Şagirdlər regionla tanış olmaqla bərabər, müxtəlif tədbirlərdə də iştirak edəcəklər -

Şagirdlər regionla tanış olmaqla bərabər, müxtəlif tədbirlərdə də iştirak edəcəklər

Avqustun 25-də “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyanın Biləsuvar rayonundan olan iştirakçıları Gəncə-Göygöl-Şəmkir marşrutu istiqamətində yola düşdülər.
AzərTAc xəbər verir ki, tur-aksiyanın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Biləsuvar şəhərindəki abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Qrupun rəhbəri, Zəhmətabad kənd ümumi orta məktəbinin direktoru Azər Hümmətov dedi: “Bu maarifləndirici tur-aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır, səfər zamanı şagirdlər və müəllimlər, eyni zamanda, müxtəlif maraqlı tədbirlərdə iştirak etmək imkanı qazanacaqlar”.
Ekskursiyanın digər iştirakçıları - rayon təhsil şöbəsinin məsləhətçisi Ülviyyə Məmmədova, Xırmandalı kənd 1 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Ağamehdi Muxtarzadə, Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Nərgiz Həbilzadə və başqaları da səyahətin təşkilindən razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Çox keçmədən tur-aksiyanın iştirakçılarını Gəncə-Göygöl-Şəmkir marşrutu istiqamətində ölkənin qərb bölgəsinə aparan avtobus yola düşdü. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !