Səmayə Musayeva: - Azərbaycan seriallarında çəkilməkdən imtina etmişəm

Səmayə Musayeva: “Azərbaycan seriallarında çəkilməkdən imtina etmişəm”

Müsahibimiz bu günlərdə 70 yaşını qeyd edən Azərbaycan Respublikasının Əməkdar atristi Səmayə xanım Musayevədir. S. Musayeva 1 noyabr 1944-cü ildə Qax rayonunda anadan olmuşdur.
1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnistutunun «Musiqili-komediya aktyorluğu» fakultəsini bitirmişdir. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında əmək fəaliyyətinə başlamışdır. Bir çox televiziya tamaşalarına və kino-filimlərə çəkilmişdir.
Teatrda işlədiyi müddət ərzində Fikrət Əmirov «Gözün aydın»da Gülər, Süleyman Ələsgərov, Şıxəli Qurbanov «Milyonçunun dilənçi oğlu»nda Rəqs müəllimi, Oqtay Kazımi, Ramiz Heydər «Qızıl toy»da Ballı, Süleyman Ələsgərov, İsi Məlikzadə «Subaylarınızdan görəsiniz»də Gülxanım, Süleyman Ələsgərovun, İsi Məlikzadə «Hərənin öz ulduzu»nda Xurma, Səid Rüstəmov, Süleyman Rüstəm «Durna»da Lalə, Nisə, Zülfüqar Hacıbəyov «50 yaşında cavan»da Mələk, Süleyman Ələsgərov, Şıxəli Qurbanov “Özümüz bilərik”Səlimə, Səid Rütəmov, Məmməd Səid Ordubadi «Beş manatlıq gəlin»də Səlbi, Şəfiqə Axundova, Novruz Gəncəli “Ev bizim sir bizim” Mələk, Emin Sabitoğlu, Sabit Rəhman “Hicran” Fatı (ikinci qruluş 1993), Vasif Adıgözəlov, Əliağa Kürçaylı “Nənəmin şahlıq quşu” Güllü, Emin Sabitoğlu, Tamara Vəliyeva «Bankir adaxlı»da Ceyran, Ramiz Mustafayev «Volqalı canan»da Təşəkkür, Zakir Bağırov, Şamxal Məcidov “Qaynana”da Mülayim, Vasif Adıgözəlov, Əliağa Kürçaylı “Boşanaq evlənərik” Zeynəb, Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin «Bir günlük siğə»də Ruqiyə, V. Dolidze, A. Saqarelli “Xanuma” Nənə kimi obrazları özünəməxsuz ustalıqla oynamışdır.
“Tütək səsi”, “Təlatüm”, “Axırıncı dayanacaq” və s. bədii filmlərdə çəkilmişdir.

 

- Səmayə xanım, öncə Sizi 70 illik yubileyiniz münasibətilə təbrik edir, uzun ömür, can sağlığı arzulayırıq.
- Təşəkkür edirəm! 70 il yaşamaq doğrudan da asan iş deyil. Arxada nə qədər çətin, əzablı illər qalıb. Özümdə inana bilmirəm ki, artıq mənim 70 yaşım var. Bəzən kimsə mənə “nənə” deyəndə diksinirəm. Elə bilirəm ki, hələdə gəncəm, 20 yaşım var, həyat isə qabaqdadı. Niyəsə qocaldığımı qəbul eləyə bilmirəm. Qocalıq nə qədər şərəfli, məsuliyyətli iş olasa da, eyni zamanda həm də çox çətin bir yaş dövrü, zaman kəsiyidi. Aallahdan hər kəsə qocalmaq, amma sağlam, xeyirli qocalıq arzulayıram. Elə bir qocalıq ki, arxaya baxanda kimsə təəssüflənməsin.


- Bəs, Siz bu 70 illiyiniz ərəfəsində arxaya baxarkən hansı hissləri keçirirsiniz?
- Mən taleyimdən razıyam. Ömrüm boyu çalışmışam, sənətimlə xalqıma xidmət etmişəm. Demək olar ki, bütün həyatım, səhnədə, yollarda, müxtəlif tamaşalarda, qastrollarda keçib. Bəzən elə olub ki, bir qastroldan qayıdıb elə həmin gün digərinə getmişəm. Heç evə dəyə bilməmişəm. Günlərlə ailəmi, oğlumun üzünü görməmişəm. Bütün həyatımı teatra, sənətə vermişəm. Düşünürəm ki, layiqli, yaxşı bir ömür yaşamışam. Qəlbimdə yalnız bircə ağrı var: oğlumun faciəsi. Oğlum Mehman Həsənov 20 Yanvar hadisələri zamanı şəhid oldu. Hələ də onun həyatda olmadığına inana bilmirəm. Həmişə mənə elə gəlir ki, indicə qapını açıb içəri girəcək, boynuma sarılacaq. Oğlunu, həm də gözünün ağı-qarası olan yeganə övladını itirmək ana üçün böyük acıdı, böyük faciədi. Bircə o faciəni unuda bilmirəm, ürəyimdə qövr eləyib qalıb. Yeganə təsəllim odur ki, oğlum şərəflə ölüb, vətənimizin, dövlətimizin müstəqilliyi uğrunda şəhid olub. Belə... Düşünürəm ki, şərəfli bir ömür yaşamışam. İndi də təqaüddəyəm.


- Teatrdan heç Sizinlə maraqlanırlarmı?
- Musiqili Teatr mənim ikinci evimdi. Bu teatrda iki direktor olub ki, onların yaxşılığını, diqqətini heç vaxt dana bilmərəm. Bunlardan biri Qəzənfər Topçiyev olub. İkincisi isə hazırki direktor Əliqismət Lalayevdi. Əliqismət müəllim çox diqqətcil, qayğıkeş adamdı. Həmişə mənə zəng vurar, axtarar, maraqlanar ki, bəlkə nəsə bir problemim var, bəlkə bir köməyə ehtiyacım var. İnanın, o, direktor olduğuna görə yox, tam səmimiyyətimlə deyirəm, nə qədər ki, Əliqismət müəllim həyatda var özümü tək, tənha hiss etmirəm. Arxayınam ki, nə vaxt ona zəng vursam, köməyini əsirgəməyəcək. Bu cür rəhbərlərə həmişə ehtiyac var. Bir də təkrar edirəm, Musiqili Teatr mənim ikinci evimdi. Ümumiyyətlə, mən özümü səhnəsiz təsəvvür edə bilmirəm. Hazırda müqaviləylə teatrla əməkdaşlığımı davam etdirirəm. Dəvət edirlər, gəlib tamaşalarda oynayıram.


- Səmayə xanım, bu ötən illər ərzində elə bir obraz oldumu ki, həmişə onu oynamağı arzulamısınız, amma o obrazı oynamaq Sizə qismət olmayıb?
- Bəli, belə bir obraz olub. Gəncliyimdən bəri həmişə arzulamışam ki, “Arşın mal alan”dakı Tellini oynayım. Hətta aktrisa kimi fəaliyyətə başlamamazdan öncə belə bu roldan xoşum gəlib. Və sonra da ən böyük arzum onu oynamaq olub. Düzdü, ona bənzər çoxlu rollar oynamışam. Ancaq nəsə o Tellini oynamaq mənə qismət olmadı.


- İlk obrazınız hansı olub?
- İlk dəfə Səid Rüstəmov və Süleyman Rüstəmin “Durna” əsərində Laləni oynamışam. Sonra elə bu əsərdə Nisəni də canlandırmışam.


- Bəs, indi elə bir obraz varmı ki, onu oynamaq arzusundasınız?
- Mən daha çox dramatik obrazları xoşlayıram. Musiqili Teatrda isə yönümünə görə bu tip obrazlar olan əsərlər demək olar ki, səhnələşdirilmir.


- Siz bu tip obrazları oynamaq üçün başqa bir teatra gedə bilərdiniz.
- Yox, heç vaxt belə bir addım ata bilmərəm. Mən çox sadiq insanam. Əgər ilk gündən Musiqili Teatra gəlmişəmsə, axıra qədər də burda işləyəcəyəm. Bu teatra heç vaxt xəyanət edə bilmərəm. Neyləyim, mən də belə insanam!


- Siz teatrda çalışmaqla yanaşı həm də filmlərə çəkilirsiniz. Sizə hansı daha doğmadı: teatr, yoxsa kino?
- Doğrusu, heç zaman belə bir müqayisə aparmamışam. Bütün həyatımı teatra həsr eləmişəm. Teatr bir dünyadır. Amma kinonun da özünəməxsus özəllikləri var. Kino tamam başqa, fərqli bir aləmdi. Teatr elədi ki, bu gün tamaşadan hər hansı nöqsanın olsa, növbəti tamaşada o səhvi aradan qaldıra bilərsən. Filmdə isə necə çəkildinsə, eləcə də tarixin yaddaşına yazılacaq. Kino aktyordan daha diqqətli, səliqəli olmağı tələb edir.


- Hazırda Azərbaycandan dövlətin maliyyə yardımı ilə seriallar çəkilir. Heç seriallara dəvət olunursunuzmu?
- Bir neçə dəfə təklif almışam. Ancaq qəbul eləməmişəm, imtina etmişəm.


- Niyə?
- Bilirsiniz, serial uzun bir prosesdi. Çəkilişlər aylarla, bəzən illərlə davam edə bilər. Mənimsə yaşımın elə bir dövrüdü ki, səhhətim bu cür uzun bir prosesə imkan vermir. Bədii film serial kimi deyil. Bədii filmdə çəkilmək daha rahatdı. Həm də bilirsən ki, peşəkarlarla işləyirsən.


- Səmayə xanım, sənətiniz həyatınıza mane olubmu?
- Yox. Adətən aktrisalara problem ailələrində yaranır. Mən çox gənc yaşında ailə qurmuşam, qısa müddətdən sonra da boşanmışam, birdə ailə qurmamışam. Ona görə də kimsə mənə bu sənətlə məşğul olma deyə maneçilik etməyib.


- Bəlkə elə ikinci dəfə ailə qurmamağınızın səbəbi dolayısıyla sənətinizə qoyula biləcək qadağalar qorxusu olub?
- Xeyr. Heç onda da ailəmin dağılmağının səbəbi sənətim olmayıb. O vaxt mən hələ teatrın yolunu heç tanımırdım. 17 yaşım vardı. Atam yox idi. Mən, balaca qardaşlarım... Yalnız anam işləyirdi. Dolanışıq çətin idi. Bir gün anam həmin kişiylə evə gəldi və dedi ki, sən buna ərə gedirsən. Həmin gündən o kişi bizdə yaşamağa başladı. Toysuz-filansız... Məndən 20 yaş böyük idi. O, əməlli-başlı anamı dilə tutub aldatmışdı. Guya meşokla pulu var, guya işləyib bizə kömək edəcəkdi... Sonra... Sonra gördüm ki, bu adamla xasiyyətim heç cür uyğunlaşmır. Çox pis adam idi o! Ayrıldım, oğlum məndə qaldı, o isə gəldiyi kimi də çıxıb getdi. Nə isə bu haqda danışmayaq... Ondan sonra da ailə qurmadım. Kim deyə bilər ki, ikinci ailə birincidən yaxşı ola bilər? Bir sözlə, sənətim həyatıma heç vaxt mane olmayıb. Əksinə, mən sənətimlə tanınmışam, xalqıma xidmət etmişəm. bu sənətlə məşğul olduğuma görə fəxr edirəm.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !