Rənglərin dili ilə - rəsm-sərgi müsabiqəsinin qalibləri müəyyənləşib

“Rənglərin dili ilə” rəsm-sərgi müsabiqəsinin qalibləri müəyyənləşib

 Oktyabrın 9-da Bakıda Avropa Şurasının “Hər beş uşaqdan biri” kampaniyası çərçivəsində “Biz zorakılığa yox deyirik!” mövzusunda uşaqların “Rənglərin dili ilə” adlı rəsm-sərgi müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZpress xəbər verir ki, tədbir Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-nın “Uşaqlara qarşı zorakılıq” proqramının Azərbaycandakı parlament əlaqələndiricisi Sevinc Fətəliyevanın təşəbbüsü ilə baş tutub. S.Fətəliyeva bildirib ki, Avropa Şurasının “Uşaqlara qarşı zorakılıq” proqramı artıq 3 ildir Azərbaycanda fəaliyyət göstərir.
Qeyd olunub ki, proqram çərçivəsində bir çox layihələr həyata keçirilib. Əsas məqsəd uşaqlar arasında zorakılıq hallarının aradan qaldırılması, onlara daha çox zaman ayrılması və rənglərin dili ilə uşaqların nə demək istədiklərini dinləmək, gənc rəssamların dünyasına nəzər yetirməkdir.
Deputat qeyd edib ki, proqram vasitəsilə uşaqların hüquqlarının tanınması üçün hər zaman müəllim və valideynlərlə müzakirələr aparılıb. Bugünkü tədbirdə isə uşaqlar demək istədiklərini öz təsvirləri ilə diqqətə çatdırıblar. S.Fətəliyeva deyib ki, bu layihənin həyata keçirilməsində Almaniyanın Ailə və Məsləhət Mərkəzinin həkim-terapevti, psixoloq, psixoterapevt Qalina Haynzelmanın da böyük köməyi olub.
Milli Məclisin deputatları Sədaqət Vəliyeva, İlham Məmmədov, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova və başqaları tədbirin əhəmiyyətindən danışaraq qeyd ediblər ki, dövlət tərəfindən həmişə uşaqlara lazımi diqqət və qayğı göstərilir.
Bildirilib ki, Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ölkəmizdə indi də uşaqlara qayğı ildən-ilə artır. Bu, Heydər Əliyev Fondunun da əsas prioritetlərindən biridir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva öz nəcib missiyası ilə ölkəmizdə bütün uşaqların ən böyük himayədarıdır.
Qeyd edilib ki, Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Bütün bunlar həm də onu göstərir ki, Azərbaycan dövləti uşaqların sabahı üçün böyük tədbirlər görür.
Sonra münsiflər heyətinin qərarı ilə müsabiqədə ilk üç yeri tutan və fərqlənən 10 məktəbliyə diplom və xatirə hədiyyələri təqdim olunub.
FOTOREPORTAJ: Rüstəm FƏRMAN

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !