Bakıda Şərq Tərəfdaşlığı ölkələri energetika nazirlərinin qeyri-rəsmi görüşü keçirilib - FOTO

Bakıda “Şərq Tərəfdaşlığı” ölkələri energetika nazirlərinin qeyri-rəsmi görüşü keçirilib FOTO

Sentyabrın 8-də Azərbaycan Respublikasının Energetika Nazirliyində Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” ölkələrinin energetika nazirlərinin dördüncü qeyri-rəsmi görüşü keçirilib.
AzərTAc xəbər verir ki, görüş iştirakçılarını salamlayan Azərbaycanın energetika naziri Natiq Əliyev ölkədə həyata keçirilən iqtisadi layihələr və enerji sektorunda aparılan islahatlar barədə məlumat verib. Nazir daha sonra Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolundan və ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin inkişaf perspektivlərindən söhbət açıb.
Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger çıxış edərək səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib və Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərin mövcud vəziyyətindən danışıb. O, bu görüşün həm Avropa, həm də region üçün əhəmiyyətli enerji resurslarına malik bir ölkədə - Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Avropa İttifaqı üçün enerji təchizatının şaxələndirilməsi olduqca vacibdir. Azərbaycan regionda həm hasilatçı, həm tranzit ölkə kimi çox mühüm rol oynayır. “Hesab edirəm ki, Cənub dəhlizi ilə Azərbaycanın Avropaya çox etibarlı bir çıxışı yaranacaq. Bu da bizim əlaqələrimizin inkişafı üçün uzunmüddətli perspektivlər açır” – deyə G.Ottinger vurğulayıb.
Sonra çıxış edən Aİ-nin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle təmsil etdiyi qurumun siyasi və iqtisadi islahatlar aparılmasında Azərbaycana dəstək vermək əzmində olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan regionda enerji layihələrinin təşəbbüskarı kimi çıxış edir və geniş regional əməkdaşlığa öz töhfəsini verməkdədir. Ş.Füle enerji sektorundakı tərəfdaşlar arasında uğurlu əməkdaşlığın təhlükəsizliyin və sabitliyin təmin olunması üzrə hədəflərə nail olmağa kömək edəcəyini deyib.
Görüş “Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” ölkələrində enerji təchizatı marşrutlarının diversifikasiyası və enerji təhlükəsizliyi” mövzusunda müzakirələrlə davam etdirilib.
Energetika naziri N.Əliyev Azərbaycanın enerji təminatı üzrə tam müstəqil ölkə olduğunu diqqətə çatdıraraq bildirib ki, ildə 41 milyon ton neft, 20 milyard kilovatdan çox elektrik enerjisi istehsal edən ölkəmizdə enerjinin diversifikasiyası məsələləri də tam həllini tapıb. Azərbaycan mövcud neft və qaz kəmərləri vasitəsi ilə enerji resurslarının nəqli marşrutlarının şaxələndirilməsini təmin edir. Gələcəkdə isə Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) boru kəmərləri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq. Bunu üçün Avropa İttifaqı və xüsusilə də “Şərq Tərəfdaşlığı” ölkələri ilə enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində əməkdaşlığı genişləndirmək və enerji daşıyıcıları marşrutlarının şaxələndirilməsi sahəsində davamlı iş aparmaq zəruridir.
Müzakirələrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger, Gürcüstanın energetika naziri Kaxa Kaladze, Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Prodan, Moldova Respublikasının iqtisadiyyat naziri Adrian Kandu, Belarusun energetika nazirinin müavini Vadim Zakreviski və digər rəsmi şəxslər iştirak ediblər.
Görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirilib ki, nazirlər energetika sahəsində əməkdaşlığını daha da genişləndirilməsi, “Şərq Tərəfdaşlığı” ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması, mövcud vəziyyət və gələcəkdə yarana biləcək problemlərin həlli istiqamətində müzakirələr aparıblar. Həmçinin ölkələr arasında əlaqələrin genişləndirilməsinə və beynəlxalq qurumlarda əməkdaşlığa dair razılıq əldə olunub. Məlumat verilib ki, görüşdə enerji sahəsindəki qlobal problemlər, həmçinin Şimali Afrikada baş verən hadisələr, Ukrayna və Rusiya arasındakı münasibətlərdə yaranan gərginlik barədə də fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələri energetika nazirlərinin bundan əvvəlki qeyri-rəsmi görüşləri 2012-ci ildə Moldovanın paytaxtı Kişineuda, 2013-cü ildə isə Gürcüstanın paytaxtı Tbilisidə keçirilmişdi. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !