Əli Muradovu siz də tanıyın -

Əli Muradovu siz də tanıyın

Məşhur "Bəxtiyar" filminə həyatda heç olmasa bircə dəfə baxmayan, baxıb da doyunca gülməyən hansısa bir azərbaycanlı tapmaq çox çətindir. Filmin əsas qəhrəmanı, məşhur sənətkarımız Rəşid Behbudovun sevə-sevə yaratdığı istedadlı gənc müğənni Bəxtiyar Muradovun həyat və sənət yolu kimləri maraqlandırmayıb, kimləri özünə çəkməyib?

Biz də sizə istedadlı bir uşaqdan, həyatı hələ filmlərə köçməsə də, qeyri-adi səsi və ifası ilə görənlərini heyran edən 10 yaşlı Əli Muradovdan danışmaq istəyirik.

Əli Muradov 2001-ci ildə Novosibirsk şəhərində doğulub. İndinin özündə də orada yaşamaqdadır. Beş yaşından musiqiyə meyil göstərib. Hər gün yaşadıqları evin birinci mərtəbəsində yerləşən musiqi məktəbinə gəlib-gedən uşaqlara baxmaqdan yorulmayıb. Və beləcə, bir gün özü də o məktəbə getmək istəyib. Onu tərəddüd etmədən şəhərdəki 3 saylı musiqi məktəbinin birinci sinfinə qəbul ediblər. Skripkaçı olmaq istəyirdi. Amma gördülər ki, gözəl səsi də var. Beləliklə, onu paralel olaraq vokal sinfinə də götürüblər.

Artıq altı yaşından klassik əsərləri ifa edir - həm vokalda, həm də skripkada. Müəllimlərinin tövsiyəsi ilə şəhərdə təşkil olunan müxtəlif müsabiqələrdə fəal iştirak etməyə başlayıb.

İstedad kimi şöhrət də onu lap tez tapdı. Novosibirsk Dövlət Opera və Balet Teatrının Böyük zalında çıxışları dəfələrlə tamaşaçı alqışları ilə kəsilib, onu böyük aktyorlara layiq hədiyyə və gül dəstələri mütəmadi sevindirməkdədir. Belə tədbirlərin birində - Gənc Skripkaçıların açıq konsertində Əli Muradovu görən Rusiyanın əməkdar incəsənət və mədəniyyət xadimi, Novosibirsk Konservatoriyasının dosenti İrena Vladimirovna Polyakova onu 1 saylı musiqi məktəbinə dəvət etdi və artıq çoxdan antikvara çevrilmiş bir skripka verdi. İ.V.Polyakova, eyni zamanda, həmin məktəbdə dərs deyirdi.

Əli bu məktəbdə akademik vokalla da məşğul olmağa başladı. Bu fənni ona əslən bakılı olan, vaxtilə Hovosibirsk Konservatoriyasını bitirən İrina Viktorovna Veçer tədris edirdi. Bütün bunlar böyük məsuliyyət idi və ondan gecəli-gündüzlü çalışmağı tələb edirdi. Özü də buna can atırdı.

Artıq ikinci sinifdə Əli skripkada Avropa klassik musiqisini, eyni zamanda, Azərbaycan bəstəkarlarının - Zakir Bağırov, Fikrət Əmirov və Qara Qarayevin əsərlərini məharətlə ifa edirdi.

Əli Muradov həm də klassik musiqinin vətəni olan İtaliyanı və italyan dilini çox sevir. Ona görə bu dili mükəmməl öyrənməyə çalışır. Nə vaxtsa İtaliyada təhsilini davam etdirmək istəyir.

2010-cu ildə Sankt-Peterburqda "Vivat, Talant!" adlı beynəlxalq festivalda iştirak etmək üçün Finlandiya, Belarus, İrlandiya və Rusiyanın müxtəlif şəhərlərindən gələn istedadlar arasında Əli Muradov da vardı. Bu yarışmada üç nominasiya - "Solo", "Duet" və "Ansambl" üzrə çıxış edərək ayrılıqda hər birinin qalibi oldu.

2011-ci ilin martında Krasnoyarskda keçirilən uşaq və gənclərin yaradıcılığına həsr olunan beynəlxalq müsabiqədə də Əli Muradov birinci yerə layiq görüldü və 2011-ci ilin noyabrında Moskvada keçirilməsi nəzərdə tutulan final mərhələsinə vəsiqə qazandı. Eyni zamanda, "Moskva-Paris-tranzit" beynəlxalq festivalına dəvət olundu. 2011-ci ildə Novosibirskdə təşkil olunan simli alətlərin gənc ifaçılarının Birinci açıq müsabiqəsində də Əli Qran-priyə layiq görüldü.

Əlinin qələbələrini saymaqla qurtaran deyil. O həm də yaşadığı şəhərin ictimai həyatında fəal iştirak edir, uşaq evlərində, sanatoriayalarda, müxtəlif tədbirlərdə uğurlu çıxışlar edir. Xüsusilə Novosibirskdəki diaspor təşkilatının və Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Təşkilatının keçirdiyi tədbirlərin daimi iştirakçısıdır. 2011-ci ilin mayında Sibirdə Azərbaycan mədəniyyətinin təbliğindəki fəallığına görə xüsusi diploma layiq görülüb. Əli belə tədbirlərdə həmişə xarici bəstəkarların mahnıları ilə yanaşı, doğma musiqini də səsləndirməyi çox sevir.

2011-ci ilin mayında VII Millətlərarası festivalda Rusiya Azərbaycanlı Gənclər Təşkilatını təmsil edən Əli Muradov Tofiq Quliyevin məşhur "Bakı haqqında mahnı"sını qürur və məharətlə ifa edərək hamının alqışını qazanmışdı. Minlərlə insanın qarşısında açıq havada səslənən bu mahnıya görə Əli şəhərin meri V.F.Qorodetskinin dəstəyi ilə lauerat adına layiq görüldü.

Əli evdə də, oxuduğu məktəbdə də hamının istəklisidir. Qiymətləri əladır. Ancaq bütün bunlara baxmayaraq, bircə arzusu var - təki, dərslər tez qurtarsın və o, doğma yurduna qayıda bilsin. Bunu ətrafdakılar da gözəl başa düşür, evdəkilər də, elə illərdir Rusiyada yaşayan ata-anası da.

Bəxtiyar QARACA,

"Azərbaycan"

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !