İsmayıl HACIYEV: - Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri

İsmayıl HACIYEV: Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri

Azərbaycan xalqı tarix boyu erməni millətçilərindən ağır zərbələr almış, lakin humanistlik göstərərək bu qeyri-insani hərəkətlərə bir çox hallarda lazımi cavab verməmişdir. Bu məsələyə başqa amillər də təsir göstərmişdir. İlk növbədə erməni məkrini, hiylə və xəyanətini lazımi səviyyədə qiymətləndirməmiş, unutqanlığımız da buna imkan vermişdir. Dünyanın bir sıra dövlətləri erməni amilindən faydalanmış, onları öz maraqlarına uyğun istiqamətləndirmiş, erməni millətçilərini qızışdırmış və onlara dəstək vermişdir. Böyük dövlətlərin himayəsi altında fəaliyyət göstərən ermənilər “böyük Ermənistan” yaratmaq üçün hər cür vasitə və yollardan istifadə etmiş, vəhşi üsullardan da çəkinməmişlər.
Çox qısa müddətdə mövcud olan erməni dövləti romalılar tərəfindən işğal edilmiş və bu dövlətin mövcudluğuna son qoyulmuşdur. Ermənilərin yaşadığı ərazi və onların mənşəyi məsələsi haqqında çox dolaşıq və müxtəlif fikirlər mövcuddur. Bunları ermənilərin özləri bilərəkdən və məqsədli şəkildə irəli sürürlər. Qədim ermənilər özlərinə erməni yox, hay demişlər. Həmin ermənilər indiki ermənilər deyil. Bununla əlaqədar İ.Şopen yazırdı ki, iranlılarla farslar, yunanlarla ellinlər eyni olmadığı kimi, ermənilərlə haylar da eyni köklü xalq deyil.
“Erməni” etnonimi ermənilərin özünüadlandırması olan “hay” etnonimi ilə üst-üstə düşmür. İndiki ermənilər nə hay, nə də ərmən deyillər. Balkan yarımadasından gəlmə olan friq tayfalarının bir qolu olan indiki ermənilər Arme və Hayasa əyalətlərinə gəlib məskunlaşmışlar. Heredota görə, Balkanlarda yaşayan friqlər skiflərin təzyiqləri altında Kiçik Asiyaya, hetlər ölkəsinə köçdülər. Q.Melikişvili Hayas əyalətindən bəhs edərkən göstərir ki, hələlik anlaşılmayan hay tərkibi və -as şəkilçisi Türkiyənin Anadolu bölgəsində yaşayan Hind-Avropa mənşəli luvi dilindədir və armanlarla heç bir əlaqəsi yoxdur. Erməni tarixçisi Q.Kapansyan yazır ki, arim adlanan Hind-Avropa tayfası Balkanlardan Kiçik Asiyanın Hetlər ölkəsinə yerləşdilər, sonra isə e.ə. VII-VI əsrlərdə Ərmən yaylasına köçərək ərmən adlandılar. Friqlərin bir qolunun guya “arim” adlanması və “erməni” sözünün həmin “arim” sözündən yaranması fikrini İ.Dyakonov rədd edir. Deməli, haylardan xeyli əvvəl Arman yaylası var idi. “Hay” əyaləti isə ermənilərin indiki ərazilərindən xeyli uzaqda, Qərbi Fəratın yuxarı axarında idi.
İndi bütün dünya xalqlarında işlənən “erməni” adı mənşəcə yalnız özünü “hay” adlandıranlara şamil oluna bilən etnik ad deyil. Qədimdə “Armina” və “Armini” adları həm arme əyalətinin, həm də əyalətdə yaşayanların adlarını ifadə edirdi. Deməli, armi kökünün haylarla heç bir əlaqəsi yoxdur və ideya erməni tarixçilərinin uydurmasıdır.
Arminlərin yaşadığı Arminiya ölkəsinin adına ilk dəfə İran şahı I Daranın kitabələrində rast gəlinir ki, bunun da bügünkü ermənilərə aidiyyəti yoxdur. Hayların əcdadları Balkanlardan qovulduqdan sonra Mesopotamiyaya gəlib çıxmış və az sonra o dövrdə tənəzzülə uğramış Urartu dövlətinin ərazisində peyda olmuşlar. E.ə. VII əsrdən başlayaraq yerli xalqların və bura gələn yeni etnik qrupların qatışması nəticəsində e.ə. III əsrdə özünə “hay” etnonimi götürmüş yeni etnos formalaşmağa başladı. Lakin yunanlar onlara yerləşdikləri Arminiya coğrafi ərazisinə uyğun ad verdilər - “ermənilər”. İ.Dyakonov yazır ki, haylar heç vaxt özlərinə “erməni” deməmişlər. Ona görə ki, “erməni” adı “hay”lara bir hissəsi Arminidə, sonra Ərməniyədə yaşadıqlarına görə kənardan verilmiş ümumiləşdirici addır. Deməli, “Armin” adı “Armeniya” formasını kəsb etmiş və başqa dillərdə “hay” adlananlar üçün etnik ada çevrilmişdir.
Ermənilərin Azərbaycana köçürülməsi
Erməni dövləti IV əsrdə tarix səhnəsindən silinmiş, 387-ci ildə Ermənistan İran və Bizans arasında bölüşdürülmüşdür. 428-ci ildə isə İran erməni çarlığının varlığına son qoymuşdur. XI-XIV əsrlərdə isə ancaq Osmanlı dövləti ərazisində Kilikiya erməni çarlığı mövcud olmuşdur. S.Vims hesab edir ki, əslində, heç vaxt müstəqil Ermənistan adlı dövlət mövcud olmayıb. Ermənistan eramızın IV əsrinə kimi Roma tərəfindən idarə olunub. I-IV əsrlərdə dəfələrlə Roma, İran və Bizans arasında bölünüb və erməni şahları tərəfindən deyil, onlar tərəfindən idarə olunub. Sonrakı əsrlərdə ta 1918-ci ilə qədər o, digər dövlətlərdən - İran, Roma, Osmanlı, Rusiya imperiyalarından ya vassal kimi, ya da tam asılı olmuşdur.
Ermənilər zaman keçdikcə Osmanlı imperiyasından, Ağqoyunlu və Səfəvi hökmdarlarından geniş imtiyazlar qazandılar və mövqelər ələ keçirdilər. Ermənilər XV əsrin ortalarınadək Cənubi Qafqazda, demək olar ki, yaşamırdılar. 1441-ci ildə Azərbaycan Qaraqoyunlu dövlətinin hökmdarı Cahan şah erməni katalikosluğunun mərkəzini əhalisi tamamilə azərbaycanlılardan ibarət olan İrəvan yaxınlığındakı qədim alban monastırı olmuş Üçmüəzzinə köçürdü. XVI əsrin əvvəllərində ermənilər kəsbkarlıq üçün bu ərazilərə gəlməyə başlamışdı. Ermənilərin İrəvan əyalətinə gəlmələrindən bəhs edən İrəvan qalabəyisi və Qərbi Azərbaycan bəylərbəyi Rəvan xanın Şah İsmayıl Xətaiyə yazdığı bir məktub deyilənləri tam təsdiq edir: “...Son illər müşahidələrimə görə əhalinin bir qismi, yəni Bəynənnəhreyndən Van gölü sahillərinə, oradan da beş-beş, on-on Qafa, bizim torpaqlara gələn ermənilər... kəsbkarlıqla, xırda ticarətlə, bənna və dülgərliklə güzəran sürüb farağat oturmaqdansa, tabeliyimdəki torpaqlarda yerdəyişmə vurnuxmalarına başlamış, geniş oturaq həyat iddialarına qapılmışlar. İndi Ağkilsə (Üçmüəzzin) kəndində əyləşən ermənilərin katalikosu II Qriqori zünnarına xas olmayan fəaliyyəti ilə və təxribatçılıq əməlləri ilə idarəmizi müşküllərə məruz qoyub. Katalikos erməni dini mərkəzinin vəqf sərmayəsi hesabına öz soydaşlarının türk kəndləri kənarında iki-üç ailə olmaqla oturaq məskunlaşmasını maliyyələşdirir, onlara ufacıq kilsələr tikdirir, beləliklə, bu tayfanın Qafda qədim mövcudiyyəti təsəvvürü yaradılır ki, bunlar istiqbalda nəsillərimizə başağrısı verə biləcək fəsadlar törənməsinə zəmin yarada bilər. İndi zikr olunan ərazidə elə bir kəndimiz, obamız qalmayıb ki, orada üç yad ailə işığı yanmasın. İsmətsizlik əxlaqına qurşanmış hay qız-gəlinləri türk dəliqanlı cavanlarına sırınmağa can atır, ...oğuzlara ərə getməyə, başqa sözlə, mülkümüzə, malımıza şərik çıxmağa çalışır, siyasətdə sakit təcavüz adlanan cinayətlər törədirlər. Qarışıq nikahların vüsəti məni qorxudur, şahım. Mənə səlahiyyət ver, cəmi on beş min gəlməni mövsümi işçilər kimi qisim-qisim qaytarım vətənin dışarına. Sənin qulun Rəvan xan”.
XVI-XVII əsrlərdə Səfəvi-Osmanlı müharibələri ermənilərin mövqelərinin artmasına təkan verdi. I Şah Abbasın hakimiyyəti dövründə isə onlar üçün bir sıra güzəştlər tətbiq edildi. Rusiyanın nümunəsində özlərinə himayədar tapan ermənilər Azərbaycan ərazisində erməni dövləti yaratmaq arzusuna düşdülər. Bu istiqamətdə onlara I Pyotr, I və II Yekaterina kömək göstərməyə başladılar. Lakin müxtəlif səbəblərdən Azərbaycan ərazisində “erməni dövləti” yaratmaq mümkün olmadı.
XIX əsrin 20-ci illərində Rusiya-Qacarlar İranı və Rusiya-Osmanlı müharibələri nəticəsində Cənubi Qafqaza, eləcə də Azərbaycan ərazisinə ermənilər köçürüldü. Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi məsələsi hələ XVIII əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq niyyəti güdən Rusiya imperiyasının çoxdankı işğalçılıq planlarının tərkib hissəsi idi. Azərbaycan torpaqları Rusiya imperiyası tərəfindən tutulduqdan sonra Türkmənçay müqaviləsinin 15-ci, Ədirnə müqaviləsinin 13-cü maddələrinə əsasən Qacarlar İranı və Osmanlı imperiyasında yaşayan ermənilər kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürüldülər. Osmanlı və İranla sərhəd ərazilərdə ermənilərin yerləşdirilməsi çarizmin müstəmləkəçilik niyyətlərindən irəli gəlirdi. Azərbaycanın Arazdan şimaldakı torpaqlarını işğal edən Rusiya imperiyası erməniləri kütləvi şəkildə “Rusiya təbəəliyində olan torpaqlar” adı altında Azərbaycanın keçmiş İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazilərində və Gürcüstanın məhz azərbaycanlılara məxsus torpaqlarında yerləşdirdi.
Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi layihəsi hələ 1827-ci ildə A.S.Qriboyedovun başçılıq etdiyi Cənubi Qafqaz diyarının diplomatik dəftərxanasında hazırlanmışdı. Erməni köçürülmələrinin əsas təşkilatçısı və rəhbərləri generallar İ.F.Paskeviç, P.D.Sisianov, N.F.Rtişev, diplomat A.S.Qriboyedov, rus ordusunun polkovniki Q.Lazarev (erməni mənşəli zabit - İ.H.), knyaz Q.S.Qolitsın, erməni arxiyepiskopu Nerses və başqaları olmuşlar. 1828-ci il fevralın 29-da general İ.Paskeviç göstəriş vermişdi ki, ermənilər başlıca olaraq Naxçıvan və İrəvan əyalətlərində, qismən Qarabağda yerləşdirilsin, bir sıra müsəlman kəndləri dindaşlarının ən çox məskunlaşdığı yerlərə köçürülsün və həmin yerlər ermənilərə verilsin. Erməniləri yerləşdirmək üçün 200 min desyatindən çox dövlət torpaqları ayrılmış, habelə müsəlmanlardan 2 milyon manatlıqdan yuxarı xüsusi torpaqlar da pulla alınaraq ermənilərə paylanmışdır. 1828-1830-cu illərdə Cənubi Qafqaza Türkiyədən 84,6 min nəfər, İrandan 40 min nəfərdən çox erməni köçürüldü. Rəsmi köçürülmüş 124 min nəfər erməni ilə yanaşı, 10 minlərlə erməni ailələri də qeyri-rəsmi surətdə Cənubi Qafqaza gəlmişlər. N.Y.Şavrov 1911-ci ildə yazmışdır ki, Cənubi Qafqazda yaşayan 1,3 milyon erməninin 1 milyondan çoxu yerli əhali olmayıb, Rusiya hakimiyyət orqanları tərəfindən buraya köçürülənlərdir.
Ermənilərin Naxçıvana köçürülməsi
Ermənilərin köçürülməsini təşkil edənlər tələb edirdilər ki, xristianları Naxçıvan və İrəvan vilayətlərinə getməyə razi salmaq lazımdı. Bu vilayətlərdə xristian əhalisini nə qədər mümkündürsə çoxaltmaq lazımdı. İran erməniləri İrəvan və Naxçıvan vilayətlərinə köçürülmələrini istəyirdilər. Güney Azərbaycanın Təbriz, Marağa, Xoy, Maku, Salmas və b. bölgələrindən minlərlə erməni Naxçıvana köçürüldü.
Çar Rusiyası 1828-ci ilin mart ayında Şimali Azərbaycanın İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “erməni vilayəti”ni yaratdı. Bu, gələcəkdə “erməni dövləti” yaratmaq yolunda tətbiq olunan bir qurum idi. “Erməni vilayəti” İrəvan, Naxçıvan əyalətlərinə və Ordubad dairəsinə bölünmüşdü. İrəvan əyalətinə 15 mahal (Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd-Parçeniş, Səədli, Talın, Seyidli-Ağsaqqallı, Sərdərabad, Körpübasar, Abaran, Dərəçiçək, Göyçə), Naxçıvan əyalətinə 5 mahal (Naxçıvan, Əlincəçay, Məvazixatın, Xok, Dərələyəz), Ordubad dairəsinə isə 5 mahal (Ordubad, Əylis, Dəstə, Biləv, Çənnəb) daxil idi. “Erməni vilayəti”nə 6949 erməni ailəsindən ibarət 35560 nəfər köçürülmüşdü. Bunun 23568 nəfəri İrəvan əyalətində, 10652 nəfəri Naxçıvan əyalətində, 1340 nəfəri isə Ordubad dairəsində yerləşdirildi. Köçürülən ermənilər İrəvan əyalətinin 119 kəndində, Naxçıvan əyalətinin 61 kəndində, Ordubad dairəsinin 11 kəndində məskunlaşdırıldı. Naxçıvan şəhərində 416 ailə, Əbrəqunus kəndində 36, Bənəniyarda 43, Qazançıda 22, Xəlillidə 24, Kültəpədə 70, Nehrəmdə 208, Cəhridə 151, Ayrıncda 31, Qarababada 24, Külüsdə 13, Nursuda 30, Şahbuzda 20, Gecəzurda 14, Məzrədə 22, Əylisdə 37, Aza, Dar, Dizə və Dırnısda 182 ailə yerləşdirildi. Əliabad kəndinə Xoydan 136 nəfər, Şıxmahmud kəndinə Xoy və Salmasdan 430 nəfər, Qaraxanbəyli kəndinə Salmasdan 440 nəfər, Hacıvar kəndinə Salmasdan 102 nəfər, Aşağı Uzunoba kəndinə Xoydan 65 nəfər, Badamlı kəndinə Salmasdan 101 nəfər , Qulubəy-Dizə kəndinə Urmiya və Salmasdan 136 nəfər, Kültərə kəndinə Salmasdan 220 nəfər, Didivar kəndinə Salmasdan 15 nəfər, Nəzərabad kəndinə Xoy və Salmasdan 138 nəfər erməni köçürülmüşdü. Rusiya işğalınadək Naxçıvan əyalətində 434 erməni ailəsi olmuşdursa, sonrakı köçürülənlər hesabına erməni ailələrinin sayı 2719-a çatdı. Köçkünlərdən 2285 ailə əyalətin Naxçıvan mahalında, 266 ailə isə Ordubad mahalında yerləşdirildi.
Naxçıvan torpaqları tarixi Azərbaycan ərazisi olmaqla, onun yerli əhalisinin tərkibindəki ermənilər gəlmə idi. Gəlmə erməniləri də iki yerə bölmək olar: 1. Rusiya işğalınadək bu bölgəyə gələnlər; 2. İşğal zamanı və sonra gələnlər. 1801-ci ildə Naxçıvan ərazisində 54, 2 min nəfər azərbaycanlı, 7,4 min nəfər erməni olmuşdur.
İşğal dövründə - 1826-cı ildə isə müvafiq olaraq 64,2 və 8,5 min nəfər idi ki, bu da ümumi əhalinin 81,7 və 10,8 faizini təşkil edirdi. Köçürmədən sonra - 1832-ci ildə isə azərbaycanlıların sayı azalaraq 49,7 min nəfərə (59,4 faizə) enmiş, ermənilərin sayı isə artaraq 29,2 min nəfərə (34,8 faizə) çatmışdır. Ümumiyyətlə, qeyri-rəsmi köçənlərlə birlikdə Şimali Azərbaycana gəlmiş erməni köçkünlərin sayı 200 min nəfəri ötmüşdür. Çarizmin bu mənfur siyasəti Naxçıvanda etirazla qarşılanmış, əhalinin böyük narazılığına səbəb olmuşdu.
Nehrəm camaatı buna qəti etiraz etmiş və kəndlərində ermənilərə yer verməmişlər. Nəticədə onların Araz çayı sahilindəki torpaqları zorla əllərindən alınaraq ermənilərə verilmiş, orada onlar Təzəkənd yaşayış yerini salıb məskunlaşmışlar. Kəndin yuxarı tərəfindən təqribən 5 km Nehrəmdən aralı Güznüt kəndi də belə salınmışdır. Eyni hal Kültəpə, Bənəniyar kəndlərində də baş vermişdir.
Yararlı torpaqların köçkünlərə verilməsi yerli azərbaycanlı kəndliləri narahat etməyə bilməzdi. Onlar öz torpaqlarının bir hissəsindən məhrum olurdular. Bu hadisələrin şahidi olan rus səfiri A.S.Qriboyedov yazırdı: “Biz onunla həmçinin müsəlmanları onların uzunmüddətli olmayacaq indiki ağırlaşmalarla barışdırmaq və onlardan ermənilərin ilk vaxtlarda köçürüldükləri torpaqları həmişəlik tutacaqları barədə qorxunu çıxartmaq üçün müsəlmanlara olunacaq təlqin barədə çox mülahizələr etdik”.
Çar Rusiyası erməniləri Şimali Azərbaycan torpaqlarına, eləcə də Naxçıvan ərazisinə köçürməklə burada demoqrafik vəziyyəti dəyişdirmək, özünə dayaq yaratmaq məqsədi güdürdü. Ermənilər isə “böyük Ermənistan” yaratmaq xülyalarını gerçəkləşdirmək, ilk növbədə isə erməni dövləti yaratmaq arzusu ilə kütləvi olaraq bu ərazilərdə məskunlaşırdılar.
Çarizmin köçürmə siyasəti ermənilərin sayının artmasına səbəb oldusa da, azərbaycanlılar öz say üstünlüklərini qoruyub saxladılar. Naxçıvan diyarında ermənilərin artımı azərbaycanlılardan üstün ola bilmədi. Rus çarizmi, sonrakı dövrlərdə isə bolşevik hakimiyyəti məqsədlərinə nail ola bilmədilər.

 

***


Ermənilər çar Rusiyasının hərtərəfli köməyi ilə Azərbaycan torpaqlarında yerləşdirildikdən sonra “erməni dövləti” yaratmaq və Azərbaycandan ərazi iddiaları irəli sürməyə başladılar. Cənubi Qafqazda Ermənistan (Ararat) Respublikası yaradıldıqdan və İrəvan şəhərinin ermənilərə güzəşt edilməsindən sonra onlar daha çox şirnikləndilər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın ərazisi 113,9 min kv.km olmuşdu ki, bunun 97,3 min kv.km-i mübahisəsiz, 16,6 min kv.km-i isə mübahisəli idi. Ermənistan Respublikasının ərazisi isə 9,5 min kv.km idi.



Ermənilərin ərazi iddiaları

Osmanlı hökumətinin təşəbbüsü ilə İstanbulda Cənubi Qafqaz respublikaları arasında ərazi problemlərini həll etmək üçün konfrans keçirmək qərara alınmışdı. Ermənilər İstanbul konfransına təqdim etdikləri layihədə İrəvan, Sürməli, Naxçıvan, Axılkələk, Üçmüəzzin, Zəngəzur, Şuşa, Cavanşir, Cəbrayıl və Borçalı qəzalarına iddialar irəli sürmüşdülər. Əraziyə malik olmayan ermənilər əzəli Azərbaycan torpaqlarına əsassız olaraq iddialar irəli sürürdülər. İrəvan quberniyasının İrəvan, Sürməli, Yeni Bəyazid və Üçmüəzzin qəzalarında əsasən azərbaycanlılar sakin idi. Bu quberniyada o zaman (1918-ci ildə - İ.H.) təxminən 432 min nəfərdən çox azərbaycanlı yaşayırdı. Bu da quberniya əhalisinin 38-41 faizi demək idi. Azərbaycan türkləri İrəvan və Sürməli qəzalarının yarıdan çoxunu, Üçmüəzzin və Yeni Bəyazid qəzaları əhalisinin isə təqribən üçdə bir hissəsini təşkil edirdi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərin Azərbaycana qarşı ərazi iddialarında mühüm yeri Qarabağın dağlıq hissəsi, yəni Dağlıq Qarabağ tuturdu. Burada əsasən gəlmə ermənilər məskunlaşmışdılar. Bütün Qarabağda 415 min nəfər azərbaycanlı, 170 min nəfər erməni yaşayırdı.
Erməni daşnaklarının iddiada olduqları ərazilərdən biri Zəngəzur qəzası idi. Bu qəza əhalisinin sayına və ərazisinin sahəsinə görə Azərbaycanın ən böyük qəzası idi və Gəncə quberniyasının tərkibinə daxil idi. Qəzada 123 min nəfərdən çox azərbaycanlı və 99,2 min nəfər erməni yaşayırdı.
Ermənilərin iddiada olduqları ərazilərdən biri də Gəncə quberniyasının Qazax qəzası və Şərur-Dərələyəz qəzası idi. Qazax qəzasının aran hissəsində azərbaycanlılar, dağlıq hissəsində isə az miqdarda ermənilər yaşayırdılar. Erməni daşnakları qəzanın bütün ərazisini öz torpaqlarına qatmağa can atırdılar. Şərur-Dərələyəz qəzasında əhalinin 72,3 faizi azərbaycanlılar idi. Bu qəzada 90250 nəfər əhalinin 59 min nəfərini azərbaycanlı, 29 min nəfərini erməni, 2500 nəfərini isə digər millətlərin nümayəndələri təşkil edirdi.
Ermənilərin daha çox iddiada olduğu ərazilərin biri də Naxçıvan qəzası idi. “Naxçıvan və Şərursuz Ermənistan yaşaya bilməz” - mövqeyindən yanaşan erməni daşnakları bu qədim Azərbaycan ərazisinə sahib olmaq üçün bütün vasitələrdən istifadə edirdilər. ABŞ, İngiltərə və Rusiya da Naxçıvanı Ermənistana vermək istəsələr də, yerli əhalinin inadlı müqaviməti buna imkan vermədi. Burada tarixən azərbaycanlılar yaşamışlar. Ermənilər isə bu əraziyə XIX əsrin 20-ci illərində köçürülmüşdülər. Naxçıvan qəzasında əhalinin 62,5 faizini (bəzi məlumatlara görə 67 faizini - İ.H.) azərbaycanlılar, 31-36 faizini ermənilər təşkil edirdi. Əslində, əhalinin belə nisbəti Rusiya Qafqaza nüfuz etdikdən və qonşu dövlətlərdən ermənilərin İrəvan və Naxçıvan vilayətlərinə köçürüldükdən sonra yaranmışdı. Böyük strateji əhəmiyyətə malik olan Naxçıvan diyarının ələ keçirilməsi daşnakların “böyük Ermənistan” yaratmaq planında xüsusi yer tuturdu. Ona görə ki, bu bölgə iri dəmiryol qovşağı idi və əlverişli mövqeyə malik idi. Buradan bir xətt İranın Maku xanlığına, oradan da Türkiyəyə, başqa bir xətt Tehrana gedirdi. Bütün bunlar daşnakları özünə cəlb edirdi. Ermənilərin iddiaları Cənubi Qafqazda sovet hakimiyyətinin qələbəsindən sonra daşnak-bolşevik sayağı həll edildi. Zəngəzur qəzası Ermənistana verildi. Qazax qəzasının dağlıq hissəsi - Dilican Azərbaycan xalqının iradəsi əleyhinə ondan alındı. İrəvan və Göyçə əraziləri də Ermənistana güzəşt edildi. Sovet imperiyası özünün ilk illərindəcə Azərbaycanın 30 min kv.km-ə qədər ərazisini hissə-hissə alıb ermənilərə verdi. XX əsrin 90-cı illərində daha 16 min kv.km ərazimiz işğal edildi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə cəmi 9,5 min kv.km ərazisi olan Ermənistan indi 46 min kv.km-ə qədər Azərbaycan ərazisinə nəzarət edir. Azərbaycan xalqı torpaqlarımızın itirilməsi faktı ilə barışmır, onların geri qaytarılması istiqamətində bütün səyləri ilə mübarizə aparır. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, azərbaycanlılar öz tarixi torpaqlarına - İrəvana, Göyçəyə, Zəngəzura qayıdacaqlar. 1929-cu ilin fevralında Naxçıvanın 10 kəndi - 657 kv.km ərazisi Zaqafqaziya MİK-in qərarı ilə Ermənistana verildi.



Ermənilərin Naxçıvanda törətdikləri qanlı cinayətlər və soyqırımlar

Ermənilər Naxçıvana köçürüldükdən və yerləşdirildikrən sonra daha böyük ərazilərə sahib olmaq arzusuna düşdülər. Bunun üçün müxtəlif vasitələrdən istifadə etməklə azərbaycanlılara qarşı qanlı cinayətlər törətmiş, vəhşiliklər etmiş, onları soyqırıma məruz qoymuşlar. Ermənilər Naxçıvanın şəhər və kəndlərində 1905-ci ilin may ayından başlayaraq qırğınlar törətmişlər. Azərbaycanın görkəmli yazıçısı M.S.Ordubadi “Qanlı illər”, M.M.Nəvvab isə “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabında azərbaycanlılara, eləcə də naxçıvanlılara qarşı həyata keçirilən soyqırımı ətraflı qələmə almışlar. Hər iki müəllifin gəldiyi qənaət budur ki, ermənilər bütün cinayətlərdə çar Rusiyasına və onun yerlərdəki cinovniklərinə arxalanmışlar. Bir çox hallarda isə rus kazakları da ermənilərlə bərabər bilavasitə qanlı qırğınların iştirakçısı olmuşlar.
M.S.Ordubadi 1905-ci ilin may ayında baş verən Naxçıvan hadisələri barədə yazır: “O zamana qədər əsla qara-qorxu görməmiş Naxçıvan müsəlmanları gecələr ermənilərin qorxusundan eşiyə, gündüzlər isə uzaqda olan əmlaka da gedə bilməzdilər. Naxçıvanın ətrafı hər tərəfdən erməni kəndləri ilə əhatə olunduğundan, 6 saat ərzində İrəvandan istədikləri qədər erməni əsgəri gətirməyə gücləri çatdıqlarından daha müsəlmanları şirin dillə dindirmək belə istəmirdilər”.
Ermənilər 1905-ci ilin mayın 5-dən başlayaraq Naxçıvan şəhər, Cəhri, Şıxmahmud, Tumbul, Kültəpə, Əliabad kəndlərində azərbaycanlılara qarşı silah tətbiq etmiş və bir neçə nəfəri öldürmüşlər. Baş vermiş hadisələrlə əlaqədar İrəvanın vitse-qubernatoru Baranovski, İrəvan şəhər qlavası Ağamolov və İrəvana getmiş Naxçıvan şəhər qlavası Cəfərqulu xan Naxçıvana gəldilər. Qırğınlar ara vermədiyi üçün Tiflisdən general Maksud Əlixanov-Avarski də Naxçıvana göndərilir. Ermənilərin məqsədi “İrəvandan Naxçıvana qədər yol üstə yerləşən müsəlman kəndlərini dağıtmaqla İrəvan ermənilərini Naxçıvanda hazır əsgəri qüvvələrlə birləşdirmək, Naxçıvandan Zəngəzura kimi yol boyunda olan kəndləri dağıdıb Zəngəzur könüllüləri ilə Naxçıvandakı əsgəri qüvvəni birləşdirmək kimi alçaq xəyallar”ı həyata keçirmək idi.
1905-ci ilin may ayında Ordubad qəzasının Tivi kəndində ermənilərlə azərbaycanlılar arasında baş vermiş münaqişə ilə əlaqədar buraya 500-ə yaxın əsgər və zabit göndərilmişdi. Sənədlərdən aydın olur ki, bu hərbi hissə kənddəki müsəlmanlara qarşı zor tətbiq etmiş, onları yurdlarından qovmuş, adamları öldürmüş, əslində isə ermənilərə kömək etmişlər. Kazakların köməyindən istifadə edən ermənilər 1905-ci il noyabrın 26-da Naxçıvan şəhərindəki müsəlman bazarını tamam qarət etdikdən sonra od vurub yandırmışlar. Yanğın nəticəsində bazarda 85 dükan, 75 anbar və b. tikililər yanıb külə dönmüşdü.
Rus kazakları Çeşməbasar kəndində də bir ailəni qətlə yetirmişlər. M.S.Ordubadi bu haqda yazır: “Bu gün (noyabrın 26-sı - İ.H.) kazaklar sülh və asayişi təmin etmək üçün Çeşməbasar kəndinə gedərkən Hacı Nəsir Nağı oğlunun evini qarətə başlamışlar, bu vaxt qabağa durub mane olmağa çalışan Hacının bir zavallı oğlunu öldürmüşlər. Müsibətə düçar olmuş Hacı oğlunu qana bulaşmış görərkən çaşıb bir güllə kazaklara atmış, elə buna görə də onun ailəsi biədəblər tərəfindən qətl edilmişdir”.
Noyabrın 30-da Cəhri kəndi ermənilər tərəfindən yandırıldı. İtqıran, Xanlıqlar kəndlərində də ermənilər rus hökumət qoşunları ilə əlbir olaraq əhaliyə amansız divan tutub həmin kəndləri dağıtdılar. Zəngəzurdan Ordubada qaçmaq istəyən 62 nəfər azərbaycanlı qadın və uşağı daşnaklar Qafan dərəsində tikə-tikə doğramış, bir kəndin 200-dən çox sakinini qətlə yetirmişlər.
1905-1907-ci illərdə olduğu kimi, ermənilər I Dünya müharibəsi illərində də yaranmış şəraitdən istifadə edərək bir sıra ərazilərdə, eləcə də Naxçıvan qəzasında da azərbaycanlılara qarşı soyqırımı siyasətini davam etdirməklə bölgəyə yiyələnmək məqsədlərini gerçəkləşdirməyə çalışırdılar. 1917-ci ilin yanvarından başlayaraq bölgənin ayrı-ayrı kəndlərində azərbaycanlılar ermənilər tərəfindən qətlə yetirilirdi. 1918-1920-ci illərdə Azərbaycanın bu qədim guşəsi və onun sakinləri də başqa torpaqlarımız kimi, erməni daşnaklarının düşmən siyasətinin hədəfinə çevrilmişdi. Həmin illərdə hadisələrin bilavasitə şahidi, Naxçıvan Müsəlman Milli Komitəsinin katibi olan Mirzə Bağır Əliyev gündəlik kimi yazdığı “Qanlı günlərimiz” əsərində ermənilərin törətdikləri soyqırımı, şəhərin özündə və Naxçıvanın müxtəlif bölgələrindəki vəhşilikləri, Andranik Ozanyanın Naxçıvana hücumu, əhalinin ona qarşı inadlı mübarizəsi və s. məsələlər təsvir olunur.
Andranik Ozanyan başına topladığı azğın erməni daşnakları ilə 1918-ci il iyunun 14-də Araz çayını keçib Naxçıvan ərazisinə daxil olmuş və təkcə Culfa rayonunun böyük yaşayış məntəqələrindən biri olan Yaycı kəndində ağlasığmaz qırğınlar törətmişdi. Mirzə Bağır Əliyev “Qanlı günlərimiz” əsərində yazır: “Ermənilər Yaycı kəndini bir günün içində yandırıb külə döndərdilər. Onlar kənddə qarşılarına çıxan bütün insanları atlarının ayaqları altına salıb tapdalayır, qılıncdan keçirirdilər. Tükürpədici fəryadlar kəndin küçə və meydanlarını başına götürmüşdü. Qaçıb canlarını qurtarmaq istəyən biçarə insanlar hər tərəfdən erməni zərbələrinə tuş gəlirdilər. Küçələrdə insan qanından gölməçələr yaranmışdı. Yollar boyu kəsilmiş başlar, ayaqlar, qollar tökülüb qalmışdı. Təsəvvür edin ki, qarşıda gurhagurla axan Araz çayı, arxada isə daha qorxunc, insanlıq simasını tamam itirmiş erməni adlı yırtıcılar sürüsü. Biçarə insanlar düşmən əlinə keçməmək üçün özlərini coşqun dalğaların qoynuna atır, əksəriyyəti, xüsusilə qadınlar, uşaqlar və şikəstlər üzə bilmədiklərindən boğulurdular...”.
Ermənilər Yaycının 2500 nəfərdən çox sakinini qətlə yetirdilər. Andranikin ordusu Gilançay və Əlincəçay ərtaflarındakı kəndlərdə də qırğınlar törətdilər, kəndləri yandırdılar. A.Ozanyanın, Ngdenin, Dronun, Gibbonun, Doluxanovun və başqalarının başçılıq etdikləri erməni quldur dəstələri Naxçıvan, Şərur-Dərələyəz və Ordubad qəzalarında 50-dən artıq müsəlman kəndlərini viran etdilər, əhalisinə divan tutdular.
1918-ci il iyunun 4-də Batum şəhərində Osmanlı dövləti Cənubi Qafqazın üç respublikası ilə müqavilə bağladı. Azərbaycanla bağlanmış müqavilənin 4-cü maddəsində göstərilmişdi ki, əgər ölkədə asayişi və onun təhlükəsizliyini təmin etməyə ehtiyac olarsa, Osmanlı imperatorluğu Azərbaycan hökumətinə silahlı qüvvə ilə yardım göstərməyi öz öhdəsinə götürür.
Batum müqaviləsinin şərtləri və buna əsasən də Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin Türkiyəyə müraciəti, həm də ermənilərin Naxçıvan bölgəsindəki azğınlıqları Osmanlı dövlətini qəti tədbirlər görməyə vadar etdi. Cəfərqulu xan Naxçıvanskinin və Kərim xan İrəvanlının xahişlərindən sonra türk qoşunları Naxçıvana gəldi, öz qardaşlıq köməyini göstərdi. I Qafqaz kolordusunun komandanı Kazım Qarabəkir paşa avqustun 7-də Naxçıvanda öz qərargahını qurdu. Bununla da Andranikin başçılığı altında toplanan 8 minlik erməni qoşununun Naxçıvana hücumunun qarşısı alındı. Yəni Andranikin ordusu Naxçıvana hücum etmək cürətinə malik olmadı və Sirab yolu ilə qırğınlar törədərək Naxçıvan ərazisini tərk etdi. Lakin Naxçıvan camaatının dinc yaşaması cəmi bir neçə ay davam etdi. Türkiyə I Dünya müharibəsinin nəticəsinə görə Antanta dövlətləri ilə bağladığı Mudros müqaviləsinin 11-ci maddəsinə əsasən, bir sıra yerlərdən, o cümlədən Azərbaycandan da qoşunlarını çıxarmalı oldu. Kazım Qarabəkir paşanın komandanlığı altında türk qoşunu noyabrın 1-də Naxçıvanı tərk etdi. Bu hadisənin Naxçıvanın vəziyyətinə necə təsir göstərməsi Naxçıvan Milli Komitəsinin sədri Cəfərqulu xanın sözləri ilə belə səciyyələnirdi: “Türklər getdilər, yenə bizdə müsəlman kənd və qəsəbələrinin məhv edilməsi, heç bir günahı olmayan azərbaycanlı qadın və uşaqların döyülməsi və öldürülməsinin qanlı səhifələri təkrar olunmağa başladı. Yenə də İrəvan quberniyasında ermənilər tərəfindən qəddar ölümə məhkum edilmiş on minlərlə müsəlmanın ürəkparçalayan qışqırıq və nalələri göyə yüksəldi”.
1918-ci ilin noyabrında yaradılan Araz-Türk Respublikası, onun özünümüdafiə dəstələri və taborları Naxçıvanı erməni basqınlarından qoruyurdu. Lakin 1919-cu ilin yanvarından ingilislərə arxalanan ermənilər bölgəyə basqınlar edir, azərbaycanlılara divan tuturdular. Ermənistanın Naxçıvan torpaqlarına yiyələnmək cəhdləri 1919-cu ilin yazında daha da qüvvətləndi. İngilislərin köməyi ilə onlar may ayının 20-dən “erməni idarəçiliyi”ni yaratsalar da, iyulun 25-də Naxçıvan bölgəsinin əhalisi erməniləri ərazidən qovdular. Amerikalıların “neytral zona” yaratmaq oyunu da ermənilərin xeyrinə idi və bunu yerli əhali bildiyindən imkan vermədilər. Naxçıvan əhalisinin “bütün dünyanın və bütün mədəni qüvvələrin azad həyat, xalqların öz müqəddəratını həll etmək hüququ haqqında qışqırdıqları bir vaxtda azərbaycanlılar bizdən heç bir cəhətdən üstün olmayan, əksinə, bir çox hallarda bizdən geri qalan ermənilərin qulu ola bilməzlər” fikrinə gəlməsi faktı və səbəbləri öz əksini tapmışdır.
Naxçıvan əhalisinin 38 faizi itirilsə də, əhalidən 73727 nəfər həlak olsa da, yerli əhalinin inadlı və qəhrəman mübarizəsi erməni qaniçənlərinin arzularını gözündə qoydu, onlar Naxçıvana yiyələnə bilmədilər. 1921-ci il Moskva müqaviləsi ilə Naxçıvan Azərbaycanın tərkibində saxlanıldı və ona muxtariyyət statusu verildi. Qars müqaviləsi respublikalar arasındakı ərazi-sərhəd məsələlərini dəqiqləşdirdi və Ermənistan da bu müqaviləyə qol çəkdi. Lakin nəinki verdikləri sözə, hətta öz imzalarına da hörmətlə yanaşmayan ermənilər sovetlər birliyi dövründə də Naxçıvanla bağlı iddialarından əl çəkməmiş, XX əsrin 90-cı illərində Naxçıvana basqınlar etmiş, buraya gələn qatarlara imkan verməmiş, kommunikasiyaları kəsmiş, Naxçıvan blokada vəziyyətinə düşmüşdür.
Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti, qonşu dövlətlərlə yaratdığı əlaqələr Naxçıvanı xilas etmiş və düşmən əlinə keçməsinə imkan verməmişdir. Heydər Əliyevin siyasi kursu ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ərazilərimiz ciddi surətdə qorunur və güclü milli ordumuzun maddi-texniki imkanları artırılır. Biz bunu Naxçıvan Muxtar Respublikasının nümunəsində daha aydın görürük. Xalqımız və ordumuz işğal altında olan torpaqlarımızı erməni tapdaqlarından xilas edəcək və ermənilər törətdikləri cinayətlərə görə tarix və beynəlxalq ictimaiyyət qarşısında cavab verəcəklər.


İsmayıl HACIYEV,
AMEA Naxçıvan bölməsinin sədri, Milli Məclisin deputatı, akademik