ƏLƏMDAR CABBARLININ KİTABININ TƏQDİMATI KEÇİRİLDİ - FOTO

ƏLƏMDAR CABBARLININ KİTABININ TƏQDİMATI KEÇİRİLDİ FOTO

6 may 2015-ci il tarixdə Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda şair, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlının yeni kitabının təqdimat mərasimi keçirildi.
Tədbir Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi” layihəsi çərçivəsində keçirilib.
Ələmdar Cabbarlının layihə çərçivəsində nəşr edilmiş “ Günahı olan qorxmasın...” adlı kitabında müəllifin vətənpərvərlik ruhunda yazılmış şeirləri toplanıb.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Ələmdar Cabbarlının yaradıcılığı haqqında fikirlərini bölüşdü və tədbiri aparmaq üçün sözü filologiya elmləri doktoru, professor Şirindil Alışanlıya verdi. Professor Şirindil Alışanlı “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi” layihəsinin mühüm əhəmiyyət daşıdığını vurğuladı. Natiq bildirdi ki, şair Ələmdar Cabbarlının layihə çərçivəsində nəşr edilmiş kitabında toplanmış şeirlər vətənpərvərlik düşüncəsi ilə yazılmış poetik nümunələrdir və bu şeirlər gənclərimizdə milli-mənəvi ruhun formalaşması baxımından mühüm əhəmiyyətə malikdir.
Sonra Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxış edərək İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun salamlarını tədbir iştirakçılarına çatdırdı və İctimai Birlik adından Ələmdar Cabbarlıya “Dədə Şəmşir” Diplomunu təqdim etdi.
Daha sonra çıxış edənlər – professor Şahlar Əsgərov, yazıçı Seyran Səxavət, “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov, şair Adil Cəmil, ədəbiyyatşünas alim Qurban Bayramov, şair Oqtay Rza və başqaları həyata keçirilən layihə və layihə çərçivəsində nəşr edilən kitab haqqında öz fikirlərini bölüşdülər.
Tədbirin sonunda şair Ələmdar Cabbarlı çıxış edərək belə bir layihənin həyata keçirilməsinə və layihə çərçivəsində kitabının nəşrinə görə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin rəhbərliyinə, bu layihəyə dəstək verən Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və eləcə də tədbir iştirakçılarına minnətdarlığını bildirdi.