Şəmkirdə sahibkarlara aqrar sahənin inkişafı ilə bağlı nümunəvi layihələr təqdim olunmuşdur -

Şəmkirdə sahibkarlara aqrar sahənin inkişafı ilə bağlı nümunəvi layihələr təqdim olunmuşdur

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsini davam etdirir.
Noyabrın 6-da növbəti belə tədbir - sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum Şəmkir rayonunda keçirmişdir.
İşgüzar forumda iştirakçılara güzəştli kreditlərdən istifadə mexanizmi barədə ətraflı məlumat verilmiş, Şəmkir və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılmış, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilmişdir.
200-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Şəmkir rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan 50 başlıq südlük istiqamətli ailə fermer təsərrüfatlarının, müasir istixanaların, intensiv nar və xırnik bağlarının və kartofçuluq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 4720 investisiya layihəsinin maliyyələşdirilməsinə 160,2 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, çörək zavodlarının, istixana təsərrüfatlarının, meyvə-tərəvəz, ət kəsimi və emalı, süfrə suları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 22 mindən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır.İşgüzar forum çərçivəsində Şəmkir və ətraf rayonlardan olan 59 sahibkara 794,6 min manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq, tərəvəzçilik, üzümçülük, arıçılıq, istixana təsərrüfatlarının yaradılması və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, 2014-cü ilin ötən dövrü ərzində respublika üzrə 4785 sahibkara 261 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Forum çərçivəsində Şəmkir rayonunun Yeni Həyat kəndində güzəştli kredit ayrılmış, ildə 2,7 min ton tərəvəz məhsulları istehsal etmək gücündə olan müasir istixana kompleksinin fəaliyyətinə baxış keçirilmişdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !