Bakıda ERRA-nın İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə 13-cü illik Konfransı keçirilir -

Bakıda ERRA-nın İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə 13-cü illik Konfransı keçirilir

Oktyabrın 27-də Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) təşkilatçılığı və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin tərəfdaşlığı ilə ERRA-nın İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə 13-cü illik Konfransı başlamışdır.
Tədbirdən əvvəl ERRA-nın İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə 13-cü illik Konfransının iştirakçıları Fəxri Xiyabanda olmuş, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anaraq, abidəsi önünə əklil qoymuşlar.
Konfrans iştirakçıları həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad etmişlər.
Sonra ERRA-nın İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə 13-cü illik Konfransı öz işinə başlamışdır.
Tədbirdə dövlət rəsmiləri, energetika və su ehtiyatları ilə bağlı olan qurumların nümayəndələri, investorlar, bank təmsilçiləri, məsləhətçilər və s. iştirak etmişdir. Ümumilikdə isə, konfransa 40-a yaxın ölkədən 200-dən çox nümayəndə qatılmışdır.
Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının sədri Alpaslan Bayrakdar qurumun növbəti iclasının Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə etmiş, tədbirin ERRA-ya üzv ölkələr arasında əməkdaşlığa təkan verəcəyini bildirmişdir. A.Bayrakdar çıxışında ERRA-nın fəaliyyəti barədə də məlumat vermişdir.
Konfransda çıxış edən İqtisadiyyat və Sənaye nazirinin müavini Niyazi Səfərov ERRA-nın 13-cü illik Konfransının Azərbaycanda – dünyada neftin sənaye üsulu ilə ilk dəfə hasil olunduğu, enerji sahəsinin inkişafına böyük töhfələr verən, beynəlxalq əhəmiyyətli transmilli layihələr həyata keçirən bir ölkədə keçirilməsinin əməkdaşlığın daha da inkişafı baxımından əlavə sinerji yaradacağını vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycanın enerji siyasəti regional müstəvidən çıxaraq qlobal müstəviyə keçmiş, beynəlxalq miqyasda ölkəmizin etibarlı tərəfdaş imici formalaşmışdır. Bu gün Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir. Beləliklə də, Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu transmilli layihələr nəinki regionun, hətta Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu il sentyabrın 20-də "Əsrin kontraktı"nın 20 illik yubileyi günündə Azərbaycan tarixində daha bir əlamətdar hadisə baş vermiş - Cənub Qaz Dəhlizinin təməli qoyulmuşdur. Dəyəri 45 mlrd. dollardan çox olan və nəinki regionun, hətta qlobal səviyyədə enerji təhlükəsizliyinin təmin olunmasında xüsusilə əhəmiyyətli olacaq bu layihə "Yeni əsrin layihəsi" adlandırılır.
Azərbaycan iqtisadiyyatı və ölkəmizin qazandığı uğurlar barədə məlumat verən nazir müavini Niyazi Səfərov qeyd etmişdir ki, ölkənin davamlı inkişafı öz növbəsində Azərbaycanın enerji təhlükəsizliyini tam təmin etməyə imkan vermişdir. Son 10 ildə 2000 meqavattdan çox əlavə generasiya gücü yaradılmışdır. Müstəqilliyinin ilk illərində elektrik enerjisini idxal edən Azərbaycan bu gün enerji ixracatçısıdır. Bununla yanaşı, əhalinin elektrik enerjisi ilə davamlı təminatında həlledici rol oynayan yüzlərlə yarımstansiya istifadəyə verilmiş, elektrik paylayıcı şəbəkələr yenilənmiş, enerji sisteminin yenidən qurulması zamanı ekoloji tələblərə əməl olunmuşdur. Azərbaycan alternativ enerji, o cümlədən külək, günəş, biokütlə, geotermal və kiçik su elektrik stansiyaları sahəsində də böyük potensiala malikdir və bu sahənin inkişafı xüsusi dövlət proqramı əsasında təmin edilir, ümumi enerji istehsalında alternativ və bərpa olunan enerji mənbələrinin payının artırılması nəzərdə tutulur. Qeyd edilmişdir ki, regional əməkdaşlığa böyük önəm verən ölkəmiz, enerji layihələri ilə yanaşı, tranzit potensialının reallaşdırılmasında mühüm rola malik bir çox infrastruktur layihələrinin təşəbbüskarı və aparıcı iştirakçısıdır. Təəssüflər olsun ki, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın davam edən işğalçılıq siyasəti regional əməkdaşlığa ciddi və başlıca maneə olaraq qalmaqdadır.
Gürcüstanın Energetika nazirinin müavini Mariam Valişvili isə çıxışında Gürcüstanın enerji siyasəti, bu sahədə həyata keçirilən layihələr və əməkdaşlıq imkanları barədə danışmışdır.
Sonra Konfrans müxtəlif sessiyalar üzrə öz işini davam etdirmişdir. Sessiyalarda ARDNŞ-in 1-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə neft və təbii qazın hasilatına və kəşfiyyat işlərinə, şöbə müdiri Vaqif Əliyev TANAP layihəsi və onun Avropa qaz tranzit marşrutunda potensial roluna, İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdiri Nurəli Yusifbəyli və Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun şöbə müdiri Valeh Nəsibov Azərbaycanda Enerji Məhsuldarlığı Memarlığı İndeksinin göstəricilər vektoru dinamikasına, Energetika Nazirliyinin departament müdiri Asəf Rzayev Azərbaycanın enerji sistemi və inkişaf perspektivlərinə dair məruzələrlə çıxış etmişlər.
Məruzələr ətrafında geniş müzakirələr aparılmışdır.
ERRA-nın İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə 13-cü illik Konfransı 2 gün davam edəcək. Oktyabrın 28-də Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin nümayəndəsi Samir Rəhimovun bərpa olunan enerjinin yayılması nəticələri, "Azərsu" ASC-nin nümayəndəsi Rəşail İsmayılovun Azərbaycanda su təchizatı üzrə mövcud vəziyyət və perspektivlər, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyevin isə Azərbaycanın enerji bazarında istehlakçıların hüquqlarının müdafiəsi mövzularında məruzələrlə çıxışı nəzərdə tutulur. 

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )