Şəkidə müasir texnologiyalar əsasında aqropark yaradılır - FOTO

Şəkidə müasir texnologiyalar əsasında aqropark yaradılır FOTO

Şəki rayonunun Vərəzət kəndi yaxınlığında meyvəçilik üzrə aqroparkın yaradılmasına 2015-ci ilin əvvəllərində başlanılıb. Bu məqsədlə Orta Zəyzid bələdiyyəsinin mülkiyyətində olan torpaqlardan “Gren Faktory” Məhdud Məsuliyyətli Cəmiyyətinə müqavilə əsasında 50 illik müddətə 78 hektar torpaq sahəsi icarəyə verilib. Ayrılmış torpaq sahəsinin 68 hektarı meyvə bağının salınması üçün nəzərdə tutulub. Qalan 10 hektar sahədə isə bağın suvarılmasını təmin etmək üçün su anbarı, meyvə məhsullarının saxlanılması üçün soyuducu kameralar, həmçinin qablaşdırma sexi və digər obyektlər inşa ediləcək.
Hazırda ərazidə meyvə bağının salınması işi yekunlaşmaq üzrədir. Bağda əsasən İtaliyadan gətirilmiş və 2-3 ilə məhsul verən ərik, şaftalı, nektarin, armud və gavalı tingləri əkilib. Meyvə bağının gələn ildən məhsul verəcəyi gözlənilir.
Müasir texnologiyalar əsasında salınan meyvə bağında damcı üsulu ilə suvarma sistemi quraşdırılır. Bu məqsədlə ərazidə əvvəllər mövcud olan 3 artezian quyusu bərpa edilib, 2 yeni artezian quyusu qazılıb. Bağın ərazisində tutumu 20 min kubmetr olan su anbarı da inşa edilir. Suvarma sisteminin quraşdırılması işi artıq yekunlaşmaq üzrədir.
Tezliklə aqroparkın ərazisində soyuducu kameraların, meyvənin qablaşdırılması və emal edilməsi üçün müvafiq obyektlərin tikintisinə başlanılacaq. Yeni yaradılan aqroparkda 50-yə yaxın daimi, həmçinin 500-dən artıq mövsümi iş yeri açılacaq.
Şəki Şəhər İcra Hakimiyyəti aparatının məsul nümayəndəsi Xəlil Xəlilov AZƏRTAC-a müsahibəsində aqroparkın tərkibinə, həmçinin hind toyuğu əti istehsal edəcək iri quşçuluq müəssisəsinin və istixana kompleksinin də daxil olacağını bildirib. Quşçuluq kompleksinin yaradılması üçün təlimata uyğun olaraq, rayonun 8 inzibati ərazisində, yaşayış məntəqələrindən kənarda müvafiq torpaq sahələri ayrılıb. Bu ərazilərdə inqubasiya təsərrüfatı, quşçuluq fermaları, kəsim və ilkin emal sexləri, yem fabriki və digər yardımçı istehsal sahələri yaradılacaq.
Xəlil Xəlilov ölkə ərazisində aqroparkların yaradılması ilə bağlı konsepsiyanın Prezident İlham Əliyev tərəfindən irəli sürüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan Prezidentinin kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin, aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara, həmçinin dövlətimizin başçısının regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tapşırıqlara uyğun olaraq, hazırda respublikamızın müxtəlif bölgələrində aqroparkların yaradılması istiqamətində iş aparılır. Əsas məqsəd ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının tam şəkildə daxili istehsal hesabına ödənilməsinə nail olmaq, əhalini ekoloji təmiz, keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək, həmçinin Azərbaycanın ixrac potensialını daha da artırmaqdır.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !