Habil YAŞAR : - Qarabağım

Habil YAŞAR : Qarabağım

Qarabağım.


Hər gün bir az ölürəm ki,
Bir az sənə yaxınlaşım,
Qarabağım.
Bir az üzdə gülürəm ki,
Dərdin üstə dərd qatmayım,
Qarabağım.


Yaşayıram sənsizliyi,
Tükənməyir ağrı-acım.
Bir az ruhum qəribsəyir,
Tək sənədir ehtiyacım.
Qarabağım.


Habil yazır yana-yana,
Alovlanır misralarım.
Bir gün gərçək ola kaş ki,
Sənlə bağlı arzularım.
Qarabağım.
Habil Yaşar 

 

 

 

Ruhumun sevgiyə ehtiyacı var


Ruhumun sevgiyə ehtiyacı var,
Yazmaq istəyirəm elə sevgidən.
Bir üzü qaranlıq, bir üzü işıq,
Özü bilinməyən belə sevgidən.


Sevgi yaşadandı, sevgi öldürən,
Sevgi ağladadandı, sevgi güldürən,
Sevgi nə deməkdi? bizə bildirən,
Bir cavab gəlməmiş hələ, sevgidən.


Sevgi hər ürəyə hakim olmayan,
Sevdinsə dərdinə həkim olmayan,
Acımı?Şirinmi? məlum olmayan,
Nə gəlsə gözəldi, gələ, sevgidən.


01.04.2015 22/50
Habil Yaşar

 

 

Sənsiz


Eşqinlə alışıb külə dönmüşəm,

Həsrətdən saralmış gülə dönmüşəm,

Sən yoxsan dünyadan elə dönmüşəm,

Dünyanı, cahanı neylərəm sənsiz.

 

 

Bu sevgi yolunda dağlar aşaram,

Kədərlə doğulub, qəmlə yaşaram,

Sel olub çağlayıb, coşub-daşaram,

Ümmanı, dəryanı neylərəm sənsiz.

 

 

Sən yoxsan bəxtim də qara geyinib,

Arxanca ağlayıb, küsüb, deyinib,

Kimlər ki, qovuşub yara sevinib,

Sevinci, şadlığı neylərəm sənsiz.

 

 

Sənsiz gecələrin sabahı gəlməz,

Qəlbim qan ağlayar, sevinməz, gülməz,

Kimsə çəkdiyimi anlaya bilməz,

Səndən başqasını neylərəm sənsiz.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !