Beynəlxalq elmi konfransın iştirakçıları Şəkidə - FOTO

Beynəlxalq elmi konfransın iştirakçıları Şəkidə FOTO

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda VI beynəlxalq elmi konfransın iştirakçılarının bir qrupu respublikamızın şimal-qərb bölgəsinə səfər çərçivəsində mayın 6-da, günün ikinci yarısında qədim Şəkiyə gəldilər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra qonaqlar XIX əsrə aid tarixi-memarlıq abidəsi olan Cümə məscidini ziyarət edib, burada fəaliyyət göstərən Şəki İslam Mədrəsəsinə baş çəkiblər.
Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq konfrans iştirakçılarının xüsusilə böyük marağına səbəb olub. Qonaqların diqqətinə çatdırılıb ki, zəngin tarixə, qədim mədəniyyətə malik olan Şəki şəhəri ta qədimdən sənətin və sənətkarlığın inkişaf etdiyi ərazilərdən biri olub. Burada memarlıq, tətbiqi sənət, şəbəkə, ağac üzərində oyma, dulusçuluq və digər sənət növləri yüksək səviyyədə inkişaf edib.
Məlumat verilib ki, Şərq memarlığının nadir incisi hesab olunan Şəki xanlarının sarayı XVIII əsrə aid tarix-memarlıq abidəsidir. Saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə inşa edilib. Dünyada bənzəri olmayan bu sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.
Sonra konfrans iştirakçıları Heydər Əliyev Mərkəzində şəhər rəhbərliyi və ziyalılarla görüşüb.
Şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubov qonaqlara Şəkinin qədim tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı barədə geniş məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycanın ən qədim yaşayış və mədəniyyət məskənlərindən olan Şəkinin bu il 2703 illiyi qeyd olunacaq. Qədim ipəkçilik ənənələrinə malik olan bu şəhər, həm də dünya əhəmiyyətli nadir tarix-memarlıq abidələri ilə məşhurdur. Şəkidə dövlət qeydiyyatına götürülmüş 84 tarix və mədəniyyət abidəsi vardır. Hər il bu şəhərdə beynəlxalq səviyyəli tədbirlər, musiqi festivalları keçirilir. Bu tədbirlərdə dünyanın bir sıra ölkələrindən gəlmiş nümayəndə heyətləri, musiqi kollektivləri iştirak edirlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfransın artıq 6-cı dəfə keçirildiyini diqqətə çatdıraraq qeyd edib ki, builki konfransa 19 ölkədən 60-dan çox tədqiqatçı alim qatılıb. Konfransın proqramına uyğun olaraq tədbirdə iştirak edən 10 ölkənin nümayəndələri Azərbaycanın bölgələri ilə tanışlıq məqsədi ilə mayın 6-da Qax və Şəki rayonlarına səfər ediblər. Bilik Fondunun rəsmisi bildirib ki, qonaqlar bu səfərdən olduqca razı qalıblar və öz ölkələrinə zəngin təəssüratlarla dönürlər.
Tədbirdə Almaniyanın Ausburq Universitetinin təmsilçisi Eisenhut Ulrike, Böyük Britaniyadan Avropa-Azərbaycan Cəmiyyətinin redaktor və mətbuat katibi Nil Vatson, Rusiya Federasiyasından Ural Federal Universitetinin Avropa Araşdırmaları kafedrasının müdiri, Azərbaycanşünaslıq Mərkəzinin rəhbəri Aleksandr Nesterov və başqaları çıxış edərək, Qax və Şəki rayonlarına səfərlərindən olduqca məmnun qaldıqlarını bildiriblər.
Şəkiyə səfərləri çərçivəsində qonaqlar, həmçinin XVIII əsrə aid tarix-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə də tanış olublar.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !