Əliqulu Səmədov: - Çətinliklərə baxmayaraq peşəmə sadiqəm

Əliqulu Səmədov: Çətinliklərə baxmayaraq peşəmə sadiqəm

Fevralın 4-də Azərbaycan Dövlət Film Fondunda Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı, görkəmli kinorejissor Şamil Mahmudbəyovun anadan olmasının 90 illiyi münasibətilə xatirə gecəsi olub. Tədbirdə qeyd edilib ki, görkəmli rejissor bütün ömrü boyu seçdiyi peşəyə sadiq qalıb.

Tədbirdə iştirak edən respublikanın Əməkdar Artisti, rejissor Əliqulu Səmədov AzərTAc-a eksklüziv müsahibəsində deyib: “Mənə Şamil müəllimi şəxsən tanımaq səadəti nəsib olub. O, qeyri-adi insan idi və kinonu özünə peşə seçən hər kəsə örnək ola bilərdi. Biz çox çətin və qarışıq zəmanədə yaşayırıq. Lakin çətinliklərə baxmayaraq mən kino sənətinə sadiqəm. Moskvada, görkəmli rejissor Y.Matveyevin kursunda Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirəndən sonra bir çox filmlərdə çəkilmişəm. Bu gün isə çəkilişlərdə ikinci rejissor kimi fəaliyyət göstərirəm. Görkəmli neftçi alim, ARDNŞ prezidentinin birinci müavini Xoşbəxt Yusifzadə haqqında “Fədakar” bədii-sənədli filmi də mənim filmoqrafiyama daxildir. Həmin filmin premyerası bu yaxınlarda Nizami Kino Mərkəzində olub”.