərək.
Şəhər gecələri.
Anadır.
Gülmə bu dünyanın üzünə gülmə.
Bir gün.
Gülə-gülə ağladım.
Yağ, ey yağış.
Bir yarpağın qürub çağı.
Yağış olmaq istəyirəm.
Gülə-gül kimi yanaş.
Qıymayın barışın cocuqlarına.
Tapmaq istəyirəm.
Əsgərlik düşüncələri.
Gözünü yaxşı aç.
Nəyi itirmişəm tapa bilmirəm.
Qadın.
Adlar.
Yazılar.
Düşmən biləcək.
Qəribə.
Mən artıq yer adlı yerdən küsmüşəm.
Zaman.
Mələklərin göz yaşı.
Varlığımda itən zaman.
Fatiməm.
Örnək sənət sahibi.
Səni gizləmişəm.
Sevgilər və nifrətlər.
Yoxsulluğun sən üzü.
Sənə görə.
Bu gecə həsrətin özündən böyük.
Həsrət nəğməsi.
Gizlənpaç.
Boyat xatirələr.
İtirdim.
Nə yaxşı.
Çiçək və qızcığaz.
Həsrətin özündən böyük.
Bir körpəcik sevinc.
Küləklər.
Ceyran demirəm mən sənə ondan da gözəlsən.
Səninlə bərabər olmaq.
Açılmayan kitab.
Axtarıram.
Nazik kitab.
Şehsiz gül.
və bir daha.
Mühəmməd (SAV).
Ramazan.
Yalvarış.
Sən dəxi candan da yaxınsan bizə.
Qurandı.
İslama doğru.
Ölüm mələyi.
Kara bulut.(türkiyə türkcəsində).
Kabırğalar. (türkiyə türkcəsində).
“Xocalı harayı” bir pərdəli dram.

Hekayələr...
Ölüm (əcəl zəngi).
Sevgi haqqında.
“Ağıllı “dəli” adam”...
Dahi.
Ölümqabağı düşüncələr.
Gözləri çıxmış ölüm...
Labirint dünyanın Sevgi bucağı.
Yazmaq...
Atılmış mələk.
Baş hərfi “ ” .
Yoxluğumun Varlığı.
Bir ruhun yazdıqları...

 

 

 

 

 

 

 HABİL YAŞARIN AFORİZMLƏRİ

 



Öncələri sən yox idin deyə mən var idim, indi isə sən var isən deyə mən yoxam. Sən mənim Yoxluğumun Varlığısan.

Раньше не было тебя, потому что был я, но сейчас меня нет, так как есть ты. Ты существование моего одиночества.

Хабиль Яшар

 

Əgər səni özüm qədər unuda bilsəydim, o zaman özümü sənin qədər xatırlamazdım.

Bəlkə də ömür qısa deyil, sadəcə insanlar uzun yasamağı bacarmırlar. Habil Yaşar.

Mən bir başqa insanam, çünki siz özünüz də bir başqasınız….
Dunya gözeldi, yalniz insanlar onu eybecer göstermek ucun behaneler axtarirlar.

Bir qadını əldə etmək hələ onun sevgisini qazanmaq demək deyil və ya bir qadının sevgisini qazanmaq da hələ onu əldə etmək demək deyil.

Sevin...çünki, sevilməyə şansınız heç olmayacaq.

Mən hələ həyatın nə olduğunu anlamıram, çünki həyat da mənim kim olduğumu başa düşə bilmir. İkimizin mübarizə apardığı bu aralıqda qalibi zaman müəyyən edəcək.

Sevincin üzünə dik baxmaq üçün, kədərə də boyun əyməməlisən.
.

Sual: Bizi ancaq ölüm ayıra bilərkən, nədən məhz həyat ayırdı?
Cavab: Çünki, sən həyata təslim olmuş məğlubsan.

Harada qadın varsa orada gözəllik, harada gözəllik varsa orada qadın var.

Dünyanı ona görə sevirəm ki, orada sən varsan. Səni ona görə sevirəm ki, sən mənim dünyamsan.

Bağışla həyat, mən səni bağışlamıram!!!

Sadəlikdən böyük insanlıq, insanlıqdan böyük fəlsəfə yoxdur.

Kimin Şair olub-olmadığını Zaman deyir, Zamanın da ən böyük sözünü Şair deyir.

Saxta insanların saxta izləri,
Saxtalıq dünyanı bürüyüb Allah.
Tərbiyə, mərifət, əxlaq sözləri,
Elə dillərdəcə çürüyüb Allah.

Bir zamanlar hər şey çox gözəl idi...Hətta küsüb-barışmağımız belə...

Təbii ki, heç nə təbii deyil...

Bir tək sən varkən, yalnız sən yoxsan...

Ağlamaq istədiyimiz üçün yox, gülmək istədiyimiz üçün ağlayırıq.

Hər bir kəs hər hansı birini sevsə, hər hansı biri də hər bir kəsi sevəcək.

Yoxun var olduğu yerdə, varın yox olması önəmli deyil.

Həyat komediya olsa da , faciə ilə bitir.

Hər gül sənə bənzəyir, amma sən hər gülə bənzəmirsən.

Hər gül sən qoxuyur, ancaq sən hər gül kimi qoxumursan.

Sən çoxları üçün adi gül ola bilərsən, fəqət mənim üçün Güllərin Sultanı sənsən...

Dəqiqələr sizə qızılları gətirə bilər, amma heç bir qızıl bir dəqiqənizi belə geri qaytara bilməyəcəkdir. Zamanınızı qızıl üçün sərf etməyin, qızılınızı zamanla xeyr işlər üçün xərcləyin.


Hər nə düşünürsünüz önəmli deyil, önəmli olan nəyi necə düşünməyinizdir...

Sən gülü qoxulayırsan ancaq bilmirsən ki, gül də səni qoxulamaq üçün gül olmaqdan sevinir.

Yazdıqlarımız bir gün bizi xoşbəxt etməmişdirsə demək ki, heç nə yazılmamışdır...

Mənə ruhunu ver, cisminə onsuz da toxunacağam...

Səni ən çox nə düşündürür deyə bilmərəm, amma məni ən çox sən düşündürürsən...

Sən mənim üçün “heç nəyin” antonimisən...


Ölüm səndən uzaqlaşsa nə dərdim,
Ölümü də sənin qədər sevərdim...

Həyat qədər sevilməyə çalışsan,
Ölüm qədər acımasız olarsan...


Sən gəl mənə, səni unut,
Dərdi unut, qəmi unut,
Tək varlıqsan, cəmi unut,
Yoxluğunla varlığım ol...

Hər an unudulacağını düşünərkən belə ona sevərək bağlanmaqdır EŞQ...

Mən ancaq sevməyi bacarmıram, mən həm də sevilməyi bacarıram...

Bir uzum aglayir, bir uzum gulur, Bir uzum sag qalir, bir uzum ölür. Meni menden basqa kim yaxsi bilir, Bilen de sag olsun, bilmeyen de sag.

Mən nə düşünürəm,kimlər biləcək,
Kimlər bildiyini mən düşünmürəm.
O mənə məxsusdur mənlə öləcək,
Sirrim açılarmı mən düşünmürəm.(Habil Yaşar).

Susun göz yaşlarım axmayın, durun,
Nə qədər ağlayıb, sızlayacaqsız.
Bir gün yox olarsa gözümün nuru,
O zaman günahkar siz olacaqsız.

Bütün insanlar yalanci olmasa da, bütün yalanlar insana mexsusdu.

Səni itirirəm dünənlər kimi,
Hər sabah bir dünən ölür içimdə.
Ömrümdən zamansız gedirsən mənim,
Ağlayır içim də, ölür içim də.
Habil Yaşar...

Daha bahar nədir,daha qış nədir?
Ömür dedikləri yaşayış nədir?
Məni mələklərdə qarğıyacaqsa,
Sənin dilindəki bu alqış nədir?


Həyat...bir şer qədər möhtəşəm, bir musiqi qədər həzin, bir saniyə qədər qısa, bir qadın qədər gözəlsən…

Dünya özü boyda qəm pəncərəsi,
Dünyanın özü də qəm çəkir Allah.
Qurusu bilinmir, yaşı bilinmir,
Hördüyü divar da nəm çəkir Allah.

Habil Yaşar

Mənə sevgi verin, mənə can verin,
Ömrümə, günümə həyəcan verin.
Onsuz bu dünyada yaşamaq olmur,
Mənə sevgi dolu bir cahan verin.


Sən mənim keçmişim ola bilərsən, amma mən heç zaman sənin gələcəyin olmayacağam

Habil Yaşar

You might be my past, but i never be you future

Habil Yashar

Ты моей прошлой можешь стать но будушей не можешь стат

Хабиль Яшар

Bu ölüm o qədər gözəlləşib ki,
Bu gecə ruhumu satmağım gəlir.
Mənsiz bu dünyada nə itəcək ki,
Ölüb torpaq altda yatmağım gəlir.

 

Əzizinəm can çəkir,
Can deməyə can çəkir.
Baxıb doya bilmirəm,
Göz istəyir, can çəkir.


Sənin məni duyacaq qəlbin yoxdursa, mənim səni anlayacaq məntiqim var.

Elələri var ki, ölümdən qorxur, elələri də var ki, qorxudan ölür.

Tam anlamadım amma, anladığım bir tam var.

Bir insanı acılar içində yaşatmaq, bir acını insanlar içində yaşatmaqdan daha asandır.


Həyat çox lu sayda suallardan ibarət olsa da, sonunda nida qoyulur.

Süni təbəssümlər içində qeyb olur sevinc.

Göz yaşlarınızı siləcək əllər yoxdursa, ürəyinizi fəth edəcək könüllər var.

Əgər hər şey düşündüyümüz qədər gözəl olsaydı, o zaman gözəl olan, düşündüyümüz qədər özəl olmazdı.

Bu ürək sənə məxsus. Ya qorursan, ya qırarsan, bunu özün bilərsən. Ancaq unutma mən bu ürəyi sənin üçün qoruyuram, çünki orada sən varsan Ürəyim!

 

Bir dəfə sevdim səni,
Hər dəfə ölmək üçün...

Habil Yaşar

Əgər eşqin alovunu hər hansı bir şeylə söndürmək mümkün olsaydı,

yox...

əsla...

çox güman ki, hər hansı bir vasitə də o zaman eşqin alovundan od tutaraq yanardı...


Səmimi insanlar qocalmırlar, sadəcə yaşlanırlar.

Həyatımızda çox şeylər dəyişə bilər, ancaq dəyişməyən bir tək şey var - Həyatımız...

 

Mən namazı cənnəti qazanmaq üçün yox, cənnəti namazda hiss etdiyim üçün qılıram.

Habil Yaşar...

Hər kəs xoşbəxt olmağa layiq idi, ancaq heç kəs xoşbəxt olmaq üçün doğulmamışdı...

Habil Yaşar

Mən ağlaya bilmirəm,
Gözüm yaşdan quruyub.
Ürəyim daşa dönüb,
Sözüm başdan quruyub.


Əzizim dərd yazıram,
Dərd gəlib, dərd yazıram.
Bunca dərdin içində,
Dərdimi mərd yazıram.

Habil Yaşar

Hər kəs bir şeylərə sahib olmaq istəyir, ancaq heç kəs sahib olduqlarının bir şey olmadığını anlamır...

Habil Yaşar
Əgər hər saniyə səni necə düşündüyümün fərqinə varsaydın, o zaman günlərimin necə gəlib-keçdiyinin hesabını sormazdın...

Habil Yaşar

Üzümüzə nur yağmaqla deyil, təki üzümüzdən nur yağsın...

Habil Yaşar

Eşq budur:

Sən əzab çəkərsən, sənə əzab verməkdən xoşlanarlar və sən əzab verəni əzab çəkə-çəkə sevərsən.

 


Habil Yaşar
Sən onun əsirinə çevrildikcə, o da sənə xidmət etməyə hazır olan bir qadın kimidir yazmaq.

Habil Yaşar

Yaxşı tanıyıram söz adamını,
Əyri adamını, düz adamını,
Seçəndə elə seç öz adamını,
Sonradan demə ki, yanılmışam mən,
Hər kəsə özüm tək inanmışam mən.

Habil Yaşar


Həyat sətir-sətir yazıram səni,
Bir gün kitab kimi bağlayacağam.

Habil Yaşar

Dənizləri göz yaşlarımla susduracağam...



Habil Yaşar

Sənin duyub da görə bilmədiyin hissə Eşq,
Görüb də duya bilmədiyin hissə Ehtiras deyilir.

Habil Yaşar

Bir gün hər şeyin yox olacağını düşünərkən belə, bir zaman heç nəyin var olmadığı həqiqəti təsəlli verir mənə.

Habil Yaşar

Bir vaxt qurduğumuz o xoş xəyallar,
Şirin nəğmə kimi çalındı, getdi.
Bir daha geriyə qayıtmaz onlar,
Ömür səhifəsindən alındı, getdi.

Habil Yaşar

Mənə elə dərd ver in ki, onun sonu olmasın...Çünki, dərd ən böyük səadətdir...

Habil Yaşar

Aylı-ulduzlu gündə,
Çörəkli-duzlu gündə.
Sizə qonaq gələrik,
Oğullu-qızlı gündə.

Habil Yaşar

Yaşadığımız həyat həqiqətin yuxuları,yuxuların həqiqətindən başqa bir şey deyildir.

Yavaş-yavaş ömür keçib,gedəcək,
Məndən sonra neçə nəsil gələcək,
Yazdıqlarım yaşayarmı yoxsa yox,
Zaman özü hər şeyi həll edəcək.

Sən günahım qədər mənimsən, Yumaq istəyirəm səni.

https://www.facebook.com/photo.php?fbid=327204847298375&set=a.104562496229279.8769.100000265885052&type=1&relevant_count=1

Sözün qulu olmasan, şerin allahı ola bilməzsən...

Ədəbiyyat hər şeydir, hər şey ədəbiyyat deyil...

Ölüm ən qaranlıq məqam olsa da, ən açıq gərçəkdir...Habil Yaşar...

Qadınlar şam kimidir yandırmasan yanmazlar... Habil Yaşar...

Sənsizliyin rəsmini,
Baxıb da çəkmək olmur.
Sən elə bir fiqursan,
Səndən əl çəkmək olmur.

Habil Yaşar

Bağlanıb ümidin qapıları da,
Daha açılacaq bir qapı yoxdur.
Bəlkə bu dünyada hamıdan öncə,
Mənim yaşamağa heç haqqım yoxdur.
Habil Yaşar

Sənin tapdığın həqiqət, mənim itirdiyim yalandır

Habil Yaşar

Твоя найденная правда, моя потерянная ложь

Хабиль Яшар

Artıq olmaqdansa, bir boşluğu doldurmaq gözəl deyilmi?

 


Həyat mənə çox şeylər öyrətdi. Onun yaxşı müəllim olduğunu düşünürdüm. Ancaq ona öyrətdiklərini danışdığım zaman hər şeyi üzümə çırpdı. Və o zaman... Və o zaman onun heç də ideal müəllim olmadığını anladım. Çünki, əsl müəllim öyrətdiklərini dinləyəcək qədər həm də adil olmalıdır.


Habil Yaşar

Dünyanı sözlər idarə edir, sözləri də insanlar...

Bir insanın deyə biləcəyi ən böyük yalan, heç zaman yalan söyləmədim deyə bilməsidir.

 

Habil Yaşar

Bütün filmlərin baş qəhrəmanı yazıçılardır.

Habil Yaşar

Night. It is the most inspiriting time to think and write. Close the door, open the window. Look space and listen voice of wind. Think about what to write and how to write. Dont think others and forget all. Then you find you into void. All of this stages you will write what you want.

Good luck!

Habil Yashar


Böyük insanların xətaları da böyük olur. və bəlkə də bütün bunlar heç də xəta deyil, sadəcə aşırı səmimiliyin təzahürləridir.

Habil Yaşar

Kimlər nə bilsin ki, Habil nə çəkir,
Kimlər nə bilsin ki, ağrı-acım var.
Mənim bu dünyada ölüm adında,
Sonsuz qurtuluşa ehtiyacım var.

Habil Yaşar

Keçmişini bir yuxu kimi xatırla, ancaq gələcəyini yuxulu olaraq qurma.

Habil Yaşar

Varlığım yox olunca, Yoxluğum varlıq olsun...

Habil Yaşar...

Elə bir həqiqət istəyirəm ki, orada heç bir yalan olmasın.

Habil Yaşar...
Sevgi bir sənətdi, sevən sənətkar,
Sənətkar olmasa sevgi nə yarar.

 

Habil Yaşar

Mən dayandığım yerdə ola bilmirəm, çünki, olduğum yerdə dayana bilmirəm.

 

Habil Yaşar

Ey məni dünyaya bağlayan qadın,
Məni də dünyamdan sən oğurladın.

Habil Yaşar

Bəzən şer yazmaq ölümə qalib gəlmək deməkdir, çünki həmin an sən ölümsüzlüyə bir addım da olsa yaxınlaşırsan.


Ölümə həyat verən, həyatın ölümüdür...


Habil Yaşar...


Sən mənim ruhumun öz aləmisən,
Şer aləmisən, söz aləmisən.
Səndən başqasını görməyir gözüm,
Bəsirət deyilən göz aləmisən.

Habil Yaşar

Qadınlar niyə sevildiyini yox, necə sevildiyini bilmək istəyir...

Habil Yaşar

 

Bəli, böyük arzularla yaşayıram, ancaq böyüklənmirəm.
Bəli, məqsədimə çatmaq üçün mübarizə aparıram, ancaq haqsız olduğum yerdə savaşmıram.
Bəli, öz həyatımı yaşayıram, ancaq digərlərini də əsla unutmuram.
Bəli, hər kəslə yola gedə bilərəm, ancaq məni yarı yolda qoymaq istəyənlərlə bu başdan yola çıxmamağı da bacarıram.
Bəli, mən həmişə axtarışdayam, ancaq nəyi axtardığımın axtarışında.


Habil Yaşar

Ölüm öldü…Onu ölümsüzlər öldürdü…

Habil Yaşar

Təlxək olub şəhərləri gəzincə, insan ol, qoy sənin sorağını gəzsinlər.


Habil Yaşar

Sən şamın xaricən necə yandğını görə biləcək qədər sağlam, mənim daxilimin necə alovlandığını duya bilməyəcək qədər kor birisən …

Habil Yaşar

Əsl xoşbəxtlik nəyə isə sahib olmaq demək deyil, sahib olduğuna sahiblik edə bilməkdir...

Habil Yaşar...

 

 


Hələ bu sevgidən çox yazacağam...


Bəlalı sevgidən, dərdli sevgidən,
Hər sözü, kəlməsi qəmli sevgidən.
Göz yaşıyla dolu nəmli sevgidən,
Hələ bu sevgidən çox yazacağam...

Bu sevgi ömrümə bir iz qoyubdur,
Yandırıb qəlbimi, min köz qoyubdur,
Kor edib gözümü, gözsüz qoyubdur,
Hələ bu sevgidən çox yazacağam...

Bu sevgi qanadsız bir quşa bənzər,
Quru səhraları divanə gəzər,
Sanmıram yazmaqdan qələmim bezər,
Hələ bu sevgidən çox yazacağam...

2003


Şair.

Başın üstdə buluddumu?
Daşlar çayı qurutdumu?
Ellər səni unutdumu?
Doğulmamış öldün, şair.

Nələr çəkdin bu dünyada,
Həyatını verdin bada,
Qardaş deyib özgə, yada,
Çörəyini böldün, şair.

Acılara sinə gərdin,
Yer üzünə sülhə gəldin,
Haqlı ikən ləkələndin,
Nə sevindin, güldün, şair.

Dostlar sənə arxa çıxdı,
Dərdlər sıxdı, yaman sıxdı,
İnandığın kəslər yıxdı,
Evini də, gördün, şair.

Üzdə gülüb, ağladın sən,
Çaylar kimi çağladın sən,
Ürəkləri dağladın sən,
Qəhrəmana döndün, şair.

2003


Məni həsrət yaratdı...

Məni həsrət yaratdı, kədər, qəm vermək üçün,
Dünyanın günahını, çiynimdə çəkmək üçün,
Bəxtindən dönüklərə azacıq kömək üçün,
Məni həsrət yaratdı...

Məni həsrət yaratdı, ürəyim qanla dolsun,
Ədaləti deməkdə o nə sussun, yorulsun,
Haqsızlıqlar içində yaşayaarq boğulsun,
Məni həsrət yaratdı...

Məni həsrət yaratdı, həsrətdir mənim anam,
Həsrətlərin içində çətin bəxtiyar olam,
Çəkdiyim həsrətlərin əlində aciz qulam,
Məni həsrət yaratdı...

Məni həsrət yaratdı, hər şeyi görmək üçün,
Yaratmadı kef çəkib, əylənib, gülmək üçün,
Ehtiyacı var idi meydana girmək üçün,
Məni həsrət yaratdı...


Zəngimi gözləmə.

Bir də telefonun çalmayacaqdır,
Mən zəng etməyəcəm bir daha sənə.
Dəstəyin gözləyib ağlayacaqdır,
Həsrət qalacaqdır mənim səsimə.

Nömrəni yadından çıxarmasam da,
Silib ürəyindən mən atacağam.
Nə vaxt telefona yaxınlaşanda,
Özgə birisinə zəng vuracağam.

Hər dəfə telefon zəngi çalanda,
İnamla dəstəyi götürəcəksən.
Ümidin məhv olub, boşa çıxanda,
Dərindən köksünü ötürəcəksən.

Qəzəblə dəstəyi yerə ataraq,
Hönkürə-hönkürə ağlayacaqsan.
Dərin fikirlərə, qəmə bataraq,
Üz tutub Allaha yalvaracaqsan.

Düşmən kəsiləcək telefon sənə,
Əlinə almağa çəkinəcəksən.
“Allah kərim” deyib dəstəyi yenə,
Bəlkə də inamla götürəcəksən.

Bir daha zəngimi gözləmə bəsdi,
Mən zəng etməyəcəm bir daha sənə.
Bütün təsəllilər bil ki, əbəsdi,
Yazıqsan, rəhm elə özün-özünə.

2002


Səadətimdir...

Bu günün də sənsiz axşamı gəldi,
Bu günüm də sənsiz yaşanacaqdır.
Yığıb dərdlərini üst-üstə bu gün,
Ürəyim qəflətən odlanacaqdır.

Yenə yatağıma soyuqluq çöküb,
Yatağım səninlə isinə bilər.
Ruhum səndən yaman inciyib, küsüb,
Sənin gəlişinlə sevinə bilər.

Sevindir ruhumu gəlişinlə sən,
Gəlişin ən böyük səadətimdir.
Mənim səadətim sənin əlində,
Sənin səadətin səadətimdir.

2001

Məndən bixəbər...

Sevinib, gülürəm bəxtim, taleyim,
Mənə çox görməsin öz qismətimi.
Sevinc də , kədər də mənim gərəyim,
Dərdlərlə bölürəm səadətimi.

Sağımda sevincdir, solumda kədər,
Hər zaman izləyir onlar yolumu.
Mənə xoşbəxt deyən məndən bixəbər,
Axı nə biləsən kim olduğumu.

Gülərüz yaradıb məni yaradan,
Baxıb görkəmimə bəxtəvər demə.
Seçə bilməyirsən ağı, qaradan,
Mən nələr çəkirəm, nə biləsən nə?

Qapalı insanam, sən gözü bağlı,
Kədərin içində boğuluram mən.
Qəlbim qan ağlayır, ürəyim dağlı,
Hər gün ölə-ölə doğuluram mən.

Nələr düşünürsən, düşün, özün bil,
Mənim öz qismətim, sənin öz payın.
Sənin deməyinlə düzələn deyil,
Hər şey əlindədir uca Allahın.

2002

Bu gecə

Sıxılır ürəyim, sıxılır yaman,
Nədən darıxıram bilməm, bu gecə.
Dövr etmir, ötüşmür, dayanıb zaman,
Acizdir yazmağa qələm, bu gecə.

Bu gecə yalnızam, yoxdur həmdəmim,
Qərq olub, dəryada batıbdır gəmim,
Ah mənim uğursuz son məhəbbətim,
Sənsiz qismətimdir ələm, bu gecə.

Ötüşən günlərim qayıdaydı kaş,
Yenə yandıraydı sinəmi göz, qaş,
O qədər tökülür gözlərimdən yaş,
Sanki, bir daşqınam, seləm, bu gecə.

Sən məndən uzaqsan, mən səndən uzaq,
Çox çətin qovuşub, vüsala çataq,
Ürəyi kövrək bir uşağam, uşaq,
Söz desən oxlanıb ölləm, bu gecə.

Getmisən həsrətdən necə olum şad,
Unuda bilməyib eyləyirəm yad,
Hər anım, dəqiqəm, ah, nalə, fəryad,
Şahiddir acıma aləm, bu gecə.

2001

Nişanladılar.

Necə qəm çəkməyim, kədər çəkməyim,
Səni başqasına nişanladılar.
Yüzlərlə gözəli qoyub bir yanda,
Nədəndi məhz səni nişan aldılar?

Könlümü göynədən yalnız bu deyil,
Məni alışdıran başqa şey də var.
Sevib-seçmədiyin bir nabələdə,
Səni zor gücünə nişanladılar.

Taleyin bizimlə qəsdimi vardı?
İlahi, dözüm ver bizə nə olar.
Misli görünməyən Afroditamı,
Layiq olmayana nişanladılar.

2001

Sənsiz

Eşqinlə alışıb külə dönmüşəm,
Həsrətdən saralmış gülə dönmüşəm,
Sən yoxsan dünyadan elə dönmüşəm,
Dünyanı, cahanı neylərəm sənsiz.

Bu sevgi yolunda dağlar aşaram,
Kədərlə doğulub, qəmlə yaşaram,
Sel olub çağlayıb, coşub-daşaram,
Ümmanı, dəryanı neylərəm sənsiz.

Sən yoxsan bəxtim də qara geyinib,
Arxanca ağlayıb, küsüb, deyinib,
Kimlər ki, qovuşub yara sevinib,
Sevinci, şadlığı neylərəm sənsiz.

Sənsiz gecələrin sabahı gəlməz,
Qəlbim qan ağlayar, sevinməz, gülməz,
Kimsə çəkdiyimi anlaya bilməz,
Səndən başqasını neylərəm sənsiz.



İlham məndən üz döndərib deyəsən

Nə zamandır şer yaza bilmirəm,
İlham məndən üz döndərib deyəsən.
Gələrsənmi? Cavab verir: - Gəlmirəm,
İlham məndən üz döndərib deyəsən.

Gecələri çırpınıram dörd yana,
Bircə misra yaza bilsəm dərd yana,
Nə olubdur sözlə dolu dünyana,
İlham məndən üz döndərib deyəsən.

Sözlər yeyir, didir mənim qəlbimi,
Batırmışam dəryalarda gəmimi,
Ürək açıb, kimə deyim dərdimi,
İlham məndən üz döndərib deyəsən.

Hara getsəm boğur məni şübhələr,
Şer yaza bilməyəcəm nə qədər,
Ayrılığa dözməliyəm birtəhər,
İlham məndən üz döndərib deyəsən.

Düşünürəm, düşündükcə anıram,
Bu hicranı ömürdən gen sanıram,
Habil deyir alışıram, yanıram,
İlham məndən üz döndərib deyəsən.

 

 


Bir əsgər görürəm mən.

Amansız döyüşlərdə aslan kimi şığıyan,
Bir əsgər görürəm mən.
Intiqam istəyilə baxışından od yağan,
Bir əsgər görürəm mən.
O, gedir düşmənlərin üzərinə inamla,
Qorxu nədir bilməyir onun cəsur ürəyi.
Əlində avtomatı qırır-biçir dörd yanı,
Qələbə arzusudur qəhrəmanın diləyi.
Güllələr yağır-yağır yağış kimi yanına,
Fəqət, nə bir həyəcan, nə də qorxusu vardır.
O, yaxşı başa düşür, torpaq, vətən uğruna,
Canlarını verənlər necə də bəxtiyardır.
Şəhidlikdir ən böyük ölümlərin ucası,
Bax belə duyğularla hücumlara keçir o.
Dilində “Allah” sözü, dilində “Vətən” sözü,
Dininə, imanına ürəkdən and içir o.

2003

Mənim

Özüm də bilmədən sevmişəm səni,
Qəlbimə eşq odu salanım mənim.
Sənə qurban verəm bütün dünyanı,
Bulud tək gözümə dolanım mənim.

Oğrun baxışından odlandı ürək,
Qoyma boşa çıxsın bu arzu, dilək,
Bu saf sevgimizi qoruyaq gərək,
Oduyla sinəmdə qalanım mənim.

Mən sənə vurğunam divanələr tək,
Eşqindən yanıram pərvanələr tək,
Amandı, söyləmə sevgindən əl çək,
Özümü özümdən alanım mənim.

Naz-qəmzə eləyib canımı üzmə,
Habilin qəlbinə yaralar düzmə,
Xumar baxışınla canımı üzmə,
Ömrüylə ömrümdə qalanım mənim.

2002


Sonetlər.

Ömür dedikləri fani bir həyat,


Ömür dedikləri fani bir həyat,
Mənə də, sənə də olub ərməğan.
Gəl sevib-sevilək, kam alaq, heyhat,
Bizi də gözləyir ölüm bir zaman.

Fəqət yaşayacaq yaxşılığımız,
Qəlblərə girəcək xoş duyğu kimi.
Bizim gələcəyə yadıgarımız,
Məhəbbət olacaq, odur daimi.

Kimdir bu dünyada əbədi qalan,
Bilirik hər şeyin sonu ölümdür,
Dünyanın dərdini qəlbinə salan,
Anlasın çəkdiyi yersiz zülümdür.

Dünyaya bir dəfə gəliriksə biz,
Məhəbbətlə vursun ürəklərimiz.

 

Gəlsin...

Axı mən nə edim, nə çarə qılım,
Etdiyim əməllər xuşuna gəlsin.
“Uzaq gəz” deyirsən, necə ayrılım,
Rəhmin gözlərimin yaşına gəlsin.

Öyünmə gözəlsən, gözəllik ki, var,
O gəldi-gedərdi bu həyat kimi.
İllər saçlarına yağdıracaq qar,
Bir də görəcəksən qaldın mat kimi.

Mən sevgi istədim səndən hər zaman,
Sənin verəcəyin kədər, qəm oldu.
Bir ayaq saxla sən, nə olar dayan,
Bəlkə baxışların bir məlhəm oldu.

Yenə payız gəldi, yağır yağışlar,
Soyuqda məlhəmdi isti baxışlar.



Ayağa qalx müsəlman!

Göydən yağan yağışlar alov saçır dörd yana,
Tarix hələ görməyib belə qanlı savaşı.
Görünür yer üzündə yer yoxdur müsəlmana,
Sanki, ümmana dönüb məzlumların göz yaşı.

İraq, Misir ağlayır, ayağa qalx müsəlman,
Bu gün sənin yatmağın necə böyük günahdır.
Aç gözünü, yaxşı bax, tərsinə dönüb zaman,
İndi sənin gördüyün nalə, fəğandır, ahdır.

Bürünübdür dümana bu gün İslam səması,
Yanır neft buruqları, gurhagurlar alışır.
Cənnət qoxulu yurdun dəyişibdir havası,
Müttəfiqlər mənfəət, xammal üçün çalışır.

31.03.03

Soruşma

Soruşma nə üçün gəlməyir üzüm,
Sıxır ürəyimi əyləncələrdə
Qoy sənə söyləyim hərşeyin düzün
Mən dinclik tapıram qəmdə-kədərdə.

 

Sevinc uzaq düşüb, necə yad olub
Sanki kədər üçün doğulmuşam mən
Ürəyim ağlayıb, gözlərim dolub
Bu fani dünyanın dönüklüyündən.

 

Etibarsız imiş dünya həmişə
İllərlə verdiyin bir anda alır
Sevincli günlərdə çəkdiyim nəşə
Həsrətli günlərdə yaddaşda qalır

 

De necə sevinim, de necə gülüm
Xəyanət eyləyir insan-insana
Bu günü görməkdən yaxşıdı ölüm
Az qalır ürəyim od tuta yana..

 

Hər saat ömrümdən alıb-aparır
Aparır ən şirin arzularımı
Nə həmdəm tapılır nə dost tapılır
Gəlib bölə mənim duyğularımı...


Mən şeir yazarkən...

Yenə şair könlüm gəldi ilhama
Dolmuşam yenədə yazmaq vaxtıdır
Yazıram könlümə qəm dama-dama
Qəlbim həsrət evi, həsrət taxtıdır.

 

Nə qədər sevinib gülsəm yenəmən
Kədərdən yazram, qəmdən yazıram
Ayrıla bilmirəm düşüncələrdən
Fikirlər içimdə çaşır azıram

 

Özüm də bilmirəm nə etdiyimi
Xəyallar əqlimi alıbdır nədir?
Mən kimə söyləsəm öz itdiyimi
Gülüb deyəcəklər bir əfsanədir

 

Şairlik ən böyük müqəddəs sənət
Acılar bəxş edir insana o da
Belə yaradıbdır məni təbiət
Gərək tablaşasan alova oda...

 


O gecə... İyirmi yanvar şəhidlərinin əbədi xatirəsinə...

Qaranlıq küçələr izdiham dolu,
Tarix yazacaqdı millət, o gecə.
Qurbanlar istəyir qurtuluş yolu,
Matəm tutacaqdı dövlət, o gecə.

Qan ilə yuyuldu yolların tozu,
“Dostlar” tapdaladı çörəyi-duzu,
Oldu-olacağa varmı bir pozu,
Hər şey olacaqdı qəflət, o gecə.

Yüzlərlə şəhidi verdik bir anda,
Azadlıq yolunda, vətən yolunda,
Nələr yaşanmadı həmən zamanda,
Bürüdü Bakını dəhşət, o gecə.

2003

Yaşayırıq aralı biz......


Sən uzaqdan, mən uzaqdan,
Alışırıq bir ocaqdan,
Sevgi adlı umacaqdan,
Dilənirik vüsalı biz,
Yaşayırıq aralı biz......

Biz çəkirik içimizdə,
Qəhrəmanıq ikimiz də,
Səbr edirik, səbrimizdə,
Qalacağıq qalalı biz,
Yaşayırıq aralı biz.....

Ürəyimiz batıb yasa,
Günlər keçir, ömür qısa,
Bu sevgimiz alınmasa,
Öləcəyik yaralı biz,
Yaşayırıq aralı biz


Habil Yaşar, 2011


Dahi söz ustadı Nizami Gəncəviyə...


Ellər unutmayıb ucalığını,
Hər kəsin qəlbində yaşayır adın.
Ey şer fatehi, şer sultanı,
Ən böyük fəxrisən Azərbaycanın.

Dahisən zirvədə tutmusan qərar,
Əlimiz çatmayır yamaclarına.
Səndən ilham alır neçə sənətkar,
Heyranıq sözünün ucalığına.

Nizami - parlayır hələ günəş tək,
Ölkələr qərq olur sönməz nuruna.
Şerin oxunanda məst olur ürək,
Min rəhmətlər olsun ölməz ruhuna.

Habil Yaşar

2001

 

 

 

 

Sənin gələcək həyatın...

Bir gün döşənərək ayağım altda,
Diz çöküb yalvaran sən olacaqsan.
Lənətlər yağdırıb taleyə, baxta,
Eşqini qəlbində saxlayacaqsan.

Gecələr yuxuna girəcəm sənin,
Məni gördüyünə şadlanacaqsan.
Beləcə keçəcək hər günün, ilin,
Sən özün-özünü aldadacaqsan.

Sevgin payız vaxtı xəzana bənzər,
Sən də yarpaq kimi saralacaqsan.
Gözlərin hər zaman yolumu gözlər,
Soyuq bir otaqda tək qalacaqsan.

Hər səhər oyanıb ümidlə dolu,
Yeni bir gününü başlayacaqsan.
Qarşına çıxacaq məhəbbət kolu,
Tikanlar içində sızlayacaqsan.

Üzdə güləcəksən, fəqət ürəkdə,
Acı yaş tökərək ağlayacaqsan.
Gözündən düşəcək arzu, dilək də,
Sən öz kitabını bağlayacaqsan.

Onda inanmırdın eşq, məhəbbətə,
İndi hicrana da inanacaqsan.
Ömürlük son qoyub eyşə-işrətə,
Alovlar içində hey yanacaqsan.

Elə sıxacaq ki, səni qüssələr,
Özünü ən bədbəxt kəs sanacaqsan.
Şərbətin də sənə olacaq zəhər,
Etdiyin səhvləri danlayacaqsan.

2001 Habil Yaşar

 


Doğum günüm

Bir yaşım da belə ah gəlib keçir,
Bir yaş da calanır yaşımın üstə.
Hər kəs nəğmə deyir, şənlənir, gülür,
Mənsə yaşayıram xatirələrdə.

Yadıma salıram ötən günləri,
Yarı sevinc dolu, yarı qəm dolu.
Yenə də canlanır gözüm önündə,
Keçdiyim mənalı bir həyat yolu.

Elə bir həyat ki, hər günü, ayı,
Yaddaşdan silinməz bir xatirədir.
Allahın verdiyi bu ömür payı,
Ən böyük hədiyyəm, səadətimdir.

Hər dəqiqə belə gedir ömürdən,
Zamanı saxlamaq olarmı söylə?
Bir gün qismət olsa qocalsam da mən,
Gəncliyi anacam acı həsrətlə.

Bir yaşım da belə ah gəlib keçir,
Bir yaş da calanır yaşımın üstə.
Hər kəs nəğmə deyir, şənlənir, gülür,
Mənsə yaşayıram xatirələrdə.

 

Habil Yaşar
2002

 

 

Ölüm...


Ölümün də ruhunu,
Çəkib aparacaqlar.
Bir ölümsüz dünyada,
Ölüm yaradacaqlar.

Ölüm dəbə minəcək,
Ölüm dəbdən düşəcək.
Bu ölümsüz dünyada,
Ölümsüzlər güləcək.

Ölümün öz adından,
Kimlər nələr danışır.
Ölümsə özlüyündə,
Yanır-yanır alışır.

Ölümə dərd verməyin,
Ölüm yaman dərd çəkir.
Ölümün sevincinə,
İnsanlar sərhəd çəkir.

Habil Yaşar...
18.04.2013

Xəbər al...
Sorursan ömrümdən nələrim gedib,
Nələrim olub ki, nələrim gedə.
Mənim bu taleyim qara yazılmış,
Çətin ki, zülmətim işığa dönə.

Mən kədər şairi, qəm şairiyəm,
Dərdləri özümə həmdərd bilmişəm.
Nə zaman sevinib, gülümsəsəmdə,
Mən dərd yaşamışam, dərd düşünmüşəm.

Soruşma dərdimi, soruşma dostum,
Sən bu dərdlərimi bilən deyilsən.
Mənim dərdlərimdə səadətimdir,
Sən bu səadətdən gülən deyilsən.

Heç kəsə, heç zaman arzulamaram,
Heç kəsin sevinci dərddən olmasın.
Bu dərdin sevinci ağırdır ancaq,
Olan mənə olsun, sizdən olmasın.

Mən sizə danışdım mən kiməm, nəyəm,
Mənim kimliyimi məndən xəbər al.
Mən bu yer üzündə bir divanəyəm,
Nələr çəkdiyimi qəmdən xəbər al.

 


05.01.2013 22:05:44 Habil Yaşar


Buraxın özüm olmağa,

Buraxın özüm olmağa,
Özüm olmaq istəyirəm.
Bu dünyada özüm kimi,
Mən yaşamaq istəyirəm.

Çox olacaq nəsihətlər,
Dostarası məsləhətlər,
Yetər artıq, yetər, yetər,
Rahatlanmaq istəyirəm.

Eşitmirəm sözünüzü,
Ağartmayın gözünüzü,
Uzaq tutun özünüzü,
Tənha qalmaq istəyirəm.

Həyat mənim öz işimdi,
Bu günümdü, keçmişimdi.
Özüm olmaq vərdişimdi,
Özüm olmaq istəyirəm.

10.01.2013 23.00 Habil Yaşar

Bilməmisən

Gün keçib, ay dolanıb,
Mənsiz məni sevmisən.
O bir söz nədir axı?
Sən niyə gecikmisən.

Çox yemisən qəm-kədər,
Üzüb səni dərd-qəhər,
Günlərin keçib hədər,
Sevinib, gülməmisən..

Gülərdim gül desəydin,
Ölərdim öl desəydin,
Sən mənə gəl desəydin,
Gələrdim, görməmisən.

Sevgin başa tac imiş,
Qəlbin eşqə ac imiş,
Mənə də əlac imiş,
Dərdimi bilməmisən...
Kabus günlərim
Köz-köz düşür ürəyimdən dərdlərim,
Əl vurma yandırar səni amandı.
Qoy mən ölüm, yanım canım qurtarsın,
Yaşamağım ölümümdən yamandı.

Mən onsuz da yaşamıram həyatı,
Ölüyəmmi, diriyəmmi fərqi nə?
Milyon dərdim olsa yenə az eylər,
Bir dərdin var?-şərik olum dərdinə.

Göz nə bilsin ürək çəkən əzabı,
Duyacaqmı?duymayacaq halından.
Ürək çəkər öz içində qəmlənər,
Dünya yanar atəşindən, odundan.

Bu nə həsrət?Bu nə atəş?Bu nə qəm?
Dama-dama gölə dönür dərdlərim.
Özlüyümdə əridikcə belə mən,
Sevincindən deyib-gülür dərdlərim.

Köz-köz düşür ürəyimdən dərdlərim,
Əl vurma yandırar səni amandı.
Qoy mən ölüm, yanım canım qurtarsın,
Yaşamağım ölümümdən yamandı.

21.09.2012 0:35:25

Həyat…
Hər gün bir az öldürüb,
Bir az yaşadar məni.
Əvvəl bir az güldürüb,
Sonra ağladar məni.
Həyat

Dərd üstə dərd verəndi,
Yox sözə hə deyəndi,
Yıxılana güləndi,
Qırar, sındırar məni.
Həyat

Min qılığı, donu var,
Bilinməz oyunu var,
Onun da bir sonu var,
Çox da aldadar məni.
Həyat

Bir az sən düşmüsən yadıma mənim.

Bir az sən düşmüsən yadıma mənim,
Bir azda özümü unutmuşam mən.
Yenə qara geyib xatirələrim,
Yenə sənsizlikdən od tutmuşam mən.

Yenə adamalrdan uzaqlaşmışam,
Qəribə görünür sevənlər mənə.
Özüm öz içimdə itib-batmışam,
Cəhənnəmə gülsün gülənlər mənə.

Yenə gözlərimin yuxusu qaçıb,
Yenə rahatlığım çəkilib dara.
Hər səhər yoxluğun üzümə açıb,
Daha dərinləşir içimdə yara.

Bu da bir ömürdü yaşayırıq bz,
Nə edək taledən qaça bilmirik.
Sevgiylə döysə də ürəklərimiz,
Vüsal yollarını aça bilmirik.

Bir azda sənsizlik dəyişib məni,
Deyirlər yamanca kövrək olmuşam.
Dostlar təriflərdi cəsarətimi,
İndi bir yarpaqdan titrək olmuşam.

Bir azlar, bir azlar bitib-tükənməz,
Saysam dərdim kimi azalmayacaq.
Yazdığım şerlər karıma gəlməz,
Nə qədər yazsam da sən olmayacaq.

Habil Yaşar


Acılar gecə başlar...


Acılar gecə başlar,
Bir bilsən necə başlar.
Yanarsan , qovrularsan,
Toz kimi sovrularsan,
Ahın çatar dörd yana,
Cavab gəlsə dərd yana.
Bir kimsə duymaz səni,
Duyub anlamaz səni.
Gecəylə baş- başına ,
Qalarsan tək başına.

Ulduzlar baxar gedər,
Ay da üzün döndərər.
Şam da yanmaz halına,
Ümid qalmaz yarına.
Gecələr həsrətinlə,
Nakam məhəbbətinlə.
Yalqız, yetim qalarsan,
Yarpaq tək saralarsan.
Gecələr gəlməz xoşa,
Gücün yetirsə yaşa.

Acılar necə başlar,
Özü də gecə başlar.
Bitməz-tükənməz qəti,
Gecələrin həsrəti.
Nə etsən boşunadı,
Əlac göz yaşınadı.
Bu yaşamaq deyil ki,
Yoxluq işarəsidi.
Gecələr özü qara,
Həyatın üzü qara.

19.05.2013 0:48:09
Saxtalıq...

Ey saxta dünyanın saxta insanı,
Nə üçün dünyaya sən belə gəldin?
Bəlkə düzəldərdin sən bu dünyanı,
Təəssüf dünyaya sən belə gəldin.

Saxtadır gülüşün sözlərin kimi,
Bu saxta dünyada saxtalaşmısan.
Hər dəfə yalanı doğru bilmisən,
Bir dəfə düzlüyə çalışmamısan.

Saxta insanların saxta izləri,
Saxtalıq dünyanı bürüyüb gedir.
Tərbiyə, mərifət, əxlaq sözləri,
Elə dillərdəcə çürüyüb gedir.

İnsanlar bu qədər saxtalaşmayın,
Halalı, haramı qanan olun siz.
Demirəm mələk tək yaxşılaşmayın,
Nə olar bir dəfə insan olun siz.

Ey saxta dünyanın saxta insanı,
Nə üçün dünyaya sən belə gəldin?
Bəlkə düzəldərdin sən bu dünyanı,
Təəssüf dünyaya sən belə gəldin.

Ey mənim çiçəyim bilirsənmi sən???

Neçə gül dərmişəm, çiçək dərmişəm,
Hər güldə, çiçəkdə “sən” axtarmışam.
Bəlkə də ətrini verələr deyə,
Neçə gül-çiçəyi qoxulamışam.

Neçə gül-çiçəyin ürəyindəyəm,
Neçə gül-çiçəkdə mənim izim var.
Ey mənim çiçəyim bilirsənmi sən???
Tək səndə, tək səndə mənim gözüm var.

Hər gülün-çiçəyin öz gözəlliyi,
Sənin gözəlliyin özgədir gülüm.
Kimsə əvəz etməz bu gözəlliyi,
Siman gözəlliyə güzgüdür gülüm.

26.08.2013
“Sevgi məni tək buraxma”

 

Sağım sevgi, solum sevgi,
Ömür adlı yolum sevgi,
Sənə qurban olum sevgi,
Sevgi məni tək buraxma.

Ürəyim həsrət içində,
Gözlərim dəhşət içində,
Bu qədər millət içində,
Sevgi məni tək buraxma.

Məni sənsiz etmə dayan,
Uzaqlara getmə dayan,
Gəl sonuma yetmə dayan,
Sevgi məni tək buraxma.


Sadəcə yoxluğuna...

Yaşamaq istədim, gözəl yaşamaq,
Sən gəldin ömrümə, günümə ancaq.
Həyatım dəyişdi, ömrüm dəyişdi,
Özüm də bilmədim bu necə işdi.
Məni arzuladın, bilmirəm nədən,
Sənə aşiq oldum özüm bilmədən.
Yazdım ürəyimə, ruhuma səni,
Çəkdim nəfəsimə, canıma səni.
Haraya getsəm də tək səni gördüm,
Tək səni istədim, səni düşündüm.
Sənsə anlamadın bu məhəbbəti,
Sənə ünvanlanan gözəl niyyəti.
Mənsiz sevinirsən, gülürsən əlbət,
Sənə arzularam gözəl səadət.
Sənsiz yaşamaq da ölümdür mənə,
Sənsizlik ən böyük zülümdür mənə.
Yoxluğun dərd olub dərdimin üstə,
Bir gün gələrsənsə məzarım üstə.
Ağlama, ağlama, ağlama qəti,
Vaxtında duymadın bu səadəti.


Qaytar...

Qaytar o paklığı, o təmizliyi,
Qaytar sudan duru o məni qaytar.
Qaytar ümid dolu gələcəyimi,
Qaytar tanıdığım o səni qaytar.

Qaytar söyləyirəm dilin lal olmuş,
Niyə danışmırsan? susursan nədən?
Bir mələk necə də şeytan olurmuş,
Mən bilə bilməzdim səni görmədən.

Qaytar o sevgini, o məhəbbəti,
Bilirəm qaytara bilməyəcəksən.
Rədd ol gözlərimdən, görünmə qəti,
Axı sən, axı sən kişi deyilsən...

02.09.2013 0:12:45

Habil Yaşar

(Bir evli xanımın istəyi ilə yazılmışdır)


Bir zamanlar
on yeddi yaşında
ərə getdiyin zaman
bəlkə heç düşünməmişdin
gün gələcək
sevginin bitəcəyini.
on yeddi yaşlı qız ağılı ilə ərə getdiyindən
indi peşmansan deyəsən.
nəinki ərin,
hətta iki övladın belə
umurunda deyil
desəm yanılmaram yəqin ki...
sənin də,
ərinin də
soyumuş bütün ehtirasları...
ərini deyə bilmərəm
ancaq sənin bir sevdiyin var
o sevgili ki,
onun da sənin kimi ailəsi,
iki uşağı
bilinən, bilinməyən xasiyyətləri var.
indi sən gizlətsən də bütün bunları
görünür əsl sevgini indi tapmısan
necə deyərlər
“gecikmiş məhəbbət” deyirlər bunun adına.
ona tam aça bilməsən də qəlbini
o isə oxuyur qəlbindəkini
çünki o belə şeylərin mahir ifaçısıdır.
qarşındakı uşaq deyil ki, anlamaya səni.
bəlkə də özgə sevgiyə düşmək
və ya
öz həqiqi sevgisini gizlətməkdi
cinayət
hər halda bu cinayətə səbəb
illər sonra tapıb da
qovuşa bilmədiyin
əlyetməz məhəbbətdi,
məhəbbət.
görüşmək istəyirsən
yeni sevgilinlə
ərindən, qızlarından xəbərsiz
qınamıram səni
çünki sevgi sərhəd tanımadığından
sevirsən məni.
bəlkə də bu oyunda
ikimizdə günahkarıq
bilə-bilə uçuruma gedən yolda
fəlakət gözləyir bizi
və ya o fəlakət artıq öz addımlarını atıb
bizə doğru irəliləyir.
indi saatları sayırıq
ilk görüşə doğru
son görüşümüz olacaqmı bilmirəm...
hər şeyin öncədən göründüyü kimi
sadə olmayacağını anlayıram.
dəqiqələr səni mənə yaxınlaşdırdıqca,
bəlkə də
saniyələrlə ölçürəm ömrümdən qalanlarını.
bizi anlamayacaqlar
anlamasınlar
biz onlar deyilik axı.
biz elə bizik .
bir sonrakı sevgiyə
qədəm qoyur
ailəli iki aşiq.


Gülüm...

Ürəyim sıxılır hər gün, hər gecə,
Hər səhər bir həsrət başlanır gülüm...
Axı nə biləsən səndən gizlicə,
Bir gəncin həyatı yaşlanır gülüm...

Sevirəm gözlərim yaş içindədi,
Qurum da, odum da yaş içindədi,
Demə bu məhəbbət daş içindədi,
Hər yandan əzilir, daşlanır gülüm.

Gülsəm ağlaması ötüşməyəcək,
Ağlamaq heç nəyi dəyişməyəcək,
Əlim əllərinə yetişməyəcək,
Məhəbbət kədərdən xoşlanır gülüm...

17.08.2012 2:11:16
Sevərsənmi yenə sən???

Gecələrin birində yəqin öləcəyəm mən,
Ümid Allaha qalmış səni görəcəyəm mən?
Xəyalımda gözlərin gözlərimə sataşır,
Ruhum, cismim od tutur, alovlanır, alışır.
İki dünyam qərq olur qaranlığa, zülmətə,
Leyli Məcnun axtaran baxsın bu məhəbbətə.
Səni sənsiz yaşayan varlığım ölsün gərək,
Mələyim qan ağlasın, şeytanım gülsün gərək.
Qəlbimi sənə verdim, o sənindi əzəldən,
Dərdimə dərman etməz, nə fayda min gözəldən.
Ruhuma ruh vermisən, canıma can olmusan,
Söylə indi hardasan? sirli cahan olmusan.
Dönərsənmi görəsən? Sevərsənmi yenə sən?
“Sənsiz yaşamaq olmur” deyərsənmi mənə sən?
Hər səhər oyanıram halım yaman içində,
Təsəllim, inanıram ümid, güman içində.

Mən yaşadım gərək səni!!!

Mən sənsiz gülə bilmirəm,
Özümə gələ bilmirəm.
Neyləyim ki, ay sevgilim,
Ölə-ölə yaşasam da,
Bir yolluq ölə bilmirəm.

Unutmaz ki, ürək səni,
Tutub arzu, dilək səni.
Dinlə məni, ay gözəlim,
Məqsədim var şerimdə,
Mən yaşadım gərək səni.

Hara getsəm yanımdasan,
Ürəyimdə, canımdasan.
Bilirsənmi, ay mələyim?
Nəfəsimə çəkdim səni,
Ömür boyu qanımdasan.


İnamım yox gözəlim kimsə məni səndən alar.

 

İnamım yox gözəlim kimsə məni səndən alar,
Hər kimsə səni məndən alar, bil ki, məni məndən alar.

Hər gecə bir gözəlin qoynuna mən girsəm əgər,
Bilirəm ki, yaradan can evimi təndən alar.

Habilin qəlbinə bax, etmə ginən zərrə güman,
Sən onu yaxşı tanı, bil ki, səni zəndən alar.

Ürəksiz...

Ürəksizə ürək vermə ay ürək,
Salamı da alar-verər ürəksiz.
Cani dildən mehribanlıq edərsən,
Sənin ilə deyər-gülər ürəksiz.

Dar günündə uzaq gəzər, sirlənər,
Şad günündə həsəd çəkər, qəmlənər,
Ürəyində nələr-nələr gizlənər,
Üzdə səni dostu bilər ürəksiz.

Sevinməyi, ağlamağı bilinməz,
Necə, nə cür yaşamağı bilinməz,
Mərd olmağı, olmamağı bilinməz,
Xain kimi səni istər ürəksiz.

Sənin qədər o, istəməz xətrini,
Ondan alar, bundan alar ətrini,
Əsla bilməz dəyərini-qədrini,
Sənə varar, sənə gələr ürəksiz.

Dost söyləmə bu dünyada hər kəsə,
İnanma gəl müxənnətə, nakəsə,
Habil Yaşar ürəyindən gəlməsə,
Çətin duyar, çətin sevər ürəksiz.

 

Səni mən çox istərəm, elə-belə yox,
Sən də çox istə məni, elə belə yox.

Bu bizim ilk gecəmiz,
Sevgi dolu tək gecəmiz.
Bilir aləm gecəmiz,
Gözəl keçir,
elə-belə yox.

Səni mən çox istərəm, elə-belə yox,
Sən də çox istə məni, elə belə yox.


Vurulmuşam gözlərinə,
Şirin-şəkər sözlərinə,
Sığal çəkib dizlərinə,
Ləzzət alım,
elə-belə yox.

Səni mən çox istərəm, elə-belə yox,
Sən də çox istə məni, elə belə yox.

Dinlə məni ay gözəlim,
Yoxdu sənə tay gözəlim,
Keçən-keçib day gözəlim,
Gəl öpüşək,
elə-belə yox.

Səni mən çox istərəm, elə-belə yox,
Sən də çox istə məni, elə belə yox.

Naz eyləmə gəl yanıma,
Ağrı salma yar canıma.
Fiqurana, camalına,
Baxım gərək,
elə-belə yox.

Səni mən çox istərəm, elə-belə yox,
Sən də çox istə məni, elə belə yox.

Sən mənimsən, mən də sənin,
Gəl sevişək dərin-dərin,
Habil yazır şerlərin,
Candan gəlir,
elə-belə yox.

Səni mən çox istərəm, elə-belə yox,
Sən də çox istə məni, elə belə yox.


Gülün, yaxşı gülün, bir az da gülün. ( Sözüm təkəbbürlü olan, elmsiz, cahil bir qövmə aiddir).

Gülün, yaxşı gülün, bir az da gülün,
Nə gözəl yaraşır sizlərə gülmək.
Torpağı yadlarda olan sizsiniz,
Doğrudan yaraşır sizlərə, gülmək.

Çıxıb efirlərə səs dilənənlər,
Yarılüt xanımlar, mavi gədələr,
Silikon dodaqlar, açıq göbəklər,
Nə gözəl yaraşır sizlərə, gülmək.

Elə hey “yevropa” deyib durmusuz,
Əsl yevropadan uzaq durmusuz,
Nə olub, nədəndi çox qudurmusuz?
Nə gözəl yaraşır sizlərə, gülmək.

Dəyişir yer üzü, dəyişir zaman,
Elmlə ucalır, ingilis, alman,
Sizsə özünüzə olmusuz heyran,
Nə gözəl yaraşır sizlərə, gülmək.

Habil Yaşar yazar haqdan sözünü,
Satmaz müxənnətə, yada özünü,
Sizlərə yazıram sözün düzünü,
Nə gözəl yaraşır sizlərə, gülmək


Yaşamaq olmayır səni ey həyat!

Biz nələr umuruq, sən nə verirsən,
Anlamaq olmayır səni ey həyat.
Bizlər ağlayarkən, sənsə gülürsən,
Tanımaq olmayır səni ey həyat.

Şiirnsən? Acısan? hələ bilmirik,
Bizimlə qəsdin nə? bilə bilmirik,
Bir yolluq yola da gələ bilmirik,
Qınamaq olmayır səni ey həyat.

Necə qəribəsən, necə amansız,
Mərdə də qıyırsan vaxtsız, zamansız,
Bu gündən sabaha ümid, gümansız,
Yaşamaq olmayır səni ey həyat.


29.11.2013 3:07:21 Habil Yaşar

Qoru ilahi !

Günəş də qaranlıq, ay da qaranlıq,
Zülmət əl çəkməyir yaxamdan mənim.
Əlləri, qolları görünmür ancaq,
Vurur gizli-gizli arxamdan mənim.

Qırılıb min yerə səpələnirəm,
Yığıb-yığışdırmaq olmayır məni.
Qaranlıq içində işıq gəzirəm,
İşıq da yadına salmayır məni.

Nədir bu qaranlıq? nədir bu zülmət?
Varmı bu dəhşətin sonu ilahi?
Canı sən vermisən, sənə əmanət,
Qoru qaranlıqdan onu ilahi!

12.12.2013 2:44:05 Habil Yaşar

Olarmı???
Özü öz içində ağlayan gəlin,
Nədən ağlayırsan bilmək olarmı?
Dərdini öz dərdim bilərəm sənin,
Hər şeyi birlikdə bölmək olarmı?

Ağlama yaraşmır ağlamaq sənə,
Bir ömür yas tutub, saxlamaq sənə.
Gərəkdir sevinclə yaşamaq sənə,
Axan göz yaşını silmək olarmı?

Unut dərdlərini sevin, gül bir az,
Məni də özünə yaxın bil, bir az,
Mən sənə gəlirəm sən də gəl, bir az,
İzn ver yanına gəlmək olarmı?

Habil Yaşar

Unuda bilmərəm bu məhəbbəti.

Ağlama ürəyim, gülmə ürəyim,
Sən beləcə yaşa bu həqiqəti.
Məni də ürəksiz bilmə “ürəyim”,
Unuda bilmərəm adı sən olan,
Sinəsi köz dolu bu məhəbbəti.

Hər yerdə, hər zaman görərəm səni,
Kölgəmsən, kölgəmdən qaça bilmərəm.
Çoxları ürəkdən sevsə də məni,
Heç kəsə qəlbimi aça bilmərəm,
Özün qazanmısan bu ləyaqəti.

Ürək sevdiyini unuda bilməz,
Sevgisiz bir ürək döyünərmi heç?
Heç kimsə dərdimi ovuda bilməz,
Sənsiz üzüm gülüb, sevinərmi heç?
Tək səndə taparam bu səadəti.

Əllərin əlimdən uzaq olsa da,
Ruhumu ruhuna bağlayacağam.
Bəzi etiraflar qınaq olsa da,
Sonsuz həsrətinlə ağlayacağam,
Eşqindən alaram bu dəyanəti.

Ruhumu canımdan alıb gedərsən,
Yoxluğum da səni izləyəcəkdir.
Məni sevəcəksən, sevməyəcəksən,
Habil yalnız səni düşünəcəkdir,
Əsla qırmayacaq bu sədaqəti.

Habil Yaşar 04.12.2013 2:44:34

Gözlərin.

İlk baxışdan aşiq oldum, vuruldum,
Məni aldı məndən qara gözlərin.
Baxışınla təmizləndim, duruldum,
Saldı məni çətin, dara gözlərin.

Mən nə yazım gözlərinin eşqinə,
Hər nə yazsam sözüm yetməz şəninə,
Yaman durub aşiqinin qəsdinə,
Qəlbim edib para-para gözlərin.

Külə döndüm həsrətindən, qəmindən,
Bir söz nədir çıxarmırsan dilindən,
Bir gün ölsəm gözlərinin əlindən,
Hara baxar? hara? hara? gözlərin.


Gəlir... (İlin ilk şeri )

Ağlayıb içində, gülüb içində,
Yaşayıb içində, ölüb içində,
Özü öz içini görüb içində,
Özü öz içindən çıxmağı gəlir.

Çalışıb, vuruşur o çıxa bilmir,
Yazıq nə eləsin bir daha bilmir,
Özünə kənardan heç baxa bilmir,
Bütün sərhədləri yıxmağı gəlir.

Özü də bilməyir nə istəyir o,
Sevincmi istəyir, dərd istəyir o,
Bəlkə intiharı dəstəkləyir o,
Beyninə bir qurşun sıxmağı gəlir

14.01.2014 0:01:26

Bu necə duyğudu, bu necə hissdi.


Bu necə duyğudu, bu necə hissdi,
Rahat buraxmayır bir an da məni.
Yalnız bir insanın sevgisi bəsdi,
Daim xoşbəxt edə cahanda məni.

Sevgisi ruhuma hakim olandan,
Qəlbim parçalanıb, muma dönübdür.
Bəlkə bu məhəbbət bitər deyirdim,
Ancaq heç sönməyən şama dönübdür.

Habil gəzər-gəzər yar sorağında,
Sevməyən nə qansın onun halından.
Ömrünün bu qədər cavan çağında,
Göz yaşı süzülür yanaqlarından.

Habil Yaşar 14.02.2014 0:03:23

Azərbaycan və Türkiyə Türkcəsində şerim
Eşqim


Gecələr sənsizliyi daha çox xatırladır mənə,
Məzar kimi soyuq olur sənsizlik.
ən kiçik zərrəciklərin belə
hər birindən sən düşürsən tavandan üzü aşağı.
tutmaq istəyirəm heç zaman tuta bilməyəcəyimi bilə-bilə.
zərrə-zərrə qaçırsan məndən,
uzaqlaşırsan addım-addım.
yetişə bilmirəm mənim olacaq sənsizliyə.
hər şey səni məndən alıb da götürür,
ayrılıqların bitməyəcəyi yerə.
o yerdə hər şey susqun,
hər şey rəngsiz,
həyatı mənasız edən hər şey orada saxlı.
mən düşünməzdim sənə belə aşiq olacağımı,
belə sevəcəyimi,
özümü belə yaxacağımı.
düşünməzdim.
həyat bu işdə,
nə verəcəyini bilmək olmaz ki...
indi hər şey sənsizlik qoxuyur,
nə acı bilirəm,
nə də ki, şirin,
bir dadı qalmamış yeyəcəklərimin...
hər yerdə sən varkən,
heç yerdə tapa bilmirəm səni.
sən elə itmisən ki,
kimsə bilməz yerini.
Artıq heç bir şey öncəsi kimi olmayacaq,
nə şerləri eyni həvəslə oxuya biləcəm,
nə də mahnıları dinləyə biləcəm eyni həvəslə.
yalnızlığımla baş-başa qalacağam,
sənsizliyimi yana-yana yaşayacağam.
mən həyatdan çox şey istəməmişdim,
bir sən ol yetər demişdim,
Ancaq həyat
səni də mənə çox gördü,
və o gün, bu gün,
mənim üçün həyat da öldü.
Ancaq ölməyən bir tək,
bir tək sən varsan,
Eşqim...

Habil Yaşar

07.02.2014 23:14:12

Aşkım

Geceler sensizliyi daha çok hatırlatıyor bana,
Mezar gibi soğuk oluyor sensizlik,
en küçük zerreciklerin bile,
her birinden sen düşüyorsun tavandan yüzü aşağı.
. tutmak istiyorum hiç zaman tuta bilmeyeceyimi bile-bile.
zerre-zerre kaçıyorsun benden,
uzaqlaşıyorsun addım-addım.
yetişe bilmiyorum benim olacak sensizliye.
her şey seni benden alıb da götürüyor,
ayrılıkların bitmeyeceyi yere.
o yerde her şey suskun,
her şey renksiz,
hayatı menasız kılan her şey orada saklı.
ben düşünemezdim sana böyle aşık olacağımı,
böyle seveceyimi,
kendimi böyle yakacağımı.
düşünemezdim.
hayat bu işte,
ne vereceyini bilmek olmaz ki...
şimdi her şey sensizlik kokuyor,
ne acı biliyorum,
ne de ki, şirin,
bir tadı kalmamış yeyeceklerimin...
her yerde sen varken,
hiç yerde bulamıyorum seni.
sen öyle kayb olmuşsan ki,
kimse bilmez yerini.
Artık hiç bir şey öncesi gibi olmayacak,
ne şiirleri aynı hevesle okuya bileceyim,
ne de şarkıları dinleye bileceyim aynı hevesle.
yalnızlığımla baş-başa kalacağım,
sensizliyimi yana-yana yaşayacağım.
ben hayatdan fazla şey istememişdim,
bir sen ol yeter demiştim.
Ancak hayat
seni de bana çok gördü,
ve o gün, bu gün,
benim için hayat da öldü.
Ancak ölmeyen bir tek,
bir tek sen varsın,
Aşkım...

Habil Yaşar

07.02.2014 23:14:12

 

Yolumuz ölüm yolu...


Ölümə yol gedirik,
Yolumuz ölüm yolu.
Bu həyat pəncəsində,
Yükümüz zülüm dolu.

Nələr çəkdik, nə çəkdik,
Ölümə gedən yolda.
Düzü tərsinə çəkdik,
Bilinməz sağ, solu da.

Yollar hamar deyil ki,
Düz yol tutub gedəsən.
Ölümə gedən yolda,
Bir az udub gedəsən.

Elə hey itiririk,
Qazanacaq nə var ki...
Ölümə yol gedirik,
Yaşanacaq nə var ki...

Ölümə yol gedirik,
Yolumuz ölüm yolu.
Azadlıq ölümdədi,
Qurtuluş ölüm yolu.

05.02.2014 Habil Yaşar


Bir cığır istəmişəm

Bir dəfə dünyaya gəlmişəm deyə,
Min dəfə minnətin eşitmişəm mən.
Yol tapıb dünyadan çıxıb getməyə,
Göylərdən bir cığır istəmişəm mən.

Bir cığır açıla çıxam da gedəm,
Gedəm bu dünyadan, bu yer üzündən.
Hər hansı dünyanın bir guşəsində,
Yazam bu dünyanın əyri-düzündən.

Qoy özünə qalsın yaxşılığı da,
Dərdini-sərini qoy özü çəksin.
Arxamca qalmasın baxışları da,
Bir yolluq yolumdan gözünü çəksin.

Getsəm birdəfəlik gedərəm inan,
Bir dəfə çevrilib baxmaram sənə.
Cahanlar içində nə çoxdur cahan,
Ehtiyacım qalmaz səxavətinə.

Bir dəfə dünyaya gəlmişəm deyə,
Min dəfə minnətin eşitmişəm mən.
Yol tapıb dünyadan çıxıb getməyə,
Göylərdən bir cığır istəmişəm mən.
Göylərdən bir cığır istəmişəm mən.

Habil Yaşar 15.02.2014 2:14:24

Bir gün xatırlarsan mənli günləri.


Bir gün xatırlarsan mənli günləri,
Yadına salarsan sən məni onda.
Çoxunu "mən" bilib sevinən zaman,
Üzünə qəm çökər mən olmayanda.

Ümidin, gümanın məhv olub gedər,
Əriyib, bitərsən xəyallarında.
Özün də özünə qənim olarsan,
Tükənməz şübhəli sualların da.

Hər gecə həsrətim özümdən böyük,
Yastığın nəm olar göz yaşlarından.
Haraya baxarsan məni görərsən,
Qurtula bilməzsən baxışlarımdan.

Lənət yağdırarsan ömürə, günə,
Lənət yağdırarsan özünə lənət.
Bir vaxt dəyərini bilmədiklərin,
Bir gün ürəyində qurar məhəbbət.

O zaman gec olar, hər şey gec olar,
Nə edək beləcə yaşamalısan.
Günahkar özünsən, özün günahkar,
Günahı özün də daşımalısan.


22.02.2014 1:52:52
Habil Yaşar

Anlamadın...

Sənə könül verdim sən anlamadın,
Sən duya bilmədin bu məhəbbəti.
Bəlkə də mən sənsiz heç yaşamadım,
Bəlkə də mən sənsiz ölüyəm indi.

Mən səndən çox şeylər istəmədim ki,
Bir dəfə üzümə gülmədin ancaq.
Bəlkə mən deyildim ürəyindəki,
Bəlkə də özümü aldatdım ancaq.

Aylarım, illərim yolunda getdi,
Bir dəfə geriyə dönüb baxmadın.
Mən səni sevmişdim ay zalım qızı,
Sən isə sevgimi heç anlamadın.

01.03.2013 1:00:08
Habil Yaşar...

İçimdə...

Səni itirirəm dünənlər kimi,
Hər sabah bir dünən ölür içimdə.
Ömrümdən zamansız gedirsən mənim,
Ağlayır içim də, ölür içim də.

Səni itirirəm nur, işıq kimi,
Yerinə qaranlıq doğur içimdə.
Yuxular o qədər qarışıq düşüb,
Hər kəs bir-birini boğur içimdə.


Səni itirirəm ümidlər kimi,
İntihar arzusu gəzir içimdə.
Bəlkə Allahın da səbri tükənmiş,
Sonuncu şerini yazır içimdə.

05.04.2014 1:38:22


Habil Yaşar
Bəlkə də...

Məni anlamadı dünyada heç kim,
Bəlkə mən özüm də anlaşılmazam.
Bəlkə birisinə sirli bir aləm,
Başqa birisinə çox dayazmışam.

Hər kəsin özünün öz düşüncəsi,
Heç kəsin qəlbini oxumaq olmur.
Mənim ürəyimdə hər kəsə yer var,
Bəlkə də içində yaşamaq olmur.

İçim qasırğalar, tufanlar dolu,
Kimlər yaşayar ki, bu xarabada.
Bəlkə də içimdə ölmüşəm düzü,
Ruhumu gəzirəm bu xarabada.

Yox, yox qınamıram mən özgələri,
Mən özüm özümə düşmən olmuşam.
Özüm öz içimdə öləndən bəri,
Özüm də özümdən küsən olmuşam.

Mən özüm özümü anlamıramsa,
Kimlər anlayacaq, duyacaq məni.
Bəlkə də məndən də dəli adamlar,
Bir dəli yerinə qoyacaq məni.

Habil Yaşar 27.04.2014

Yazsana

Bir ovuc qəm tökülür,
Üz, gözümdən baxsana.
Sevinc məndən yan gəzir,
Xahiş, gəlib çıxsana.

Dərdim özümdən böyük,
Nədir bu çəkdiyim yük,
Biz ki, qardaş deyilik,
Məndən uzaq dursana.

Ağlaram öz içimdə,
Yandırar köz içimdə,
Bu qədər söz içimdə,
Habil bir az yazsana.

Habil Yaşar

 

Bir yaz axşamıydı, yağışlı axşam

Bir yaz axşamıydı, yağışlı axşam,
Gәzirdik şәhәri gülә¬gülә biz.
Hәsrәtlә baxırdı bizә çox adam,
Qoşa döyünürdü ürәklәrimiz.



Gözlәri gözümdә, әli әlimdә,
Ruhum dincәlirdi bu xoş tәmasdan.
Gülüb, danışırdıq sevgi dilindә,
Necә dә xoşbәxtdir sevilәn insan.



Nә acı çәkirdik, nә qәm bilirdik,
Dünya başdan¬başa cәnnәtdi bizә.
Axı nә bilәydik, hardan bilәydik,
Ayrılıq yazılıb qismәtimizә.



Bir yaz axşamıydı, yağışlı axşam,
Nә bilәk sonuncu axşamımızdır.
Dili dә gәlmәyir söylәyә adam,
Nә bilәk bir ölüm yaşanacaqdır.



Bir ölüm xәbәri, ölüm sәdası,
Sağalmaz dәrd oldu ömrümә Allah.
Kaş onun yerinә mәn yox olaydım,
Kaş mәnim canımı alaydın Allah!


Aradan gör neçә bahar, qış keçib,
Azalmır qәlbimin ahu, nalәsi.
Demә ki, ay Habil iş¬işdәn keçib,
Sevә bilmәyirәm özgә bir kәsi.



Bağlanıb ruhumun qapıları da,
Açılmır üzümә sevginin yolu.
Mәn onu görürәm yuxularımda,
O da mәnә baxır sevgiylә dolu.



Bir yaz axşamıydı, yağışlı axşam,
O günlәr bir daha qayıtmaz geri.
Kim deyir heç zaman ağlamamışam,
Göz yaşım sel olub o gündәn bәri.



02.06.14 03:14:11 Habil Yaşar


Dərdinə dərman gəzir.

Dildə Allaha şükran, ürəkdə şeytan gəzir,

Ədalətdən dəm vuran, dərdinə dərman gəzir.

Harda qaldı din, iman? harda qaldı şəriət?

Tarixəmi qovuşdu insanlıq, səmimiyyət,

Günü-gündən pis gəlir, zəlalətdi-zəlalət,

Namərd meydan sulayır, ortada yalan gəzir,

Ədalətdən dəm vuran, dərdinə dərman gəzir.

Dərdimizin dərdinə günəş də yanır indi,

Hər kəs özündən deyir, özün şah sanır indi,

Qiyamətə az qalıb, sonlar yaşanır indi,

Mehdiyə qalıb güman, onu bu cahan gəzir.

Möminin dərdi yaman, dərdinə dərman gəzir.

Ürəklər daş bağlamış, fitnə-fəsad bitməyir,

Öyüd, nəsihət nədir kimsəyə kar etməyir,

Bu səhnəni yazmağa kağız-qələm yetməyir,

Dünyanın halı duman, ağ günə fərman gəzir,

Habil də dözmür inan, dərdinə dərman gəzir.

Habil Yaşar 18.05.2014


Darıx bir az, bir az darıx.

 

Darıx bir az, bir az darıx,
Günəş kimi gözlə məni.
Darıx bir az, bir az darıx,
Kölgə kimi izlə məni.

Darıx bir az, darıx necə,
Hər saniyə, gündüz, gecə,
Günlər keçə, aylar keçə,
Leyla kimi səslə məni.

Darıx bir az yana- yana,
Atəş düşsün soyuq cana,
Hər kəs özgə, mən bir yana,
Uşaq kimi bəslə məni.


Darıx bir az mən gedəli,
Sən içindən sən gedəli,
Ömürdən, gündən gedəli,
Zaman kimi istə məni.

Darıx bir az Habil kimi,
Bir gün keçər bir il kimi,
De kim sevər şair kimi,
Nəğmə kimi dinlə məni.

08.08.2014 16:21 Habil Yaşar

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !